Ədəbiyyat bir elmdir, yoxsa əfsanə? – Orxan ARAS

28 Baxış

indir

Polemika

Avropada ərəblərin “Min bir gecə” əfsanələrini alıb oxudular və “Robinzon”, “Don Kixot” kimi əsərlərlə birlikdə böyük bir ədəbiyyat yaratdılar. İslam dünyası isə nə yazıq ki, cəbr, coğrafiya, dil və ədəbiyyat üzərində başlatmış olduğu ciddi çalışmaları yarıda buraxaraq hamısını əfsanəyə döndürdü. Bu üzdən də həm ədəbiyyatda, həm də texnolojidə geridə qaldı.

Bu gün bütün dünyada, eynilə tibb elmində olduğu kimi, istər ədəbiyyat, istərsə tarix mövzusunda ortaya atdığımız bir nəzəriyyəni və ya görüşü isbat etməklə borcluyuq. Hüquqda da Roma hüququndan etibarən ədalətin “Semper necessitas probandi incumbit ei qui agit”, yəni “iddia sahibi iddiasını isbat etmək məcburiyyətindədir” təməl ünsürü hələ qüvvəsindədir və yaxşı ki, var, yoxsa kim nə istəyir yazar və “sübut edər”.

Əlbəttə, insan hər şeyi iddia edə bilər. Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri çox gözəl bir şeirdir; “mənim şeirimdir”, – deyə iddia edə bilərəm. İddia edərəm, amma Ramiz Rövşəndən öncə ədəbiyyatla maraqlanan hər kəs mənə iddianı sübut et deməzmi?! Axı necə sübut edə bilərəm? Məsələn, “Kişilər bir olmur, atam balası” misrasını bir zaman “Gəl bizə gedəlim, atam oğlu”, – demişəm kimi isbat edə bilərəmmi?

Nə yazıq ki, “Qurban Səid” məsələsi də bu duruma döndü. “Ədəbiyyat qəzeti”ndə Sərvaz Hüseynoğlu bəyin “Əli və Nino gizlinləri” (Bədirxan Əhmədlinin “525-ci qəzet”də 21 noyabr 2016 tarixində çıxmış “Əli və Nino” müəllifinin gizlinləri” məqaləsi yadıma düşdü!) məqaləsini oxuduğumda çaşıb qaldım. Neçə illərdi Məhəmməd Əsəd bəyin yaradıcılığı ilə məşğulam, ancaq onun bu barədə araşdırması ilə ilk dəfə rastlaşıram. Sərvaz bəy mənim kitabımı görmədən, kitabın yazılmasına öncülük edən akademik İsa Həbibbəylinin ön sözünü oxumadan onun haqqında rəy yaratmağa çalışır. Üstəlik, məqalə müəllifi prof. Bədirxan Əhmədlinin kitab barədə fikirlərinə guya opponentlik edir. Gətirdiyi sitatlar isə heç bir elmi əsası olmayan, başqalarının fikirlərinin yığınından başqa bir şey deyil. “Hörmətli professor”, – deyə qeyd etdiyi tədqiqatçının qarşısına başqalarının fikirlərini sadalamaqla yox, heç olmazsa, yeni fikir və araşdırmalarla çıxmaq lazım idi…

Əslində, yüzlərlə dəfə yazılan və artıq hər kəsin bıkdığı iddialara gülüb keçmək istədim, amma bir tərəfdən də kitabı yayınlayan dəyərli hocam, akademik İsa Həbibbəyli və kitabın redaktoru prof. Bədirxan Əhmədliyə haqsızlıq yapılmasına könlüm razı olmadı. Elə Azərbaycanı dəlicəsinə sevən və bütün əsərlərində onun tarixini, adət-ənənəsini, təbiətini vurğuncasına təsvir edən Əsəd bəyin də haqqını müdafiə etmək borcumuzdu.

Sərvaz bəyə görə, bu məsələdə böyük ədəbiyyatçılarımız prof. Pənah Xəlilov, prof. Tofiq Hüseynov, Mustafa Türkəqul, prof.dr. Yavuz Akpınar, B.Bleyer son sözləri söyləmişlər. Öncə qeyd edim ki, Türkiyədə Mustafa Türkequl adlı “görkəmli bir alim” yoxdur. Mustafa Türkəqul “Əli və Nino” romanı haqqında türk tərcüməçi Semih Yazıçıoğluna məktub yazan Amerikadakı azərbaycanlı bir tələbədir və bu barədə araşdırması yoxdur, əsərin Yusif Vəzir Çəmənzəminlinin yaza biləcəyi barədə ehtimalı var. İkincisi, Sərvaz bəyin istinad etdiyi prof. Yavuz Akpınar Abbas Zamanov, Pənah Xəlilovun məktublarını mənə vermişdir və əsla Sərvaz bəyin görüşündə deyildir.

Öncə Sərvaz bəyin iddialarına nəzər yetirək. Sərvaz bəy məqaləsinin geniş bir bölümündə prof. Pənah Xəlilovun, Yusif Vəzirin ayrı-ayrı illərdə yazıb çap etdirdiyi əsərlərindən yüzlərlə seçmələrin “Əli və Nino” romanında eynilə işlənilməsindən bəhs edir, Hilal Münşinin ondan “bir fırıldaqçı” kimi bəhs etdiyini, özünün “Mən alman müəllifiyəm” fikrini, həyat yoldaşı Erikanın isə boşanma zamanı qəzetlərdə “Ailə qurandan sonra öyrəndim ki, o, sadəcə, Lev Nissenbaumdur” sözlərini dilə gətirir və onun milliyyəti haqqında: “Necə ola bilib ki (bu adam), öz milli mənsubiyyətinə dəyər vermədən o, bütün bu yazılıb çap edilənlərə qarşı bircə kəlmə olsun belə etiraz etməyib?”, – deyə qeyri-müəyyən nəticə çıxarır. Məqalə müəllifi Əsəd bəyin orta məktəbin aşağı sinfində oxuyarkən, “qeyri-kafi” aldığını, əslində, adının “Yakov Abramoviç” olduğu, eləcə də indiyədək müxtəlif tədqiqatçılar tərəfindən səsləndirilən bir çox iddiaları dilə gətirir.

Təxminən iddialar və dəlillər bunlardır. Çox maraqlıdır, iddia sahiblərinin heç biri alman dilini bilməməklə yanaşı, Əsəd bəyin həyat və yaradıcılığı ilə məşğul olmamışlar. İddialar hər hansı bir faktı sübut etməkdən daha çox, qızğınlıq, öfkə ilə yazılmış fikirlərdir. Dəyərli oxucular və hocalarım qarşısında “mən” deməkdən utanır, həya edirəm, amma burada “mən” demək zorunda qaldığım üçün hər kəsdən üzr istəyərək bəzi mətləblərə aydınlıq gətirməyə çalışacam.

Azərbaycanda bu mövzuda yazan prof. Tofiq Hüseynovun, Aslan Məmmədlinin, Pənah Hüseynovun, Rafael Hüseynovun, Elçinin, Bədirxan Əhmədlinin, Nuridə Atəşin, Ramiz Abutalıbovun yazdıqlarının tamamını oxudum. Sadəcə onları deyil, Rəşad Məcid, Abbas Hacaloğlu, Qılman İlkin, Nəriman Əbdülrəhmanlı kimi şair, yazıçı və jurnalistlərin yazdıqlarını da oxudum. Yavuz Akpınarla danışdım, ondakı Abbas Zamanov tərəfındən yazılmış məktubları aldım. Qısacası, Azərbaycanda bu mövzuda nə yazılmışsa araşdırdım. Yusif Vəzirin də bütün kitablarının yanı sıra gündəliklərini də araşdırdım. Hətta onun romanlarını bir dizimə, Əsad bəyin əsərlərini digər dizimə qoydum və sətir-sətir oxudum, altlarını cızdım.

Bununla yetinmədim, Berlinə getdim və üç ay Berlindəki Modern Şərq mərkəzində ilk dəfə Əsəd bəy haqqında yazan prof. Gerhard Höppün altı sandıq dolusu arxivində çalışdım və o tozlu kağızların tozlarını ciyərlərimə çəkdim. O da bəs etmədi, Əsəd bəyin getdiyi liseyə, oxuduğu universitetə getdim. Universitetin arxivində onun 144 məqaləsini tapdım və türkcəyə çevirdim. Yaşadığı evlərin ünvanlarına getdim. Vyanada həyat yoldaşı Erika ilə yaşadığı və “İstanbullu qız” romanında anlatdığı evi və küçəni tapdım, orada gəzdim. Betti Bleyerin yazdıqlarını, Münşinin iddialarını, Tom Reissın araşdırmalarını, “Cumhuriyet” qəzeti yazarı Nadir Nadinin burada Əsəd bəy haqqında yazdıqlarını, “Nyu-York” qəzetində yayınlanmış Əsəd bəyin məqalələrini araşdırdım. Hətta zövcəsi Erikanın boşanma sırasında söylədikləri məhkəmə ifadəsini də oxudum. Yəni heç bir bilgi zəhmətsiz deyildir. Çünki məqsədim Yusif Vəzir kimi böyük yazarımızın haqqını qəsb etmək deyil, doğruyu bulmaq, həqiqətə çatmaqdı. Ona görə də indiyədək Azərbaycan mətbuatında yazılan, Sərvaz bəyin də burada təkrar etdiyi bu iddiaları cavablandırmağı məqsədəuyğun hesab edirəm.

Birincisi, prof. Pənah Xəlilov Yusif Vəzir Çəmənzəminlinin bütün əsərləri ilə “Əli və Nino”nu müqayisə edərək onun “Əli və Nino”nu yazdığı qənaətinə gəlmişdir. Bu qənaət nədir? Bir dənə də olsun əlyazma, məktub və ya bir cümlə yaza bilmişdirmi? Yox! Prof. Pənah Xəlilov və Tofiq Hüseynov eynilə Sərvaz bəyin yazdığı kimi yazmışlar (və ya əksinə!), “oxşarlıqlar”dan söz etmişlər. Məsələn, “Yusif  Vəzirin bir əsərində “Səfər” adı vardır” və ya “Yusif Vəzir “N” hərfi yazmışdır, bu Ninoya işarədir”. “Asiyade, Asya deməkdir və Yusif Vəzirin də əsərlərində “Asya” adı vardır”  və s.

Allah eşqinə, bir az əlimizi vicdanımıza qoyaq! Ədəbiyyat elminin “e”sini bilən bir adam bu iddialara inanarmı?! Əvvəla, “Asiyade” adı “Asya”, – deyə oxunmaz, almanca “Asiyade yazılır, amma “Aziyade” oxunur, bu da “Asya” demək deyildir. Fransız yazar Piyer Loti 1879-cu ildə “Aziyade” isimli bir roman yazmışdır və bütün şərqşünaslar bu adı bilirlər. “Əli və Nino”nun Əsəd bəyin olduğunu biz “n” hərfi, “oxşarlıq”, “Asya” isimləri ilə deyil, yüzlərlə faktlarla isbat edə bilirik.

İkincisi, Əsəd bəyin Berlindəki alman-rus liseyindən dostu Aleks Brailov yazır: “Leonid Pasternakın gözəl qızı Jenya bizi axşamlar evinə dəvət edərdi. Əsəd orada gəldiyində Şərqdən çox ilginc hekayələr anlatırdı. Mən bunları rusca qeyd edirdim. Sonraki illər “Əli və Nino”nu oxuduğumda Əlinin gəncliyi, Ninonun qaçırılması, Nahararyan kimi adamların o hekayələrdə olduğunu gördüm. (Alex Brailov, “Oriental Tales’e önsöz, s. 4).

Aleks Brailov, eyni yerdə erməni Nahararyan obrazının da liseydə Əsəd bəylə sürəkli dava edən və Pasternakın qızı Jenyaya aşiq olan Yaşenka adlı şişman, gözlüklü və kübar görünən kişinin olduğunu yazmaqdadır. Sadəcə bunlarmı? Əsəd bəyin bu mövzuda əl yazısıyla məktubları var. Ömər Ehrenfels, həyat yoldaşı Elfride Ehrenfels, naşiri Mögenin yazdıqları, dayəsi Alise Şultenin yazıçının ölümündən sonra yazdığı bioqrafiya… Ayrıca, “Əli və Nino” romanı onun yazdığı məqalələrdə, “Stalin”, “Rza şah”, “Şərqdə neft və qan”, “Qafqazın 12 sirri” və digər əsərlərində “oxşarlıq” olaraq deyil, eynən yer almaqdadır. Örnəklər verim: “Ədəbiyyat dünyası” qəzetində (09.05.1930), yəni “Əli və Nino” əsəri yayınlanmadan tam 7 il öncə yazdığı “Qafqazlarda eşq və evlilik” məqaləsində Əli Xanın romandakı evlilik xəyalının eynisi vardır. Bu cür faktlar çoxdur. “Bir uşaq İrandan gələn kor musiqiçinin ətəyindən tutaraq səhnəyə gətirdi”. (“Stalin”, almanca basqısı 1931, s. 22). “On yaşlarında bir uşaq İrandan gələn olduqca əsmər dörd kor musiqiçinin əllərindən tutaraq önümüzə gətirdi” (“Əli və Nino”, s. 31). “Dik bir yoxuşda dəvələr ehmal-ehmal, ağır yerişlə tərpənirdilər. Əlində əsa tutmuş sarvan karvanın qabağında gedirdi” (“Əli və Nino”, s.148). “Yoxuş tərəfdən karvan yaxınlaşırdı. Dəvələr ağır və diqqətli yürüyürdü. Əlində əsa tutmuş sarvan dəvələrin önündə gedirdi” (“Rza şah”, s. 32). “Onun dalınca da qara paltar geymiş adamlar yeriyirdilər. Yoxuşa çıxmaq dəvələr üçün çətin idi və onlar bütün güclərini yığıb yoxuşa dırmaşırdılar” (“Əli və Nino” s.148). “Onun arxasında isə qara paltar geyinmiş adamlar vardı. Boyunlarında zınqırov asılı dəvələr yoxuşu çıxmaqda çətinlik çəkirdi” (“Rza şah”, s. 32). “Dəvələrin boz omuzlarından torbalar asılmışdı. Bəs bu torbalarda nə var idi? İsfahan parçalarımı? Gilan yunumu?” (“Əli və Nino” s. 148). “Dəvələrin boz  omuzlarında torbalar asılmışdı. Bu torbalarda nə vardı? İsfahan parçalarımı? Gilan yunumu?” (“Rza şah” s. 32).

Bu sətirlərdə əcaba oxşarlıqlarmı var, yoxsa sözbəsöz, cümləbəcümlə eynilikmi? “Əli və Nino” romanının 23-cü bölümü ilə Əsəd bəyin 1936-cı ildə yayınladığı “Rza şah” əsərinin 148-149-150-ci səhifələri sözbəsöz eynidir. Burada imkan olmadığı üçün digər əsərlərindən örnəklər gətirmirəm. Əgər “Əli və Nino”nu Yusif Vəzir yazmışsa, Əsəd bəy adına çıxmış, 15 almanca və ingiliscə kitab ilə 200 məqaləni də Yusif Vəzirmi yazmışdır?!

Üçüncüsü, Hilal Münşinin yazdığı almanca protesto məktubunu da, məqaləsini də oxudum. Yazdıqlarının hamısı iddiadır və bir tək fakt yoxdur. Onun Əsəd bəyə qızğınlığı başqadır. Münşi “Şərqdə neft və qan” kitabında ermənilərlə ilgili alman ve türk subaylarının suçlanmasına hirslənmişdir. Dostlarıyla toplanaraq Əsəd bəyi protesto etmiş, alman idarələrinə şikayət etmişdilər. Şikayətin almancası arxivimizdədir. O, Əsəd bəy ilə sadəcə bir dəfə, Əsəd bəy on beş yaşındaykən görüşmüşdür.

Dördüncüsü, Əsəd bəy məqalələrində “Mən alman müəllifiyəm” deməklə nə qəbahət işlətmişdir? Almanca yazdığı üçün, əlbəttə, alman müəllifidir. Çingiz Aytmatov rusca yazmış bir “sovet yazarı”dır, amma bütün ömürlüyündə qırğız olduğunu yazır. Əsəd bəy azərbaycanlı olduğunu kitabları, məqalələriylə isbat etmişdir. Onun da bütün biyoqrafilərində azərbaycanlı yazılır. Kaş ki onun 1928-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti”nin onuncu ildönümü üçün yazdığı məqaləni oxusaydınız və “mən ölkəmi itirdim”, – deyə necə yandığını görsəydiniz?!

Beşincisi, “Əsəd bəyin zövcəsi onu müalicə edən həkimlə” deyil, özündən 20 yaş böyük yazar Fülöp Miller Rene ilə getmişdir. Erika boşandıqdan sonra hər önünə gələn qəzetə saçma-sapan iddialar irəli sürmüşdür. Bu iddiaları da sonradan özü yalanlamışdır. Məndəki almanca qəzetlərdə bəyanatları vardır.

Altıncısı, milli mənsubiyyət nə deməkdir? Hər yerdə “mən, mən”  demək milli mənsubiyyətdirmi? Yoxsa bütün əsərlərilə Azərbaycanı, Azərbaycan xalqını, toprağını, folklorunu dünyaya tanıtmaqmıdır?  Dünyanın harasına gedərsəniz gedin, onun əsərlərində Azərbaycanı tapar və heyran olursunuz. Bu yetməzmi?!

Yeddincisi, insanın orta məktəbdə ikən aldığı “qeyri-kafi” qiyməti suçmudur? Və ya bunun “Əli və Nino” müəllifliyinə bir dəxli varmı?! Albert Eynsteyn, Bethoven, Paskal da məktəbdə “tənbəl” bir şagird idilər. Onun türk dilindən zəif qiymət aldığı iddiası da var. Onunla Vyanada tanışan türk müxbiri Nadir Nadi Əsəd bəyin mükəmməl türkcə danışdığını və bir azərbaycanlı olmaqla qürur duyduğunu 26 noyabr 1932-ci il tarixli “Cumhuriyet” qəzetində yazmışdır. Maraqlanana qəzeti göndərə bilərəm.

Səkkizinci, arxivimdə Əsəd bəylə ilgili Berlin və Vyana polis qeydləri, bələdiyyələrdən yaşadığı evlərin faturaları, vəsiyyətnaməsi, ölüm kağızı vardır. Heç bir sənəddə Əsəd bəyin adı “Yakov Abramoviç” olaraq keçmir.

Doqquzuncu, Yusif Vəzir Çəmənzəminlinin “Məlikməmməd nağıllarını” Əli xan adıyla çap etdirməsi nəyi isbat edə bilir? Başqa bir tək yerdə yuxarıda yazdığım şəkildə kəlmə-kəlmə “Əli və Nino” əsərindən örnəklər varmı?

Onuncu, yuxarıda cavab verdim və ədəbiyyatın bir elm olduğunu yazdım. “N” hərfi və ya “B” hərfi ilə bir romanın birinə aid olduğu əsla isbat edilməz.

Azərbaycanda alimlərimiz arasında Əsəd bəylə bağlı çeşidli iddialar var, amma ortaya qoyduqları bir tək sənəd yoxdur. Halbuki Əsəd bəyi görən, onunla danışan, onun necə yazdığını izləyən, söhbətlərini axtaran onlarca insan vardır. Amerikalı yazar və müxbir Georq Vireçk onunla birlikdə “Allahu əkbər” kitabını yazmışdır. O, “Əsəd bəyin bir odaya kapandığını və bir neçə saat içində bir kitap ola biləcək qədər yazı yazdığını” yazmaqdadır. Yenə “Ədəbiyyat dünyası” qəzetinin redaktoru Villi Hass xatirələrində Əsəd bəyin necə məhsuldar bir yazar olduğunu söyləməkdədir. Dostu Ömər Ehrenfels (Rolf Baron Ehrenfels) “İstanbullu qız” romanına yazdığı ön sözdə onun çalışqan bir insan olduğunu bildirir. Elfride Ehrenfels öz adına yayınlanmış romanların azərbaycanlı Əsəd bəyə aid olduğunu 10 iyun 1974-cü il tarixli imzalı bir məktubla alman alimi Əhməd Şmideyə bildirmişdir. Bu məktubun mətnini prof. Bədirxan Əhmədli məqalə və  monoqrafiyasında vermişdir.

“İstanbullu qız” (“Haliçdən gələn qız”) romanını bilə “Altunsaç” adıyla Yusif Vəzir Çəmənzəminliyə aid kimi göstərmək istəyirlər. O romanı yaza bilmək üçün Vyana və Berlini insanın əlinin içi kimi bilməsi lazımdır. Aziyade kimi Əsəd bəy də Vilhelm Universitetində Şərqşünaslıq oxumuş, məşhur türkoloq Banqdan dərs almışdır. Aziyadenin romanda mindiyi tramvay, hər zaman endiyi küçə Əsəd bəyin yolun üzərindəki, yəni qaldığı evin yolu və ünvanıdır. Almanca bilmədən bu yolları, evləri, ünvanları, nəşriyyatları öyrənmədən, “Stalin”, “Rza şah”, “II Nikolay”, “Məhəmməd peyğəmbər” və s. kitablarını oxumadan necə bir hökm verilə bilir? Yusif Vəzir Çəmənzəminli bizim önəmli bir yazarımızdır. Əsəd bəy isə ölkəsinə həsrət içində 37 yaşında qürbətdə Azərbaycanı həsrətlə sayıqlayaraq ölən bir yazarımızdır. Tutalım ki, o, bir azərbaycanlı yəhudidir. Ölümündən qısa bir sürə öncə öz əl yazısıyla yazdığı aşağıdakı sətirləri oxuyan hansı vicdanlı azərbaycanlının gözləri dolmaz: “Bakı, Xəzər dənizi sahilindəki neft şəhəri… Mənim uşaqlığımın keçdiyi şəhər… Vətənim. Yurdum yox oldu! Bu acı inanılmaz bir şey! Məni yeyib bitirir. Bəli, indi sabah saat 5.30-dur. Uşaq kimi ağlamaq istəyirəm. Bu acı, bu mərhəmətsiz acı məni öldürür. O şəhər, nə Avropada, nə də Asiyadaydı. Xatirələrimdə canlanan o əski divar və Şərq sarayı dumanlar içində qalmış. Dumanlar daha da artınca acılar içində kresloma gömülürəm”. (Qurban Səid, “Eşqdən bixəbər adam”, əlyazması).

Mən bunları yazıram, onu da bilirəm ki, Azərbaycanda Əsəd bəyin haqqını qoruyan, yaradıcılığını vicdanla araşdıran, onu Azərbaycan ədəbiyyatının faktı hesab edən, araşdırmalarını bu istiqamətdə aparan tədqiqatçılar da vardır. Mərhum professorlar Çərkəz Qurbanlı, Həsən Quliyev, Aslan Məmmədlinin araşdırmaları əsədbəyşünaslığın ən yaxşı səhifələrini təşkil edir. Akademik İsa Həbibbəylinin araşdırmaları Əsəd bəyin Azərbaycan ədəbiyyatındakı yerini və mövqeyini bir qədər də möhkəmləndirdi. Rəşad Məcid, Əsəd bəyin Qurban Səid olduğuna inamını ifadə etdi. Professor Bədirxan Əhmədlinin onun yaradıcılığına xeyli əmək sərf etməsi, “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyinə daxil etməsi Əsəd bəy yaradıcılığının vətənində yeni araşdırma mərhələsinə daxil olduğunu göstərir. Düşünürəm ki, bu istiqamətdə araşdırmalar davam etməlidir, yoxsa ki, dünya ədəbiyyatşünaslığının artıq qəbul etdiyi həqiqətləri əsası olmayan inadcıl iddialarla buna kölgə salaraq deyil…

Bir yazarımızın, bir insanımızın haqqını qoruyaq deyə, ölkəmizin adını bütün dünyaya duyuran, ölümünün üzərinə 70 ilə yaxın keçməsinə rəğmən amerikalı, avropalı, asiyalı araşdırmaçıları ardınca qoşduran, əsərləri dünyanın hər yerində minlərlə basılan bəxtsiz bir insanın haqqını nədən qəsb edək!?

Türk şairi Ahmet Haşim Bağdad doğumlu olduğundan bir yazar onu ərəb olaraq qələmə vermişdi. Peyami Safa ona çox maraqlı bir cavab yazdı: “Bağdadı Türkiyə qayb etdi, şair Haşimi qayb etməyək!”.

Yusif Vəzir Çəmənzəminlinin özü, obrazları könlümüzdə, kitabları kitabxanalarımızdadır. Daha bir əsəri də ona əkləməklə yeni bir Yusif Vəzir Çəmənzəminli yaratmırıq. Böyük yazıçımızın heç buna ehtiyacı da yoxdur. Lakin Qurban Səidin Məhəmməd Əsəd bəy olduğunu süni şəkildə inkar etməklə və ya onun milli kimliyi haqqında lüzumsuz mübahisələr açmaqla, fərqli bir Məhəmməd Əsəd bəy əfsanəsi yaratmaqla yurdundan didərgin salınmış Məhəmməd Əsəd bəyin öz ölkəsi və torpağı ilə qovuşmasına sədd çəkirik. Bu, doğrudurmu? Gəlin biz dərindən düşünək. Onu qayb etməyək! Yurdundan atılmış Əsəd bəy isə kitabları ilə dünyanın hər yerindədir.