Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın – Xəyalə Murad yazır

32 Baxış

Anna_Ollson_-_Selma_Lagerlöf_1881

İsveç ədəbiyyatının simvolu – Selma Lagerlöf və ya Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın.

İsveçli Selma Ottiliana Loviza Lagerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. Elit ailədən çıxmış Selma sözün əsl mənasında ümumxalq yazıçısı idi. Strindberq Nobel mükafatını ona təqdim edəndə belini əyib: “Hə əlbəttə ki, qoca qarıya, nağılçıya verildi” – demişdi.

Selma ömür-boyu onu əhatə edən mədəni dəyərlərə sadiq qalmağa çalışıb. O, İsveçin Vermland adlı gözəl əyalətində, çoxuşaqlı ailədə dünyaya gəlib. Selma daha çox atasına bağlı olub. Keçmişdə hərbiçi işləmiş atası təqaüdə çıxdıqdan sonra spirtli içkilərə olan meyli qarşısında acizlik göstərdiyindən işləri daha da pisləşir. İqtisadi böhransa ailənin ümumi vəziyyətini ağırlaşdırır.

Selma Lagerlöf müəllimlər kollecini, ardınca xüsusi seminarı bitirib gimnaziyaya işə düzəlir. Təəssüf ki, Selmanı gimnaziyada o qədər də çox sevmirlər. Hətta gimnaziya müdiri “gecələr nağıl uyduran qəribə müəllimə”ni yoxlamaq üçün xüsusi komissiya çağırtdırır. Selma elə komissiya qarşısında öz nağıllarından birini nəql edir. Onun çıxışından razı qalan komissiya üzvləri Selmanın gimnaziyadan uzaqlaşdırılması üçün müdirənin narazılığını yetərsiz hesab edirlər.

“İden” adlı qadın jurnalı ədəbiyyat üzrə müsabiqə elan edəndə Selma Lagerlöf on il ərzində yazdığı və hər kəsdən gizlətdiyi nağıllarını toplayıb heç nəyə ümid etmədən qəbulun son günündə müsabiqəyə göndərir. Günlərin birində keçmiş üç müəllim həmkarlarından təbrik teleqramı alanda heç bir şey anlaya bilmir. Nəhayət, şəhərdən gətirilən qəzetlər əlinə çatanda bu təbriklərin səbəbini anlayır: o, müsabiqənin qalibi olmuşdu. Növbəti il kral mükafatına layiq görüləndə heç düşünmədən işdən çıxıb məktəbi tərk edir.

Nobel mükafatı və atasının təsviri

1909-cu ildə Selma Lagerlöfə – ilk qadına Nobel mükafatı təqdim ediləndə onu bu mükafata layiq gördükləri üçün İsveç kralına və mükafat komitetinə təşəkkür etmədi. Onun nitqi başdan sonadək ölmüş atası ilə xəyali dialoqdan ibarət idi. Sanki köhnə evlərinə gedib qapı ağzında onu qarşılayan atasına Nobel mukafatını aldığını deməyə çalışır:

“Necəsən?

Ata, səninlə məsləhətləşmək istəyirəm. Çünki İsveç ədəbiyyatı qarşısında, oxucular qarşısında, dil qarşısında, ölkəm qarşısında ödənməmiş borcum var.

Ata tədricən Nobel mükafatı verildiyini anlayıb deyir:

Layiq olub-olmamağın nə fərqi var? Səndən başqa layiqli namizədlər də var, amma məhz sənin layiq görülməyinə çox sevinirəm”.

Nobel mükafatının təqdim edildiyi gün Selma etiraf edir ki, atasının razılığı onun üçün hər şeydən önəmli ola bilərdi.

“Ürək heç vaxt olmadığı qədər sürətlə düyündü. Həmin andan etibarən üşüdüyünü, kefsiz olduğunu, qəzəbi, kədəri unutdu, əvəzində hər şey gözəl oldu. Anlamadığı bir şey vardı. Ürəyi birdən-birə bu cür sürətlə niyə döyündü? Ürəyi sanki rəqs edibmiş, uzaq məsafəni qaçaraq qət edibmiş, hündür zirvədən ucuruma yıxılıbmış kimi sürətlə titrəyirdi…

- Əzizim, -o dedi, – Əlinizi, bax, bura qoyun! Mənə elə gəlir ki, ürəyim çox qəribə döyünür.

- Hə, əsl ürək çırpıntısıdır, – qoca qarı dedi, – Bəlkə, sizdə ara-sıra bu hal olur?

- Yox, əvvəllər bu cür olmayıb, – əminliklə dedi, – Bu cür… heç vaxt olmayıb!”

Bu parça Selmanın 1914-cü ildə yazdığı “Portuqalyalı imperator” romanındandır. Qızını ilk dəfə görən ata sevginin nə olduğunu, necə yarandığını izah edə bilmir. Ürək döyüntüsünün qəfildən artması onu narahat edir, amma bu döyüntünün əsl səbəbkarı olan qucağındakı körpədən, öz can parçasından qaynaqlandığını anlayır. Təsəvvür edin ki, birinci dünya müharibəsinin başlaması belə bu əsərin şöhrətinə kölgə sala bilməmişdi. Ata və qızın bir-birinə bağladığı xüsusi sevgidən bəhs edən roman cəbhə xəttində belə müzakirə edilir, dillərdən düşmürdü. İnsanlar kitabı alır, oxuyur, bəhs edilən sujeti, təsvir edilən sevgini anlamağa çalışırdılar.

Əsər sanki çox sadə və eyni zamanda, qəliz mövzulardan bəhs edir. Qaranı qara, ağı ağ olaraq elə dəqiqliklə qələmə alır ki, bir-birinə qarışa, rəng dəyişdirə bilirlər. Bu cür yazı üslubu Selmanın digər əsərlərində də özünü büruzə verir.

“Portuqalyalı imperator” romanı ata və qızın böyük sevgisindən bəhs edir. Bu sevgini cuzi də olsa sizə çatdırmaq üçün əsərdən daha bir hissəni təsvir edirəm.

Məktəbə inanclı, ciddi müəllim gəlib şagirdlər arasında “Dünyanı kim yaradıb?” mövzusunda sorğu keçirir.

“- Hər gün oxuduğumuz dua var, – müəllim dedi, – Bu yolla Tanrını necə adlandırdığımızı xatırlayacaqsınız.

Nəhayət, Karla aydınlanıb əlini yuxarı qaldırdı. Müəllim istəyirdi ki, onlar atalarını Tanrı adlandırsınlar. Əlini daha da yüksəyə qaldırdı.

- Hə, Karla Qua, Tanrını necə adlandırırıq?

- Biz Tanrını Yan adlandırırıq, – ucadan dedi.

Sözünü tamamalamamışdı ki, otaqdakıların gülüş səsi eşidildi. Məktəb şurasının üzvləri, valideynlər, şagirdlər və hətta müəllim özü belə güldü.

- Təbii ki, Karla Qua Tanrını atamız adlandırdığımızı demək istəyir, -müəllim dedi,  -Bunun əvəzindəsə Tanrının Yan adlandırıldığını dedi. Yan Karlanın atasının adıdır. Əslində bu, kimsəni təəccübləndirməməlidir. Aranızda kiminsə Karlada olduğu kimi yaxşı, xeyirxah atası olub-olmadığını bilmirəm. Qar, qış, yağış, külək demədən məktəb həyətində Karlanı gözlədiyini az görməmişəm. Pis hava şəraitində, yol keçmək çətinləşəndə qızını məktəbə qucağında gətirdiyini də görmüşəm. Ona görə də Tanrını atasının adı ilə adlandırmasında təəccüblü heç nə yoxdur. Çünki Tanrını Yan adlandırmaqla, əslində, ona əziz olan ən doğma insanın adını çəkib”.

Bu parçada və digər bütün əsərlərində Selmanın atasına olan sevgisi özünü büruzə verir. Onun əsərlərində atasını sevən və ya atası ilə yola getmədiyi üçün əsl faciə yaşayan qəhrəmanlar mütləq var. “Portuqalyalı imperator” əsərini çox zaman İsveçin “Kral Şir”i adlandırırlar.

Morbakka və ya “Stokholm sindromu”

“Morbakkadan olan qız”, “Morbakka” adlı əsərləri, əslində, Selmanın uşaqlıq xatirələrindən ibarət gündəlikdir. Selma üç yaşı olanda qəfildən keçirdiyi iflic ucbatından yatağa düşür və uzun illər müalicə almağa çalışır. Doqquz yaşında yeriməyə başlayan Selma çəliyə ömürlük möhtac qalır. On səkkiz yaşına çatandasa müalicə almaq üçün Stokholmda yerləşən Bədən Tərbiyəsi İnstitutuna aparılır. Selma Stokholmdakı ağır işgəncələrə, zülmə baxmayaraq, təsirli müalicə alır. Hətta oradan ayrılarkən müalicənin ilk günə nisbətən daha yaxşı yeriməyə başlayır. Məhz bu müalicənin ödənişinizi vaxtında verə bilmək üçün atası Morbakkadakı mülkünü girov qoyur. 1882-ci ildə atası dünyasını dəyişir, 1888-ci ildəsə Morabakka satılır.

Kimsə Selmadan ədəbiyyatın haradan doğulduğunu soruşsaydı, cavabında mütləq “Uşaqlıq” deyərdi. Çünki yazdığı hər əsərin sətirlərində uşaqlıq xatirələri boylanır. Uşaqlığın xüsusi tilsimi var. İnsan “uşaq”lıqdan böyüyür. Selma isə uşaqlığını tərk etməkdən imtina edir, böyüməməyi üstün tutur. Ömür boyu uşaqlıq xatirələrinə sadiq qalır, onları yaşadır.

Selma Lagerlöf “Yərusəlim” romanını yazdıqdan sonra gəlir əldə etməyə başlayır. Pulu Morbakka mülkünün bir hissəsini almağa sərf edir. Nobel mükafatını aldıqdan sonrasa Morbakkanı bütünlüklə alır və yeganə sahibəsi olur. Tezliklə bütün işləri əlinə alan Selmanın otuz işçisi və geniş ərazisi olur. Birləşmiş Ştatlara un istehsal edən Selmanın adı kifayət qədər tanındığı üçün un satışında sahibkar kimi çətinlik çəkmir.

O, “Evini itirməkdən pis heç nə yoxdur, amma nə zamansa öz evinə qayıdıb daha sənə məxsus olmadığını anlamaq çox pisdir” – deyə qeyd edirdi.

“Nilsin vəhşi qazlarla səyahəti” əsərində “Sadə malikanə” adlı başlıq var. Burada Lagerlöf malikanəyə gəlib daha əvvəl buraların necə olduğunu xatırlayır.

Selma Lagerlöf Dünya Müharibəsi illərində

Selma sülhsevər, azadlıqsevər insan idi və müharibələri qətiyyən sevməzdi. Qadın haqlarının müdafiəsi naminə 1911-ci ildə Stokholmda təşkil olunmuş Beynəlxalq Konqressdə çıxış etmişdi. Onun əksər romanlarında qadın obrazları güclü, əzmli təsvir edilib. Ancaq nəyə görəsə heç bir feminist ona bu mövzuda müraciət etməyib.

Bir çox yazıçılar Birinci Dünya müharibəsinin başlanmasını böyük entuziazmla qarşılasa da Selma məyus olur. O, insanların bir-birini öldürməsinə qarşıydı. İllər bir-birini qovaladıqca Alman hakimiyyətinə Hitler başçılıq edir. O, ilk olaraq nordik yazıçıların siyahısını tutur, bu siyahıya Selmanın adı da qeyd edilir.  Selma bunu təqib edilən yəhudilərə kömək etmək, Hitler diktaturası ilə mübarizə aparmaq üçün fürsət kimi dəyərləndirdi. Almaniyada Selmanın kitab satışı sürətlə azalırdısa, Rusiyada artmaqda idi. 1937-ci ildə “Beynəlxalq ədəbiyyat” dərgisi faşizmlə mübarizə aparan yazıçıların rəsmi siyahısını dərc etdi. Selma həmin siyahıda özünə layiq yer tuturdu.

1939-cu ildə Rus-Fin müharibəsi başladı. İsveçdə Finlandiyaya yardım komitəsi fəaliyyət göstərirdi. Selma Lagerlöf öz mükafatlarını – İsveç Akademiyasının Böyük qızıl medalını və Nobel mükafatının qızıl medalını Finlandiya hökumətinə göndərib, onların əridilərək ölkənin müdafiə ehtiyaclarına sərf olunmasını хahiş edir. Amma lazımi vəsait digər mənbələrdən tapıldığından mükafatlar böyük minnətdarlıq hissi ilə sahibinə geri qaytarılır. Selmanın bu addımı onun Rusiyadakı nüfuzuna mənfi təsir edir. İllər keçdikcə daha az nəşr edilir, hətta 1967-ci ildə kitablarının nəşri tamamilə dayandırılır.

Selma İsveç ədəbiyyatını dünyaya tanıdan yazıçı olub. Onun əsərləri, xüsusən “Yərusəlim” romanının nəşrindən sonra bir çox dillərə tərcümə edilirdi. “Nilsin səyahəti” əsərindən sonra dünyanın istənilən ölkəsindən gələn oxucu məktublarını cavablaya bilməkçün Morbakkedə şəxsi poçt idarəsi açdırır.

O, İsveçin ədəbiyyat simvoluydu. 60-cı illərdə ən əhəmiyyətli on kitabın seçilməsinə dair sorğu keçiriləndə Selma Lagerlöfun 1891-ci ildə nəşr edilmiş “Yöste Berlinq haqqında saqa” adlı birinci romanı siyahının ilk pilləsində durdu. Bu İsveç xalqı tərəfindən necə sevildiyinin bais sübutudur. Həmçinin, İsveç hökumətinin qərarı ilə 1992-ci ildən etibarən Selmanın portreti ölkə valyutasının 20 kronluğun üzərini bəzəyir.

Selmanın əsərlərini illər keçdikcə daha az insan mütaliə edir. Bunun səbəbini yazı üslubunun sadəliyində görənlər az deyil. Amma müəllif hər zaman “Sadəlik zənginlikdir” deyərdi. Bu isə özülüyündə böyük məna daşıyır…

Mənbə: “Ustad” jurnalının 15-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10