Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı – İsa Həbibbəyli

127 Baxış

118760_jz2id3epv6

Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolunun tədqiqi proseslərində Zaman və ədəbiyyat məsələsi həmişə əsas faktorlardan biri olmuşdur.

Hansı bucaqdan baxılmasından asılı olmayaraq, Zaman faktoru yazıçı və şairlərin dünyabaxışında, ədəbi prosesin inkişaf etməsində mühüm rol oynamışdır. Dövrün ictimai-siyasi hadisələri, Zamanın meydana çıxardığı ideallar böyük ədəbiyyatın inkişaf istiqamətini və əsas hədəflərini müəyyən edir. Böyük ədəbiyyat da sadəcə zamanın arxasınca gedərək onu təsvir və ya tərənnüm etməklə qalmamışdır. Azərbaycan ədəbiyyatı həmişə bütün inkişaf mərhələlərində həm də Zamanın ən aparıcı ideyalarını formalaşdırmış, proseslərin inkişafında əsas hərəkətverici qüvvə funksiyasını yerinə yetirmiş, xalqı və ictimai fikri ümummilli ideallar uğrunda mübarizəyə doğru aparmışdır. Zamanın ictimai-siyasi xarakteri və ayrı-ayrı epoxalarda baş vermiş böyük tarixi-mədəni hadisələr ədəbi cərəyanları, mövzuları, janrları, üslubları, hətta qəhrəmanları meydana çıxarmışdır. Böyük ədəbiyyat da öz növbəsində Zamanın yeniləşməsinə, inkişafına və dəyişməsinə  təkan vermişdir.

Ədəbiyyatşünaslıq elminin ədəbiyyatın inkişafında Zaman faktorunun roluna münasibəti qətidir. Hətta ayrı-ayrı ədəbiyyatşünaslar, məsələn, Yaşar Qarayev belə hesab edir ki, “Zamanın çöhrəsi yalnız sənətin güzgüsündə görünür. …Zaman öz əbədiyyətini sənətlə dərk edir”.

Zaman və ədəbiyyat münasibətlərində hər iki tərəfin rolu və əhəmiyyətinə də ədəbiyyatşünaslıqda ciddi nəzər salınmışdır. Böyük ədəbiyyat Zamana münasibətdə çox ciddi tərəf müqabilidir. Qarşılıqlı münasibətlərdə ədəbiyyat ağırlıq təşkil edəndə Zaman irəli gedir. Ədəbiyyatın idealları Zamanın ictimai-mənəvi təkamülünə və proseslərin tarixi gedişatının inkişafına xidmət edir. Yeni Zaman özünün yeni ədəbi axınlarını və ədəbiyyatını yaradır.

Lakin sovet ədəbiyyatşünaslıq elmində Zamana obyektiv elmi münasibət deyil, siyasi-ideoloji yanaşmalar əsas kimi qəbul olunduğu üçün ədəbiyyat və dövran münasibətləri dəyərləndirilərkən gerçəklikdən çox hakim sinfin prinsiplərinə üstünlük verilmişdir. Elmi fikirdə Zaman faktoru ictimai-tarixi reallıqlarına görə yox, ideoloji cəhətdən qazandığı mövqeyə görə diqqət mərkəzinə çəkilmişdir. Bu da Azərbaycan ədəbiyyatının, o cümlədən də keçmiş sovet cəmiyyətində təmsil olunan digər xalqların ədəbiyyatının tarixi inkişaf yolunun əsl mahiyyətinin şərh edilməsində və dövrləşdirilməsində əsasən ideoloji amillərə istinad  edilməsini şərtləndirmişdir. Bundan başqa, Sovet cəmiyyətinin ideologiyasındakı tarixi keçmişin unutdurulması, böyük qırğız yazıçısı Çingiz Aytmatovun yazdığı kimi, “manqurtlaşdırma” siyasətinin həyata keçirilməsi, xalqların yalnız bolşevizm dövründən sonra əsl inkişafa çatması ideyasının geniş təbliğ olunması çoxəsrlik ədəbiyyat tarixinin elmi cəhətdən dövrləşdirilməsi məsələsini arxa plana keçirmişdir. Eyni zamanda, sovet ideologiyasının geniş mənada insan cəmiyyətinin dövrləşdirilməsində əsas kimi qəbul etdiyi ictimai formasiyalar nəzəriyyəsi də Zamanı obyektiv reallıqlarına görə yox, sinfilik prinsipinə əsaslanan ideoloji mahiyyətinə əsasən dəyərləndirməyi diqqət mərkəzinə çevirmişdir. Ona görə də sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatı tarixindən dövrlər üzrə bəhs olunarkən cəmiyyətin inkişafına marksist baxış nəzərə alınmaqla sinfilik və proletar beynəlmiləlçiliyi kimi ideoloji prinsiplərdən çıxış edilmişdir.

Qeyd olunduğu kimi, Sovet hakimiyyəti illərində yazılmış Azərbaycan ədəbiyyatı tarixi kitablarında, yaxud dərsliklərdə dövrləşdirməyə xüsusi maraq göstərilməsə də, ədəbiyyatımızın çoxəsrlik inkişaf yolu boyu müxtəlif əsrlərdə yaşayıb-yaratmış yazıçı və şairlərin əsərləri təhlil edilib qiymətləndirilərkən sinfilik prinsiplərinə əsaslanan formasiyalar nəzəriyyəsinə dair ideoloji meyarlar mütləq diqqətə alınmışdır. Beləliklə, dövrləşdirmənin sovet dövrü modeli açıq elan olunmasa da, ədəbiyyat tarixindən bəhs olunarkən ictimai formasiyaların formalaşması haqqındakı marksizm təliminə uyğunlaşdırılmışdır. Ədəbiyyat tarixinin dövrləşdirilməsində ibtidai icma və ilkin feodal dövlətlərinin yaranması mərhələsi qədim dövr, feodalizmin inkişafı orta əsrlər dövrü hesab edilmişdir. XIX əsr və XX əsrin əvvəllərinin ədəbiyyatı xüsusi mərhələ hesab edilsə də, həmin dövr sovet hakimiyyətinə görə əks və zidd sistem kimi qəbul olunan kapitalist münasibətlərinin formalaşması mərhələsi olduğu üçün real mahiyyətinə görə deyil, tarix etibarilə ədəbiyyatın əhatə dairəsini göstərən əsrləri bildirən rum rəqəmləri əsasında, məsələn, XIX əsr Azərbaycan ədəbiyyatı kimi adlandırılmışdır. Sovet ədəbiyyatı dövrü isə ölkədə sovet hakimiyyətinin qurulmasından yox, bir qədər də əvvələ çəkilərək marksizmin və ya bolşevizmin yaranmasından və ya Rusiyada “sosialist inqilabının qələbəsi” – çarizmin zor gücünə devrilməsi dövründən hesablanmışdır. Beləliklə, ədəbiyyat tarixinin ictimai formasiyalara görə dövrləşdirilməsi ədəbiyyatda gedən proseslərə müəyyən dərəcədə uyğun gəlsə də, onu tam və obyektiv ifadə edə bilməmişdir. Çünki bu qaydada dövrləşdirmə prosesində yalnız cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarına ideoloji yanaşmalar nəzərə alınmış, xalqın keçdiyi təkamül proseslərinin fərqli özünəməxsusluqları, hər dəfə yeniləşməsinin milli ədəbiyyatdan gələn səbəblərinin müəyyən olunması diqqətdən kənarda qalmışdır. Bundan başqa, ictimai formasiyalara dair təlim Qərb ölkələrinin inkişaf prosesləri əsasında formalaşdırıldığı üçün Şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının yaşadığı təkamül proseslərini real ifadə edə bilməmişdir. Ona görə də ədəbiyyatların formasiyalar üzrə dövrləşdirilməsi prinsipi Azərbaycan ədəbiyyatının təcrübəsində heç də hər zaman obyektiv reallığı ifadə edə etmək imkanında, yaxud gücündə olmamışdır. Beləliklə, Azərbaycan ədəbiyyatının dövrləşdirmə məsələsinə bəslənilən birtərəfli münasibət çoxəsrlik ədəbiyyat tarixində gedən real proseslərlə eyni səviyyədə səsləşməmişdir. Həm də cəmiyyətin inkişafının marksist təlimi sovet ədəbiyyatı adı altında təmsil olunan xalqların, o cümlədən, Azərbaycan xalqının tarixi taleyi, mübarizəsi, təkamülü ilə heç də həmişə uyğun gəlmədiyi üçün həmin ədəbi-mədəni prosesin dialektikasının dəqiq müəyyən olunmasına maneçilik törətmişdir.

SSRİ-nin dağılması və müstəqil dövlətlərin yaranması, milli və bəşəri idealların önə çıxması dövrləşdirməyə dair ideoloji baxışları tədricən aradan qaldırmışdır. Müstəqillik qazanmış ölkələrdən hər biri keçdiyi tarixi-mədəni inkişaf proseslərinə və ideya-siyasi hədəflərinə uyğun olaraq özünün milli dövlətçilik ideologiyasını formalaşdırmağa başlamışdır. Bu isə öz növbəsində Sovetlər İttifaqından ayrılmış müstəqil ölkələrdə, o cümlədən, Azərbaycanda çoxəsrlik ədəbiyyat tarixinin dövrləşdirilməsi probleminə yenidən qayıtmaq zərurətini elmi fikrin gündəminə gətirmişdir.

Hazırda ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində ayrı-ayrı ölkələrdə yeni təşəbbüslərin meydana çıxması, habelə dövrləşdirmə prinsiplərinin müəyyən olunmasında fərqli yanaşmaların mövcud olması müşahidə edilməkdədir. Rus ədəbiyyatşünaslığında irəli sürülən dövrləşdirmə modelləri haqqında Maksim Qorki adına Ədəbiyyat İnstitutunun direktoru, professor Vadim Polonskinin aşağıdakı fikirləri geniş mənada nəzəri cəhətdən bu problemə elmi yanaşmanın əsas istiqamətini, metodologiyasını müəyyən etməyə açar verir: “Bu gün elə akademik ədəbiyyat tarixi modelini əsl novator hesab etmək olar ki, burada onun “hədsiz mürəkkəbliyi” nəzərə alınsın; və bu ədəbiyyat tarixində… milli söz sənətinin təkamülü… düzxətli sxem şəklində deyil, çoxvariantlı inkişaf istiqamətlərinin  mərkəzi kimi təqdim olunsun. Həmçinin, ağırlıq mərkəzi zəruri olaraq oxşarın bənzərsizliyə, qonşu sıralarda – ədəbi və ictimai-siyasi baxımdan baş verənlərin fərqliliyinə düşməlidir”.

l

Qeyd edildiyi kimi, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi məsələsi elmi fikirdə uzun bir dövr yaşamışdır. Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyatın dövrləşdirilməsi məqsədi ilə xüsusi bir tədqiqat işi aparılmamışdır. Azərbaycan ədəbiyyatınn çoxəsrlik tarixi inkişaf yolundan dövrlər üzrə söz açılarkən “mərkəzdən” diktə edilmiş hazır və pərakəndə sxemlərə istinad olunmuşdur. Məlum olduğu kimi, mərkəz isə ədəbiyyatın dövrləşdirilməsini obyektiv elmi əsaslar üzərində deyil, ideoloji prinsiplər əsasında qurmuşdur. Ona görə də müstəqillik illərindəki Zamana və ədəbiyyata obyektiv ədəbi-tarixi baxış Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi üçün yeni konsepsiyanın müəyyən olunmasını tələb etmişdir. XX əsrin axırlarında və müstəqillik dövrünün əvvəllərində tanınmış Azərbaycan alimlərindən Yaşar Qarayev, Nizami Cəfərov, Şirindil Alışanlı, Nazif Qəhrəmanlı və başqalarının milli ədəbiyyat tariximizin keçdiyi çoxəsrlik təkamül proseslərini əks etdirən meyar və prinsip axtarışları dövrləşdirmə konsepsiyasının hazırlanması və inkişaf mərhələlərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli elmi baza və əsas təməl yaratmaq ideyasını yerinə yetirmişdir. Hazırkı şəraitdə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi haqqında elmi-nəzəri konsepsiyanın hazırlanması aşağıdakı zərurətdən yaranmışdır:

1. Azərbaycan ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası əsasında aparılmış dövrləşməsinin ədəbi-tarixi proseslərin reallıqlarını əks etdirməməsi, müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun gəlməməsi;

2. Ayrı-ayrı müəlliflərin və ya müəlliflər kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirilmədə keçmişdə müəyyən edilmiş mərhələlərdən uzaqlaşa bilməmək hallarının aşkar nəzərə çarpması;

3. Dövrləşmə meyarlarında və mərhələlərin müəyyən olunmasında pərakəndəliyin müşahidə olunması;

4. Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması;

5. Dövrləşdirmə prosesində dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurəti.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elmində çoxəsrlik ədəbiyyat tariximiz və müasir ədəbi proses dövrləşdirilərkən ilk növbədə təsnifat üçün elmi prinsiplərin, nəzəri konsepsiyanın müəyyən edilməsi ən mühüm şərtdir. Bu məqsədlə müxtəlif coğrafiyalarda yaranan ədəbiyyatşünaslıq əsərlərində oxşar və fərqli baxışların meydana çıxması dövrləşmə prosesində mövcud hazır sxemlərdən yox, dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmaqla ilk növbədə xalqın və ölkə ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yolunun reallıqlarına əsaslanmağı tələb edir. Ədəbi-tarixi reallıqlar isə yazıçı və şairlərin ictimai formasiyalar üzrə qruplaşdırılması kimi deyil, cəmiyyətdə və ədəbiyyatda baş vermiş mühüm yeniləşmələrin: siyasi-tarixi və mənəvi proseslərin qabarması və çəkilməsi, ədəbi cərəyanların, janrların, üslubların yaranması, dəyişməsi və inkişaf etdirilməsi mənasında qəbul edilməlidir. Bundan başqa, fikrimizcə, yenidən dövrləşdirmə zamanı Azərbaycan xalqının milli maraqlarından və dövlətçilik meyarlarından çıxış etmək də zəruri tələblərdən biri olmalıdır. Bütün bunları nəzərə alaraq, Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi üçün konseptual baxımdan aşağıdakı prinsiplərə əsaslanmağı faydalı hesab edirik:

1. Azərbaycançılıq məfkurəsi

2. Sivilizasiya faktoru

3. Ədəbi-tarixi prosesin reallıqları

4. Azərbaycanda ədəbi cərəyanlar

l

Məlum olduğu kimi, şifahi xalq ədəbiyyatı Azərbaycan etnosunun milli-mənəvi ruhu və epos təfəkkürünün möhtəşəmliyini nümayiş etdirmişdir. Azərbaycançılıq ideyası isə ictimai-ədəbi fikir meydanına ölkəmizdə XIX əsrin ikinci yarısından etibarən gəlsə də, bundan əvvəlki dövrlərdəki ümumtürk təfəkkür tərzi ədəbiyyatın milli zəmində inkişafını müəyyən etmişdir. XI-XII əsrlərin farsdilli Azərbaycan poeziyasındakı atalar sözləri və məsəllər, xalqımıza məxsus sözlər və frazeoloji birləşmələr, ölkə coğrafiyasını əhatə edən süjetlər və yer adları, habelə azərbaycanlı obrazları yazılı ədəbiyyatda azərbaycançılıq ideyasının təməllərini təşkil edir. Orta əsrlər poeziyasında “səbki-Azərbaycan” üslubunun geniş yer tutması Azərbaycan  ədəbiyyatını ümumtürk poeziyası məkanında fərqləndirmiş, ön mövqeyə, böyük sənət miqyasına çatdırmışdır. XIII-XVI əsrlərdə Azərbaycan dilində yaranmış şeir türk dünyasında örnək kimi qəbul edilmişdir. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında isə xalq şeiri ilə yazılı şeir dili arasındakı fərq tədricən aradan qalxmış, poeziyada ciddi xəlqiləşmə prosesləri getmişdir. Molla Pənah Vaqifin lirikasındakı “Kür qırağının əcəb seyrangahı”nın, Qıraqbasan qışlağının tərənnümünün timsalında Azərbaycan coğrafiyası şeirdə qabarıq şəkildə görünməyə başlamış və tədricən inkişaf etdirilmişdir. XIX əsrdə və XX əsrin əvvəllərində realist ədəbiyyatın ön cəbhəni təmsil etməsi ölkənin geniş coğrafi bütövlüyü və xalqın isə konkret olaraq öz adı və dəyərləri ilə ədəbiyyatda iştirak etməsini zəruri faktora çevirmişdir. XIX əsrin axırlarından etibarən Azərbaycan dili və Azərbaycan xalqı anlayışlarının mətbuatda və ədəbiyyatda işlədilməsi ilə konkret olaraq azərbaycançılıq məfkurəsi formalaşmağa başlamışdır.

Nüfuzlu dilçi alimlərin gəldikləri qənaət bundan ibarətdir ki, “eradan əvvəl Azərbaycanda artıq türk etnosları yaşamış, bü dövrdə Azərbaycan ərazisində türk etnoslarının dilinə məxsus toponimlər və şəxs adları meydana gəlmişdir” (Q.Kazımov). Azərbaycan dili Ön Asiyada şumerlərin qonşuluğunda yaşayan protoazərbaycanlıların dili əsasında formalaşmışdır. Uzun əsrlər ərzində ümumxalq danışıq dili vasitəsilə Azərbaycan dili yaranmış və inkişaf etmişdir. Nəhayət, XIII əsrdən etibarən anadilli poeziyanın yaranması və geniş vüsət tapması ilə Azərbaycan ədəbi dili təşəkkül tapmışdır. XVIII əsrdə  Molla Pənah Vaqif Azərbaycanda “ədəbi-bədii dilinin milli əsasda inkişafını mütləqləşdirmişdir” (N.Cəfərov). Azərbaycan dili artıq XIX əsrdə sabit inkişaf mərhələsinə qədəm qoymuşdur (T.Hacıyev).  Bütün bunlara baxmayaraq, XIX əsrin sonlarına qədər rəsmi şəkildə Azərbaycan dili və buna uyğun olaraq Azərbaycan xalqı ifadələri işlədilməmişdir. Azərbaycançılıq anlayışı üçün mühüm şərt olan xalqın və dilin neçə adlandırılması XIX əsrin axırlarında meydana çıxmışdır. İlk dəfə Məhəmməd ağa Şahtaxtlı 1882-ci ildə “Qafqaz” qəzetində çap etdirdiyi “Müsəlmanlarda məktəb həyatı” adlı məqaləsində “Bizi necə adlandırmalı” sualına geniş və əsaslı cavab verməklə Azərbaycan dilinin leksikasına “azərbaycanlı” anlayışını gətirmişdir. Məqalədə deyilir: “Bizdə Qafqazda bu sözün (xalqın adının – İ.H.) mənası bir qədər dəyişikliyə uğramışdır. Biz bu adla məşhur irqə aid olan müsəlmanları,  məhz Zaqafqaziya tatarlarını bilirik. Məsələn, bizdə deyilir ki, Yelizavetpol, Yerevan və Bakı quberniyalarının daxil olduğu müsəlman əyalətləri türk-tatar irqinə aid olan müsəlmanların məskunlaşdığı əraziyə daxil deyil. Ruslar bizi təkrar edərək bizləri müsəlman adlandırır. Necə olubsa bir şəkildə milliyyət anlayışımızı itirərək özümüzü milliyyətimizlə yox, müxtəlif millətlər və dillərin də aid olduqları dinimizlə adlandırmağa başlamışıq.

Yaxşı olardı ki, bizim özümüz kimi başqa xalqlar da bizi dinimizdən gələn yox, milli mənsubiyyətimizdən gələn bir adla çağırsınlar. Beləliklə də bir “müsəlman” sözü sadəcə dini anlamda istifadə olunar və din və millət kimi iki fərqli anlayışın qarışdırılmasına son qoyular.

Onda bizi necə adlandırsınlar? Bizim dilimizdən söhbət gedəndə biz onu ya türk dili, ya da türkcə adlandırırıq – ikisi də eyni şeydir, belə ki, hər ikisi türk ismindən yaranmış sifətdir, türklər özü bu sözü bilmir. Bizim qonşularımız farslar və ermənilər də bizi türk adlandırır. Bu mənada biz türk adlana bilərdik, lakin bu sözün ictimaiyyət tərəfindən qəbul edilməsi üçün lazımdır ki, ruslar da bizləri belə çağırsınlar. Amma böyük ehtimalla ruslar onu qəbul etməyəcək, çünki bizi tanıyana qədər onlar və bütün avropalılar bu adla osmanlı türklərini adlandırmağa öyrəşmişlər.  Biz tatar adlanmayacağıq, çünki bu söz bizi vəhşi adlandırmaq üçün istifadə olunur. Xalqı zorla milliyyətimizi müəyyənləşdirmək və hazırda etnoqrafiya və linqvistikada istifadə olunan azərbaycanlı sözü ilə adlandırmaq olmaz ki? Ola bilsin ki, nə vaxtsa ədəbiyyatda və rəsmi cəmiyyətdə bu söz qəbul edildi. Bu və ya digər məqalələrdə qeyd etdiyimiz kimi, “müsəlman” sözü bütün dünya müsəlmanlarına yox, fikrimcə, Azərbaycan türklərinə, Qafqaz və İran tatarlarına aid edilir”.

Görkəmli maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlı 1891-ci ildə “Kaspi” qəzetindəki “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı” məqaləsində dövrün müxtəlif baxışlarına nəzər salınmaqla Azərbaycançılıq məsələsinə daha aydın və konkret mövqedən yanaşmışdır: “Hansı xalqa məxsusdurlar və hansı dildə danışırlar sualına Zaqafqaziya müsəlmanı  başqa cavab vermir, yalnız deyir ki, o, müsəlmandır və müsəlmanca danışır.

Son vaxtlar Zaqafqaziya müsəlmanlarına, onların dillərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Zaqafqaziya müsəlmanlarının danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas  dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri.

Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İranın və Rusiyanın payına düşmüş Adərbeydjan (Azərbaycan) mahalı – indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla yox, ancaq Azərbaycan türkləri adlandırırlar.

Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı.

“Kəşkül” qəzetindəki 1890-cı ildə çap edilmiş “Azərbaycanlı” imzalı müəllifin “Əvam gəzmək – yuxu yatmaqmı dedin?” məqaləsindəki “Azərbaycan milləti” sözü ilə milli özünüdərk proseslərinin xalqın dilində çap olunan mətbuatın da müzakirə mövzusuna çevrildiyini göstərir: – “Siz nə millətdənsiniz?”

- Müsəlmanam.

… – Əfəndim, millət

ayrı, din ayrı.

- Ancaq eyb olsa da, gərək dürüst ərz edəm. Mən bilmirəm ki, nə millətdənəm.

- Siz tatar deyilsiniz. Tatar Krımda, Kazanda olan müsəlmanlardır. Sizin millət azərbaycanlıdır”.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi (1917) milli-mənəvi özünüdərk dərsliyi qədər konkret, anlaşıqlı və əhəmiyyətlidir: “Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram və özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz-özümə cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrabanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni Vətənim haradır?

- Azərbaycan vilayətidir”.

Ədəbiyyatda azərbaycançılıq ideyası XX əsrin əvvəllərində ədəbiyyat konsepsiyası səviyyəsinə çatdırılmışdır. Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” dramı (1920) azərbaycançılıq idealının manifesti kimi meydana çıxmışdır. Sovet hakimiyyəti illərində azərbaycançılıq vətənpərvərlik adı ilə yaşadılmışdır. Müstəqillik dövründə isə azərbaycançılıq ilk dəfə olaraq milli dövlət ideologiyasına çevrilmişdir. Beləliklə, azərbaycançılıq uzun əsrlər ərzində ölkə ədəbiyyatının ideya əsası kimi mövcud olmuş və ədəbi fikirdə milli maraqların ifadə olunmasına meydan açmışdır.

l

Azərbaycançılıq – milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi olaraq, xalqın və ölkənin milli maraqlarının, maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir. Azərbaycançılıq – milli ədəbiyyatın axarını ölkə maraqlarına doğru istiqamətləndirən mühüm ədəbi-ictimai təlimdir. Azərbaycançılıq – ədəbiyyatın əsas hədəfi olan milli-mənəvi özünüdərk və vətənpərvərlik ideyalarının bədii əsərlərdə parlaq bədii təcəssüm olunması deməkdir. Azərbaycançılıq – ədəbiyyatda Azərbaycan xalqının hərtərəfli inkişafının əks etdirilməsini tələb edən ümummilli məfkurədir. Nəhayət, Azərbaycançılıq – ədəbiyyatda milli istiqlal və müstəqil dövlətçilik ideallarının təcəssümü olan əbədiyaşar təlimdir. Azərbaycanda milli istiqal ideyası XX əsrin əvvəllərində ictimai fikrin gündəmində mühüm yer tutmuşdur. Cəlil Məmmədquluzadənin başçılıq etdiyi “Molla Nəsrəddin” hərəkatı milli istiqlal uğrunda mübarizə ideyasının formalaşdırılması və xalqa çatdırılması yolunda bir ordudan çox xidmət göstərmişdir. Hətta azərbaycançılıq baxımından liberal mövqe tutan, türkçülük və islamçılıq ideyalarını təbliğ edən füyuzatçılar da Azərbaycanda milli istiqlalın qaçılmazlığını bəyan etmişlər. Əlibəy Hüseynzadənin aşağıdakı fikirləri XX əsrin əvvəllərində ölkədə milli istiqlalçılığın real vəziyyətini dolğun şəkildə ifadə edir: “Qafqaz türkləri (azərbaycanlılar – İ.H.) türklərin ən hürriyyətpərvərləridir. …Bu məmləkətdə (Azərbaycanda – İ.H.) heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz. Heç bir səbr və təzyiq, …heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır. Bu rolların ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir”.

“Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabını yazmış Hüseyn Baykaranın aşağıdakı fikirləri azərbaycançılığın milli istiqlal ideyasının aparıcı qayəsini təşkil etdiyini nümayiş etdirir: “Qafqaz hadisələri onları (istiqlal mücahidlərini – İ.H.) özlərinin öncədən uzaq məqsəd olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna tez sürükləndirdi. Bu vaxtadək Azərbaycan istiqlalına nə rast gəlinmiş, nə də baş verən digər siyasi hadisə olmamışdır. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmışdır”. Və beləliklə, XX əsrin əvvəllərindən etibarən azərbaycançılıq milli ədəbi-ictimai fikrin gündəmində artıq əsas yer tutmuşdur. Sovet dövründə Azərbaycan dilində yaranan böyük ədəbiyyat azərbaycançılıq adlandırılmasa da, vətənpərvərlik ruhunu qoruyub saxlamaq və inkişaf etdirməklə bu ümummilli təlimi zamandan zamana çatdırmaq vəzifəsini yerinə yetirmişdir. XX əsrin 60-80-ci illərində Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mir Cəlal, Mehdi Hüseyn, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, İsa Hüseynov, Hüseyn İbrahimov, Nəriman Həsənzadə və başqaları əsərlərində Azərbaycan həyatının reallıqlarını və azərbaycançı düşüncənin geniş imkanlarını nümayiş etdirmişlər. Yazıçı və şairlərin ana dili uğrunda apardıqları mübarizə əslində, real olaraq milli istiqlal mübarizəsinin parolu idi. Xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri ədəbiyyatda doğma vətənin tərənnümü əsasında azərbaycançılıq ideyasının yaşadılması və xalqa aşılanması baxımından nə qədər böyük imkanlara malik olduğunu nümayiş etdirir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet ideologiyasına dəyib-toxunmadan respublikamızda milli-mənəvi dəyərlərin yaşadılması və inkişaf etdirilməsi, ədəbiyyatın, mədəniyyətin və ictimai fikrin meydanının genişləndirilməsi, ən başlıcası isə milli ziyalılığın qorunub saxlanılması və dəstəklənməsi siyasətinin uğurla həyata keçirilməsi əsasında azərbaycançılıq ümummilli hərəkat səviyyəsinə qaldırılmışdır. Hələ 1978-ci ildə sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycan respublikasının Konstitusiyasında ana dilinə dövlət dili statusu qazandırılması azərbaycançılıq idealına doğru mübarizənin mühüm nailiyyəti kimi qiymətləndirilməyə layiq olan böyük tarixi hadisədir. Məhz belə münbit ictimai-siyasi şəraitdə Azərbaycanda Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi istiqlal şairləri yetişib formalaşmış, azərbaycançılıq ideyasının carçısı olmaq missiyasını uğurla həyata keçirmişlər.

Azərbaycan “altmışıncıları” ədəbi nəsli: Anar, Elçin, Sabir Əhmədov, Əli Kərim, Fikrət Qoca, Yusif və Vaqif Səmədoğlular, Musa Yaqub və başqaları hakim ideologiyanın maneələrini qıraraq xalqın gerçək həyatının və milli ideallarının təsvir və tərənnümünü ədəbi-ictimai mühitin ön cəbhəsinə çıxarmışlar. Yetmişincilər: Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Kamal Abdulla, Mövlud Süleymanlı, Vahid Əziz, Ramiz Rövşən, Aqil Abbas, Çingiz Əlioğlu, Elman Həbib, Vaqif Məmmədov, Məmməd Alim, Firuzə Məmmədli, Ramiz Qusarçaylı, Xanəli Kərimli, İltifat Saleh və başqa yazıçı və şairlər ədəbiyyatda azərbaycançılığın mövqelərini daha da möhkəmləndirərək milli istiqlal ideyasına qədər qaldırmışlar. Bundan sonra gələn nəsil, yəni səksənincilər məsələn məşhur “Dar ağacı” şerinin müəllifi Rüstəm Behrudi kimi artıq istiqlal düşüncəsi ilə milli ədəbiyyat və azadlıq meydanlarında söz demək imkanları ilə birlikdə addımlamışlar.

Rəşad Məcid, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Yunus Oğuz, Əjdər Ol, Vaqif Bayatlı, Asim Yadigar və başqaları yeni tipli müasir ədəbiyyatı qiymətli əsərlərlə zənginləşdirmişlər. Beləliklə, Azərbaycan ədəbiyyatı təxminən bir əsr ərzində azərbaycançılıq məfkurəsini milli mənsubiyyəti  bildirən  terminoloji anlayışların formalaşdırılmasından istiqlal uğrunda mübarizə idealına qədər yaşadıb inkişaf etdirməsidir. Azərbaycançılıq – ədəbiyyatda milli  düşüncənin yaşadılması ilə  milli istiqlal ideyasının doğulması və həyata keçirilməsinədək olan təkamül proseslərinin əsas hərəkətverici qüvvəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və müdrik siyasət nəticəsində azərbaycançılıq dünya azərbaycanlılarını və ölkəmizdə yaşayan xalqları birləşdirən multikultural sabit həyat tərzini inkişaf etdirərək daha da möhkəmləndirən ən mühüm  faktora çevrilmişdir. Müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatında azərbaycançılıq tərənnüm intonasiyası və tempindən dərk və şərh olunma prosesləri istiqamətinə doğru inkişaf etməkdə davam edir. Yeni tarixi epoxanın Azərbaycan ədəbiyyatı milli bədii təfəkkürün çoxsəsli simfonik orkestri kimi  müasir dövrün gerçəkliklərini və romantikasını inamla və ilhamla vəsf edir. Dövlət ideologiyası səviyyəsinə qaldırılan azərbaycançılıq  müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf strategiyası, əsas sənət, həyat və hərəkət konsepsiyasıdır. Azərbaycan ədəbiyyatı azərbaycançılıq konsepsiyasının nəinki üzvi tərkib hissəsi, sözün gerçək və böyük mənasında hərəkətverici qüvvəsidir.

l

Azərbaycançılıq konsepsiyası geniş anlayış olub, özündə azərbaycançılıq məfkurəsini, Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi anlayışlarını, milli-mənəvi dəyərləri, Azərbaycan dili və Azərbaycan ədəbiyyatını, azərbaycanşünaslıq prinsiplərini cəmləşdirir.

Azərbaycançılıq – müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycançılıq dövlət ideologiyasının yaradıcısı və banisidir.

Azərbaycançılıq konsepsiyası aşağıdakı prinsipləri əhatə edir: 

I. Azərbaycançılıq məfkurəsi

1. Azərbaycançılıq – ümumtürk mənşəli milli məfkurədir.

2. Azərbaycançılıq – Azərbaycanın ərazi bütövlüyünün, vahid Vətən və milli birlik ideyasının təcəssümüdür.

3. Milli iftixar və Vətənçilik Azərbaycançılıq məfkurəsinin əsas ideya mənbəyidir.

4. Azərbaycançılıq – müstəqil Azərbaycanda ölkənin bütövlüyünün, birlik və həmrəyliyinin ümumiləşmiş ifadəsidir.

5. Ümummilli birlik və vətəndaş həmrəyliyi Azərbaycançılığın əsas mahiyyətini ifadə edir.

6. Azərbaycançılıq bəşəri dəyərləri özündə əks etdirən ümummilli məfkurədir.

7. Radikal millətçilik, dini ayrı-seçkilik, separatçılıq Azərbaycançılıq məfkurəsinə ziddir.

8. “Bizim bir ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi!” (İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti). 

II. Azərbaycan xalqı

9. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin yaradıcısı, sahibi, daşıyıcısı və qoruyucusudur.

10. Azərbaycan xalqı – tarixən və mənşə etibarilə Azərbaycanda yaşayıb formalaşmış və ölkəni qoruyub saxlayan və inkişaf etdirən əsas hərəkətverici qüvvədir.

11. Etibarlı olmaq, bütövlük, Vətən və torpaq sevgisi Azərbaycan xalqının xarakteridir.

12. Azərbaycançılıq – ölkədə hüquqi-demokratik dövlətin daşıyıcısı olan Azərbaycan xalqının dövlətçilk ideologiyasının ana xəttidir.

13. Azərbaycançılıq – Azərbaycanı özünə Vətən hesab edən bütün xalqları birləşdirən ideologiyadır.

14. Azərbaycançılıq – dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzidir.

15. Azərbaycançılıq – ölkədə hüquqi-demokratik dövlətin daşıyıcısı olan Azərbaycan xalqının dövlətçilik ideologiyasının ana xəttidir.

16. “Hamımızın bir Vətəni var. Bu, Azərbaycandır” (Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri).

“Vətən birdir, hamı Vətən uğrunda çalışmalıdır” (Heydər Əliyev, Ümummilli lider).

III. Azərbaycan dövlətçiliyi

17. Azərbaycan dövləti – Azərbaycan xalqının çoxəsrlik ənənələri və tarixi ərazisi olan, ölkənin ərazi bütövlüyünü yaşadan, qoruyub möhkəmləndirən idarəetmə sistemidir.

18. Güclü dövlət, demokratik prinsiplər, milli sərvət, iqtisadi inkişaf və hərbi qüdrət Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasıdır.

19. “Müstəqil Azərbaycan dövlətinin ideya əsası Azərbaycançılıqdır”(Heydər Əliyev, Ümummilli lider).

20. Hərtərəfli dinamik və davamlı inkişaf, birlik, möhkəm ictimai-siyasi sabitlik və modernləşmə Azərbaycan dövlətinin hədəfləridir.

21. Azərbaycan Respublikasının dövlət rəmzləri: himni, dövlət bayrağı və gerbi Azərbaycan vətəndaşı üçün müqəddəsdir.

22. Azərbaycan Respublikasının dövlət rəmzlərini uca tutmaq və qorumaq Azərbaycan vətəndaşının müqəddəs borcudur.

23. Azərbaycanın dövlət himni – Azərbaycan xalqının milli manifesti, səfərbərlik və birlik marşıdır.

24. Azərbaycanın dövlət bayrağı – Azərbaycan xalqının milli istiqlalının rəmzi və müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını əks etdirən əbədi simvoludur.

25. Azərbaycan Respublikasının dövlət gerbi – müstəqil dövlətin varlığını təsdiq edən möhürdür.

IV. Azərbaycan dili

26. Azərbaycan xalqının ana dili olan Azərbaycan dili – Azərbaycan Respublikasının dövlət dilidir.

27. Azərbaycan dili türk mənşəli qədim və zəngin dildir.

28. Azərbaycan dili – Azərbaycan xalqının ana dili və ölkədə yaşayan bütün etnosların – azsaylı xalqların vahid ünsiyyət dilidir.

29. “Ana dilimiz – Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” (Heydər Əliyev, Ümummilli lider).

V. Milli-mənəvi dəyərlər

30. Azərbaycançılıq – xalqın milli-mənəvi özünüdərketmə təlimidir.

31. Əsrlər boyu formalaşıb inkişaf etmiş dayanıqlı adət və ənənələr Azərbaycan xalqının milli sərvətidir.

32. Milli adət və ənənələri qoruyub saxlamaq və yaradıcılıqla inkişaf etdirib möhkəmləndirmək Azərbaycançılıq məfkurəsinin əbədiyaşarlığını təmin etməyin əsas şərtlərindəndir.

33. İslam dini dəyərləri – Azərbaycan xalqının dini mənsubiyyətinin əsasını təşkil edir.

34. Tolerantlıq – Azərbaycanda dinlərarası münasibətlərin və dialoqun dayaq nöqtəsidir.

35. Multikulturalizm – Azərbaycançılığın üzvi tərkib hissəsi və hərəkətverici qüvvəsidir.

VI. Azərbaycan ədəbiyyatı

36. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaratdıqları ədəbiyyatdır.

37. Millilik və bəşərilik, azərbaycançılıq və birlik idealları, habelə yüksək bədiilik Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləridir.

38. Azərbaycan ədəbiyyatı – Azərbaycan xalqının dilində yaranan böyük ədəbiyyatdır.

39. Hansı dildə yazılmasından asılı olmayaraq, azərbaycanlıların ölkənin milli dəyərlərinə və dövlətçilik maraqlarına xidmət edən bədii əsərləri Azərbaycan ədəbiyyatıdır.

40. Azərbaycan ədəbiyyatı davamlı tarixi-ədəbi ənənəsi olan və daim inkişaf edib müasirləşən dayanıqlı ədəbiyyatdır.

41. Azərbaycan xalqının ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsidir.

VII. Azərbaycanşünaslıq

42. Azərbaycanı öyrənmək – Azərbaycanşünaslıqdır.

43. Azərbaycan – ana Vətən və ümummilli ideal; Azərbaycançılıq – milli ideologiya; Azərbaycanşünaslıq – elmdir.

Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişafında böyük ənənələrə malik olan türk və islam sivilizasiyaları, sufizm və hürufizm dünyabaxışı, maarifçilik hərəkatı, ədəbi cərəyanlar: erkən realizm (XVIII əsr), maarifçi realizm (XIX əsr), tənqidi realizm və romantizm (XX əsrin əvvəlləri), ekzisentializm, dekadentizm, postmodernizm, magik realizm (XX-XXI əsrlər) kimi ədəbi cərəyanlar çox mühüm rol oynamış, hər biri yeni ədəbi-tarixi mərhələ, yaxud istiqamət yaratmışdır.

l

Azərbaycan ədəbiyyatı tarixinin  dövrləşdirilməsinin müasir konsepsiyası üçün müəyyən edilmiş meyarlar ədəbiyyatımızın çoxəsrlik tarixində baş vermiş ictimai-mədəni və ədəbi-tarixi proseslərin reallıqlarını, keçilmiş inkişaf yolunun özünəməxsusluqlarını obyektiv şəkildə özündə əks etdirməyə imkan yaradır. Ədəbi-tarixi proseslərin reallıqları dedikdə ayrı-ayrı inkişaf mərhələlərində Azərbaycan ədəbiyyatının təbii məntiqindən, daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Qeyd olunan prinsiplər: azərbaycançılıq, sivilizasiya amili, ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları Azərbaycan ictimai-mədəni fikrinin və ədəbiyyatının əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca məzmununu, əsas inkişaf istiqamətlərini müəyyən etməyə imkan yaradır.

Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinin dövrləşdirilməsi üçün zəruri olan bu prinsiplər müəyyən olunarkən ölkə ədəbi-ictimai fikrinin reallıqları və dünya elmi-nəzəri təlimlərinin təcrübəsi yaradıcı şəkildə öyrənilərək nəzərə alınmışdır. Adı çəkilən prinsiplərdən hər biri Azərbaycan ədəbiyyatı və ictimai fikrinin əsas istiqamətverici faktorları, azərbaycançılıq isə baş meyarıdır.

Azərbaycan ədəbiyyatı tarixinin aşağıdakı yenidən dövrləşdirilməsi ilk növbədə ölkəmizin və milli ədəbiyyatın reallıqları və dünya ədəbiyyatında gedən proseslərin əsasında formalaşdırılmışdır:

1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan – eposa

2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər).

3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).

4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).

5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).

6. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatı və maarifçi realizm dövrü (XIX əsr).

7. Tənqidi realizm və romantizm epoxası (XIX əsrin 90-cı illərindən 1920-ci ilə qədər).

8. Azərbaycan ədəbiyyatında sosialist realizm mərhələsi (1920-1960).

9. Milli-mənəvi özünüdərk və istiqlalçılıq dövrü (1960-1991).

10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).

Azərbaycan ədəbiyyatının dövrləşmə konsepsiyasının hazırlanması və inkişaf mərhələlərinin müəyyən edilməsi məsələləri Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin (23 sentyabr 2015-ci il), Humanitar Elmlər Bölməsinin (18 may 2015-ci il) iclaslarında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasında (18 mart 2015-ci il və 13 oktyabr 2017-ci il) ölkəmizin elmi ictimaiyyəti ilə, Beynəlxalq Türk Akademiyasının seminarında (Astana, 5 oktyabr 2015-ci il) Türk Dünyası Elmlər Akademiyaları Ədəbiyyat İnstitutlarının direktorları ilə birlikdə geniş müzakirə olunmuş, təkmilləşdirilərək dəqiqləşdirilmişdir.

Yekun qənaət: Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyasının və inkişaf mərhələlərinin yeni təsnifatının meydana çıxması ölkəmizdə bərqərar olmuş və inkişaf edən dövlət müstəqilliyinin yaratdığı obyektiv elmi-ictimai şəraitin və doğurduğu idealların nəticəsidir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10