Ə.Haqverdiyevin satirik hekayələrində sənətkarlıq məsələləri – Baba Babayev

39 Baxış

33748327_995553900623058_8810362969444581376_n

Senet.az oxucularına “Ustad” jurnalının 20-ci sayından, filologiya üzrə elmlər doktoru Baba Babayevin “Ə.Haqverdiyevin satirik hekayələrində sənətkarlıq məsələləri ” yazısını təqdim edir.

Klassik Azərbaycan satirik nəsri öz ideya və problematikası ilə bərabər, poetika və sənətkarlıq baxımından da maraqlı təkmilləşmə və inkişaf yolu keçmişdir. XIX əsrin ortalarında M.F.Axundov, XX əsrin əvvəllərində öndə C.Məmmədquluzadə olmaqla mollanəsrəddinçi yazıçılar milli nəsri, satirik hekayəçiliyi yeni bir mərhələyə çatdırdılar. Onların əsərlərində ideya, gülüş və onun komponentlərinin ifadə və ifşa formaları, tənqid hədəfləri, milliliyi, müasirliyi və başqa xüsusiyyətləri haqqında zaman-zaman tədqiqatçılarımız fikirlərini söyləyiblər. Yazımızda satirik nəsr üçün xarakterik olan dil, üslub, bədii və satirik detalın müxtəlifliyi funksiyası kimi məsələlərə aydınlıq gətirmək istəyirik.

Tənqidçilər və ədəbiyyatşünaslar Ə.Haqverdiyevin yaradıcılıq mirasını təhlil etməyə çalışarkən, əsasən bu ədibin öz zəmanəsinin çoxlu tiplərini necə dərin və düzgün təsvir etdiyindən, “qara camaat”ın – kəndlinin ağır, dözülməz vəziyyətini necə təsirli yazdığından, həm də öz zəmanəsinin ictimai yaralarını inqilabi surətdə necə aşkara çıxardıqlarından danışıb, münasibət bildirmişlər. Onda belə məlum olur ki, ədibin yaradıcılığında mütləq görməyə adət etdiyimiz tendensiyalar olmalıdır. Ki, bu tendensiya müəllifin sözlərində və replikalarında, dialoqda, təsvirdə, nəhayət, Haqverdiyevin yaratdığı portret tablonu qurtararkən verdiyi yekun qiymətində özünü göstərməlidir. Təbii ki, oxucu belə bir nəsihətçiliyi – maarifləndirməni, tənqidi, ifşa üsulunu Ə.Haqverdiyev kimi çoxjanrlı yaradıcılığı olan mütəfəkkirdən gözləməlidir.

Hər bir bədii nəsr əsərində dövr – yaşanan cəmiyyət təkcə reallıq kimi təqdim olunmur, təhlil, şərhetmə ilə tədqiq olunur, personajların vasitəsilə bir süjet ətrafında araşdırılır, insan, onun xarakteri, psixologiyası, ayrı-ayrı tipləri açılaraq dəyərini almaq üçün oxucunun ixtiyarına verilir. Yazıçının fərdi mövzu dairəsi, yaşadığı mühitin, ən başlıcası cəmiyyətin olaylarını, şəxslərini qiymətləndirmə meyarı olur. Bütün əsər boyu həmin meyar onun surətlər sistemini müəyyənləşdirir. Fəhmli oxucular mütaliə etdikləri yazıçının bədii tədqiqat sisteminə bələd olduqda onlarla surətin içində hansının kimin yaradıcılıq təsərrüfatına məxsus olduğunu ayırd edə bilir. Professor T.Mütəllimov yazır: “Bədii dilin təbiliyi və sadəliyi, ümumxalq danışığına yaxınlığı həmişə realist ədiblərimizin diqqət mərkəzində olmuşdur. Əslində, bu cəhəti Azərbaycan tənqidi realistlərinin estetik konsepsiyalarının ən mühüm şərtlərindən hesab etmək olar. Mövzuların ictimai həyatla, xalq məişəti ilə yaxından bağlılığı, bədii qəhrəmanların, əsasən, sadə güzəranlı zəhmətkeş adamlardan və xalq taleyi ilə yaşayan mütərəqqi ziyalılardan seçilməsi də öz özlüyündə bədii dilin təbiiliyi və sadəliyi tələbini irəli sürdü. Bədii ədəbiyyatda ana dilinin gözəllik və təravətini saxlamaq prinsipi bu ədiblərin sənət kredosunun ən vacib xüsusiyyətlərindən olmuşdur. Xüsusilə, əsrimizin (XX əsr nəzərdə tutulur ­– B.B.) əvvəllərində bədii dilimiz böyük saflaşma, büllurlaşma prosesi keçmiş olur” (6, 262).

Ə.Haqverdiyev də əsərlərinin dil və üslubunun saflığı ilə seçilən, məhz belə yazıçılardan olub. Bədii dilimizi gəlmə, yad sözlərdən qorumaq və qurtarmaq, onu təmizləmək, saflaşdırmaq üçün Ə.Haqverdiyev bütün yaradıcılıq imkanlarını səfərbər edərək səy göstərirdi. Ədəbi dilin xalq dilinə uyğunluğu canlı xalq dilinin zənginliklərini, müxtəlif və maraqlı ifadə tərzlərini əhatə etməsindədir. Professor Q.Kazımov yazır: “Ə.Haqverdiyev xalq dilini gözəl bilir, zidd cəbhələrin, mətbuatın zərərli təsir və meyillərinə baxmayaraq, öz əsərlərini geniş xalq kütləsinin dilindən süzülüb gələn söz və ifadələr, ana dilinin zəngin təbii imkanları əsasında yaradırdı” (4, 42). Ə.Haqverdiyevin “Şeyx Şəban” hekayəsinə nəzər salaq: “Şeyx Şəbanın atası başmaqçı idi, özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib, axırda peşəsini unutdu. Bir neçə avara yoldaş tapıb qurşandı cahilliyə. Toylarda hamıdan yaxşı oynayan kim idi? – Başmaqçı oğlu Şəban! Qumarbazlar arasında ürəkli aşıq atan kim idi? – Başmaqçı oğlu Şəban! Şəhər cavanları arasında hamıdan igid sayılan kim idi? – Başmaqçı oğlu Şəban! Hər il məhərrəm ayında məhəllə dəstəsinin başını kim çəkərdi? – Başmaqçı oğlu Şəban!… Bağışlayın, mən sizin gözlərinizdə sual nişanəsi görürəm, güya siz sual edirsiniz: aya, bu cavan ki, avara idi, bu haradan pul qazanırdı ki, toylarda, qumarda, səyahətlərdə xərc edirdi?” (3, 198).

Bu kiçik parçada yoruculuq, cümlələrdə dolaşıqlıq yoxdur. Sözlər sədəf kimi yan-yana, nizamla elə düzülür ki, ifadələr bulaq suyu kimi axır, göz oxşayır, rəngdən-rəngə düşür. Cümlələr qısa, sadə və aydındır. Bədii suallar, təkrarlar, müxtəlif “ədalı ibarələr” o qədər ustalıqla – məharətlə işlədilmişdir ki, Şeyx Şəbanın bütün əməlləri oxucunun gözü önündə canlanır. Hekayəni bir nəfəsə oxuyursan, cümlələrin qrammatik cəhətinə diqqət yetirməyə ehtiyac hiss etmirsən. “Qurşandı cahıllığa”, “gözlərinizdə sual nişanəsi görürəm”, “ipəyi getdi” və s. nümunə gətirdiyimiz və gətirmədiyimiz parçalar, ifadələr o qədər rəvan, təbii və inandırıcı deyilmişdir ki, bunların verdiyi xəbər və əhvalata şübhə etmədən inanırsan.Təbii və şirin dil hekayənin məzmununun tez və bütöv, tamam anlaşılmasına çox kömək edir. Bu hekayədə bədii ustalıq, kəlmə, tərkib, ifadə üzərindəki iş də hiss olunur.

Yazı yazmağın ən birinci şərti, “yazımızı camaat çətin başa düşməsin”, asan, aydın, sadə dildə yazaq (C.M.) – deyə dilin təbiiliyi, rəvanlığı haqqında müxtəlif dövrlərdə sənətkarlarımız fikirlərini bildirmişlər. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.Vəzir, S.Hüseyn, A.Şaiq, S.S.Axundov, N.Nərimanov, B.Talıblı, T.Şahbazi, Qantəmir, H.Nəzərli və b. elə bir dil yaratmağa çalışmışlar ki, o dil bütövlükdə, həm də bütün elementləri ilə xalqa anlaşılan və doğma olsun. Söhbət sadəcə kəlmələrdən deyil, tərkib, ibarə və ifadələrdən, həmçinin dilin təbiət və quruluşundan gedir.

Bədii dildə dialoq klassiklərimizin ən çox istifadə etdiyi üsullardan biri olubdur, çünki təbii, şirin, lakonik yazan realist yazıçılar üçün dialoq nəsrin poetik komponentlərindən biri kimi dəyərli bir vasitəydi. Onlar dialoqların xarakterinə, təbiiliyinə daha çox diqqət yetirilməsinin vacibliyini və zəruriliyini bilirdilər. Bədii əsərdə, əsasən də satirik nəsr əsərlərində insan xarakterlərini açan və məntiqi, dolğun məna kəsb edən maraqlı dialoqlara klassiklərimiz mütəmadi olaraq dil sənətkarlığının zəruri şərti kimi baxmışlar. Düşündürücü dialoqlar vasitəsilə oxucunu güldürmək (pyeslərdə tamaşaçını) də, ağlatmaq da olar. Fəlsəfi fikri də, daxili-psixoloji halları da (söhbət daxili monoloqa aid edilməməli – B.B.), lirikanı da dialoqlar vasitəsilə təqdim etmək olar; satiranı da, yumoru da. Ə.Haqverdiyevin yaradıcılığında (“Mirzə Səfər”) bir nümunəyə diqqət yetirək. Sənətkar yaltağı və özgə kölgəsində yatan bir biveci dialoqla çox böyük məharətlə təqdim etmiş, onun gülünclüyünü isbat etməyə ehtiyac qalmamışdır:

“ – Mirzə, mənim kağızımı, mümkün isə, yaz, aparım.

– Dayan, bu saat yazaram, əlimdə özgə iş var.

– Bilirsiniz, mən Həsən ağanın qohumuyam!..

– …Doğrudan Həsən ağanın qohumusan!

– Doğrudan!

– Sən allah, Həsən ağanın qohumusan?

– Vallah, doğru deyirəm.

– Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?

– Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.

– Deynən, sən öl, Həsən ağanın qohumuyam.

– Sən öl, Həsənağanın qohumuyam…

– Bəs elə isə gəl min mənim boynuma! Neyləyim Həsən ağanın qohumusan, gözlə. Vaxtında kağızın hazır olar apararsan”.

Yazının davamı “Ustad” jurnalının 20-ci sayında.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10