Ədəbi növlər və janrlar

10927 Baxış

elxan 25

Senet.az Elxan Nəcəfovun “HƏDƏF” nəşrlərində işıq üzü görmüş “Ədəbiyyat nəzəriyyəsi” kitabında yer alan “Ədəbi növlər və janrlar” bölməsini təqdim edir:

 

 

ƏDƏBİ NÖVLƏR VƏ JANRLAR

 

Bədii ədəbiyyat həyat hadisələrini, insanın istək və arzularını əks etdirir. Həyat hadisələrini əks etdirmək baxımından ədəbi növlər üç növə bölünür:epik, lirik, dramatik növ. Epik növdə olan əsərlər təhkiyə və yaxud təsvir əsasında, lirik növ tərənnüm, dramatik növ isə əyani göstərmə əsasında yazılır. Bu ədəbi növlər həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatda var.(Şifahi xalq ədəbiyyatına aid janrlar haqqında əvvəlki səhifələrdə tanış olmusunuz.)Yazılı ədəbiyyat Yeni dövr ədəbiyyatı ikinci mərhələyə qədər yalnız lirik və epik növdə inkişaf edib. Yazılı ədəbiyyatımızda dramatik növün əsasını M. F. Axundzadə 1850-ci ildə “Hekayəti -molla İbrahimxəlil kimyagər” komediyası ilə qoyub.

 

                           EPİK NÖV

 

Epik sözü epos sözündən götürülüb, söz, hekayə, mahnı deməkdir. Epos sözü ədəbiyyatımızda dastan sözünü də əvəz edə bilir (“Koroğlu” eposu). Epik növ təhkiyə, nağıl etmək yolu ilə yazılır. Epik növün janrları yazıçıya həyat hadisələrini oxucuya hərtərəfli çatdırmağa  imkan yaradır. Belə əsərlərdə yazıçı kiçik bir həyat hadisəsini obyekt kimi götürərək onu qurub təhkiyə yolu ilə oxucuya çatdırır. Epik əsərlərdə həm müəllifin, həm də qəhrəmanların-obrazların dilindən təhkiyə deyilə bilər. Təhkiyə iki formada özünü göstərir: təhkiyə söyləyən ya eşitdiyi hadisəni danışır, ya da şahidi olduğu hadisəni danışır. Təhkiyəçi eşitdiyi hadisələri danışanda rəvayət formasından istifadə edir. Nağıl və dastanlarda rəvayət şəklində olan təhkiyə əsas təşkil edir. Qəhrəmanların-obrazların təhkiyəçi kimi iştirak etdiyi əsərlərdə hadisələr I şəxsin dilindən danışılır. Təhkiyə bədii əsərlərdə müxtəlif obrazların dilindən deyilə bilər. Əsərin həcmindən asılı olmayaraq epik əsərlər hadisəni mükəmməl təsvir etməyə, təfsilatı ilə söyləməyə şərait yaradır. Buna görə də epik janrlara təsviri janr da deyilir. Bədii əsərlərdə nəzərə çatdırılacaq hadisənin və yaxud əşyanın əlamətlərinin sözlə ifadəsi təsvir adlanır. Təhkiyə və təsvir epik əsərlərin ən səciyyəvi cəhətidir. Epik əsərlərdə hadisənin başlanğıcı və sonu aydın təsəvvür edilir. Danışılan hadisənin həcmindən, obrazlarının sayından, həmçinin, əhatə etdiyi zaman müddəti baxımından epik əsərlər müxtəlif janrlara bölünür. Bəzi epik əsərlərdə lirik növə məxsus olan tərənnümdən də istifadə oluna bilər.

            Təmsil. Epik növün həcmcə kiçik, ancaq dərin məna ifadə edən qədim janrıdır. Təmsildə heyvanlar, bitkilər, əşyalar və s. şəxsləndirilir. Təmsildə alleqoriya üstündür və dili sadə, konkret olmaqla bərabər, dərin satirik məzmun ifadə edir. Bu janrın mühüm xüsusiyyətləri var:

1. Alleqoriya təmsilin əsasını təşkil edir, lakin alleqoriyanın olduğu bütün əsərlər təmsil hesab edilmir.

2. Bədii gülüşdən istifadə olunur.

3. Nəsihətamiz fikirlər ifadə olunur.

4. Təmsilin ya əvvəli, ya da sonu kiçik əxlaqi-didaktik fikir ifadə edən hissədən ibarət olur.

5. Təmsil, əsasən, nəzmlə olur.(Bəzən nəsrlə də ola bilər.)

6. Nəzmlə olan təmsillər, adətən, məsnəvi şəklində qafiyələnir.

edebiyyat       Alleqorik əsər anlayışı digər janrlara da aid edilə bilər. Ədəbiyyatımızda Məhəmməd Füzulinin “Həft cam”, “Söhbətül-əsmar”, “Bəngü Badə”, “Səhhət və Mərəz” əsərləri alleqorik əsərlər olsa da, təmsil deyil. Alleqorik olub təmsil hesab edilməyən əsərlər ədəbiyyatımızda çoxdur. Alleqorik əsərlərdə verilən  xüsusiyyət müşahidə olunmalıdır. Tənqid, satira təmsilin canını, ruhunu təşkil edir. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında təmsil nümunələri var. Ədəbiyyatımızda A. Bakıxanov, Q. Zakir, S. Ə. Şirvani, M. Ə. Sabir, A. Səhhət, H. Ziya və başqa sənətkarlar təmsil janrından məharətlə istifadə ediblər.

          Hekayə. Epik növün yazılı ədəbiyyatda həcm etibarilə kiçik janrıdır. Belə əsərlərdə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayədə obrazların sayı elə də çox olmur. Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşmış XX əsrdə inkişaf etmişdir. Hekayə janrı həm nəsrlə, həm nəzmlə ola bilər. Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə janrının banisi A. Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. C. Məmməd­quluzadənin “Poçt qutusu”, Ə. Haqverdiyevin “Mirzə Səfər” əsərləri nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələr kimi göstərilə bilər. Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən ən əsas cəhət ondakı məzəlilik, hadisənin qeyri-adi sonluqla bitməsidir. Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə tamam fərqli süjetlə qarşılaşır. C.Məm­mədquluzadənin “Qurbanəli bəy”, Ə. Haqverdiyevin “Bomba”,  M. Cəlalın “Badamın ləzzəti” hekayələri novella nümunəsi sayıla bilər. Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı heka­yələrdir. Həmin hekayələr müstəqil işlənməmişdir. Poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə A. Bakıxanov, Q. Zakir, S.Ə. Şirvani, M.Ə.Sabir və başqaları mənzum hekayələr yazıblar. Ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yayılıb.

  1. Povest rus sözüdür. “Povestvovanie” sözündən yaranıb nəql etmə, danışıq, təhkiyə deməkdir. Hadisələrin təsvir üsulu və həcmi baxımından romandan kiçik, hekayədən böyük janrdır. Povest ilə hekayə arasında yaxınlıq – bənzərlik var. Bəzən bu bənzərliyə görə povestə böyük hekayə də deyilir. Buna baxmayaraq, povesti hekayə ilə qarışdırmaq olmaz. Povestlə hekayənin fərqi:

1. Povestdə obrazların sayı hekayə ilə müqayisədə çoxdur.

2. Povestdə hadisələrin əhatə dairəsi daha genişdir.

3. Surətlərin təsviri daha dolğun və təfsilatlıdır.

4. Hekayədən fərqli olaraq, povest, demək olar ki, nəsrlə olur.

5. Povestdə hekayədən fərqli olaraq, süjet xətti iki, bəzən də daha çox ola bilər.

Povestdə əhvalatların əsas iştirakçısının – baş qəhrəmanın həyatının bütov bir dövrü və yaxud bir çox dövrü təsvir olunur. Baş qəhrəmanın ətrafında cəmləşən, yaxud ona zidd cəbhədə dayanan bir sıra şəxslər olur. Ədəbiyyatımızda yeni tipli bədii nəsrin – povestin əsasını M. F. Axundzadə “Aldanmış kəvakib” əsəri ilə qoymuşdur. Ana dilində olan bu əsər 1857-ci ildə yazılıb. Cəlil Məmməd­quluzadənin “Poçt qutusu” hekayəsi ilə “Aldanmış kəvakib” povestini müqayisə etsək, birinci əsərdə iki-üç obrazın olduğunu müşahidə edərik. “Aldanmış kəvakib” əsərində isə surətlərin sayı daha çoxdur. “Poçt qutusu” hekayəsində hadisələr bir xətt üzərində inkişaf etsə də, “Aldanmış kəvakib” əsərində isə iki süjet xətti var. Bunlardan biri Şah Abbasla bağlı, digəri isə Yusif Sərracla bağlıdır.  Ədəbiy­yatımızda povest janrından M. Hüseyn, S. Rəhimov, İ. Əfəndiyev, Elçin Əfəndiyev və başqaları istifadə etmişlər.

          Roman. Roman sözü Avropa mənşəli sözdür. Roman dillərinə daxil olan xalqların dilinə aid sözdür. Avropada XII-XIII əsrlərdə roman dillərinə məxsus xalqların (fransız, ispan, italyan və s.) təhkiyə üsulu ilə yazılan bütün əsərlər roman adlanırdı. Sonradan isə roman sözü daha geniş miqyas qazanmış və özünəməxsus xüsusiyyətləri olan janr kimi qəbul edilmişdir. Ədəbiyyatşünaslıqda roman epik əsərlərin ən əhatəlisi və mürəkkəb süjetə malik olan janrı kimi başa düşülür. Romanda hadisələrin təsviri hekayə və povestdən fərqli olaraq daha genişdir. Bu janrda baş qəhrəmanın dinamik inkişafı, onun bütün ömür yolunun təsviri imkanları daha əhatəlidir. Ədəbiyyatımızda ana dilində yazılmış ilk roman Nəriman Nərimanovun 1896-1899-cu illərdə yazdığı “Bahadır və Sona” əsəridir. Roman janrına aid mühüm əlamətlər:

1. Həm nəsrlə, həm nəzmlə olur.

2. Həcm etibarilə epik növün ən böyük həcmli janrıdır.

3. Romanda əsas süjetlə bərabər başqa əhvalatlar – süjetlər də danışılır.

4. Silsilə təşkil edən iki hissəli roman dilogiya, üçhissəli roman trilogiya adlanır. 

 

 

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10