Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə

10 Baxış

88695_djxcqi54nr

Tanınmış şərqşünas-alim Məsiağa Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı haqqında qeydlər

Şükürlər olsun uca Yaradana ki, Məsiağa müəllim, hər dəfə olduğu kimi, bu dəfə də elmi ictimaiyyəti, xüsusən də dostlarını və həmfikirlərini özünün növbəti sanballı əsəri – “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı ilə sevindirdi.

Adətən bir əsər haqqında danışmazdan qabaq onun müəllifini təqdim edirlər. Əslində haqqında söhbət açacağım kitabın müəllifi, fil.ü.f.d. Məsiağa Məhəmmədini təqdim etməyə elə də ehtiyac və lüzum yoxdur. Çünki həmkarlarının və onu tanıyanların bir çoxunun ona “Ustad” deyə müraciət etməsi öz-özlüyündə, onun elmi, arifliyi, həm də nümunəvi şəxsi keyfiyyətləri haqqında çox şeylər deyir. Əbəs yerə deməyiblər ki, “görünən dağa nə bələdçi?”

M.Məhəmmədi Sovet qoşun kontingentinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Bəlkə də Əfqanıstana dair çox dəyərli strateji araşdırmasının məhsulu olan “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” əsərinin bu dərəcədə uğurlu alınmasının bir səbəbi də budur, çünki müəllif müəyyən dövrdə Əfqanıstanda baş verən proseslərin birbaşa iştirakçısı olmuşdur. Bəli, bu, bir səbəb ola bilər, ancaq, yeganə səbəb deyildir. Bizcə, səbəblər çoxdur.

İlk növbədə, Məsiağa müəllim çox savadlı, zəhmətkeş, daim öz üzərində çalışan, yüksək intuisiya və erudisiyaya, intellektə və dünyagörüşə malik, hal, hadisə və proseslərin mahiyyətinə vara və onları ümumiləşdirə və qruplaşdıra bilən, dünyada gedən proseslərdən baş çıxaran, dünya və regional siyasətlərin mahiyyətini, onların səbəb və nəticələrini idrak edən, haqq ilə batil arasındakı incə pərdəni fərq edən və bütün varlığı ilə haqqın tərəfində olan və məntiqi nəticələri, həm də sadə bir dillə və özünəməxsus bir üslubla ortaya qoymağı bacaran bir alim, sağlam və geniş təfəkkür sahibi, bütöv şəxsiyyətdir. İdeya-siyasi cəhətdən yetkin olan M.Məhəmmədi, həm də sözün geniş mənasında milli və bəşəri dəyərlərə yüksək qiymət verən demokratik fikirli vətənpərvər ziyalıdır.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” əsərinin məziyyətləri haqqında çox danışmaq olar. Bu məziyyətləri bütün incəlikləri ilə qiymətləndirmək, bəlkə də, mənim üçün daha asandır, çünki tale elə gətirib ki, mən də Əfqanıstan həyatı yaşamışam, orada baş verən bir çox hadisələrin şahidi və iştirakçısı olmuşam. Ədalət naminə deyim ki, dünyanın bəzi ölkələrində yaşamış və bir çox xalqların nümayəndələri ilə ünsiyyətdə olmuş bir insan kimi, mən öz xalqım, daha doğrusu, millətim istisna olmaqla, əfqan xalqı qədər dürüst, ədalətli, haqqa yaxın, qonaqpərvər, səmimi ikinci bir xalq görməmişəm.

Mən Əfqanıstana gedəndə orada artıq bir neçə il idi ki, sabitlik pozulmuşdu və müharibə gedirdi. Dünya hegemonluğuna çalışan böyük dövlətlər, eləcə də islamın düşmənləri bu ölkədə dostu düşmən, düşməni dost kimi sırımaq üçün əllərindən gələni edirdilər və yerli sadəlövh insanların bir çoxu asanlıqla bu tələyə düşürdülər. Yəni özü də fərqinə varmadan xalq mənən aşındırılır, qruplara, dəstələrə bölünürdü. Çoxsaylı müqavimət (partizan) dəstələrində və birliklərində bu özünü daha çox göstərirdi. Bununla belə, mən orada, xüsusən kənd yerlərində heç bir qapıda qıfıl görmədim. Hər kəs evindən harasa gedəndə evin giriş qapısının önünə çəpəki bir ağac parçası qoyurdu. Bunun mənası o idi ki, evdə heç kəs yoxdur. Mən əfqan xalqında bu dərəcədə dürüstlük və saflıq gördüm.

Mövzudan kənara çıxsam da, əfqan xalqının məziyyətləri haqqında çox danışmaq olar. Bu məziyyətlərdən ən qabarığı və üstünü əfqanların inanclı, azadlıqsevər və hürr, vətənpərvər, mübariz və döyüşkən olmasıdır. Bu, həmin xalqdır ki, ingilislərin o dövr üçün ən müasir silah-sursatlarına, hərbi nizam-intizamlarına və ən əsası yürütdükləri hiylə və riya dolu siyasətlərinə baxmayaraq, onlara qarşı apardıqları hər 3 müharibədə qalib gəlmiş, öz azadlıqlarını qorumuşlar. Hə, sual oluna bilər necə oldu ki, belə bir qəhrəman xalqın vətəni az qala yarım əsrdir ki, müharibə meydanına çevrilmişdir. Bu sualın elə birinci cavabı odur ki, bu xalq işğalı qəbul eləyən olmamış və deyildir. Digər səbəblər də var, məsələn, gecə-gündüz aparılan düşmən təbliğatı, “parçala və hökm sür” siyasəti, xalqın birliyinin, liderin və vahid komandanlığın olmaması, bəzi hallarda fərqinə varılmadan edilən xəyanətlər, bir çox fərdlərdə hələ də davam edən mədəni gerilik, savadsızlığın yuxarı səviyyəsi, tayfa-icma strukturunun üstün mövqeyi, etnik-milli rəngarənglilik və sair və ilaxir.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı ilk növbədə bütün dünyada XIX əsrdən başlamış və XX əsrin 70-ci illərindən bu günə qədər öz təsirini və faciələrini getdikcə daha çox hiss etdirən ictimai, iqtisadi, mədəni, mənəvi, siyasi və hərbi proseslərə Əfqanıstanın timsalında işıq salır, onları izah edir və qlobal mənada insanları maarifləndirir. Əslində, bu əsər təkcə Əfqanıstanın deyil, bütövlükdə dünyanın, xüsusən də Yaxın və Orta Şərqin, ələlxüsus bir sıra müsəlman ölkələrinin bugünkü hala gəlmələrinin səbəb və nəticələrini, müəllifinin qələminə xas bir incəliklə şərh edir, böyük dövlətlərin kiçik dövlətlərə qarşı məkrli siyasətlərini və onların acı sonuclarını ortaya qoyur.

İkincisi, bu əsər bütövlükdə bəşər övladına, xüsusən dünyanın müəyyən regionlarını, xüsusən də müsəlmanların sakin olduqları əraziləri qan gölünə çevirən bəzi böyük dövlətlərin rəhbərlərinə ünvanlanmış və uca səslə hayqırılan bir mesajdır: ey ağalar, durun, idrak eləyin ki, biz hamımız ucu-bucağı görünməyən okeanın təlatümlü sularında səndərləyən gəminin sakinləriyik. Bu mesaj müəllifin sağlam və alternativi olmayan düşüncəsinin nəticəsidir.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” əsərindən belə bir məntiqi nəticə çıxır ki, hər bir dövlət və onun xalqı, çətin anlarda, xilqətin ona bəxş etdiyi təbii instinktlərlə toparlanmağı və vahid mənafe ətrafında birləşməyi və özünü qorumağı bacarmalıdır ki, böyük dövlətlərin siyasət və müharibə meydanına çevrilməsin. Yəni hər bir xalqın, xüsusən tarixin keşməkeşli dövrlərində ümumi milli mənafedən irəli gələn mövqeyi, birliyi, məqsədyönlü mübarizəsi olmalıdır. Heç bir tarixi şərait milləti mübarizədən və onun qələbəsindən yayındıra bilməməlidir.

Əfqanıstanda baş verən və bu gün də davam edən hərbi-siyasi hadisələr və çıxılmaz kimi görünən mövcud durum tarixdə şəxsiyyətin rolu məsələsini bir daha aydın bir şəkildə ortaya qoydu. Mən vaxtilə Əfqanıstanda yaşamış və işləmiş, bu üzdən də az-çox məlumatlı bir şəxs kimi düşünürəm ki, çox ləyaqətli, igid, vətənpərvər və qeyrətli əfqan xalqının bağrından Heydər Əliyev kimi bir fenomen-şəxsiyyət yetişsəydi, bu ölkə az qala yarım əsrə bərabər bir müddətdə müharibənin, aclıq və səfalətin, saysız-hesabsız maddi, mənəvi və fiziki xəsarətlərin girovuna çevrilməzdi.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı həm birnəfəsə və səmimiyyətlə yazılmış publisistik təhkiyə, həm də özündə əhatəli şərh və izahları ehtiva edən elmi əsərdir. Onun yazılmasında çox geniş, hətta bir vaxtlar məxfi sayılan mənbələrdən belə istifadə edilmişdir ki, bu, onun reallıqları nə dərəcədə düzgün ifadə etdiyini göstərir.

Maraqlı burasıdır ki, müfəssəl siyasi və həm də strateji araşdırmanın nəticəsi olan bu kitab çox rahat oxunur, ən əsası isə qaldırılan məsələlər, onların mahiyyəti, səbəb və nəticə əlaqələri çox asan anlaşılır. Elə bil ki, bədii ədəbiyyat oxuyursan, ancaq oxuduqca, qəlbindən qara qanlar axır, düşünürsən ki, bizim də aid olduğumuz müsəlman dünyasının bir çox ölkəsində eyni vəziyyət hökm sürür və içindən çox səmimi “Mən bu vəziyyətdə nə edə bilərəm?” sualı doğur.

Əslində, bu sualın cavabı çox çətin olsa da, Azərbaycan Respublikası dövləti onun cavabını çoxdan vermişdir. Bu cavab, bəzi böyük dövlətlərin islam və türk dünyasına qarşı pozucu və dağıdıcı siyasətlərinə, xüsusən də Azərbaycanın Dağlıq Qarabağ probleminə və torpaqlarımızın 20%-dən çoxunun işğalına ikili yanaşmalarını davam etdirmələrinə baxmayaraq, ölkəmizin alternativ olaraq multikulturalizm dəyərlərini yaşatmaqda davam etməsi, sağlam, ədalətli və dürüst mövqedə durması, çətin və keşməkeşli sülh yoluna sadiq olması, eləcə də 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi və “İslam həmrəyliyi oyunları”nı uğurla keçirməsindən keçir.

M.Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı ilə ilkin və ötəri tanışlıq insanda belə bir fikir yaradır ki, müharibənin alovlandırıldığı bütün ölkələr haqqında bu cür əsərlər yazılmalıdır. Ancaq az sonra, yəni əsərlə daha yaxından tanış olandan sonra dərk edirsən ki, ayrı-ayrı ölkələr haqqında bu səpkidə əsərlərin yazılmasına elə də ehtiyac yoxdur, çünki “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı o qədər müfəssəl və sanballı yazılmışdır ki, onun adındakı Əfqanıstan sözünü məzlum durumuna salınmış ölkələrin adları və içindəki tarixi şəxsiyyətlərin adlarını o ölkələrdəki şəxsiyyət adları ilə dəyişsək, yetər. Yəni müəllif burada elə güclü bir ümumiləşdirmə aparmışdır ki, əsəri oxuyan hər kəs təkcə Əfqanıstanda gedən prosesləri deyil, müharibə ocağına çevrilmiş bütün ölkələrdəki problemlərin və proseslərin mahiyyətinə vara, onları qiymətləndirə, dünyanın zalım və məzlum qütblərinə bölündüyünü dərk edə bilir.

Ən maraqlı məqam isə ondan ibarətdir ki, “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabını ürəyinin qanı ilə yazmış müəllif, nə qədər ağrı və acı çəksə də, hadisələri təsvir və şərh edərkən öz bitərəfliyini qoruyub saxlaya bilmiş, etik norma və standartlara riayət etmişdir. Nəticədə, kitabda kimin haqlı, kimin haqsız olduğu barədə heç bir söz belə tapmaq mümkün deyildir. Bununla belə, dünyadan ən xəbərsiz bir şəxs belə “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabını oxusa, hər şey, yəni bugünkü narahat dünyamızın reallığı ona gün kimi aydın olar. Bu, çox böyük qabiliyyət və istedad tələb edən bir işdir. Şeyx Nizami aşağıdakı beyti əbəs yerə deməmişdir:

Qol əz qonçe xəndid, dor softe şod,
Soxən, bin ke dər pərde çon qofte şod
(Gül qönçədən açıldı, dürr deşildi,
Gör ki, söz necə pərdəli deyildi)

Mən fürsətdən istifadə edərək, belə bir düşüncəmi də paylaşmaq istəyirəm ki, M.Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabı yubanmadan lazımi dünya dillərinə tərcümə edilməli və beynəlxalq kommersiya kitab şəbəkələrinin əli ilə bütün dünyaya dağıdılmalıdır. Hətta bu kitabın çapında adıgedən şəbəkələrin məsrəfsiz xidmətlərindən də istifadə etmək olar.

Sonda hörmətli Məsiağa müəllimə – Ustada arzum budur ki, o, yaxın gələcəkdə “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” kitabına lazımi əlavələr edərək onu “Əfqanıstan ensiklopediyası” kimi ortaya qoysun. Buna nəinki Azərbaycan, hətta dünya şərqşünaslığının çox ehtiyacı vardır. Məsiağa müəllimi yaxından tanıyan və uzun müddət onunla birlikdə çalışan və ünsiyyətdə olan biri kimi, mən bilirəm ki, onun buna geniş mənada potensialı vardır. Uğur olsun, Ustad!

Şəmsi PƏNAHOĞLU
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, fiologiya üzrə fəlsəfə doktoru

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10