Ədəbiyyatın kənizlik eqosu

76 Baxış

Arif AlimAdını hansı “izm”lə yamayırsan, yama, intellekt nəfəsinin içində üzən söz öz çəkisini fikir tərəzisində bəlli edir. Allahın yaradılış hikmətindəndir ki, beyin və mədə insanın anatomik quruluşunda eyni meridianın ayrı-ayrı dərəcələrini paylaşır. Və həmin hikmətin rasional xülasəsidir ki, beyinin faydalı iş əmsalı mədənin istək impulslarını yanacaq kimi istifadə edir. Sözügedən meridianla kəsişməyən orqan isə ürəkdir. Şərq təfəkküründə elə birincisi Füzuli misalı ki, ürəklə ağıl antoqonizmi özünü göstərir. Yəni söz o vaxt söz olur ki, ağılla işi olmasın, keçsin ürəyin süzgəcindən. İşdi, ağıl nəsə şuluqluq eləsə, nəzərə alın ki, burda mədənin rolu var.

Sözümün canı ondadı ki, gərək “mərifətin” ən yüksək zirvəsi deputatlıq “iddiası” olmaya. Məsələn, rəhmətlik Hüseyn Arif deyib ki, “Ağamusa Axundov şeir yazırdı, şair ola bilmədi, getdi professor oldu” və sairə.

Ədəbiyyat gərək kənizlik statusunu daşımaya. Tarixi retrospeksiya maraqlı (əslində dəhşətli!) məsələlərin (oxu: cinayətlərin!) üstünü açır. Babamın həsrətlə xatırladığı sovet  dönəmində ədəbiyyat “müsbət”“mənfi” qəhrəmanlara, “mütərəqqi”“mürtəce” şairlərə bölünmüşdü. Bütün dünya ədəbiyyatı bir-birinə qarşı dayanan iki fərqli dünyagörüşün mübarizəsinin təsvirindən ibarət idi sanki. Və birdən göy guruldadı, ildırım çaxdı, məlum oldu ki, ey dili qafil, sən demə, ədəbiyyatın mərkəzində İNSAN dayanıbmış. Və o İNSAN Bisütun dağını aylıq əmək haqqı üçün yarmırmış. Fərhadın yatsa da, yuxusuna “əməkçi insan surəti” olmaq məntiqi (məntiqsizliyi!) girməzmiş. Məlum oldu ki, Nizami Gəncəvi Marksın heç bir əsərini mütaliə eləməyib. Və yaxud Məcnun səhrada sosialist ideologiyasının əsaslarını axtarmayıb…

Ssenari müəllifi Mövlud Süleymanlı, rejissorları Ceyhun Mirzəyev və  Vaqif Mustafayev olan “Bəyin oğurlanması” filmində İsrafilin (Yaşar Nuri) dediyi “getdilər şəhərə mikrorayon tikməyə” ifadəsi bütün nomenklatur ədəbiyyata və təfəkkürə açıq etirazın nümunəsi idi.

Və mənə elə gəlir ki, müstəqil Azərbaycanın əsası 60-cı illərin əvvəllərində o vaxtkı yeni söz nəsli tərəfindən qoyuldu. Ona görə yox ki, onlar daha istedadlı idilər. Ona görə ki onlar daha cəsarətli idilər.

P.S. Qərb “Dekameron”la  XIV əsrdən boyunduruğunu qırıb tulladı. Bu boyunduruğun sahibi kilsə idi. Və sonrakı texniki və zehni icadlar həmin paradiqma dəyişkənliyinin birbaşa nəticəsi kimi ortaya çıxdı. Qərbdə kilsənin yaratdığı buxovları şərqdə din tətbiq etmirdi. Və ya etməməli idi. İslamın verdiyi ideyalar və inkişaf istiqamətləri niyə müsəlman şərqinin mədəni İntibahını yaratmadı, işin müstafası bu…

P.S.S. Mirzə Cəlilin Şeyx Nəsrullahı ədəbiyyatımızın Molla İbrahimxəlil məntiqinin davamı və yeni kəşfi idi. Ədəbiyyatın “Şeyxi” daha qorxuludur.

 

 

 

Bölmə : Arif Alim
KÖŞƏ YAZARLARI
TOP 10