Ədəbiyyatın hürriyyəti-hürriyyətin ədəbiyyatı – Nizami Hüseynov

7 Baxış

aaaaaaaaaaaaaaaaaaaa

Hürr olmaq gözəldir, hürr olan gözəldir, hürriyyət gözəldir.

İdeyada, düşüncədə, biləklərdə, ürəklərdə hürriyyətimizi keşməkeşli XX əsrdə iki dəfə dada bilmişik. İlk dəfə Rəsulzadələrin, Topçubaşovların, Xoyskilərin qeyrəti və cəsarəti hesabına, ikinci dəfə 100 minlərin canı-qanı hesabına. Şərqin ilk cümhuriyyəti – Müstəqil Azərbaycan bugünkü Azərbaycanın təməlidir. 1918-ci ilin 28 may tarixi isə anamızın doğum günü qədər önəmli, övladımızın ad günü qədər dəyərlidir. 28 may cəmin hürr olduğu hürriyyət günüdür. 28 may – hürriyyət bayramıdır.

Cümhuriyyət 23 aylıq çocuq ömründə zindandan qurtulmuş insan kimi üst-üstə qalaqlanmış  arzularını həyata keçirmək üçün yol almışdır. Bu 23 ay təkcə siyasi azadlıq deyil, həm də fikir azadlığını doğurmuşdur. Sənət müstəqilləşmiş, ədəbiyyat hürriyyətinə qovuşmuşdur.

XX əsrin ortalarında Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi ürək ağrıdır. Təkcə Azərbaycanda deyil, bütün sovet respublikalarında eyni qəlibdən çıxmış “traktorlu”, “kombaynlı” əsərlər yazılıb. Ayrı-ayrı onilliklərdə tələblər dəyişdikcə kütləvi axın da bu tələblərə uyğun yönəlmişdir. Çingiz Aytmatovun “Cəmilə”si ilə İlyas Əfəndiyevin “Körpüsalanlar”ı arasında çox ciddi mövzu bağlılığı var. Hər iki müəllifin yaşadıqları mühitə uyğun olmayan, guya lirik düşüncələrin təsviri olan bu əsərlər də sovetin yeni tələbinin nəticəsi deyilmi? Yaxud uzun illər bizə sovet senzurasından qorxmadan “yeni nəsil” və “yeni nəsr” yaratmış kimi təqdim olunmuş ədəbiyyatçılar “tələblərin şəxsiyyətə pərəstişdən şəxsə düşməsi”ndən yaranmış ədəbiyyat deyildimi?

Oysa, gözəlim cümhuriyyətdə yaranan ədəbiyyat özündən əvvəlki və sonrakı bütün ədəbiyyatlardan fərqlənir. Bu ədəbiyyat hürriyyətin ədəbiyyatıdır. Bu ədəbiyyat azadlığın özüdür, müstəqilliyin nəğmələridir.

İnsanı yaşadan sevgidir. İnsanlığı irəliyə aparan “eşq”dir. Ailəni zorluqlardan və çətinliklərdən çıxaran, dostluğun möhkəm bağlarını quran, insanı Tanrıya – Tanrını insana cəzb etdirən də eşqdir. Eşq ünvanlarının müxtəlifliyidir ki, eşqə baxış da fərqlidir. Ədəbi klassiklərimizdən olan Seyid Əzim Şirvani bir qəzəlində yazır ki:

Şaxi gül qoyma sala sayə sənə bağ içrə,
Bu nəzakətlə, gülüm incidər ol sayə səni.

Sevginin beləsi möhtəşəmdir. İncəliyə bax, zərifliyə bax ki, şair gül budağının kölgəsinin yarına ağırlıq edəcəyindən, bu incəlik və zərifliklə kölgədən əziyyət görəcəyindən qorxur.

Sevgi adı gələrkən Füzulini xatırlamamaq olmaz. O Füzuli ki, Tanrının dərdindən dəlidir-divanədir. Sevgilisi, canı, cananı hər şeyi tanrıdır Füzulinin. Bütün məhəbbəti onadır. Məcnunun Leylası da elə büt sifətlidir, Leyla Tanrının təcəssümüdür Məcnun üçün. Füzulinin tək sərvəti eşqdir. Üstəlik onun eşqi dünyada üç nəfərlik məhəbbət simvolları olan Məcnundan da, Vamiqdən də, Fərhaddan da üstündür, çünki o Allahı sevir. Füzulinin fəxr etdiyi də elə bu eşq dərdidir:

Eşqi dərd ilə xoşam, əl çək dərdimdən, təbib,

Qılma dərman kim, həlakim zəhri-dərmanındadır.

Bir də bu sevgilərə qarşı Cəfər Cabbarlının sevgisi var. Ağılalmaz bir sevgi. O sevgi ki, ünvanı “Bayraq”dır. Cəfər bəy bayrağı bir gözəl qız kimi, mələksima kimi, təqdim edir. Görün nə deyir:

Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

Cəfər Cabbarlının tərənnümünü necə axıcıdır. Necə ürəyəyatımlıdır.

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yıldızlardan hilaldan da yüksəklərdə fırlanıyor.

1918-ci il hürriyyətini də gətirən elə bu sevgi deyildimi? Başlarına gətirilən bu qədər faciələrdən sonra, hətta nələrin olacağını bilə-bilə bu qanlı savaşa girən ürəklər vardı. Şanlı tariximizin şanlı insanları – Rəsulzadələr, Topçubaşovlar, Yusifbəylilər, Mirzə Balalar var idi. O şəxslər ki, ailələrini, maddi-mənəvi bütün sərvətlərini, həyatlarını itirməyi gözə almışdılar. Azadlıq aşiqi olan bu insanlar qorxu, məhrumiyyət, dözülməz işgəncələr altında müstəqil dövlət qurmağı bacarmışdılar. Rəsulzadənin “Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün… nə qədər töhmətlərə məruz qaldıq…” – fikirləri də aydın deyir ki, bu insanlar hansı çətinliklərdən keçiblər.

Başlarına gətirilən faciənin miqyasını, bəlkə də, heç bir müsavatçı düzgün təxmin etməmişdi. Rəsulzadə 19-ca yaşında güllələnən oğlunumu, dərdə dözməyib ürəyi partlayan qadınınımı, 1943-də Şamaxıda itkin düşən və bir daha xəbər alınmayan qızınımı düşünə bilərdi 1918-də? Ya ruhuyla, qanıyla, canıyla istiqlala bağlı Əhməd Cavad fikirləşərdi ki, onun şeirləri yoldaşının, övladlarının başına hansı faciələri gətirəcək.

Olan və olacaq qorxular isə cümhuriyyət mücahidlərini yolundan döndərə bilməzdi. Cümhuriyyətçilər 23 ay ərzində 92 adda mətbuat orqanının fəaliyyətinə meydan açdılar, nəşriyyatı gücləndirdilər, universitet təsis etdilər, iqtisadiyyatı dirçəltdilər, siyasi sferada ciddi uğurlar qazandılar və daha nələri yoxdan var edə bildilər.

Bəs bu dövrdə siyasi, iqtisadi, elmi sıçrayışların yaşandığı bir vaxtda ədəbiyyatda nə baş verirdi? Kim nədən yazırdı? Cümhuriyyət dövründə Azərbaycanda iki ədəbi cəmiyyət yarandı: “Qırmızı qələm” və “Yaşıl qələm” birlikləri. Ədəbiyyatın bu formada “rənglənməsi” onun inqilabi qolu ilə, turançılıq və müsəlmançılıq qolunun ifadəsi idi.

1918-1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar.

Hal-hazırda yazacağım fikirlər bəlkə də obyektivlikdən uzaq olar, amma bütün ədəbiyyat tariximizi vərəqlədikdə dünyaya açıla biləcək az sayda bədii nümunələrə rast gələ bilirik. Süni sovet ruhuyla yazılmış əsərlərimizin heç biri Avropanı dolaşa bilməz. Amma analoji mövzular içərisində dünya ədəbi nümunələrini belə üstələyəcək möhtəşəm bir sənət əsərimiz var bizim. Cavid Əfəndimizin “İblis” faciəsi. O “İblis” ki, müəllifin 31 mart sıyqırımından son anda qurtulmasından sonra olan təxəyyülünün məhsuludur, o “İblis” ki, Dantelərin, Lermantovların, Bulqakovların iblislərindən daha uğurlu işlənmişdir. O “İblis” ki hürr Azərbaycanın ilk dram əsəridir. “İblis”in müəllifinə – Cavidə isə biz hansı dəyəri vermişik? Biz – yəni insanlıq Cavid əfəndini əl üstündə tutacaqkən, onu başımıza tac edəcəkkən sürgündə ayağında qadın corabları ilə ölməsinə göz yummuşuq. Hüseyn Cavidin “İblis” əsərində tənqid tarixində ikili mövqe bu gün də qalmaqdadır. Dramaturqun “İblis” faciəsinə ziddiyyətli münasibət olsa da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır: “Cavidin “İblis” faciəsini ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm. Cavid Bakıda Nikolayevski küçəsində yerləşən “Təbriz” hotelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi…. Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsirlər altında yazmışdı”.

Dövrün qabaqcıl şairlərindən biri Məhəmməd Hadidir. Romantik şairin “Əsgərlərimizə, könüllülərimizə”, “Məfxureyi-aliyəmiz”, “Şühədayi- hürriyyətimizin əhvalinə-ithaf” kimi şeirlərində əldə edilən milli azadlıq haqqında və bu azadlığın qorunub saxlanmasının daha da önəmli olması haqqında fikirlər yer alır:

Sizinlə buldu bu millət həyati-püriqbal.

Sizinlə buldu bu millət şərəfli istiqlal, –

deyə şair istiqlal qurbanlarının rolunu da yüksək qiymətləndirir.

Məhəmməd Hadi bolşeviklərin hakimiyyəti qəsb etməsinə, cümhuriyyətin süqutuna dözməyərək mübarizə yoluna keçmiş, Gəncə üsyanında iştirak etmiş, amalı uğrunda da həlak olmuşdur.

Xalq Cümhuriyyətinə bəslədiyi ehtiramı əsərlərinə köçürən digər qələm sahibimiz Abdulla Şaiqdir. “Yeni Ay doğarkən”, “Marş”, “Vətənin yanıq səsi”, “Arazdan Turana” və digər şeirləri ilə Abdulla Şaiq hürriyyətin nəğməkarlarından birinə çevrilmişdir:

Haydı, yola çıxalım, haqsızlığı yıxalım,

Turanda gün doğunca, çarpışalım.

Marş iləri, iləridə cənnət kimi çəmən var.

Günəş orda həp doğar, səadət orda parlar.

Azərbaycan ədəbiyyatı tarixində “istiqlal şairi” kimi tanıdığımız Əhməd Cavadın yaradıcılığında ölkədə milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir. Şairin “Türk ordusuna”, “Şəhidlərə”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “İngilis”, “İstanbul”, “Bakı deyir ki” və başqa şeirlərində vahid ideya – cümhuriyyətin tərənnümü özünə yer tapmışdır. Əhməd Cavadın da nazlı-qəmzəli, işvəli sevgilisi üç rəngli bayrağımızdır:

Hakim olub bir toprağa,
Ona etmək böylə naz
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?

Milli hökumətin yarandığı illərdə özünə Respublikanın bir parçası olmağı, dəstək olmağı vəzifə bilmiş, ilk parlamentimizin stenoqrafı kimi çalışmağa başlamış Cəfər Cabbarlı şeirləri ilə də mənəvi borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin tərənnümü Cabbarlının dilindən düşməmişdir. Şairin yuxarıda nümunə gətirdiyimiz “Azərbaycan bayrağına” şeiri elə kifayətdir ki, müəllifin duyğularını açıq-aydın hiss edə bilək. Cabbarlı bu şeirdə üç rəngli bayrağımızı qarşısına alıb qız kimi oxşayır. Bir qadının saçını, qaşını, gözünü mənalandırarsan, gərdəninə, dodağına, telinə şeir qoşarsan, Cəfər Cabbarlı da bayrağa şeir yazır, onu belə mənalandırır:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya İslamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı!

Səkkiz uclu şu yıldız da səkkiz hərfli od yurdu,

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi

Səhərlərə uçmuşdur.

Cümhuriyyət süqut etsə də, Cəfər Cabbarlı susmur, mübarizəsini davam etdirir. Mirzə Bala Məhəmmədzadə ilə birlikdə hələ bir neçə il gizli və açıq şəkildə “Müsavat”ın yolunu davam etdirməyə çalışır, həbs olunur – susmur, təkrar həbs olunur – yenə də mübarizəsindən dönmür. Və elə vaxtsız vəfatı səbəbidir ki, Cəfər Cabbarlı repressiyanın qurbanına çevrilmir.

Xalq Cümhuriyyətinin köməyini üzərində hiss edən, onun dəstəyi ilə xaricdə təhsil alan Əli Yusifin “Azərbaycanlıya”, “Bayraq”, “İdeal”, “Bir türk yanqısı deyir ki”, “Qarabağ xainlərinə” və s. şeirlərində xalq, millət, vətən sevgisi əsasdır.

Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin “Əsgər anasına”, “Çəkil, dəf ol”, “Bir mayıs günündə”, “Yolunu bəklərdim” şeirlərində hürriyyətinə qovuşmuş Azərbaycana məhəbbət, Vətənin sabahı üçün narahatlıq, xalqına çətin anda köməyə gələn Türk ordusunun dayaq olmasından yaranan qürur hissi və bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır. Onun şeirlərində eyni zamanda ölkədə Xalq Cümhuriyyətinin süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapmışdır.

Cavid, Əli Şövqü, Əli Yusif, Cəfər Cabbarlı, Əhməd Cavad, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər.

Cəlil Məmmədquluzadə bu illərdə yazılmış hekayələrində qadın azadlığı (“Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”) problemlərinə toxunur. “Zırrama” hekayəsində mənfi əxlaqi keyfiyyətlər tənqid olunur.

Ə.Haqverdiyevin “Mirzə Səfər”, Seyid Hüseynin “Həzin bir xatirə”, “İsmailliyə” hekayələri diqqəti cəlb edir.

Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinci dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir.

Ağababa Yusifzadənin “Sınan qanad” romanında xalqın, millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri, vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir.

Cümhuriyyət dövründə ədəbiyyat yeni istiqamət aldığı kimi, ədəbi tənqiddə yeniləşmiş, inkişaf yoluna qədəm qoymuşdur. Bu özünəməxsusluğun əsasında ilk dəfə olaraq ədəbi-bədii irsin milli ideologiya müstəvisində təhlili dayanırdı. Eyni zamanda ədəbiyyatın diqqət mərkəzinə çəkilmiş problemlər daha operativ şəkildə həll olunurdu. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür.

Məhəmməd Əmin Rəsulzadə ədəbiyyatın rolunu belə qiymətləndirir: “Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur” və “Qurtuluş günü” məqaləsində yazır: “Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”

Cümhuriyyət illərində “Yaşıl qələm” birliyi yaranmışdır ki, onun da təməlini qoyan Seyid Hüseyndir. Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və başqalarının toplaşdığı bu ədəbi birlik Azərbaycan ədəbiyyatındakı yeniləşmə meyillərini qüvvətləndirməyə, ədəbi dilin sadələşməsinə, ideologiyanın türkləşməsinə xidmət etmişdir.

Bu dövrün ən önəmli tənqid əsərlərindən biri 1919-cu ildə Yusif Vəzir Çəmənzəminli tərəfindən qələmə alınmış “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafiyasıdır. Digər bir araşdırmaçımız, repressiyanın ilk qurbanı olan Firidun bəy Köçərli isə hələ XIX əsrin sonlarından bəri üstündə çalışdığı “Azərbaycan ədəbiyyatı tarixi” ilə bağlı araşdırmalarını genişləndirmiş, eyni zamanda “Azərbaycan teatrının ədəbiyyatı” əsərini rus dilində nəşr etdirmişdir. Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b. Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ etmək məqsədilə bir sıra məqalələr, kitablar çap etdirmişlər.

Bu fəaliyyət cümhuriyyətçilər nəsli tərəfindən uzun müddət davam etdirilmişdir. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Ceyhun Hacıbəyli və başqaları mühacirət həyatlarında da öz ənənələrinə sadiq qalmışlar. Onlar sovet dövründə yazılmış bədii əsərlərə sovet tənqidçilərindən fərqli olaraq obyektiv qiymət vermiş, əsərlərin bədii məziyyətlərini sifariş əsasında yox, bədii dəyərlər aspektindən təhlil etmişlər. M.B. Məhəmmədzadə 1920-30-cu illərdə sovet Azərbaycanında ədəbi prosesi diqqətlə izləmiş, mətbuatda çıxan tənqidi məqalələri oxumuş, “Yeni Qafqazya”, “Azəri Türk”, “Odlu Yurd”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş” kimi mühacirət mətbuatı orqanlarında tənqidi məqalələrlə çıxış etmişdir. Onun bu illər ərzində yazılan ədəbi-tənqidi məqalələrinin əksəriyyətində proletar-bolşevik rejiminin təsiri ilə Azərbaycan ədəbiyyatında baş verən dəyişikliklər, yeni ədəbi istiqamətlər təhlil olunmuşdur.

Cümhuriyyət özündən sonra 100 illər boyu unudulmayacaq dərin izlər qoyub getdi. Cümhuriyyət bu gün də bizə vətənpərvərlik, fədakarlıq, canından, qanından vətən yolunda keçə bilmək dərsi qoyub getdi.

Bizim də o fədakar insanlar qarşısında özümüzdən bir gözləntimiz var: “Eşqimiz tükənməsin”.

Mənbə: “Ustad” jurnalının 13-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10