Ədəbiyyatşünas alimin bədii yaradıcılığı və ya ədəbiyyat problemlərini əks etdirən hekayələr haqqında…

53 Baxış

azedu.az_azedu.az_şemilsadiq_683_500

Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şəmmədqızı (Salidə Şərifova) həm elmi, həm də bədii yaradıcılığı ilə ədəbi gündəmin diqqətini cəlb etməkdədir. Salidə Şəmmədqızının (Salidə Şərifova) qələmə almış olduğu bədii nümunələr monoqrafiyaları və elmi məqalələri kimi maraq kəsb edirlər. Xalq yazıçısı Mövlud Süleymanlı “Dionisin qələbəsi” hekayələr toplusuna yazdığı ön sözdə Salidə xanımın həm bədii, həm də elmi fəaliyyətlə məşğul olmasına toxunmuşdur: “Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti Şərifova Salidə elmi fəaliyyətlə peşəkar şəkildə məşğul olur. Eyni zamanda Şərifova Salidə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür…” Xalq yazıçısı Çingiz Abdullayev də Salidə xanımın bədii yaradıcılığında elmi yaradıcılığının əvəzsiz rol oynaması amilini vurğulaması diqqətdən yayınmır. Çingiz Abdullayev “Əriyən şam” hekayələr toplusuna yazdığı “Əriyən şam”ın işığında” başlıqlı ön sözündə qeyd etmişdir ki, “Əriyən şam” hekayələr toplusunun müəllifi Salidə Şəmməd qızı Şərifova yaradıcılığa professional ədəbiyyatşünaslıqdan addım atmışdır. Salidə Şəmmədqızı uzun illərdir ki, müasir Azərbaycan nəsrinin janr problemlərinin tədqiqi ilə məşğuldur. Onun elmi işləri müxtəlif ölkələrin sanballı elmi toplu və jurnallarında çap edilmişdir. Hal-hazırda isə ədəbiyyatşünas alim öz qələmini bədii yaradıcılıqda da sınamağa cəhd edir”. Xalq yazıçıları Çingiz Abdullayev və Mövlud Süleymanlının fikirləri bir daha onu vurğulayır ki, Salidə Şəmmədqızı bədii ədəbiyyata elmi ədəbiyyatdan gəlmişdir. Salidə xanım bir nəzəriyyəçi alim kimi bədii əsərlərdə olan nöqsanları görə bilməsi, oxucunu maraqlandıran mövzuları dərindən bilməsi ilə yanaşı, bədii söz sənətində janr, mövzu və problematika baxımından özünü göstərən çatışmazlıqları görə bilir. Ona görə də Salidə xanım bədii ədəbiyyatda ədəbiyyat problemlərini əks etdirən əsərlərin az olmasını bir elm adamı kimi görərək, yaradıcılığında ədəbiyyatın bu sahəsindəki boşluğu qismən də olsa doldurmağa cəhd etmişdir. Salidə xanımın bədii yaradıcılığında ədəbiyyat problemlərini əks etdirən hekayələr çoxluq təşkil etməkdədir. Salidə Şəmmədqızının ictimaiyyətə təqdim etdiyi “Dionisin qələbəsi” hekayələr toplusunda “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti – söhbəti”, “Əlyazmalar yanmır”, “Sənin səlahətin çatırmı?”, “Psixatrın gündəliyi” adlı hekayələri sırf ədəbi mühiti əhatə edən hekayələrdir. Xalq yazıçısı Mövlud Süleymanlı “Dionisin qələbəsi” hekayələr toplusunda hekayələri bədii yaradıcılıq haqqında hekayələr kimi dəyərləndirmişdir. Mövlud Süleymanlı qeyd etmişdir ki, “Dionisin qələbəsi” hekayələr toplusuna “daxil olan əsərlər bədii yaradıcılıq haqqında hekayələrdir. Topluda əsərlərin süjet xətti yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında qurulur. Hekayələrdə ədəbiyyatşünaslığın bir sıra problemləri ətrafında bədii formada fikir mübadiləsi ətraflı işıqlandırılmışdır. Hekayələr Azərbaycan ədəbiyyatında populyarlıq qazanmış sənətçi, yaradıcı, mədəniyyət haqqında bədii nəsr əsərləri, yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında süjet xətti qurulması və kamil yaradıcı şəxsiyyətlərin obrazlarının təqdimi ilə maraq doğurur. Ədəbiyyatda əksini tapan sənətkar obrazları dünya ədəbiyyatında “sənətkar haqqında roman” (Künstlerroman) anlayışının, yəni sənətçilərin, yaradıcı insanların, konkret olaraq isə mədəniyyət və elm haqqında bədii nəsr nümunələrinin formalaşmasına səbəb olmuşdur. “Dionisin qələbəsi” toplusuna daxil edilmiş əsərlərin “sənətkar haqqında hekayələrə” və postmodern ədəbiyyatına aid olması haqqında tezisləri irəli sürmək olar.”

Salidə Şəmmədqızının “Əriyən şam” hekayələr toplusunda əksini tapmış hekayələr içərisində ədəbiyyat problemlərini əks etdirən hekayələrin yer alması da diqqəti cəlb edir. Salidə Şəmmədqızının “Qara yelin sorağında” adlı hekayəsində elmi refleksiya ədəbi şəkildə qələmə alınaraq özünü göstərmişdir. Hekayədə ədəbiyyatşünaslıq elmində yeni axtarışların və plagiatın nisbi probleminin təsvir edilməsi maraq doğurur. Hekayədə əksini tapmış ədəbiyyatşünaslıq problemi hekayədən ədəbiyyat problemlərini əks etdirən hekayə kimi danışmağa əsas verir. Salidə Şəmmədqızının “Başı bəlalı məqalə” hekayəsində də elmi refleksiya ədəbi şəkildə özünü büruzə verir, ədəbiyyatşünaslıq probleminin ən vacib və aktual məsələlərini açıqlaya bilir.

Salidə Şəmmədqızının qələmə almış olduğu hekayələr mövzu, janr əlvanlığı, xarakterlərin bütövlüyü, hadisə və əhvalatların zənginliyi ilə diqqəti cəlb edirlər. Bu özünü həm “Əriyən şam”, həm də “Dionisin qələbəsi” hekayələr toplusunda əks etdirə bilmişdir. Qələmə alınmış hekayələrdə mənəvi-əxlaqi kamillik kəsb edən insanın qüdrəti ilə yanaşı cəmiyyətin qeyri-normal və neqativ hallarına qarşı etiraz müəllif tərəfindən qabardılmışdır. Hekayələrdəki obrazlar vasitəsilə cəmiyyətə təsir etmək cəhətləri özünü göstərir ki, bu da qələmə alınmış hekayələrin mövzu baxımdan, maraq kəsb etməsinə səbəb olur. Xalq yazıçısı Mövlud Süleymanlı Salidə xanımın hekayələrində etdiyi yeniliklərin, istifadə etdiyi satirik üslubun heç də cəmiyyətdə bir mənalı qarşılanmayacağı amilini də qabarda bilmişdir. Mövlud Süleymanlı bu amilə belə nəzər salmışdır: “«Dionisin qələbəsi» toplusuna daxil edilmiş hekayələr sərt realizm ilə seçilirlər. Toplunun bədii üslub baxımdan əsas xüsusiyyətlərindən biri də bu realizmin satirik formada verilməsidir. Müəllif təsvir etdiyi hadisələri, kəskin problemləri bir sıra epizodlarda satirik üslub vasitəsilə absurd dərəcəsinə çatdırır. Əvvəlcədən proqnozlaşdırmaq olar ki, bu metodika bədii dairələrdən olan bir qrup oxucuların mənfi reaksiyasına səbəb olacaq. Müəllifin bu reaksiyadan çəkinməməsini xüsusi vurğulamaq olar. Azərbaycan ədəbiyyatında “Dionisin qələbəsi” toplusu uğurlu janr təcrübəsi kimi qiymətləndirilməlidir. Toplu Azərbaycan ədəbiyyatının janr sisteminin rəngarəngliyinə atılan yeni bir addımdır. Hekayələrin janr xüsusiyyətlərini və problematikasını nəzərə alsaq, toplunun ilk növbədə, ədəbiyyatşünaslıqla əlaqəli olan oxucular arasında daha çox maraq doğuracağını ehtimal etmək olar. Bununla da, müəllifin postmodernin trendlərinə riayət etməsini müşahidə edirik – intellektual elitaya ünvanlanmış əsərlərin yaradılması.”

Salidə Şəmmədqızının “Əriyən şam” hekayələr toplusu da cəmiyyəti düşündürən aktual ictimai problemləri, xalqımızın taleyini əks etidrməsi ilə diqqəti cəlb edir. Hekayələr toplusuna daxil edilmiş eyni adlı “Əriyən şam” hekayəsi qaçqın taleyini yaşayan uşağın gündəlik həyatını əks etdirməklə yanaşı xalqın keçdiyi yola da nəzər salır. Çingiz Abdullayev hekayənin hansı üslubda qələmə alınmasına toxunaraq qeyd etmişdir ki, “hekayə realizm üslubunda milli nəsrə xas olan ənənələri davam etdirir. Eyni zamanda, “Əriyən şam” hekayəsi “ciddi realizm” adı altında tanınan cərəyanın tələblərinə cavab verir.” Xalq yazıçı Çingiz Abdullayev həmçinin Salidə Şəmmədqızının janr üzrə tədqiqatçı olmasını, bunu qələmə almış oduğu bədii nümunələrdə özünü büruzə verməsi faktına da toxunmuşdur: “Müəllifin janr problemləri üzrə tədqiqatçı olması topluya daxil edilən əsərlərin janr əlamətlərinə dərin təsir göstərir. Məsələn, “Əriyən şam” əsərinin hekayə janrında yaradılmasına baxmayaraq, Azərbaycan ədəbiyyatına xas “kiçik roman” janrının təsiri özünü büruzə verir. Bu təsir əsərdə qaldırılan problemin epik xarakterində öz əksini tapmışdır”.

Salidə Şəmmədqızının qələmə aldığı “Dionisin qələbəsi” hekayələr toplusunda bir tərəfdən realizmin, ikinci tərəfdən də postmodernizmin təsiri duyulmaqdadır. Salidə Şəmmədqızının “Dionisin qələbəsi” hekayələr toplusunda hekayələrdə həm realizm, həm də postmodernizm hibrid formalar təşkil edərək ifadə vasitəsi kimi özünü qabarıq şəkildə göstərməkdədir. “Dionisin qələbəsi”, “Mətin cızmaçısı” və digər hekayələrdə təsvir edilmiş Dionis, İlham pərisi, Əzrayıl kimi obrazlar real həyatla üzvi şəkildə təqdim edilirlər. “Dionisin qələbəsi” hekayələr toplusunda yeni xarakterlərin yaranması özünəməxsus şəkildə əksini tapır. Müxtəlif dünyagörüşünə və düşüncə tərzinə malik olan obrazlar istər yaşam tərzi, istərsə də öz intellekt səviyyələrinə görə müəllif tərəfindən fərqli şəkildə təqdim olunurlar. Mədəniyyət, məişət reallıqlarının daxil edildiyi “Dionisin qələbəsi” hekayəsində postmodernizm özünü göstərməklə, qədim yunan mifologiyasına xas olan obrazın daxil edilməsinə baxmayaraq, öz milli özünəməxsusluğunu da qorumuşdur. Yunan mifologiyasında Zevsin oğlu, Priapın atası, Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı olan Dionisin, söz adamlarının İlham pərisi kimi obrazların təqdim edilməsi maraq kəsb edən fakt kimi diqqəti cəlb edir. Müsabiqə prosesində baş verən neqativ hallar və mifoloji obraz olan Dionisin hadisələrə təsir etməsi hekayədə müəllifin yeni yanaşması kimi özünü büruzə verir.

Dionisin şərab tanrısı olması hekayədə qısa bir epizodda göstərilmişdir: “Dionis əlində şərab dolu piyaləylə Mövsüm Xəlillinin yanında oturub təəccüblə ona baxan münsiflər heyətinin üzvlərinə gülümsədi. Kərim Yədullaoğlu da qaş-gözü ilə Dionisi Mövsüm Xəlilliyə göstərib kəkələyə-kəkəlyə soruşdu:

- Buu o Dioo-niis-dir?

Mövsüm Xəlilli çiyinlərini çəkdi. Eldar Fəxri Mövsüm Xəlillinin cavab vermədiyini görüb dilləndi:

- Hə, Kərim… bu həmin Dionisdir. Olimplərin ən kiçiyi, şərab və bərəkət, teatr tanrısı…”

“Dionisin qələbəsi” hekayəsində real, müasir obraz və hadisələrə irreal, mifoloji obrazın təsiri müəllif tərəfindən sarkazmla təsvir edilmişdir. Dionisin, həmçinin İlham pərisinin nitqlərində sarkazm elmdə, cəmiyyətdə özünü göstərməkdə olan real problemləri oxucunun gözündə canlandırmağa nail olur. Bu sarkazmlar insan ləyaqətinə xələl gətirməsə də, baş verən hadisələrin ağır nəticələrini açıqlamağa nail olur: “Dionis Mövsüm Xəlilliyə piyaləsini uzadaraq dedi:

- Mövsüm, nə olub sənə? Bir – iki cızma-qara eləmisən deyə, düşünürsən ki, səndən yoxdur? Özünü ələ al.

- Mən ömrü boyu xalqım üçün yazmışam.

Dionis Mövsümü istehzayla süzərək:

- Hə… Xalqın sənin yazdığın cızma-qaralara qəti dəxli yoxdur. Bax desəydin ki, özüm üçün yazıram, onda bu daha inandırıcı olardı. Elə ədəbiyyatın ən böyük dərdi də budur. Özün üçün yazmaq… Yazdığın cızma-qaraları özündən başqa heç kimin oxumaması…”

Bəli, müəllif elmdə özünü göstərməkdə olan naqisliklərə münasibətini bildirir. Özü üçün əsər yazan, lakin həmin elmi əsərlərin heç bir əhəmiyyəti olmaması təəssüf hiss ilə açıqlanır, elmi nailiyyətləri məişət mövzusunda olan süjet ilə əlaqələndirərək satirik formada təsvir edir.

“Dionisin qələbəsi” hekayəsində müsabiqə rəhbərinin ilham pərisi ilə mübahisə etməsi, qərarını verə bilməməsi onun acizliyini göstərsə də, “sözüm keçməyən yerdə sözümü yox, yerimi dəyişirəm” deyərək müsabiqəni tərk etməsi hələ də insani dəyərlərin məhv olmamasına işarədir.

Hekayədə iham pərisinin dili ilə deyilən fikirlər təəssüf doğurur, bəzi insanların öz işlərinə məsuliyyətli yanaşmadıqlarını göstərir: “Bunlara ədəbiyyatdakı «boşluqlar» deyilir. Özlərindən o qədər razıdırlar ki, heç kimin kitabını belə oxumurlar. Hələ müsabiqəyə təqdim edilmiş əsərlər… Siz isə bunlardan haqq, ədalət gözləyirsiniz. Onda çox gözləməli olacaqsınız, çox… lap çox…”

“Ləzzəti-söhbəti” hekayələr toplusunda Abdulla Şaiqin “Xatirələrim”, Dilbər AxundzadəninMüşfiqli günlərim” kitablarından, Mirzə Cəlil “Sabir haqqında xatiratım” məqaləsindən mətn parçaların verilməsi hekayədə müəllif tərəfindən hipermətn kimi istifadə edilmə kimi diqqəti cəlb edir.

Səməd Vurğunun “Azərbaycan” şeiri haqqında Qorxmaz Quliyevin fikirlərinin hekayədə verilməsi hekayəni hekayə – tədqiqat nümunəsi kimi dəyərləndirməyə imkan yaradır. Ümumiyyətlə, “Ləzzəti-söhbəti” hekayələr silsiləsi ədəbiyyatın aktual problemlərinə toxunması və tədqiq edilməsi baxımından maraq doğurur, hekayə-tədqiqat kimi maraq oyadır.

“Dionisin qələbəsi” hekayələr toplusunda elmi metodun təsiri özünü göstərir, təqdim edilən obrazlar elmi həqiqətləri əks etdirərək, hekayənin süjet xətti üçün materiala çevrilir, ədəbiyyat və ədəbiyyatşünaslıqda baş vermiş hadisə və faktlar bədii şəkildə təsvir edilir.

“Dionisin qələbəsi” hekayələr toplusunda yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında əsərlərin süjet xətti qurulur. Ədəbiyyatda əksini tapan sənətkar obrazları dünya ədəbiyyatında “sənətkar haqqında roman” (Künstlerroman) anlayışının, yəni sənətçilərin, yaradıcı insanların, konkret olaraq isə mədəniyyət və elm haqqında bədii nəsr nümunələri formalaşmasına səbəb olmuşdur. Azərbaycan ədəbiyyatında da yaradıcı insanlar haqqında əsərlər özünün mövzu aktuallığı ilə diqqəti cəlb etmişdir. İsa Hüseynovun “Məşhər” (XIV əsr şairi İmaməddin Nəsimi), Ə.Cəfərzadənin “Eşq sultanı” (XV-XVI əsrlər Məhəmməd Füzuli), “Aləmdə səsim var mənim” (XIX əsr Seyid Əzim Şirvanı), “Vətənə qayıt” (XVIII əsr Nişati Şirvani), M.S. Ordubadinin “Qılınc və qələm” (XII əsr Nizami Gəncəvi), B. Bayramovun “Karvan yolu” (Həmidə xanım Cavanşir və Cəlil Məmmədquluzadə), M.C. Paşayevinin “Yolumuz hayanadır” (M.Ə. Sabir) əsərləri yaradıcı insan-sənətkar (şair, yazıçı, alim, tədqiqatçı, musiqiçi, aktyor, rəssam və d.) haqqında qələmə alınmış kamil nəsr nümunələridir.

Yaradıcı insanlardan bəhs edən “Dionisin qələbəsi” hekayələr toplusu özünün həm realizmi, həm də posrtmodernizm təsirləri ilə seçilir. “Dionisin qələbəsi” hekayələr toplusunda ilk növbədə bədiiliyin, ikinci isə ədəbiyyatşünaslığın təsiri duyulmaqdadır. Azərbaycan ədəbiyyatında realizm və postmodernizmi özündə cəmləşdirən yaradıcı insanların həyatını əks etdirən əsərlər yoxdur, bu baxımdan Salidə Şəmmədqzının “Dionisin qələbəsi” hekayələr toplusu maraq kəsb edir. “Əriyən şam” hekayələr toplusunda əksini tapmış “Musiqi müsabiqəsi”, “Bankomatın sərgüzəşti” hekayələrində isə postmodernizmin təsiri aydın şəkildə özünü büruzə vermiş, bir-bir ilə qarışan fərqli iki paralel aləm təsvir edilmişdir. Salidə Şəmmədqzının “Dionisin qələbəsi” hekayələr toplusunda M.Ə. Sabirin sarkazmına qəribə yaxınlıq olması özünü göstərməkdədir. M.Ə. Sabir sarkazmının “Dionisin qələbəsi” hekayələr toplusunda özünü göstərməsi Xalq yazıçısı Mövlud Süleymanlı tərəfindən vurğulanmışdır: “«Dionisin qələbəsi» hekayələr toplusunda avtobioqrafik hallar özünü göstərsə də, biz hadisələrin təsvirində, müəllifin bədii üslubunda, yazı manerasında, mövzuya yanaşmasında, məzmun dərinliyində dahi ədibimiz M.Ə. Sabirin sarkazmına qəribə yaxınlıq duyuruq. Hekayələrdə satirik təhkiyə formaları ön plana keçir, bu hekayələrdə ədəbiyyat sahəsində baş verən hadisələr yalnız satirik vasitə olaraq cəlbedici predmet kimi özünü göstərir.” Salidə Şəmmədqızının qələmə aldığı hekayələrdə satirik təhkiyə formaları ön plana keçir, bu hekayələrdə ədəbiyyat sahəsində baş verən hadisələr yalnız satirik vasitə olaraq cəlbedici predmet kimi özünü göstərir.

Salidə Şəmmədqzının “Mətn cizmaçısı” hekayəsində Rusiyada tanınan Mətin Xasanoviç adlı yazıçının ömrünün çoxunu faydasız keçirməsi faktı reallıqla ireallığın sintezində təqdim edilir. Vətənində nə yazıçı, nə alim kimi qəbul edilməyən Mətin Xasanoviçin reallığı qəbul edə bilməməsi ürək ağrısı ilə insanın özündənrazı olması kimi müəllif tərəfindən dəyərləndirilir. Onun mənfur əməlləri qısa dialoqlarda açıqlanır: “bizimkilərdən kim milli ruhu ilə seçilirdi, qara rəylə onların elmə və nəşrlərə yollarını bağlayırdı. Zaman dəyişdi, amma bizimkilərə münasibəti dəyişmədi.” Mətin Xasanoviçin onu millətinin böyük yazarı kimi təqdim edilməsinə etiraz etməsi, “tamamilə səhv deyirsiniz. Mən məxsus olduğum millətin deyil, məhz böyük ümumrus yazıçısıyam. Məni kiçik bir məkana sığışdırmaqla nə demək istəyirsiniz?” deyərək xalqına, millətinə xof baxır.

Bəyənmədiyi, xor baxdığı vətənindən gələn Səbirəyə onun monoqrafiyası üçün “əvvəl sənin işini oxuyum. Rus alimlərinə çiy iş vermək olmaz” deyir, sonra isə vaxtı olmamasını bəhanə gətirərək, “amma müəyyən master klass keçməyə hazır olduğunu bildirmişdir.” Bütün bunlar Mətin Xasanoviçin daxili aləmini açıqlayan detallar kimi müəllif tərəfindən hekayədə göstərilir.

“Mətin cızmaçısı” hekayəsinin real hadisələr üzərində qurulmasına rəğmən, irreal hadisələrin təsvir edilməsi də maraqlı məqam kimi diqqəti cəlb edir. Hekayədə Əzrayıl obrazının təsviri, Mətin Xasanoviç və Əzrayıl arasındakı dialoqlar məhz irreal hadisələrin təsviri olsa da real hadsiə təsiri yaratmağa nail olmuşdur. Ətrafındakıların onun Əzrayılla söhbət etməsini qalusinasiya hesab etsələr də bu reallıq idi. Axirət dünyasında yerinin cəhənnəmlik olmasını yəqin edən Mətin Xasanoviç Əzrayıldan möhlət istəyir: “Yalvarıram, sənə. Hələ mənim canıma dəymə. Məni neylirsən? Qocalmışam, nəyinə gərək olacam. Bu dünyada hələ görüləsi, tamamlanası çox işim var. Hələ yazılacaq yazılarım var. Mənə imkan ver, onları bitirim. Adım kitablarımla qalacaq.”

Qeyd etməliyik ki, sarkazm bu hekayədən də yan keçməmişdir. Müəllif sarkazmları dialoqlar vasitəsilə verməyə nail olmuşdur. Məsələn, Mətin Xasanoviçlə Əzrayılın dialoqunda bu sarkazmı dərinliyi ilə duymaq olur: “Əzrayıl qəh-qəhə çəkib ürəkdən gülüb demişdi:

- Mətin, sənin əsərlərini səndən başqa oxuyan olubmu? Özünə niyə əziyyət verirsən. Adım kimi əminəm ki, yazdığın kitabları oxuyan yoxdur. Tarix boyu səni kimi çox yazıçılar olub. Şöhrətpərəst, xudbin, özündənrazı.” Əzrayılın sarkazmla dediyi fikirlərdə biz istedadsız yazarların tənqid edildiyini müşahidə edirik.

Salidə Şəmmədqızının “Layihə oyunu” hekayəsində isə həmkarlar arasında qrant üçün bir-birilərinə etdikləri xəyanətkarlıq açıqlanmışdır. Qrant əldə etmək üçün həmkarlar arasında gedən mübarizə, “arxadan vurulan zərbə”lər müəllif tərəfindən ürək ağrısı ilə qeyd edilir. Dilbərin universitetin elmi katibi Pəri xanıma təklif etdiyi mövzunun sonra onsuz tədqiq edilməsi bəzi ziyalılar arasında mövcud olan mənəvi yoxluğun göstəricisidir.

Salidə Şəmmədqızı “Sən elə şeyləri anlamazsan…” hekayəsində isə yazılan tədqiqat işlərində buraxılan elmi səhvlərə biganəlik, hətta həmin elmi səhvləri görüb məsləhət edildikdə düzəldilməməsi bir problem kimi hekayədə əks etdirmişdir. Səfurənin tədqiqat işində buraxdığı elmi səhvləri düzəltməmək cəhdi, hətta ona tədqiqatındakı qüsuru göstərmiş Şəbnəmə “Baxaram. Ağla batan bir şey olsa niyə düzəltməyim ki?” deyərək narazılığını bildirməsə də, hekayənin sonunda “bircə ağıllı sənsən? Bilmirəm ki, nə yazıram? Dekadens belə getdi, modernizm belə getdi… Nə bilim, Hidayət müəllimin kitabını niyə oxumamısan, nə bilim kitabdan niyə istifadə etməmisən…” deməsində haqlı idi. Tədqiqat işlərinin müəyyən instansiyalardan keçməsinə rəğmən, tədqiqat işlərindəki çatışmamazlıqların iddiaçılara göstərilməməsi ürək ağrısı ilə qeyd olunur.

Bu baxımdan Səfurənin hirslənib “başqalarının uğurlarını qəbul etmək lazımdır. Sevinmək lazımdır. Bunları bacarmaq lazımdır. Bu da ki, hamının işi ola bilməz…” deyərək Şəbnəmi başqalarının uğuruna sevinə bilməyən bir şəxs kimi dəyərləndirməsi isə Salidə Şəmmədqızı tərəfindən cəmiyyətdə gedən naqisliklərə diqqəti yönəltməsidir. Bu yalnız cəmiyyətdə deyil, həmçinin insanın mənəvi aləmində baş verən deqradasiya prosesinin nəticəsi kimi göstərilə bilir.

Səfurənin “sən onları hardan biləcəksən? O dövrü mən tədqiq edirəmsə, deməli elədir. Mənim işimə elə adamlar baxıb ki, sən onların yanından yel olub keçə bilməzsən. Onlar mənə hər şeyi başa salıblar, yazdıqlarımla da razılaşıblar. Özü də ki, özünü niyə yorursan? Elə də müdafiə edib, o dərəcəni alacam” deyərək özündən razılığını, vəzifəsi olmayan kəslərin sözlərini heç saydığını göstərir. Hətta həmkarını “sən elə şeyləri anlamazsan…” deyə təhqir etməsi də hekayədə acı reallığın əksi kimi özünü göstərsə də, hal-hazırda elm sahəsində baş verən prosesi də əks etdirə bilir.

Salidə Şəmmədqızının “Ləzzəti-söhbəti” hekayələr silsiləsi kimi maraq doğurur. Hekayələr silsiləsində ədəbiyyat problemlərinə nəzər salınır, bəzi məsələlərə aydınlıq gətirilir. Məsələn, Mirzə Cəlil Məmmədquluzadənin plagiatlıqda suçlandırılması kimi absurd yanaşma müəllif tərəfindən tənqid edilir. “Ölülər” əsərini plagiat adlandıranları Mirzə Cəlilə qarşı təxribat hesab edən Salidə Şəmmədqızı absurd iddianı elmi faktlarla əsaslandırmağa nail ola bilir: “Simvolizmin nümayəndəsi olan Meterlinkin yaradıcılığında mistizm, fatalizm əsas yer tutur. Onun “Müqəddəs Antoninin möcüzəsi” pyesində Antoni Mirzə Cəlilin “Ölülər”indəki Şeyx Nəsrullah kimi fırıldaqçı və məkrli deyil. Mirzə Cəlilin kefli İsgəndəri Nəsrullahın fırıldağını ifşa edir. Kefli İsgəndər yaşadığı cəmiyyətlə barışmır. Mirzə Cəlil kefli İsgəndərin dili ilə xəstə cəmiyyətin daxili aləmini göstərir. Meterlinkin pyesində isə insanın ali hisslərinin, sadə münasibətlərinin məkr, nəfs kimi hisslərlə eybəcərləşdiyi göstərilir. Mirzə Cəlil isə cəhaləti ifşa edir. Mirzə Cəlil Meterlinkdən fərqli olaraq, məkri yox, cəhaləti qabardaraq oxucusuna çatdırır. Bir şeyi başa düşə bilmirəm… Doğrudan bu qədər avamsınız. Sizlər ədəbiyyat sahəsi ilə məşğul olan mütəxəssislərsiniz. Məgər bilmirsiniz ki, “səyahət edən süjetlər” var. Ruslar buna “brodyaciye sujet” deyirlər. “Səyahət edən süjetlər” dünya ədəbiyyatının inkişaf tarixində özünü göstərmişdir və göstərməkdədir. Ona görə də Mirzə Cəlilin əsərini plagiat hesab etmək olmaz. Danimarkalı Harald Berqstedin qələminə məxsus və kilsənin tənqidinə yönələn “Müqəddəs İorgenin zühuru” adlı kəskin satiralı roman 1919-cu ildə “Müqəddəslər fabriki” adı ilə yazılıb, 1924-cü ildə isə «Müqəddəs Yorgen bayramı» adıyla SSRİ-də nəşr edilib. Bu əsərin süjeti “Ölülər”in süjetinə çox bənzəyir, oxşar məqamlar danılmazdır. Ancaq əsərlərin yazılma tarixlərinə diqqət etdikdə illər arasındakı fərqlər nəzərə çarpır. Tam əminliklə deyə bilərik ki, məntiqlə Mirzə Cəlil yox, əksinə, Harald Berqsred plagiatlığa yol veribmiş.”

Hekayələr silsiləsində “Koroğlu” dastanına olan qərəzli münasibətə, dastanın bir çox qollarının sovet hökuməti vaxtında tapşırıqla yazılması iddiasına irad bildirilir. Müəllif “Əlyazmalar Fondunda saxlanılan dastanla əlimizdə olan dastan arasında heç bir əlaqə yoxdur. Dastanın qollarının müəllifləri də guya bəllidir. Dünyanın heç bir ölkəsində xalq qəhrəmanı ömrünün sonunda əkinçiliklə məşğul olmur, qəhrəmanlıqdan könüllü imtina etmir. Bir insan qəhrəmanlıqdan imtina edib, əkinçiliklə məşğul olursa bu necə xalq qəhrəmanıdır? Camaatın əkinçisi qəhrəman olanda, bizim qəhrəmanımız əkinçi olur. Koroğlu yadellilərə qarşı mübarizə aparmayıb. O, necə xalq qəhrəmanıdır ki, bir nəfər yadelliyə qarşı vuruşmayıb. “Koroğlu” dastanında əsas məqsəd türk idarəçiliyinə, sultanlara, paşalara qarşı nifrət yaratmaq olub” fikirlərinə qarşı ironiya ilə münasibətini bildirərək qeyd edir ki, “indi demokratiyadır. Kim nə istəyir deyir, nə istəyir edir… Sözün qısası, söz azadlığıdır.” “Söz azadlığı”nı hamının düzgün anlanılmaması faktı məhz ironiya ilə, bir cümlə ilə əksini tapır. Həmçinin Sərvər Camalın “Babəkin əvəzinə Qaraca Çoban xalq qəhrəmanı kimi təqdim olunmalıdır. Qaraca Çobanın təbliğini gənc nəslin tərbiyəsində daha düzgün hesab” etməsi sarkazmla müəllif tərəfindən təsvir edilir.

Hekayələr toplusunda sağlığında əfsanələşmiş xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə ədəbiyyatda möhürünü vurması, şairin xidmətlərinə baxmayaraq tənqid edilməsi, keçən əsrin 30-cu illərində nəşr olunan “İnqilab və Mədəniyyət” jurnalında Səməd Vurğunun əski kəndi idealizə etməsi, özünün yenidən tərbiyəsinə əhəmiyyət verməli olması kimi absurd fikir, daha sonra isə müəllifin haqlı olaraq, Səməd Vurğunun populyarlığının qəbul edilə bilməməsi amili qabardılmışdır.

Hekayə silsiləsində M.Ə. Sabirin “Millət necə tarac olur olsun,nə işim var” şeirinin ona aid olaması faktlarının irəli sürülməsini, ədəbiyyatşünaslıqda bu mövzu ətrafında mübahisələrin hələ də davam etməsi faktı da əksini tapmışdır. Hekayədə Mirzə Cəlilin “Sabir haqqında xatiratım” məqaləsində Lazım bilirəm iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və hər “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə istinad verir, Sabirin olduğunu mən inkar edirəm: əvvələ o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin əl xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü necə ki, şeir ustaları mülahizə edə bilər, – bir qədər zəifdir və bəhər surət Sabirə yapışmır. Burada Sabir şivəsi və Sabir ruhu görünmür. Mənim haman nəzəriyyəmin əksini bircə şeirin dəsti-xətti təsdiq edə bilər, əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur” kimi fikirləri ilə yanaşı, Ömər Faiq Nemanzadənin bu şeirin Sabirə məxsus olduğunu inkar etməsi, Sabirin şagirdi olmuş professor Əziz Şərif də şeirin Sabirə məxsus olmadığını yazması, Sabirin yaxın dostu olmuş Abbas Səhhətin qeyd etdiyi “Həmin məcmuənin 4-cü nömrəsindən başlayaraq “Millət necə tarac olur…” mətlələli şeirə ən əvvəl həcvi-məlih yazıb “Hophop” imzası qoyulur” fikri və s. şeir ətrafında gedən mübahisələrə aydınlıq gətirir.

“Ləzzəti-söhbəti” hekayələr silsiləsində XIX əsr Azərbaycan ədəbiyyatı dövrünün “çox mənasız bir dövrü, aqoniya dövrü” kimi dəyərləndirilməsini faciə kimi dəyərləndirən müəllif aqoniya anlayışına aydınlıq gətirir: “Aqoniya can vermə, can çəkişmə deməkdir.”

XIX əsr Azərbaycan ədəbiyyatının can verməsini qeyd edən ziyalıların geri düşüncəli olmalarını qabardan müəllif ziyalının geri düşüncəli olmasını ironik şəkildə göstrəməyə nail olur: “Əvvəla XIX əsr Azərbaycan ədəbiyyatında təmsil olunan şairlərinin əksəriyyəti əski, İran ədəbiyyatının ənənələrini davam etdirirdilər. Bu səbəbdən də mənasız idilər. Kim idi Mirzə Şəfi Vazeh? Mirzə Şəfi xəttatlıqla məşğul olan dərvişanə bir həyat keçirən sufi şair idi. Kərim müəllim, millət dəmir yolu çəkir, Qafqaza poçt, mətbuat gəlir, universitetlər açılır, teatr gəlir, bu kişi də oturub öz guşəsində divan şeiri yazır.” Hekayə silsiləsində Avropada məşhurlaşan Vazehin şeirlərinin onun olmaması faktının irəli sürülməsini belə boş və mənasız sayan müəllif münasibətini ironik şəkildə verməklə, “ziyalı düşüncəsini” açıqlamağa nail olur: “Vazehin şeirləri olmayıb. Avropada məşhurlaşan şeirlər Bodenştedtin Vazehin şeirləri əsasında yazdığı ekzotik şeirlərdi. XIX əsrdə Avropa ədəbiyyatı və ədəbi-fəlsəfi fikrində Şərqə maraq var idi. Bu maraq dalğasında Bodenştedtin şeirləri məşhurlaşdı, dəbə mindi. Bu da Bodenştedtin əməyidir. Başqa dil və poetik strukturdan Avropanın mental, estetik təfəkkürünə tərcümə olunan şeirlərin aşağı keyfiyyətini hamımız bilirik. Bodenştedt ola bilsin ki, motivləri, mövzuları götürüb, amma onu Nitşeyə qədər alman təfəkkürü necə qəbul olunurdusa, o ruhda da təqdim etmişdi. Avropada çap olunan Vazeh deyildi, onun surroqatı Bodenştedt idi.”

Salidə Şəmmədqızı “Əlyazmalar yanmır” hekayəsində son dövrlər M.A. Bulqakovun “Master və Marqarita” əsərinin müəllifi olmaması ətrafında yaranan mübahisələrə həm müəllif kimi, həm də ədəbiyyatla məşğul olan peşəkar tədqiqatçı kimi münasibətini bədii dillə verməyə nail ola bilmişdir. Maraqlı məqamlardan biri də, romanın müəllifinin İ.V. Stalinin olması ehtimalını  irəli sürülməsidir. Bədii nəsr nümunəsi olan “Əlyazmalar yanmır” hekayəsi mübahisəli məqamları ilə əsərin bədii nəsr nümunəsi olmasını bir anlıq unutdurur, oxucu müəlliflə mübahisəyə girməyə cəhd göstərir. Bu da hekayənin ədəbiyyatşünaslıq baxımından kəsb edən bədii nəsr nümunəsi olmasına dəlalət edir. Müəllifin iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən edən “Master və Marqarita” əsərinin yazmağa cürət edə biləcək müəllifin yalnız İ.V. Stalin ola biləcəyini nəzərə alaraq, əsərin müəllifini “ellər atası”nın olduğunu göstərir. “Əlyazmalar yanmır” hekayəsi postmodern əsər kimi diqqəti cəlb edir ki, burada əsərin müəllifi postmodernizmin əsası olan dekonstruksiyaya uğrayaraq, başqa müəlliflə əvəzlənir: “İosif Vissarionoviç Stalinin iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən etdiyi “Master və Marqarita” əsərinin ictimaiyyətdə birmənalı qarşılanmayacağını əvvəlcədən duyurdu. Bilirdi ki, belə bir əsər ictimaiyyət tərəfindən birmənalı şəkildə qarşılana bilməz. Əsərin müəllifliyinin ona aid olmasını gizlədəcəkdi. İosif Vissarionoviç qələmə aldığı əsərin müəllifliyindən könüllü olaraq imtina etmişdir. “Master və Marqarita” romanının müəllifliyinə şübhə ilə yanaşılacağını bilirdi. Bulqakovu da bilərəkdən seçmişdir. Özü elə yazıçı seçmişdir ki, güclü tədqiqatçı və ya tənqidçi Bulqakovun digər əsərləri ilə bu əsərin üslubundakı fərqi istər-istəməz hiss etməli idi. Belə ki, əsərin Bulqakovun qələmə almış olduğu əsərləri ilə məhz ideya cəhətdən bütün ziddiyyəti və üslub baxımından fərqlənməsi idi. Bu baxımdan əsərin müəllifinin Mixail Bulqakov olmasını istəmişdir. SSRİ kimi bir məkanda azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiranı yalnız o qələmə ala bilərdi. “Master və Marqarita” İosif Vissarionoviçin həyatını əks etdirirdi. Nadejda da onu Marqarita Masteri satan kimi satmış, xəyanət etmişdir.”

“Sənin səlahətin çatırmı?” hekayəsində isə cəmiyyətdə olan ikili münasibət amili qabardılmışdır. Hekayədə adi məqalə yazmış Səidəyə “kiminsə” işindəki qüsuru göstərməsinə səlahəti olmamasının deyilməsi, cəmiyyətdə insanlara olan ikili münasibətin göstəricisidir. Elmi tədqiqatlarda buraxılmış qüsurları göstərməyə səlahəti olmayan alimin nəyə səlahəti çata bilər sualı oxucunu düşündürməyə vadar edir.  “Sizin məqalənizlə bağlıdır. Sizin nə səlahətiniz çatır ki, o cür məqalə yazasınız? Sizə o səlahəti kim verib?” sualı cəmiyyətdə baş verən nöqsanlıqları qabardır. Artıq müəyyən instansiyalardan keçmiş tədqiqatlarda buraxılmış qüsurlara münasibət bildirilməməsinin sonrakı səhvlərə yol açılmasının faciəvi sonluğu oxucu gözündə canlandırılır. Məhz “Səidə xanım, tənqid etdiyiniz yazılar neçə instansiyadan keçib. Hamısından müsbət rəy alıblar. Hətta Ali Attestasiya Komissiyasından keçib təsdiqlərini alıblar. O baxımdan deyirəm ki, Sizin irad tutmağınıza səlahətiniz çatırmı?” sualı cəmiyyətə ünvanlanmış sual kimi hər kəsi düşündürür. Bəli, hekayənin qəhrəmanının verdiyi sual hamıda yaranır: “Necə yəni səlahətim çatırmı? Kimisə tənqid etməyə səlahət lazımdır? Təhqirə və ya şərə keçməmişəm. Elmi işi tənqid etməyə səlahət lazımdır? Nöqsan olan yerdə, o nöqsanı görüb elmi diskusiya qaldırmağa hər bir alimin səlahəti çatır.” Hekayənin qəhrəmanı Akif müəllimin dedikləri də bu gün elmi camiədə baş verənləri gözümüz önündə canlandırır: “Demək istəyirəm ki, həmin elmi işlər ya tədqiqatlar kafedrada ya şöbədə müzakirə olunur, sonra seminardan keçir, aparıcı müəssədən rəy alır, sonra dissertasiya şurasında müdafiə edilir, Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bütün burda oturan insanlardan siz ağıllımı çıxdınız?” Bəli cəmiyyətdə formalaşmış mənfi baxış və stereotiplərə qarşı çıxanlar ağ qarğaya çevrilir, cəmiyyət tərəfindən sevilmədikləri kimi, qəbul da edilmirlər. İradlar göstərilmiş məqalənin iradların ləğv edilərək çapa getməsi oxucunu düşündürür: “bəs kimi tənqid etməliyik?” Hekayə tənqidin də düzgün təşkil olunmadığına bir işarə kimi qəbul edilməlidir.

“Psixatrın gündəliyi” hekayəsində akademik olmaq iddiası ilə yaşayan insanın qadın həmkarına qarşı etdiyi mənfur əməllər alim adına yaraşmayan əməllər kimi əksini tapmışdır. Müəllifin Münəvvərin timsalında qadınların başına gətirilənləri gender bərabərsizliyi prizmasından təhlil edirsə də, Natiqin tək olmadığı, özü xislətdə olan insanların “starıy qvardiya” adı altında birləşdikləri dəstədə fəaliyyət göstərmələri açıqlanır. Psixoloq Rənanın gündəliyi əsasında hadisələrin təsvirinin verilməsi, psixiki pozgunluq yaşayan Natiqin psixoloq Rənaya müraciət etməsi müəllif tərəfindən Natiq kimi insanların müalicə olunmalarına işarədir. Natiq kimi insanların psixoloq müayinəsindən keçmələrinə baxmayaraq sağalmaları onların xislətlərindəki mənfur əməllərinin beyinlərinə hopmasına bir işarədir.

Salidə Şəmmədqızının real düşüncələrlə yanaşı irreal düşüncələrin yer aldığı hekayələrin yüksək mənəvi ideallar uğrunda mübarizə aparan qəhrəmanları ədəbiyyat və onun əhatə edən aktual problemlərin həlli yollarını axtarmaqdadırlar. Salidə Şəmmədqızının qələmə aldığı hekayələr nəsr ənənələrini davam etdirərək, yeni janr axtarışları və nümunələrinin yaradılması ilə diqqəti cəlb edir. Yazıçı realist və postmodernist üsluba əsaslanaraq, hekayələrdə satirik təsviri üçün ən asan və münasib üsul kimi ədəbiyyat və söz sənətində olan çatışmazlıqları istehza etməklə bəşəri, həmçinin ümumilli xarakter daşıyan problemlər haqqında məlumatı oxucularına çatdırır. Salidə Şəmmədqızının bədii nəsrin lakonik, dinamik forması olan hekayəyə müraciət etməsinə baxmayaraq, kəskin konflikt fonunda dolğun xarakterlər yaratmağa qadir olmuş, aktual və kəskin suallara toxuna bilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Prezident təqaüdçüsü (2016), Rusiya Yazıçılar İttifaqının M.A. Şoloxov adına beynəlxalq mükafatı (2009), Rusiya Yazıçılar İttifaqının Q.R. Derjavin adına ordeni (2009), Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” media mükafatı (2010), Rəsul Rza adına Ədəbiyyat Fondunun “Rəsul Rza mükafatı” (2017) ilə təltif edilmiş Salidə Şəmmədqızına (Salidə Şərifova) yeni-yeni yaradıcılıq nailiyyətləri arzu edirik. Salidə Şəmmədqızının qələmə aldığı “Əriyən şam”, “Dionisin qələbəsi” hekayələr toplusu Azərbaycan söz xəzinəsində özünməxsus çəkisi olan hekayələr toplsudur. Salidə xanımın bədii yaradıcılğını davam etdirməsi gələcək nəsillərə bir ərmağandır.

 

unnamed (1)

Salidə Şərifova

 

unnamed

Bölmə : Bölməsiz