“Ədəbiyyatın yüz nəhəng qəhrəmanı” Karmen – Günel Eyvazlı

5 Baxış

gunel1

Senet.az oxucularına “Ustad” jurnalından Günel Eyvazlının tərcüməsində “”Ədəbiyyatın yüz nəhəng qəhrəmanı” Karmen” yazısını təqdim edir.

Üç mart 1875-ci ildə teatr səhnəsində Paris opera-komiki – “Karmen”in premyerası keçirilir. Üç aydan sonra, 3 iyun 1875-ci ildə “Karmen”in yaradıcısı J.Bize ürək tutmasından dünyasını dəyişir. Onun ürəyi operanın uğurunun vurduğu dəhşətli zərbəyə dözə bilmir. İl yarımdan sonra P.İ.Çaykovski operanın ilkin quruluşunun tamaşaçısı  olur. Məhz həmin gündə ürəyini fəth etmiş N.F. fon Mekkə  məktub ünvanlayaraq bunları yazır: “Kim bilir, bəlkə onun ölümünün səbəbi operanın uğurudur?… Mən əminliklə söyləyə bilərəm ki, on ildən sonra “Karmen” şərhsiz olaraq şedevr hesab ediləcək… Düşünürəm ki, bu, bütün qərinələrin diqqətini özünə cəlb edə biləcək nadir sənət nümunəsi olacaq”.

Pyotr İliçin fikirləri öz isbatını tapır. Dövrümüzün bütün opera səhnələrinin repertuarlarında “Karmen” özünün dəyişilməz izini sala bilir. Onunla yalnız C.Verdinin “Traviata” və “Aida” operaları rəqabət apara bilər.

Karmen məşhur qadın obrazı olaraq dünya mədəniyyəti siyahısında öz yerini tutur. Necə deyərlər – bağışlanmaz gözəllik mücəssiməsinə çevrilir. Onu bəzən Fausta, Don Juana bərabər qəhrəman kimi qələmə verməyə çalışırlar. Halbuki, Karmeni ədəbiyyat təsviri deyil, operaya gəlişi məşhur edir.

“Karmen” operası novelladan qoparılmış bir neçə hissə ilə yaradılmış sənət nümunəsidir. Məhz bu məziyyətlərinə görə Bizenin yaratdığı Karmen, Merimenin Karmenindən kəskin şəkildə fərqlənir. Təəssüf ki, operanın Karmenə gətirdiyi cazibə və parıltı ədəbiyyatçıların da başını gicəlləndirərək, onların özlərindən asılı olmayaraq Merimenin Karmenini opera Karmenindən itələməyə sövq edir. Onlar təbiətən Karmenə məxsus olan eqoistliyi və qəddarlığı bacardıqları qədər maskalamağa çalışırlar.

Gəlin, musiqi hipnozundan ayılaraq ədəbiyyat qəhrəmanından danışaq. Amma öncə novellanın yaradıcısının həyatı ilə yaxından tanış olaq.

Prosper Merime 1803-cü ildə Parisdə anadan olmuşdu. Onun valideynləri yetərincə həssas, duyğusal insanlar idi. Atası Jan Fransua Leonor Merime kimyaçı və rəssam, anası Anna Luiza Moro isə incəsənətlə məşğul olan bir insan idi. Ateizm ab-havası evin canına hopmuşdu. Məhz bu cür şəraitdə oğlancığaz tərbiyə olunurdu.

On səkkiz yaşında onu təhsil almaq üçün İmperator liseyinə göndərirlər. Oranı bitirdikdən sonra Merime Sarbonnanın hüquq fakültəsinə daxil olur. Hələ universitetdə oxuduğu zamanlarda o, fəal şəkildə yazıçılıqla məşğul olurdu. 1822-ci ilin yayında isə Stendal ilə tanışlığı birmənalı şəkildə onu ədəbiyyata gətirir. Prosper və Stendal hətta müştərək pyes də işləmək fikrinə düşmüşdülər. Amma bu plan baş tutmamışdı.

1823-cü ildə Merime bakalavr imtahanlarını verərək universiteti bitirir və bütünlüklə özünü yaradıcılığa həsr edir.

Fransız tarixində, dünya ədəbiyyatında öncə dramaturq kimi şöhrət tapır. 1823-1824-cü illərdə onun tərəfindən pyeslər qələmə alınır və bu pyeslər “İspan komediantkası Klara Qasulun teatrı” toplusuna daxil olur – Merimenin məşhur mistifikasiyası. Kitabın müəllifi kimi sərgərdan qaraçının qızı və nəticəsi “Qədim ispan romanslarının zərif obrazı mavra Qasul” elan olunmuşdu. Düşünülmüş avantüra öz bəhrəsini verirdi – oxucular nəşriyyatın uydurmasına inanmışdılar. Kitabın üz qabığına rəssam E.J.Deleklyuz tərəfindən Prosper Merimenin qadın qiyafəsində obrazı çəkilmişdi. Bu obraz Klara Qasul obrazı idi. Klara Qasul oxuculara tanınmış dramaturq kimi təqdim edilmişdi. Onu hətta Şekspirin fransız qızı adlandırırdılar.

Merime bununla dayanmadı. 1827-ci ildə cənubi slavyan xalqlarının adətlərini əfsanə və novellalardan öyrənərək “Quzla” kitabını nəşr etdirir. Bu dəfə kitabın tərcüməçisi və naşiri hansısa yarıfransız-yarıitalyan bir nəfər olaraq təqdim olunur. (Bəlkə də bu maskalanmış mənzərəni izləyərək bizə belə gələ bilər ki, yazıçı insanlar, oxucular önündə açıq-aydın görünməkdən qorxurdu). Topluya iyirmi doqquz nəsr balladası, Merimenin özü tərəfindən yazılmış şeirlər, serb xalq mahnısından ibarət bir poema daxil idi. “Merimenin mistifikasiyası böyük uğur qazanırdı. Puşkin və Mtskeviç kitabda toplanmış nümunələri slavyan xalqlarının xalq poeziyası kimi qəbul edirdilər, hətta bəzilərini ana dilinə tərcümə etməyi belə düşünürdülər”. (Mtskeviç “Morlak və Venesiya”, Puşkin isə özünün “Qərbi slavyanların nəğmələri” kitabına on bir poemanı tərcümə edərək daxil edir).

Nəhayət, 1828-ci ilin baharında Prosper Merime xalqın önünə çıxır.

5 martda “1572. IX Karl dövrünün xronikası” kitabı işıq üzü görür. Ardınca novellalar sıralanır. “Mateo Felkone”, “XI Karlın düşüncələri”, “Tamanqo”, “Federiqo” və s. novellaları Merimeyə Avropada məşhurluq gətirir.

1830-cu ildə kifayət qədər tanındığı zamanlarda özünün ilk səyahətinə – İspaniyaya yollanır. Göründüyü kimi bu səyahət yazıçının həyatında böyük rol oynayır. İspaniyada yazıçı qraf de Tebanın ailəsi ilə və onların dörd yaşlı qızları ilə tanış olur. “Cənab Merime” qızcığazın yaddaşında o qədər silinməz iz buraxır ki, günlərin birində III Napaleonu belə öz zərif ayaqqabısının altında saxlayan Yevgeniya fransız imperatriçəsinə çevrilir. İmperatriçə diqqətini, ehtiramını və imtiyazlarını yazıçının ömrünün sonuna qədər əsirgəmir.

Onun səyahəti iyundan dekabra qədər davam edir. Merime ispan xalqının adət-ənənəsi ilə yaxından tanış olur. O, gah at ilə, gah da piyada gəzərək ispan kəndlərində dolaşar, təsadüfi insanlarla tanış olar, onlarla söhbət edib kasıb daxmalarında gecələyərdi. Bütün bunlar onun yazılacaq əsərləri üçün mövzu olaraq toplanırdı.

Yazıçı səyahətdə olan müddətdə Fransada inqilab baş vermişdi. Fransaya qayıdar-qayıtmaz dostları onu dövlət qulluğunda yerləşdirirlər. Növbəti illərdə isə Merime Dəniz Nazirliyində, Ticarət Nazirliyində, həmçinin Parisdə vərəmlə mübarizənin xüsusi komissarlığında çalışır. Sonra isə onu tarixi abidələrin inspektoru vəzifəsinə təyin edirlər. Xüsusilə qeyd etmək lazımdır ki, yazıçı parlamentarizmə nifrətlə yanaşırdı. Və bunu hərənin öz mənafeyi üçün sui-istifadə adlandırırdı. Hər halda, bütün bunlar onu tarixi abidələrin qorunması məsuliyyətindən yayındırmırdı. Bir neçə il ərzində Merimenin yazmağa demək olar ki, zamanı yox idi. O, daha çox səyahəti zamanı üzləşdiyi hadisələri qələmə alaraq mətbuatda görünürdü. Yalnız 1840-cı ildə Merime, “Kolomba” novellası ilə yenidən diqqət çəkir. Dörd ildən sonra isə “Arsena Qiyo”nu, nəhayət 1845-ci ilin 1 oktyabrında “Karmen” novellasını qələmə alır.

“Mənim o vaxtlar on beş yaşım olardı – haradasa allahsız birisi idim. Qəflətən yanımda ifritəni görərək dəhşətə gəlib qorxmuşdum. Yaxşı, nə edək! – mən düşündüm. – Həmin həftə böyük yolun soyğunçusu ilə şam etdim. Gəl bu gün şeytanın zülmü ilə hopdurulmuş dondurmanı yeyək. Səyahət edən zaman hər şeyi görməyi bacarmalısan”. “Prospera” – Merimenin yeni novellasının qəhrəmanı əsərin başlanğıcında, qaraçı Karmensitonu görərkən bu cür fikirləri yürütmüşdü. J.Bizenin Karmeni Merimenin Karmensita obrazının qısaldılmış adıdır.

Qeyd edək ki, bu gənc qəhrəman təklif olunmuş dondurmanın dadına baxmağı düşünürdü. Karmen isə qəsdən gənci tələyə salmaq istəyirdi və həmin anda onun boğazı üzülməli idi.

Merimə qəddarcasına realist idi və o, novellasında nifrətəlayiq, özünəvurğun tayfabazı göstərməyə çalışırdı. Hansı ki, Karmen, qadın adını daşımağa belə layiq olmayan, yalançıların yalançısı, qatillərin qatili, məhəbbətin nə olduğunu bilməyən, mərhəmət hissindən məhrum, anlıq əyləncəyə görə insanların canına qıyan, insan avamlığından sərrastcasına istifadə edən obraz idi. Karmen obrazı ətrafında dövr edən və  insanı təəssüfləndirən yeganə nüans onun liberal-humanistlər tərəfindən islah edilməsi, məsuliyyətdən yayındırmasıdır.

Sətirlərə nəzər salaq: “O, yalan danışmağı, aldatmağı qətiyyən bacarmır. Sadəcə istənilən soyğunçuluq avantürasında iştiraka hazır biridir. Karmenin daxilində insani hislər də gizlənir. Bu, məhəbbət hissində onun sərgilədiyi həqiqilik və təbiilikdir. Karmen məğrur, azadlığı dəlicəsinə sevən və onu qətiyyən əldən buraxmaq istəməyən obrazdır”. Və ya “Karmen – qaraçıdır. Onun nə vətəni, nə valideyni, nə də əqrəbası var. O, hamı üçün bərabər şəkildə həm yad, həm də olduqca doğmadır. Karmen azaddır. Ona məsuliyyət hissi yaddır. Meşşan maraqlar onun üçün özgədir. Karmenə yalnız öz qanunları keçərlidir. Yetərincə özünəvurğun, qəddar və hiyləgərdir. Satqın və yalançıdir. Onu etdiyi hərəkətlərdən sığortalayan yeganə nüans despotizmə, köləliyə olan etirazı və azadlıq eşqidir. Azadlıq eşqi və sərbəstlik onun həyatda yeganə məhəbbətidir”.

Əslində bütün bu deyilənlər ədəbi qəhrəman Karmenə yox, opera qəhrəmanı Karmeninə aiddir. Ədəbi obraza gəldikdə isə o, ikiüzlülükdən və riyakarlıqdan başqa bir şey deyil. Gəlin qaraçı Karmenin Sevilyanın tütün fabrikasına işə düzəlməsi anını xatırlayaq. Eqoist Karmen heç kimi qəbul etmir və bütün işçilərə qarşı sərt mövqedədir. Dili olduqca acı Karmen nalayiq sözlərlə işçi xanımlardan birini təhqir edir. Qadın isə öz növbəsində susmayaraq ona cavab verir. Öz sözlərində özünü doğru sayan Karmen bıçaqla qadının üzünü kəsərək ömürlük eybəcərləşdirir. Canini tutaraq həbsxanaya göndərirlər. “Azadlıqsevər” Karmen barmaqlıqlar arasında olmağı özünə sığışdırmırdı. Nəhayət o, gənc efreytor Xoseni ispanlara qarşı milli uyuşmamazlığında qızışdırır. Xose qaraçıya inanaraq onu azad edir. Qaçmağa yardım etməklə ömrünün sonuna qədər taleyini sual altında qoyur. Xosedən şikayət edərək onu həbsə alırlar. Yenə də Karmen peyda olur. O, Xoseni bir daha yoldan çıxararaq quldurlara qoşularaq qaçmağı təklif edir. Doğrudur, Xose imtina edir. Amma zamanla Karmenə alovlanan məhəbbəti onu bandanın içinə gətirərək qatilə, oğruya çevirir. İki dəfə qaçmağa meyil göstərən əsgər, Karmenə onunla birgə Amerikaya getmək üçün yalvarır. O, bu yolla yeni həyata başlamağı arzu edir. Amma Karmen yalnız şəxsi “azadlığını” üstün bilir.

Ədəbiyyatçıların Karmenin məhəbbəti haqqında dedikləri isə an məsələsindən başqa bir şey deyil. O, pikador Lukasuya ani məhəbbət hiss etmişdi, ondan bir az isə Xoseyə qarşı hiss edirdi.

Tarix sübut etdi ki, quldur Karmen haqqında mülahizələrin abstrakt-humanist yöndə aparılması liberal inteleqensiyaya yaxşı heç nə öyrətmədi. Bu tip “azadlıqsevər” qızların sayı cəmiyyətdə günbəgün deyil, saatbasaat artır. Və belələri öz meşşan dünya görüşlərilə müzakirə mövzusuna çevrilirlər.

Karmen obrazının yaradılışı insan hüquqları uğrunda mübarizə aparan liberal intelqensiyanın əsas problemi olaraq qalmaqdadır. Normal insanlar bilir ki, cəmiyyətin mənəvi formalaşması milyon illər ərzində kiminsə müdaxiləsi ilə dəyişən hadisə deyil. Cəmiyyətin formalaşması insanların individium (fərdi) olaraq insanlığın nə demək olması dərki ilə yaranır. Məhz bundan ötəri qanunlar mövcuddur. O qanunlar ki, kimlərinsə şəxsi həzzinə görə yönəlmiş təhlükənin qarşısında sədd olur.

Bu tip oğru, qatil Karmen obrazını əsər boyu etdiklərindən təmizləmək doğru deyil. Onun bütün hərəkətləri bağışlanmazdır. Bəlkə də elə bu səbəbdən Prosper Merime onu qəlb oğrusu, insan hisləri ilə oynayan obraz olaraq, quldur, qatil olaraq göz yaşı tökmədən, sözsüz və məzarsız edam edir.

 

Mənbə: “Ustad” jurnalının 12-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10