ƏBƏDİ SEVGİ AXTARIŞINDA… – Tural Cəfərli yazır

27 Baxış

tural

Yazıçı-şair Şəmil Sadiqin “Azadlıqdakı ruhum” kitabı haqqında düşündüklərim…

Hardasa oxumuşdum ki, qədim inanclara görə “işıqlı yolun başlanğıcında şeir söyləmək kimi bir sirr var…” Bu sirrin açılması üçün bütün varlığını- içindəki amansız mübarizələrlə bərabər şəkildə ortaya qoymalısan. Bunu bacarsan, yəqin etmək olar ki, azadlığına da qovuşa bilərsən… Bu yazını niyə belə başlamağımın çox sadə bir izahı var: “Bəli, mən yenə də sehirli bir kitabın ahuşundayam və mənə elə gəlir ki, hələ bir müddət bu sehirli kitabın təsirindən çıxa bilməyəcəm… Ona görə yox ki, başqa sehirlərin gücü yoxdu, ona görə ki bu kitabın sehrində “mən”in axtarışı var, irfani yol var…

“Azadlıqdakı ruhum” kitabında yazıçı-şair Şəmil Sadiqin son illərdə yazdığı şeirlər, əsərlərindən sitatlar, paylaşdığı seçmə statuslar toplanılıb. “Azadlıqdakı ruhum” kitabı həm dəşairin mənəvidünyasına səyahətdir. Bu səyahətdə bir çox maraqlı məqamlarla rastlaşırsan. Vicdan səsi, saf sevgi, vətən yanğısı, etibar və sadəqət prinsipləri nəzmə çəkilib, bəzən sakit, bəzən də çılğın şəkildə ifadə olunub. Aşağıdakı misralara diqqət yetirək:

Sənsizliyin həsrətini çəkmək üçün darıxdım

Demişdim ayrılanda…

Təsəllimi qucaqlayıb getmişdim,

Səni sənsiz sevəndə anladım ki,

Sənsizlik sən olmamaq deyilmiş.

İnsan yaranışdanmı darıxmağa məhkumdur? Yoxsa, insan ömrünün müəyyən vaxtlarında belə olur?! Bəlkə, darıxmaq bizim ruhumuzun bir hissəsidir… Şairdarıxmağın ruhunu daha böyük mənada əxz edir. Bu darıxmaq fiziki yox, ruhani darıxmaqdı. Bu darıxmaq göydə məqam tutmuş bir sufi darıxmağıdır…

Sən olanda biz oluruq biz,

Sən də, mən də üç hərf…

Bir hərfi fərqlidir…

Biz də üç hərf…

Amma sən və məni ifadə edən üç hərf…

Sadəcə üç… b, i, z…

Varlıq anlayışının alt qatlarında yoxluğun işarəsi var. Şair burada bütövləşmiş ruhun cizgilərini, konturlarını cızır… Ayrı-ayrılıqda iki sevənin varlığı bütövləşmədiyi kimi, birlikdə olanda da parçalana bilmir… “Biz” sözünün mahiyyətini bütöv, yəni kamil düşüncə baxımından işlədən şair bu üç hərfli sözün mənasını özünəməxsus şəkildə bildirir…

Əgər şeirin ruhunda şairin əhval-ruhiyyəsi hiss olunursa, bu daha təsirli alınır. Həsrət, nakam duyğular, kövrəklik şeirin misralarında od kimi qaynayır, səhrada suya həsrət qalan çiçək misalı kimi kövrək olur. Aşağıdakı şeirə diqqət edək:

Yağış yağır sevgilim

Gəl gəzişək yağışda

Mən yer olum, sənsə göy

Qarşılayım sevgini

Bu döyünən ürəkdə…

Yerlə göy arasında çırpınan ruhun azadlığa ehtiyacı olduğu kimi, sevənin sevdiyinə qovuşmasına da bir o qədər istəyi, arzusu var. Ancaq bu sevgidə ünvana çatmaq üçün çox əzablar çəkməlisən, çox sınaqlardan keçməlisən… Ən sonda bu sınağın nəticələri aşiqin gələcək taleyini müəyyən edir. Şair sevginin əzablı yollarının varlığını labüd hesab edir. Belə ki, əziyyətin verdiyi güc, sevginin müdafiəsini artırır, onun saflığını qoruyur və ömrünü uzadır… “Mən yer olum, sənsə göy” misrasında bu qovuşmanın müqəddəsliyi və paklığı vurğulanır…

azadliqdaki

Əbədi sevgi axtarışına çıxan şair rastlaşdığı maneələri şeirin oxucuya çatdıra biləcəyi imakanlar hesabına qələmə alır. Bu həm onun ruhunun dincliyinə, həm də axtarış yolunda rahatlığına səbəb olur…

Sən sev məni uzaqdan!

Elə mən də!

Qoy sevgimiz enməsin yerə!

Yer adidir, çirklidir,

İnsanlar məkirlidir.

 

Zaman və məkan anlayışlarında insanların dəyişdiyini, planlı surətdə hərəkət etdiyini dəqiqliklə müşahidə edən şair sevgisini yerdən uzaq tutmağa çalışır, onu çirklənməkdən, bulaşmaqdan, adiləşməkdən qoruyur, buna görə də göyün “Eşq” mərtəbəsində məskən salır…

Kitabın sehir dolu qüvvəsi oxucunu özünə maqnit kimi çəkir. Pafosdan uzaq, sadə və səmimi şəkildə hisslərin ötürüldüyü kitabda müəllifin yaşını müəyyən etmək olmur. O həm gənc bir aşiq hissləri ilə, həm də müdrikləşmiş və əzab çəkmiş dərviş libasında görünür. Bu da oxucunun ruhunu oxşayır, onu yormur, əksinə mənəvi dünyasına dinclik gətirir…

Şəmil Sadiqin şeirlərində yovşan ətri duyulur, dağların hüzur verən sakitliyi hiss olunur, uzaqdan əsən mehin möcüzəvi faydası aşkar olunur. Şairin elə, obaya bağlılığı, uşaqlığının doğma Naxçıvan torpağında keçməsi, milli ruh və adət-ənənələrin içində böyüməsi onun yaradıcılıq nümunələrinə də təsir edib. Ona görə də şeirləri bir az da vətən kimidi, yurd kimidi, doğma kimidi… Müəllif kitabda qeyd edir:

“İçimdəki çölüm Naxçıvan kimidir, havası sərt, torpağı duzludur. Oraların sevgisi də sərtdir havası kimi, onların sevgisinə tuş gəldinsə səni qızmar günəşin dağları kimi qucaqlar, amma sərt isti adamı boğmaz, sərt soyuq da öldürməz. Bu isti və soyuqdan kəklikotu kimi ətirli məhsullar yetişir. Həm də sevgi duz dağına bənzər, bitməz, tükənməz, dadlı duzlu…

İçimdə aradım özüm özümü

Budağı qırılmış ağacı gördüm,

Son işartısı sönməkdə olan

Ocağı gördüm!

Bütün ağrıların əvvəli, bütün əzabların sonu özünə qayıdışdadır… Özünü tapmaq və özünü görmək yeni bir mərhələyə qədəm qoymaqdır. Müəllif özünü aradıqca bir çox məqamlarla tanış olur, özünü axtardıqca həm də özünü itirir… Ocaq əslində “həyat eşqi” deməkdir, müəllif həyat eşqinin sönməkdə olan işartısını görməklə yeni bir “ocağı” yandırmış olur, yenidən həyata başlamaq, həyat eşqinə köklənməyə can atır…

İçimdə bir qərib həsrət

Düşüncəmi əsir almış.

Çölümdə də bir daş heykəl

Varlığıma lövbər salmış….

Bəlkə də kənardan şairin bədbinləşdiyini, hadisələrə neqativ yanaşdığını düşünmək olar. Əslində bu bədbinləşmə deyil, bu şairin içindən gələn bir etirazdır, ayrılıqlara, kədərə, yoxluğa qarşı bir etiraz! Bu etiraz həm də şairin ümidlərini çoxaldır, onu daha da gücləndirir, işıqlı gələcəyə doğru aparır…

Bir qıyıq göz sevgilin ola,

Sən onun, o sənin dilin bilməyə…

Bircə kəlmə üçün zülm çəkəsən…

Sevginin dilini baxışlarda, ürkək addımlarda görən şair, ruhunun quş kimi azadlığını, müstəqilliyini ifadə edir. Onun üçün sevgi bəşəridir, dünyəvidir, sevgi lokal ola bilməz, sevgi sərhədsiz və hüdudsuzdur. Onu nə çərçivəyə, nə də bu dünyanın paralellərinə, meridianlarına sığdırmaq mümkün deyil! Çünki əsl sevgilər heç bir ölçüyə sığmayan sevgilərdi…

Bir sevgilin ola həm də bütpərəst,

“Ya sən islamı qəbul eylə mənim dinimə gəl,

Ya da məni təlim elə məzhəbi isayə gəlim,”

Şərt qoymayasan, Şəhriyar kimi…

Bu şeir Hüseyn Cavidin “Şeyx Sənan” əsərindəki məlum hadisəni xatırladır. Dinin qoyduğu qadağalar qarşısında sevginin möhtəşəm qələbəsi! Hərçənd bu qələbə heç də asan başa gəlmir… Sevginin dini olmur, sevgi özü dindir, tapınaqdır, inamdır…

“Azadlıqdakı ruhum” kitabını vərəqlədikcə ruhumla söhbətləşdim, onu dinlədim, musiqi kimi, həzin melodiya kimi, mənən yüngülləşdim və düşüncələrimiyenidən götür-qoy etdim. Bir daha başa düşdüm ki, sözün sehrində olmaq nə deməkdir… Bu sehri, bu gözəlliyi yaşatdığı üçün öncə kitabın müəllifinə, sonra onun “Azadlıqdakı ruhuna” təşəkkür edirəm.

Tural Cəfərli

AYB-nin üzvü, prezident təqaüdçüsü

Bölmə : Manşet