Ədəbiyyat tarixçiliyinin elmi konsepsiyasına doğru – İsa Həbibbəyli

33 Baxış

96709_g8jzvue65d

Müasir Azərbaycan ədəbiyyatşünaslığının qarşısında duran mühüm vəzifələrdən biri milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatını hazırlamaqdan ibarətdir. 

Bu məqsədlə dövrləşdirmə üzrə müasir elmi konsepsiyanı hazırlamaq üçün Azərbaycan ədəbiyyatşünaslıq elmində indiyədək mövcud olan axtarışları və baxışları araşdırıb təhlil etmək  mühüm vəzifələrdən biridir.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə dair təşəbbüslər müxtəlif zamanlarda fərqli baxışlar əsasında formalaşmışdır. Bu proses hələ orta əsrlərdən yaranmış təzkirələrlə başlanmışdır. Təzkirələrdəki əsərlərindən bədii nümunələr verilmiş şairlərin dövrü və həyatı haqqında öz əksini tapmış qeydləri ədəbiyyat tarixinin dövrləşdirilməsinin eskizləri adlandırmaq olar. XVIII əsrdə yaşayıb-yaratmış Lütfəli bəy Azərin “Atəşkədə” adlı təzkirəsində şairlərin mühitinə və tərcümeyi-halına, habelə yaradıcı qüvvələrin müəyyən prinsip əsasında qruplaşdırılmasına aid məlumatlar bir qədər çoxdur. Ona görə də Lütfəli bəy Azərin (1722-1781) “Atəşkədə”si ədəbiyyat tarixinin mühüm mənbələrindən olan təzkirəçilikdə xüsusi bir mərhələ təşkil edir. Tədqiqatlarda göstərildiyi kimi, Azərbaycanda və Şərq aləmində qədim dövrlərdən XVIII əsrin ortalarına qədər coğrafi bölgü əsasında ayrı-ayrı ölkələr üzrə yaşayıb-yaratmış 842 sənətkar haqqında geniş məlumatları əks etdirən “Atəşkədə” təzkirəsi “öz mündəricəsinə, tərtib prinsiplərinə görə təzkirəçiliklə ədəbiyyatşünaslıq arasında bir körpü təşkil edən qiymətli bir mənbədir”.

Qeyd etmək lazımdır ki, sonrakı dövrlərdə yaranmış təzkirələrdə, tarixi araşdırmalarda, ədəbiyyat tarixlərinin hazırlanmasında Lütfəli bəy Azərin “Atəşkədə” təzkirəsindən istifadə olunmuş, onun müəyyən etdiyi tərtib prinsipləri nəzərə alınmışdır.

XIX  əsrdən etibarən yazılmış təzkirələrdə, məsələn; Seyid Əzim Şirvani, Həsənəli xan Qaradaği, Mir Möhsün Nəvvab, Məhəmmədəli Tərbiyət, Mirzə Yusif Qarabaği, Adolf Berje, Hüseyn Əfəndi Qayıbov və başqalarının təzkirələrində  bütövlükdə özünəqədərki çoxəsrlik Azərbaycan ədəbiyyatı deyil, daha çox onlara nisbətən yaxın olan XVII əsrdən sonrakı dövrdə yaşayıb-yaratmış şairlərin əsərləri toplandığı üçün xüsusi bir dövrləşmə aparmağa ehtiyac olmamışdır.

Azərbaycan ədəbiyyatı tarixinin dövrlər üzrə təqdim olunmasına  əsasən XX əsrin əvvəllərindən etibarən diqqət yetirilmişdir. Bu istiqamətdə ilk elmi məlumatlar görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin (1863-1920) əsərlərində verilmişdir. Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatının tarixi materialları” adlı tədqiqatında və digər əsərlərində dövrləşmə ilə bağlı xüsusi bir araşdırma, ayrıca bir bölmə yoxdur. Ona görə də Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinə dair qənaətlərini “Materiallar”ı tam halda oxuyub təhlil etdikdən sonra bu barədə yeri gəldikcə pərakəndə şəkildə deyilmiş tezisləri cəmləşdirməklə müəyyənləşdirmək mümkün olur. Bundan başqa, nəzərə almaq lazımdır ki, Firidun bəy Köçərli   məşhur “Azərbaycan ədəbiyyatının tarixi materialları” əsərini hazırlayarkən  qədim dövr və orta əsrlərdə, hətta XVII-XVIII əsrlərdə yazıb-yaratmış sənətkarların əsərləri tam halda əldə olmadığından, o, bu əsərdə yalnız böyük zəhmət bahasına toplaya bildiyi bədii ədəbiyyat nümunələri əsasında müəyyən bir sistem yaratmağa təşəbbüs göstərmişdir. Müşahidələr göstərir ki, Firudin bəy Köçərli həm orta əsrlərdə, həm də XIX əsrdə yaranmış təzkirələrin bir çoxu ilə tanış olmuş, “Azərbaycan ədəbiyyat tarixi materialları”nı hazırlayarkən və ümumiyyətlə ədəbiyyat tarixinə dair tədqiqatlar apararkən onlardan yaradıcı şəkildə faydalanmışdır. Xüsusən, dövrləşməyə dair onun qənaətlərində Lütfəli bəy Azərin “Atəşkədə” təzkirəsindəki meyarlardan yaradıcı şəkildə istifadə olunmuşdur. Firudin bəy Köçərli “Atəşkədə” təzkirəsində istinad edilmiş yazıçı və şairlərin coğrafi ərazilər zürə qruplaşdırılması üsulunu olduğu kimi qəbul etməmiş, onu özünün ciddi əlavələri ilə zənginləşdirmişdir. “Azərbaycan ədəbiyyatı tarixi materialları”nın “Bir neçə söz” adlı müqəddiməsindən gətirdiyimiz aşağıdakı fikirlər Firudin bəy Köçərlinin dövrləşdirmə məsələsində klassik elmi irsdən yaradıcı şəkildə bəhrələndiyini nəzərə çarpdırır: “Bu kitabı yazmaqda mərhum Hacı Lütfəli bəy ibn Xaqan “Azər” təxəllüsün “Atəşkədə” nam kitabında tutduğu qayda və rəvişi (üsulu) intixab etdik.Yəni Azərbaycanda olan hər bir bilad (vilayət) və diyarın şüara və üdəbası haqqında ayrı-ayrı məlumat verməyi münasib bildik. Vəli mərhum Hacı Lütfəli bəyin kitabı ilə bizim məcmuənin arasında təfavüt  çoxdur. Belə ki, mərhum Azər “Atəşkədə”sində hər bir şairin tərcümeyi-halına müxtəsər əhval yazıb, əsərlərindən azacıq və bir-birinə münasibəti olmayan nümunələr göstərir. Amma biz mümkün olduğu qədər də məşhur şüəra və üdəbamızın həm tərcümeyi-hallarına və həm aşari-qələmiyyələrinə dair ətraflı məlumat vermişik. Məzkur əsərlərin haqqında öz rəy və təsəvvüratımızı yazıb, tövsif və ya tənqidə layiq olan məqam və nüktələri şərh və bəyan etmişik. Hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsr və zəmanəsinin təqazasınca nə növ əsərlər vücuda gətirdiyini və onların camaatımıza hüsnü-təsirini, xeyir və ya zərərini bəqədri-qüvvə açıb göstərmişik”.

Azərbaycan ədəbiyyatının dövrləşdirilməsinə dair Firudun bəy Köçərli təsnifatı ilk növbədə coğrafi prinsip üzərində qurulmuşdur. Böyük ədəbiyyatşünas coğrafi ərazilər üzrə qruplaşdırıb tədqiqata cəlb etdiyi şairləri mümkün olduğu qədər tarixi-xronoloji sıra ilə təqdim etməyə səy göstərmişdir. “Azərbaycan ədəbiyyatı tarixi materialları”nda ədəbiyyatımız 8 coğrafi ərazi: Gəncə, Şirvan-Şamaxı, Qarabağ, Quba, Şəki, Ordubad, İrəvan və Dərbənd dairələri üzrə yaşayıb-yaratmış 128 şairin həyatı və yaradıcılığı əsasında tarixi-xronoloji dövrlər üzrə təhlil olunmuşdur. Tədqiqatçıların müəyyən etdiyi kimi, Firudin bəy Köçərlinin təsnifatında “çoxəsrlik ədəbi irsimiz qədim və orta əsrlər, XVIII əsr, XIX əsrin birinci yarısı və XIX əsrin ikinci yarısı kimi dövrlərə ayrılmışdır” (R.Qəmbərqızı). Qeyd etmək lazımdır ki, Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatının inkişaf yolundan danışarkən hər tarixi mərhələnin aparıcı ədəbi simalarının fəaliyyətini həmin dövrün səciyyəsini müəyyən edən şəxsiyyətlər kimi mənalandırmışdır. Firudin bəy Köçərliyə görə, Azərbaycan ədəbiyyatının qədim dövr və orta əsrlər mərhələsi “Nizaminin və Xaqaninin müasirləri və onlardan sonra Qafqaziyada vücuda gələn üləma, şüəra və hükəma”nın həyatı və yaradıcılığından ibarətdir. Böyük ədəbiyyatşünas XVIII əsr Azərbaycan ədəbiyyatını “Molla Pənah dövrü”, XIX əsrin ikinci yarısının ədəbiyyatını isə “Bahar Şirvani əyyamı və Seyid Əzim dövrü” kimi səciyyələndirir. Deməli, Firidun bəy Köçərli dövrləşdirmə üzrə xüsusi tədqiqat aparmasa da, Azərbaycan ədəbiyyatı tarixini hazırlayarkən coğrafi ərazi bölgüsünə, tarixi-xronoloji qaydaya və ədəbi şəxsiyyətlərə görə təsnifat prinsiplərinə əməl etmişdir. Elmi-nəzəri cəhətdən yanaşsaq, Firidun bəy Köçərlinin bölgüsü pərakəndə şəkildə olsa da, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi zamanı ədəbi-tarixi proseslərin reallıqlarının nəzərə alınması deməkdir. Fikrimizcə, indi də dövrlər üzrə təsnifat aparılarkən bu prinsip əsas meyarlardan biri olaraq qəbul edilməlidir. Bundan başqa, Firidun bəy Köçərlinin təsnifatındakı ayrı-ayrı dövrlərin ən görkəmli sənətkarlarına istinad olunması məntiqi mənada dövrləşdirmədə ədəbi məktəblərin rolunun diqqət mərkəzinə çəkilməsi mənasını ifadə edir. Bunu isə öz növbəsində dövrləşdirməyə dair elmi təsnifatlarda sonrakı mərhələdə formalaşan ədəbi cərəyanların da nəzərə alınmasının zəruri prinsiplərdən biri olduğuna işarə kimi də qəbul etmək olar.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi istiqamətində meydana çıxmış maraqlı təşəbbüslər içərisində İsmayıl Hikmətin elmi araşdırmaları da maraq doğurur. Azərbaycan sovet hökümətinin dəvəti ilə Türkiyədən ölkəmizə gəlmiş, ali məktəblərin filologiya fakültəsində mühazirələr oxuyan professor İsmayıl Hikmət Ertaylanın (1869-1967) dərslik kimi hazırladığı 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə (Bakı, 1928) ədəbiyyatın inkişaf mərhələlərindən söz açılarkən Osmanlı dövrü ədəbiyyatı qavrayışındakı islam  amilindən və təzkirəçilikdən çıxış edilmişdir. Belə ki, haqqında bəhs olunan “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində dövrlər üzrə bölgülərə ayırma islam faktoru ilə əlaqəli şəkildə təqdim olunur. Türkiyədə Osmanlı hakimiyyətinin “son dövrünün… yetişdirmiş olduğu mumtaz şəxsiyyətlərdən” (P.Bayramlı) olan professor İsmayıl Hikmətin kitabının birinci cildində Azərbaycan ədəbiyyatı “İslamiyyətdən miladi on üçüncü əsrə qədər”, “Miladi on üçüncü əsrindən on beşinci əsrə qədər” və “On birinci əsrdən on səkkizinci əsrə qədərki” mərhələlər üzrə təhlil edilmişdir. İkinci cilddə orta əsrlərdə yaşayıb-yaratmış bir qrup sənətkarlar “İslamda şiəlik” adı ilə təqdim olunur. Ehtimal ki, buradakı “şiəlik” anlayışı kitabın ikinci cildində haqqında söz açılan şairlərin islamın şiə təriqətinə mənsubluğunu bildirmək üçün düşünülmüş baxışdır. Professor İsmayıl Hikmət mərhələlərin adlandırılmasında islam faktoru məfhumundan istifadə etsə də, icmalların və portretoçerklərin təqdimatında mümkün olduqca dini təbliğatdan uzaqda dayanmağa çalışmışdır. Şübhəsiz ki, bu zaman sovet dövlətinin islam dininə münasibətindəki ateizm təbliğatı nəzərə alınmışdır. Azərbaycan ədəbiyyatı tarixini ana dili faktorunu əsas götürən İsmayıl Hikmət milli ədəbiyyat tarixini İzzəddin Həsənoğludan başlayaraq təqdim etmişdir. Dərslikdə xalq ədəbiyyatı, orta əsrlərdə Azərbaycan dilində yazıb-yaratmış şairlərin həyatı və yaradıcılığı geniş şəkildə şərh olunmuşdur. Bunlar onun dərsliyində qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatının təsnifatında Osmanlı dövrü dini-ideoloji prinsipləri ilə və ədəbiyyat qaydaları ilə birlikdə azərbaycançılıq amilinin də müəyyən yer tutduğunu göstərir. Professor İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi”ndən göstərdiyimiz aşağıdakı parça azərbaycançılığın bu dərsliyin əsas mahiyyətini təşkil etdiyini göstərir: “Azərbaycanın çox qədim bir varlığı və bu varlığı canlandıran çox da qədim tarixi olduğu məlumdur. Bu əski və zəngin ölkə müxtəlif irqlərə mənsub insan axınlarına əsrlərcə bir keçid və düşərgə yeri olmuş… nəhayətsiz insan selləri orada çarpışmış, orada qaynamış, müxtəlif irqlərə mənsub qəbilələr orada bulunmuş, tapınmış, …hökumətlər qurmuş, dinlər yaratmışlar. Bütün bu qaynaşma, bu qatılıb-qarışma içində böyük bir rol oynayan irqlərdən biri də türklərdir (Azərbaycan türkləri nəzərdə tutulur – İ.H.). Yaxın zamanlara qədər qara cəhalət buludları altında özülü qalan bu həqiqət tarix, etnoqrafiya və ictimaiyyat tədqiqləri nəticəsində sabit edilmiş bir həqiqətdir”.

Ədəbiyyatşünaslıqda yetkin və elmi üslubda  yazılmış bir araşdırma əsri kimi dəyərləndirilən İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi XX əsrin əvvəllərində ali məktəblərdə mövcud olan ehtiyacı ödəmək üçün nəzərdə tutulmuşdur. Bununla belə, həmin illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tələbə olmuş görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər Cəfərovun xatirələrindən öyrənirik ki, İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi rəsmi dairələrdə etibarlı mənbə kimi qəbul olunmamış, əlavə ədəbiyyatların siyahısına daxil edilmişdir. Dərsliyə bu münasibət, heç şübhəsiz, iyirminci illərin axırlarından etibarən sovet-Türkiyə münasibətlərinin gərginləşməsi ilə əlaqədar idi.

XX əsrin əvvəllərində yaranmış Yusif Vəzir Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” (1921) kitabında əsasən Firidun bəy Köçərlinin baxışlarındakı ədəbi-tarixi proseslərin reallıqlarına istinad olunması meyli nəzərə alınmışdır. Müəllif qədimlik baxımından şifahi xalq ədəbiyyatına istinad etmiş, Azərbaycan yazılı ədəbiyyatını isə İmadəddin Nəsimidən başlamışdır. Əhatə dairəsi məsələsində isə Yusif Vəzir  Çəmənzəminli Türkiyədə və Rusiyada yetişmiş azərbaycanlı müəlliflərin həyatı və yaradıcılığını da nəzərə almağı əhəmiyyətli hesab etmişdir.

Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabında (1927) ədəbiyyat tarixi şifahi xalq ədəbiyyatı örnəklərindən və ilkin yazılı ədəbiyyat nümunələrindən çıxış edilməklə araşdırılır. O, Azərbaycan ədəbiyyatı tarixinin əşirət, yəni qəbilə-tayfa dövründən başlandığını göstərmiş, oğuz faktoruna xüsusi diqqət yetirmişdir. Lakin tədqiqatçıların yazdıqları kimi, Əmin Abidin kitabı “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlansa da, orada yazılı ədəbiyyat adına yalnız Orxon-Yenisey abidələrindən və Kaşqarlı Mahmudun “Divan-i lüğət-i it türk”ündən söz açılır. Əmin Abidin tədqiqat əsəri Azərbaycan ədəbiyyatının mənşəyini müəyyən etmək baxımından əhəmiyyətli mənbədir. Kitabın müəllifinin fikrincə, kiçik hecalı vəznli xalq şeiri Azərbaycan ədəbiyyatının “ibtida”sından ibarətdir. O, Azərbaycan şifahi xalq ədəbiyyatının mənşəyinin Mahmud Kaşqarinin “Divan-i lüğət-i it türk” əsərində verilmiş qədim azhecalı poetik misralarla başlanması fikrini irəli sürür. Azərbaycan ədəbiyyatının əhatə dairəsini təsəvvür etmək baxımından da Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ndəki baxış genişdir: “Bugünkü vəziyyətə görə Dərbənddən Bağdada, Xorasandan Qara dənizə qədər yayılan geniş torpaqlar üzərində yaşayıb da, eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız deməkdir”.

Bütün bunlarla bərabər, Əmin Abid əsərində Azərbaycan ədəbiyyatı tarixini ümumtürk ədəbiyyatı tarixi ilə birlikdə “bir silsilə halında tədqiq edilməsinin lazım olduğunu qəbul edənlərdən” olduğunu da ifadə etmişdir. Bununla belə, Əmin Abid Azərbaycan ədəbiyyatı tarixinin dövrlərini təzkirəçilik əsasında müəyyən etməkdən xilas etmişdir. O, ədəbiyyatın mənşəyinin qədimliyini, əhatə dairəsinin genişliyini müəyyən etməklə elmi fikri irəli aparmışdır.

Salman Mümtazın “Azərbaycan ədəbiyyatı və el şairləri” (1925) kitabında daha çox xalq-aşıq ədəbiyyatından və XVII-XIX əsrlərdə yaranan ədəbiyyatdan, həmçinin müasiri olduğu sənətkarların əsərlərindən bəhs edilir. Əli Nazimin əsasən XX əsrin əvvəllərindən sonrakı dövrdən bəhs edən “Azərbaycan ədəbiyyatı” (1927) əsərində ədəbiyyat tarixinin şifahi qaynaqlardan başlamağa dair çağırışlar vardır. Hənəfi Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının “Ədəbiyyatdan iş kitabı” adlı dərs vəsaitində (1928) dövrləşmə məsələsi problem kimi qoyulmasa da, ədəbiyyatın mərhələlər üzrə təhlillərində istər-istəməz yeni qurulmuş sovet cəmiyyətinin ictimai-siyasi tələbləri özünə müəyyən yer almışdır. Azərbaycanda müəllim olaraq çalışan Mehmet Fuad Köprülüzadənin “Azəri ədəbiyyatına aid tədqiqlər” kitabında (1926) ədəbiyyat tarixi orta əsr Azərbaycan dövlətlərinin fəaliyyəti ilə, ictimai-siyasi gedişatla əlaqəli şəkildə araşdırılır. Mehmet Fuad Köprülüzadə XIX əsri və XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının Təcəddüd dövrü (Yeniləşmə mərhələsi) kimi səciyyələndirir. Görkəmli türk aliminin tədqiqatlarında Yeniləşmə dövrünə XIX əsr və 1905-ci ilə qədərki ədəbiyyat aid edilir. O, 1905-1920-ci illərin ədəbiyyatını və Azərbaycan Demokratik Respublikasının süqut etməsindən sonrakı ədəbiyyatı ayrı-ayrı mərhələlər səviyyəsində təhlil edir. Bəkir Çobanzadənin “Azəri ədəbiyyatının yeni dövrü: Nasionalizmdən internasionalizmə” adlı əsərində (1930) çap edildiyi dövrün siyasi gerçəkliyi nəzərə alınaraq, ədəbiyyat tarixi müəyyən dərəcədə sosialist ədəbi düşüncəsi əsasında tədqiq olunmuşdur. Azərbaycan ədəbiyyatı tarixinə Mirzə Fətəli Axundzadədən başlayan Bəkir Çobanzadə XIX əsr və XX əsrin əvvəllərinin ədəbiyyatını “yeni dövr” kimi səciyyələndirmişdir. O, 1905-1920-ci illərin ədəbiyyatını “Füyuzat” və “Şəlalə” dövrü, “Mollanəsrəddinçilər”, “Musavat ədəbiyyatı” və “Oktyabr dövrü ədəbiyyatı” kimi konkret istiqamətlər üzrə təhlil edir. Yeni quruluşun prinsiplərinə uyğun olaraq əsərdə sovet hakimiyyətinə qədərki ədəbiyyata tənqidi münasibət bəslənilmişdir.

Qeyd olunanlar XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixinin dövrləşdirilməsi axtarışları və təşəbbüsləri mərhələsi adlandırmağa əsas verir.

XX əsrin əvvəllərindən aparılmış axtarışlardan bir qədər sonra ədəbiyyat tarixçiliyi Azərbaycan ədəbiyyatının sistemli şəkildə araşdırılıb təqdim olunması mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə ədəbiyyat tarixçiliyində yeni mərhələ XX əsrin qırxıncı illərindən başlanmışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Nizami adına Ədəbiyyat İnstitutu 1943-1944-cü illərdə iki cilddə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ni hazırlayıb nəşr etdirmişdir. Məmməd Arif Dadaşzadənin və Heydər Hüseynovun redaktorluğu ilə nəşr edilmiş ikicildlik nəşr kitabın annotasiyasında deyildiyi kimi, “Ədəbiyyatımızın tarixini yaratmaq işində ilk təşəbbüsdür”.”Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndə ən qədim dövrlərdən başlayaraq XIX əsrə qədərki ədəbiyyat birinci cilddə, XIX əsrdən XX əsrin əllinci illərinədək olan ədəbiyyat isə ikinci cilddə təqdim olunur. İkicildlikdə Azərbaycan ədəbiyyatı şifahi xalq ədəbiyyatından başlayaraq yazılı ədəbiyyatın əsrdən-əsrə keçdiyi inkişaf yolu xronoloji ardıcıllıqla təhlil edilib ümumiləşdirilir. Kitabda Azərbaycan ədəbiyyatının dövrləşməsinə dair xüsusi bir təsnifat aparılması barədə heç bir məlumat yoxdur. Lakin “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin hər iki cildində fəsillər qeyd olunarkən əhatə olunan dövrlər və həmin dövrlərin çevrələdiyi əsrlər adbaad göstərilmişdir. Birinci cilddə Azərbaycan ədəbiyyatının qədim dövrünə  I-XII əsrlər, orta əsrlər dövrünə isə XIII-XVI əsrlər aid edilmişdir. XVII-XVIII əsrlər ədəbiyyatı ayrıca fəsildə verilmişdir. İkinci cilddə XIX əsr, XX əsrin əvvəlləri və sovet dövrü Azərbaycan ədəbiyyatı ayrı-ayrı fəsillərdə təqdim olunur. Ayrıca izah və şərh edilməsə də, cildlərdə verilmiş bölgüləri çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf dövrləri kimi başa düşmək olar. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndəki şərti bölgülər milli ədəbiyyat tarixçiliyinin ilkin sistemli dövrləşdirmə təşəbbüsü kimi mühüm əhəmiyyətə malikdir.

Bir qədər sonra meydana çıxmış üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə (III cild 1957; I-II cildlər 1960) də ədəbiyyatın çoxəsrlik inkişaf yolu xronoloji olaraq demək olar ki, həmin ardıcıllıqla tədqiq edilib ümumiləşdirilmişdir. Lakin ideoloji prinsiplər nəzərə alınmaqla, əvvəlcə 1957-ci ildə “Azərbaycan ədəbiyyatı tarixi”nin sovet ədəbiyyatına həsr olunmuş üçüncü cildi hazırlanıb nəşr edilmişdir. Kitabın “ən qədim dövrlərdən XVIII əsrin sonuna qədər”ki ən  böyük tarixi mərhələni əhatə edən I cildi və “XIX əsrin əvvəllərindən 1917-ci ilə qədər” adlandırılan II cildi üç illik fasilədən sonra 1960-cı ildə çap olunmuşdur. Bununla belə, “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” ikicildliyindən fərqli olaraq, yeni üçcildlik nəşrdə dövrlərin adı göstərilməmişdir. İkicillikdəki “Qədim dövr”, “Orta əsrlər ədəbiyyatı” bölgülərinə dair məlumatlar burada sanki ixtisar olunmuşdur. Belə ki, çoxcildlikdə “Ən qədim dövrlərdən XVIII əsrin sonuna qədər”ki çoxəsrlik Azərbaycan ədəbiyyatı təsnifat baxımından vahid dövr kimi təqdim edilir. Yalnız əhatə dairəsindən başa düşmək olur ki, bu mərhələ Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrlərini özündə cəmləşdirir. İkinci cilddə XIX  əsrin əvvəllərindən 1917-ci ilə qədər olan tarixi mərhələ adı, təyinatı göstərilmədən dövrün əhatə dairəsinin rum rəqəmləri ilə ifadə olunması ilə kifayətləndirilmişdir. Şübhəsiz, iki sistemin-sosializm və kapitalizmin bir-birinə zidd, düşmən qütblər kimi mövcud olduğu bir cəmiyyətdə Azərbaycanda kapitalist münasibətlərinin formalaşdığı həmin mərhələnin xüsusi “dövr” adlandırılması çətin məsələ idi. XIX əsr və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı yalnız siyasi iqlimin keçmişə bir qədər loyal yanaşdığı keçən yüzilliyin yetmişinci illərindən sonra “yeni dövr” olaraq səciyyələndirilmişdir. “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyində keçən yüzilliyin başlarında yaranan ədəbiyyatın “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndəki “XX əsr Azərbaycan ədəbiyyatı” formatı ilə müqayisədə “XX əsrin əvvəllərində ədəbiyyat” adlandırılması daha maraqlıdır.

Maraqlı cəhətlərdən  biri də bundan ibarətdir ki, “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyində sovet ədəbiyyatının başlanğıcı hələ Azərbaycanda “sosialist inqilabı” olmamış, yəni 1920-ci ildən yox, Rusiyada bolşeviklərin hakimiyyətə gəldiyi 1917-ci ildən hesablanmışdır. Ümumiyyətlə, “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” ikicildliyindəki dövrləşdirmədə elmi prinsiplər,”Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyindəki bölgülərdə isə ideoloji yanaşmalar daha çox nəzərə alınmışdır. Əlbəttə, bu dövrləşmə çoxcildliyin müəlliflərinin elmi baxışları üzrə deyil, “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin meydana çıxdığı Böyük Vətən müharibəsi illəri ilə müqayisədə artıq xeyli dərəcədə sərtləşmiş hakim ideologiyanın prinsipləri əsasında müəyyən edilmişdir. “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyinin müqəddiməsində  dövrləşdirmə zamanı mövcud ideoloji prinsiplərdən istifadəyə münasibət aşağıdakı kimi açıq şəkildə ifadə olunmuşdur: “Ədəbiyyat tarixinin elmi dövrləşdirilməsində tarixi şəraitin marksistcəsinə düzgün öyrənilməsinin tələb etdiyi üçün tarixi şəraiti öyrənmək mühüm və həlledici rol oynayır… Azərbaycan xalqının ədəbiyyatını tədqiq edərkən müəlliflər göstərmişlər ki, Azərbaycan xalqının ədəbiyyatı başqa xalqların ədəbiyyatı kimi istismar olunanlar və istismar edənlər mədəniyyətinin mübarizəsi şəraitində inkişaf etmişdir”. Buna baxmayaraq, “Azərbaycan ədəbiyyatı tarixi”nin yaradıcıları dövrləşmə prinsiplərini gözləyə bilməsələr də, “Ədəbiyyat tariximiz” adlı müqəddimədə bəyan olunan “lakin burada (ədəbiyyat tarixçiliyində – İ.H.) ədəbiyyatın öz xüsusiyyətlərini, daxili inkişaf qanunlarını da unutmaq olmaz” – prinsipinə daha çox əməl edərək, imkan daxilində ideya-bədii cəhətdən nəşr edildiyi dövrdən irəliyə gedən əhəmiyyətli bir çoxcildlik hazırlamaq vəzifəsini yerinə yetirmişlər. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” ilə müqayisədə həcm etibarilə bir neçə dəfə çox olan Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyi bütövlükdə icmalların və portret-oçerklərin elmi cəhətdən təkmilləşdirilməsinə görə Azərbaycan ədəbiyyatşünaslıq elminin irəliyə doğru inkişafını göstərən nəşr sayıla bilər. Bu, ideoloji prinsiplərin nəzərə alınmasına baxmayaraq, ən qədim zamanlardan başlayaraq Azərbaycan ədəbiyyatı tarixini tarixi-xronoloji ardıcıllıqla və əsas ədəbi simaları ilə sistemli şəkildə təqdim edən ümumiləşdirilmiş nəşrdir. Sonrakı mərhələdə Azərbaycan ədəbiyyatına dair dərsliklər və dərs vəsaitləri hazırlanarkən təhlil-tədqiqat metodologiyası baxımından əsasən 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nə istinad edilmişdir. Bu, – əslində Azərbaycan ədəbiyyatşünaslıq elminin sovet dövründə mövcud ideoloji tələblərin nəzərə alınması şərti ilə müəyyən etdiyi bir format idi. Həm də “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyində sovet dövrünə qədər yaşayıb-yaratmış yazıçı və şairlərin həyatı və yaradıcılığından bəhs olunarkən tənqidi yanaşmadan çox, elmi təhlilin üstünlüyünün təmin edilməsi ondan sonra yazılmış elmi-tədqiqat əsərlərində və dərsliklərdə həmin xəttin tədricən inkişaf etdirilməsinə təkan vermişdir.

Əliyar Səfərli və Xəlil Yusiflinin “Azərbaycan ədəbiyyatı” dərsliyində, adından göründüyü kimi, ədəbiyyatın dövrləşdirilməsi məsələsinə konkret münasibət ifadə olunur. Müəlliflər qədim dövr dedikdə ən qədim dövrlərdən VII əsrə qədərki ədəbiyyatı nəzərdə tutmuşlar. Dərslikdə VII-X əsrlər “Erkən orta əsrlər ədəbiyyatı” adlandırılmışdır. Burada sonrakı fəsillərdə “orta əsrlər” bölgüsü göstərilməsə də, XI-XVIII əsrlərin həmin tarixi mərhələyə aid edildiyi başa düşülür. Çünki dərslikdə “Erkən orta əsrlər ədəbiyyatı” fəslindən sonra Azərbaycan ədəbiyyatı xronoloji ardıcıllıqla XI əsr, XII əsr, XIII-XIV əsrlər, XV əsr, XVI əsr ədəbiyyatı dövrləri ilə mərhələ-mərhələ təqdim olunur. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatını iki əsrlik inkişaf yolu ilə birlikdə təhlil edilib ümumiləşdirilsə də, bu mərhələnin ədəbiyyat tarixinin ayrıca bir dövrü olduğuna dair heç bir qeyd verilməmişdir. Qeyd edilənlər Əlyar Səfərli və Xəlil Yusiflinin həqiqətən də “ali məktəblər üçün dərslik olmaqla bərabər, qədim və orta yüzillik Azərbaycan ədəbiyyatı tarixinin araşdırılması baxımından dəyərli bir elmi-tədqiqat əsəri” olan, yeni tədqiqat materialları ilə seçilən kitabında dövrləşdirmə məsələsi əsas meyar kimi nəzərə alınmadan ədəbiyyat tarixinin böyük bir tarixi epoxasındakı inkişafının müasir araşdırmalar əsasında təqdim olunduğunu göstərir.

Son illərdə nəşr edilmiş Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində konkret olaraq XIII-XVIII əsrlərin əhatə olunduğu titul səhifələrində qeyd edilmişdir. Eyni zamanda, bu dövrə aid sənətkarların sırasını yeni əlavələrlə zənginləşdirən müəllif annotasiyada kitabın “XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı”nın (“Orta əsrlər Azərbaycan ədəbiyyatı”nın-İ.H.) bu dövrü tarixi-xronoloji ardıcıllıqla əhatə edən dərslik olduğunu nəzərə çarpdırır.

Akademik Həmid Araslı “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı” haqqında  yazıb nəşr etdirdiyi dərslikdə bu iki əsrin ədəbiyyatının “qədim ədəbiyyatımızın” mütərəqqi ənənələrinin davamı və inkişafı olmaqla bərabər, öz spesifik xüsusiyyətləri ilə ondan fərqlənməkdə” olduğunun qeyd edilməsi görkəmli alimin bu mərhələnin milli ədəbiyyat tarixinin xüsusi bir dövrü kimi gördüyünü düşünməyə əsas verir. Həmid Araslı “Azərbaycan xalqının işğalçılara qarşı apardığı mübarizənin ədəbiyyatda da öz əksini tapması”nı, “şəhər yoxsulları ilə…, tacirlərlə feodallar arasında silk imtiyazı məsələlərinin ədəbiyyata gəlməsi”ni, “məhəbbət mövzusunun azadlıqla əlaqədar olaraq tərənnüm edilməsi”ni, bədii dildə gedən xəlqiləşmə proseslərini, “şifahi xalq ədəbiyyatının müsbət təsiri nəticəsində ədəbiyyatda realizm ünsürlərinin qüvvətləndirilməsi”ni nəzərə alaraq “bu iki əsri ədəbiyyatımızın yeni dövrü” kimi səciyyələndirmişdir.

Feyzulla Qasımzadənin ali məktəblər üçün “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində  konkret bir dövrü təmsil edən yazıçı və şairlərin həyatı və yaradıcılığı arxiv sənədləri, dövri mətbuat materialları və bədii əsərlər əsasında təqdim olunur. Burada Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi fonunda olmasa da, qısa şəkildə XIX əsrdən milli ədəbiyyatın inkişaf yolunun müstəqil bir dövrü kimi söz açılır: “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi ən zəngin, məhsuldar, rəngarəng, maraqlı və eyni zamanda, ən ziddiyyətli dövrüdür. Azərbaycan ədəbiyyatında hələ köhnə ədəbi üslubların qalması şəraitində realizmin ədəbi yaradıcılıq metodu kimi meydana gəlməsi və inkişafı, dramaturgiyanın, milli mətbuatın, professional ədəbi tənqid və estetikanın, bir sıra janr və formaların, ictimai və fəlsəfi fikir sahəsində müəyyənləşmiş və sistemləşmiş… baxışların ilk dəfə meydana çıxması məhz bu əsərlə bağlıdır”.

  Cəfər Xəndan Hacıyevin “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində həmin əsrin əvvəllərinin ədəbiyyatı əhatə edilmişdir. Dərsliyin ana xətlərini müəyyən edən “müqədimmə əvəzinə” adlanan girişdəki tezislərdən görünür ki, burada ideoloji prinsiplərə kifayət qədər diqqət yetirilmişdir. Bu baxımdan digər dərsliklərdən də irəli gedən Cəfər Xəndan Hacıyev özünəqədərki ədəbiyyat tarixi araşdırmalarında mövcud ideologiyanın tələblərinə lazımi səviyyədə əməl edilmədiyindən razı deyildir: “Məfkurə cəbhəsində çalışan alimlərimizin qarşısında məsul vəzifələr qoyan partiyamızın yüksək tələbləri  əsasında XX əsr Azərbaycan ədəbiyyatına nəzər saldıqda burada bir sıra  ideoloji təhriflərə yol verildiyini görürük”. Müəllif Abbas Səhhət və Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində “ədəbi hadisələrə sosioloji cəhətdən yanaşılmasını”, Cəlil Məmmədquluzadə və Sabir yaradıcılığının “bolşevikləşdirilməsini” ideoloji təhriflər sırasında görmüşdür. Bununla belə, dərslikdə Mirzə Cəlili “sovetləşdirmə” ilə, Sabiri isə “proletar ədəbiyyatı” ilə bağlamaq ideologiyanı daha da qabaqlamışdır. Heç şübhəsiz, 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kimi “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində də ideoloji prinsiplərin “payı”nın çoxaldılması Böyük Vətən müharibəsindən sonrakı  dövrdə sovet cəmiyyətində partiya təbliğatı işinin daha da gücləndirilməsi ilə  əlaqədar idi.

Qeyd etmək lazımdır ki, XX əsrin altmışıncı illərində və sonrakı mərhələdə yaranmış akademik nəşrlərdə, ali məktəb dərsliklərində dövrləşmə  baxımından nisbətən daha sabit mövqe ifadə olunmuş, ideoloji cəhətdən isə gerçək ədəbiyyata doğru meyl nisbətən güclənmişdir. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda hazırlanıb akademik Məmməd Arif Dadaşzadənin  baş redaktorluğu  ilə nəşr edilmiş “Azərbaycan sovet ədəbiyyatı tarixi” iki cildliyində şübhəsiz ki, sosializm cəmiyyətinin ədəbiyyatı  dövrün tələblərinə uyğun olaraq əsasən partiyalı mövqedən  tədqiq və təhlil olunmuşdur. Lakin burada ideoloji prinsiplərin “dozası” həddindən artıq deyildir. Akademik yanaşmalara üstünlük verən müəlliflər kollektivi “Azərbaycan sovet ədəbiyyatının  əlli illik inkişafını prosesdə götürərək ədəbi  növlər üzrə tədqiq etmək” vəzifəsini həyata keçirmişlər. Kitabın “Azərbaycan sovet ədəbiyyatı tarixi” formatında hazırlanması, yəni ədəbi prosesə tarixi baxımdan yanaşma metodu da düşünülmüş üsul olub, ideoloji görüntünü saxlamaqla təhlil proseslərində  mümkün qədər ədəbiyyatın daxili məntiqindən çıxış etməyə şərait yaratmışdır. Nəşrin yaradıcılarının 2 cildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin ikinci cildinin Böyük Vətən müharibəsindən sonrakı “dinc quruculuq dövrünün ədəbiyyatı” adlandırmaları, “həqiqi söz ustalarının yazdıqları şeir və poemaların, hekayə və romanların, komediya və dramların kütlələri yeni quruculuq işinə ruhlandırmaları” motivinin önə çəkilməsi bu nəşrdə dövrünə görə müqayisədə normal ədəbiyyat tarixçiliyi işinin həyata keçirilməsinə imkan vermişdir. İkicildlikdə dövrləşmə baxımından Azərbaycan sovet ədəbiyyatının 1917-ci ildən başlanması isə bundan əvvəl nəşr edilmiş üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə qəbul olunmuş dövrləşdirilmə prinsipinə əməl olunması demək idi.

Azərbaycan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında ali məktəblər üçün hazırlanmış “Azərbaycan sovet ədəbiyyatı” dərsliyində də müəyyən dərəcədə ideoloji təbliğat olsa da ön sırada deyildir. Lakin bu dərslikdə də müəlliflər mövcud “ənənəyə” uyğun olaraq  ədəbiyyat tarixinin sovet dövrü mərhələsini 1917-ci ildən başlamışlar. Bununla belə, “Azərbaycan sovet ədəbiyyatı” dərsliyində bu dövr ədəbiyyatın başlanğıc tarixinin “təşəkkül dövrü” kimi səciyyələndirilən 1917-1930-cu illərin vahid ədəbi prosesi içərisində verilməsi dövrləşdirilmədə mövcud ideoloji yanaşmanı bir qədər dəyişmək meylinin ifadəsidir.

Doktor Cavad Heyətin 1993-cü ildə nəşr olunmuş “Azərbaycan ədəbiyyatına bir baxış” kitabı onun müəllifi olan görkəml ziyalının rəhbərliyi ilə nəşr edilmiş “Varlıq” jurnalında “silsilə məqalələr şəklində” çap edilmiş yazılarını cəmləşdirən bir toplu olsa da, burada aparılmış qruplaşma əsərə ədəbiyyat tarixi əlamətləri gətirmişdir. Kitabda ədəbiyyatın mənşəyi ilə bağlı əhəmiyyətli fikirlərin öz əksini tapması, Cənubi Azərbaycan ədəbiyyatına dair şəxsiyyətlərin və məlumatların özünə yer alması nəşrin əhəmiyyətini artırır.

Mir Cəlal və Firidun Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində keçən əsrin əvvəllərinin ədəbiyyatı müxtəlif istiqamətlər üzrə şərh olunur. Dərslikdəki icmallarda və sənətkarlara həsr olunmuş portret-oçerklərdə realist-demokratik, realist-maarifpərvər və romantik ədəbiyyatın təqdimatında tarixilikvə bədiilik, vətəndaşlıq mövqeyi meyarları nəşrdən-nəşrə inkişaf etdirilərək, obyektiv şəkildə elmi prinsiplər üzrə qiymətləndirilir. “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin 1982-ci ildə çap olunmuş üçüncü nəşri müstəqillik dövrü ərəfəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində ümummilli dəyərlərə üstünlük verilməsi ilə əlaqədar dönüşün daha da qüvvətlənməsini özündə aydın surətdə əks etdirir.

XX əsrin yetmiş-səksəninci illərində ali və orta məktəblər üçün yazılmış dərsliklərdə və akademik nəşrlərdə mövcud sovet cəmiyyətinin mövqeyinə toxunmadan Azərbaycan ədəbiyyatının inkişaf proseslərinin real mənzərəsinin canlandırılmasına doğru addımlar atılmışdır. Ayrı-ayrı ədəbiyyatşünas alimlərin Azərbaycan ədəbiyyatı tarixi aspektində yazıb nəşr etdirdikləri monoqrafik tədqiqatlarda ideoloji yanaşmalardan çox ədəbiyyatda təkamül proseslərinə diqqət yetirilmiş, imkan olduqca ədəbiyyatın reallıqlarının  geniş təhlil olunmasına fikir verilmişdir. Məmməd Arif Dadaşzadənin Moskvada rus dilində nəşr olunmuş “Azərbaycan ədəbiyyatı” monoqrafiyasında çoxəsrlik Azərbaycan ədəbiyyatının çoxmillətli geniş sovet oxucusu auditoriyasına zəngin ədəbi-mənəvi irs səviyyəsində təqdim edilməsinə xüsusi fikir verilmişdir. Kitabda xüsusi olaraq dövrləşdirmə aparılmasa da, Azərbaycan ədəbiyyatının inkişaf yolu bir-birinə bağlı olan əsrlər üzrə qruplaşdırılıb təhlil edilmişdir. Məmməd Arif Dadaşzadənin Azərbaycan ədəbiyyatının XI-XII, XIII-XVI və XIX əsrlər mərhələlərindən ayrı-ayrı bölmələrdə bəhs etməsi ədəbi-tarixi proseslərə obyektiv elmi münasibətin təzahürüdür.

Müstəqillik illərində nəşr edilmiş akademik nəşrlərdə və ali məktəb dərsliklərində də Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə vahid mövqe yoxdur. Müəlliflərdən hər biri haqqında söz açdığı dövrü xüsusi mərhələ hesab edir. Hətta bəzən eyni tarixi mərhələ haqqında yazılmış iki nəşrdə dövrləşmə baxımından fərqli qiymətləndirmələrdən söz açılır. Bütün bunlarla bərabər, Azərbaycan ədəbiyyatının inkişaf yolunun müxtəlif formatlarda olsa da, mərhələlər üzrə təqdim olunması artıq ədəbiyyatşünaslıq elmində dövrləşdirmə baxımından formalaşma proseslərinin yaşandığını göstərir. Ona görə də bu dövrü Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolunun formalaşması mərhələsi adlandırmaq olar.

XX əsrin böyük bir dövrü ərzində (1928-1980-ci illərdə) Azərbaycanda meydana çıxmış akademik nəşrlərdə və ali məktəb dərsliklərində dövrləşdirmə sahəsində olan müxtəliflik, pərakəndəlik, sərbəstlik və fərqli yanaşmalar bu sahədə vahid elmi konsepsiyanın olmamasının göstəricisidir. Bu isə öz növbəsində Azərbaycan ədəbiyyatşünaslıq elmində milli ədəbiyyat tarixinin dövrləşdirilməsinə dair yeni elmi konsepsiyasının hazırlanması zərurətini meydana çıxarır. XX əsrin 90-cı illəri Azərbaycan ədəbiyyatı tarixinin dövrləşmə baxımından elmi təsnifatın hazırlanması təşəbbüsləri dövrüdür. Akademik Nizami Cəfərov, müxbir üzv Yaşar Qarayev, filologiya elmləri doktorları Vəli Osmanlı, Nazif Qəhrəmanov, Bədirxan Əhmədov, Alxan Bayramoğlu, Təyyar Salamoğlu və başqalarının əsərlərində öz əksini tapmış müddəalar dövrləşmənin müasir modelini hazırlamaq üçün təməl funksiyasını həyata keçirir. Bu mərhələdə artıq konkret olaraq milli ədəbiyyat tarixinin dövrləşdirilməsinə dair konseptual versiyalar, fərziyyələr meydana çıxmışdır. XXI əsrdə artıq elmi cəhətdən əsaslandırılmış şəkildə müəyyənləşdirilmiş Azərbaycan ədəbiyyatının inkişaf tarixinin sitemli dövrləşdirilməsi son bir əsrə yaxın dövr ərzində aparılmış tədqiqatların, irəli sürülmüş versiyaların yenidən dəyərləndirilməsi, dünya elmi-nəzəri fikrində müşahidə olunan müasir baxışların və ölkəmizdə müstəqil dövlətçiliyin ön mövqeyə çıxardığı prinsiplərin əsasında formalaşdırılmışdır.

KÖŞƏ YAZARLARI
TOP 10