Ədəbiyyatdan və əbədiyyətdən dərs deyən müəllim –  Həzi Həsənli

370 Baxış

16900409_585004238364907_1404692005_n

Əli müəllim Tanrının verdiyi ömür payını yaşayıb dünyadan köçdü. Ömrünün 79 – cu ilində öz cəfasından, söz səfasından ayrıldı. Onun imzası Borçalı ədəbi mühitində yaxşı tanınır. Bənzərsiz şeirləri qədirbilən oxucular üçün ən qiymətli bir sərvətə çevrilib. O, oxucu qəlbinə yol tapa bilən qələm sahibi idi. Özünəməxsus yaradıcılıq baxışları ilə sevilirdi, seçilirdi.

1957 – ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi.Təyinatla doğma kəndi Faxralıda dil – ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdı. Əli müəllim gəlişi ilə kənd məktəbinə yeni ab –  hava gətirmişdi. Onun şagirdləri şeir – sənət havası ilə nəfəs alırdılar. Getdikcə ədəbiyyat fənninə maraq göstərən şagirdlərin sayı artırdı. Bunu ona görə deyirəm ki, Əli müəllimə qədər Faxralı kənd orta məktəbində əsasən riyaziyyatçılar nəsli yetişirdi.

Dərs danışanda sanki anadillər kimi nəğmə oxuyurdu. Səsi – nəfəsi şagirdlərin münbit qəlbini isindirirdi. Şeir söyləyəndə sinif otağından dağların, güllü – çiçəkli çəmənlərin,  səfalı yaylaqların ətri gəlirdi. O, təkcə müəllimlik borcunu yerinə yetirməklə kifayətlənmirdi. Ədəbiyyat adına, sənət adına nə vardısa şagirdlərin malı edirdi. Dram əsərlərinin səhnələşdirilməsində çox cəfakeşlik göstərirdi, məktəbdə dram dərnəyi yaratmışdı. Yaxşı yadımdadır, Səməd Vurğunun “Vaqif” dramına elə bir quruluş vermişdi ki, peşəkar rejissor işindən geri qalmırdı. Özünün yaratdığı Qacar obrazı hələ də gözlərimdən getməyib. Korifey sənətkarların yaratdığı Qacarla tən gəlirdi Əli Səngərlinin Qacarı.

Onun kitabları oxucuların rəğbətini, sevgisini qazanıb.  Bu kitablar onun yaradıcılığının parlaq səhifələridir. Eyni zamanda şeirsevərlər qarşısında yaradıcılıq hesabatıdır. Şair Əli Səngərlinin keçdiyi yaradıcılıq yoluna güzgü tutmaq, ömrünün yaşanmış dünənlərindən söhbət açmaq, kövrək xatirələr qanadında oxucuların görüşünə gəlib söz deməyə ehtiyac duydum.

Əlimi qələmə çatdırdığına görə ustadım Əli Səngərliyə borcluyam. Beləcə, mənə yazmaq öyrədənin özü haqqında yazmaq istəyim gəldi… özü də bir ömrün dünya ayrılığından sonra. Ürəkdən gəlməyəni ürəyin malı etmək mənim üçün dünyanın ən dözülməz əzabıdır. Bu dünyada ən çətin yol oxucu ürəyinə gedən yoldur. Bu yolu ürəklə getmək üçün yaxşı ürək sahibi olmaq lazımdır. Yol ürəklə gediləndə Tanrı dağlarının üfüqlərinə də çatmaq olar.

Əli Səngərli oxucu ürəyinə gedən yollar yorğunu idi. Ömrüboyu ürəklə baş – başa, könüllə qoşa yaşadı. Şöhrətdən gen gəzdi, sərvətdən umacağı olmadı. Sözün zərgəri olan ucuz şöhrətə baş əyməz ki…

Əli Səngərli Faxralının gözəl təbiətinin şeiriyyətini  də ipə – sapa düzdü. Şeirin naxışını təbiətin özü kimi bəzədi. Süni boyaların ömrü bir günlükdür, ustad şairin söz gülşənindəki naxışların rənginə, boyasına isə ömürdən ömür calanar. Şeirlərini gecə oxusam da, sanki dan yeri ağaranda heyranlıqla sübhün işığına bələndim:

Bahar gecəsidir… Dağlar dalından

Axır, yuvarlanır Ay sinə – sinə.

Açıb pəncərəni bir gözəl baxır,

Nə gözəl yaraşır boy sinəsinə.

Uzaqda bir bulud çatıb qaşını,

Ağlayıb gözünün tökür yaşını.

Sellər qayaların sökür daşını,

Keçir kəndimizdən çay sinə – sinə.

Bir ulduz uzaqda əriyir, axır,

Göy də guruldayır, şimşək də çaxır.

Yel əsir, gül üzlüm güldana baxır,

Çiçəklər sığınır yay sinəsinə.

Sanki sərxoş olur göy birdən – birə,

Sınır piyaləsi, tökülür yerə.

Səngərli, islansan, çat o dilbərə,

Üşüsən üzünü qoy sinəsinə.

Faxralı ünlü saz məkanı, dürlü söz məmləkətidir. Şair Nəbi Miskini yetirən kənddir  Faxralı. Bu qədim – qayım  eldə neçə – neçə dəyərli insanlar yaşayıb,  xoş xatirələri qoyub köçüblər bu dünyadan… Onlardan biri də şair Əli Səngərlidir. Səngər Faxralını ağuşuna alan  silsilə dağlardandır.  Şair qayalara, dağlara söykənər, o da kürəyini və ürəyini Səngər dağına söykəyib Səngərli olmuşdu. Tarixin sevincini, qəmini, hikmət aləmini, müdriklik dəmini duya – duya yaşadı, yaşada – yaşada duydu Əli müəllim. Dəyərli sözlərdən yükünü tutan kitablarının qiyməti yoxdur. Dahi şəxsiyyətlərdən biri haqlı olaraq deyib ki, “ kitab həyatın uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır”. Doğrudan dahiyanə fikirdir! O da var ki, “ Ən müqəddəs kitab insanın özüdür”. Əli müəllim mənim üçün müqəddəs bir kitab idi.

Əli Səngərlinin kitablarını oxuduqdan sonra bu qənaətə gəldim ki, oxucularının əzəli, əbədi mükafatını qazansa da, layiq olduğu ədəbi mükafatını qazanmaq qismətində bulunmadı. Ömrünün sonunadək əyalətdə yaşadı. Kənd məktəbində dil – ədəbiyyat müəllimi işlədi. El – oba, yurd sevgisi onu kosmopolit şəhərlərdən çəkib ana kəndinə gətirdi. Bəlkə də şəhərdə yaşayıb işləsəydi, şair kimi də, alim kimi də adının yanında titulları olardı. O, universitetdə Mir Cəlal Paşayev,  Əli Sultanlı, Məmmədhüseyn Təhmasib kimi ustad müəllimlərdən dərs almışdı. Hələ tələbə ikən Roma və Yunan ədəbiyyatından  etdiyi tərcümələr mərhum professor Əli Sultanlının nəşr etdirdiyi “Roma” və “Yunan” ədəbiyyatı müntəxəbatı  kitablarında, eləcə də SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi əsərlər kitablarda işıq üzü görərək bu gün də filologiya fakültələrində tədris olunmaqdadır.

 Əlbəttə, Bakıda qalıb fəaliyyətini davam etdirsəydi, daha böyük uğur qazanardı. Amma özünün yazdığı kimi, ata yurdundan ayrıla bilmirdi:

Bir arzu başına qaldırıb məni,

İstəyir Bakıya ata yurdumdan.

Oylaqlar sarmaşıb ayaqlarımdan

Mən necə ayrılım ata yurdumdan?!

Yüküm şərəflidir, hər qanadımdan

Bir qoca asılıb torpağa bağlı…

Deyin, yurddan – yurda köçmək olarmı,

Dərəli, təpəli, meşəli, dağlı?!

Adını yaşatdığı Səngər dağının özü kimi qocaldı və ucaldı. Ömrünün sonuna kimi yaddaşından, qocalığından gileyləndiyini görmədim. Əksinə, “Sevə – sevə bu dünyanı qocalıram”, – yazırdı. Orta məktəbdə bizə dərs verdiyi illəri elə yerli – yataqlı xatırlayırdı ki, sanki hər şey dünən baş vermişdi. Deyirdi: -  A bala, o vaxt səni inadkarlığın üstündə çox danlayırdım. Şeirlərində yeni nəfəs dərirdin, özünəməxsus yazırdın. Mən də o yeniliklərin sağlam ruhda olmasını arzulayırdım. Sonra Bakıdan sən mənə bir məktub yazmışdın. Qeyd edirdin ki, filan şeirin xoşuma gəldi, filan yox… Sən öz yolunla gedirdin. O zaman universitetin jurnalistika fakültəsinə qəbul olunmaq çox çətin idi. Sən o çətinliyi dəf edib uğur qazandın və mənim etimadımı doğrultdun. Sənin uğurlarına sevinirdim. Oxumağına, yazmağına söz ola bilməzdi. Mən o vaxt da deyirdim, indi də deyirəm, şagirdlərim arasında hala beşi sənə yazmışam.

Şagirdinin uğurlarına sevinmək müəllimin böyüklüyüdür. Böyük ürək sahibi olan Əli müəllim danışdıqca xəyalən artıq keçmişdə qalmış, əl  çatmaz, ünyetməz  çağlarıma qayıdırdım…

Əli müəllimin yaddaşı iti qalmışdı. Min bir dərdin bir dərmanı olduğu kimi yaddaşı iti saxlamağın da bir dərmanı var, o da sözdü deyirdi. İsti sözlərinin içində bolluca ziyalılıq işığı vardı. Ona görə də sözü – söhbəti adamı maqnit kimi çəkirdi. Deyirdi ki, yüksək mənəviyyatın əsas meyarı əxlaqlı olmaqdır. Mənəviyyatsızların önündə Əli müəllim çox güclü görünürdü. Məndə də o vaxtdan əminlik yaranmışdı ki, Əli müəllimdən halal qiymətimi almışam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyanda aldığım beşin halallığını dönə – dönə təsdiq etmiş oldum. Buna görə də Əli müəllimi həmişə qədirbilənliklə anıram. Çünki o, mənə həm ədəbiyyatdan, həm də əbədiyyətdən dərs deyib.

Sözlə insanı dost da etmək olar, düşmən də. Əli müəllim məni uca sözlə özünə dost etmişdi. Onun öz dünyası, dürlü – dürlü söz dünyası vardı. Könüldolusu, gözdolusu, sözdolusu bir dünyaydı Əli müəllim. Onu xatırladıqca, ürəyimdən keçənləri oxuculara ərmağan etməklə öz vəfa borcumdan çıxmaq istədim:

Gözün aydın olsun, ay şair ustad,

Həsrət gözlərimə şeh düşdü, gəldim.

Könlüm xatirənlə yaşayır, ustad,

Təşnə ürəyimə meh düşdü, gəldim.

Ustadın duası bənzər əzana,

Arzusu gül açar, dönməz xəzana.

İlqarı itirsəm gəlləm cəzana,

Ötənlər könlümdən ötüşdü, gəldim.

Halallıq almışam ustad möhrünnən,

Halal dərs almışam onun qəhrinnən.

Şagird ülfətinnən, ustad mehrinnən

Ayrılan cığırlar bitişdi, gəldim.

Saz – söz beşiyidi bizim bu ellər,

Burdan ayrılanda yanar könüllər.

Anam tək çağırdı bu anadillər,

Bildim ana qoynu behişdi, gəldim.

Xeyli uzaq düşdüm, qərib dolandım,

Bir nadan sözündən qəlbim bulandı.

Gün aya, ay da ki, ilə calandı,

Bu da bir tarixdi, yetişdi, gəldim.

O yerlərdə mən gedəndə  bahardı,

Özüm ki getmədim, yollar apardı.

Məni arzularım başa çıxardı,

Başım başsızlarla didişdi, gəldim.

Şairi duyammaz daşürəklilər,

Ürəkdən nifrəti şeiriyyət silər.

Bunu bir Səngərli, bir Həzi bilər –

Könlüm həsrətimlə öpüşdü, gəldim.

KÖŞƏ YAZARLARI
TOP 10