Əgər tarixin özü zarafat edirsə?

231 Baxış

kunderaMilan Kundera 1929-cu ildə Çexoslavakiyada doğuldu və 1975-ci ildən bu yana Fransada yaşamaqdadır.

Yəqin ki, Milan Kunderanın haqqında danışılmasını istədiyi avtobioqrafik məlumatların sərhədi, bu bir cümlədən ibarətdir. Özü haqqında danışmağı sevməyən Kunderanın əsərlərində ona aid avtobioqrafik məzmunlu hekayələrin keçdiyini iddia edənlər də az olmayıb. Kunderaya görə roman, yazıçının şəxsi etirafı deyil, dünya adlandırılan qəfəsdəki insan həyatının kəşfidir. Bu səbəbdəndir ki, roman əsla reallığı incələmir, varlığı təhlil edir və varlıq olub-bitmiş hadisələrlə əlaqəli deyil. Varlıq, insani keyfiyyətlərin cəmidir. Buna görə də bir roman, təkcə romanın daxilində danışıla biləcəkləri əhatələyir.

1) Əbədi təcrübəsizlik və ya anın vahidliyi

Kunderanın əsərlərindəki təməl suallardan biri də təcrübəsizliklə bağlıdır. İnsan sadəcə bir dəfə uşaq olur, bir dəfə gənc – hara getdiyimizi bilmədən yaşlanırıq. İlk sevgili, ilk öpüş, təhsil, karyera, bir yerə getməli olduğumuzda metrodan yaxud taksidən istifadə etməli olduğumuz seçimləri arasında qalmaq və s. Həyatda davamlı olaraq, daha əvvəl necə olduğunu, necə daha yaxşı nəticələnə biləcəyini bilmədiyimiz hadisələrlə qarşılaşırıq və bir yolla qərar veririk. Peşman da olsaq, tərəddüdlər içində qalsaq da seçimlərimizi edib, öz yolumuzla irəliləyirik. Geriyə qayıtmaq, əvvəlcədən yoxlamaq və ya yenidən sınamaq kimi şansımız olmur. Zaman sadəcə bir istiqamətdə – yalnız irəliyə doğru axır. Dayanıb, geriyə baxmır; və insan həyatı, böyük təcrübəsizlik kürəsidir.

Hansı qərarın düzgün olduğunu yoxlamaq üçün heç bir imkan yoxdur, çünki müqayisə üçün də heç nə bilmirik. Biz hər şeyi bir dəfə yaşayırıq, ilk dəfə və hazırlıq görmədən. Eynilə heç bir məşq keçmədən tamaşaya çıxan aktyor kimi. Əgər həyatın birinci məşqi, elə onun özüdürsə, bəs həyatın dəyəri nədir? Bax buna görə də həyat eskizə oxşayır. Və biz əgər bir həyatı, yalnız bir dəfə yaşamağa məhkum olunmuşuqsa, bu o deməkdir ki, biz ümumiyyətlə yaşamamışıq. (Einmal ist keinmal)

Buna görə də Kunderanın ilk romanı olan “Zarafat”ın (çex: Žert) əsas xarakteri Ludvikə görə gənclik illəri, həyatın ən bərbad mərhələsidir: böyük dekorasiyalar və bəzəkli qiyafələr içində gəzişən uşaqlar, rollarının sadəcə yarısını oynamağı bacardıqları halda, hər mövzuda fanatikə çevrilirlər. Və burda Kunderanın “Bilməmək” romanındakı İreneni xatırlayırıq, o bütün həyatına təsir edəcək qərarları gənc yaşda – hələ çox az şey bildiyimiz və elə bir o qədər də az şeyi təcrübədən keçirtdiyimiz çağda – vermək məcburiyyətində qalmağına heyslənirdi. Gənc yaşlarımızda evlənirik, karyera və ya ailə ilə bağlı bütün qərarlarımızı məhz gənc yaşlarda verməli oluruq; və bir gün, bir çox şeyi dərk etmiş olduğumuzda artıq gec olur, çünki bütün həyatımız, heç bir şey bilmədiyimiz çağda müəyyənləşmiş və çərçivəyə alınmışdı.

 

“Zarafat” romanında, “bir dəfə yaşamaq” frazasını, sonsuzadək bağışlanmaq fikri ilə birləşdirilir. 1948-ci ildə, stalinist rejimin Çexoslavakiyadakı ilkin vaxtlarında Lüdvik, universitetdən bəyəndiyi qatı kommunist bir qızı təəccübləndirmək, özünə cəlb etmək (bəlkə də yaralamaq) məqsədilə qaldığı yay kampına balaca açıqça göndərir: “Nikbinlik – insanlar üçün tiryək kimidir. Sağlam ruh, özündə sərsəmliyi daşıyır. Yaşasın Trotski!”

 

Lüdvikin zarafat naminə göndərdiyi bu açıqça, həyatını başqa istiqamətə yönləndirir. Dəfələrlə bunun bəsit zarafat olduğunu izah etməyə çalışsa da, heç kəsi inandıra bilmir. Daha sonra, bir yoldaşının da dediyi kimi: dünyanı dəyişdirmək istəyən heç bir böyük hərəkət, istehza və zarafat anlayışlarını qaldıra bilməz. Çünki zarafat (və sinizm) hər şeyi paslandırır, çürüdür.

 

Stalinist təhqiqat müddətində partiyanın, istintaqın, polisin geniş auditoriyalarda dayanamadan əllərini qaldırıb, qərarlar çıxartdığı müddətdə, günahlandırılan şəxslərin inamı, qüruru və ən əsası azadlıqları əllərindən alınarkən, Lüdvik partiyadan və universitetdən uzaqlaşdırılaraq, fəhlə qismində, cərimə batalyonunda yerləşən mədənlərdən birinə göndərilir. Bu onun düşüncəsində yeni cığır açır; artıq növbəti paraqrafda – qarşımızda, insanlara qarşı inancı ölmüş, kollektivizm zehniyyətindən soyumuş Lüdvik var.

 

“Hər an sizi ölümə ya da sürgünə göndərməyə hazır olan insanlarla bir yerdə yaşamaq, onlarla səmimi olmaq, onları sevmək olduqca çətindir.”

 

Bu fikir təkcə stalinist partiyanın heyəti, ya da totalitar idarəetmə forması ilə sərhədlənmiş deyil: hətta cərimə batalyonunda əzilən insanlardan formalaşmış kollektivin özündən belə şübhə edirdi. Atası casusluq üstündə həbs edilmiş, əsgərlərin gözündə qalxmaq üçün həddən artıq zəhmət çəkən Aleksey, heç kəslə yola getməmək və münasibət qura bilməməyinin sıxıntısından, intihar edərək xilas ola bilir. Lüdvik, əvvəlcə universitet və partiya, ardınca isə cəmiyyətdən uzaqlaşdırılmağın ağırlığı ilə bütün toplum iradələrə qarşı inancını itirməklə yanaşı, onlara qarşı duyduğu nifrəti də büruzə etməkdən çəkinmir. Yoldaşı Kotska isə bunu dəfələrlə Lüdvikin üzünə vuraraq, onun bağışlamağı bacarmadığını; hələ də həyatının, qovulması üçün təşkil edilmiş iclasda məhv edildiyi düşüncəsinə mismarlandığını və buna görə də orda qalxan əllərin timsalında, bütün insanlara qarşı öz  nifrətini qusduğunu təkrarlayırdı. Və Kotska hesab edirdi ki, bu cür lənətli duyğular içində, əfv etməyi bacarmadan yaşamaq, cəhənnəmdə yaşamaq kimidir.

 

Sonsuz nifrət barəsində Kotska bəlkə də haqlı idi, lakin Lüdvikə görə ədalətsizlik, fanatizm, barbarlıq kimi anlayışlar üzərindən nifrət etmək ağır idi. Bu tip nifrət hissi, insanlığın sərhədini aşırdı və insan əsəblərini cilovlamaq üçün tək fərdə fokuslanmaq məcburiyyətini duyur. Lüdvikin nifrəti də həmin iclasda iştirak edən bütün şəxslərə qarşı deyildi, onları bu addımı atmağa vadar edən Zemanekə qarşı idi.

 

zert2) Xatırlamaqla unutmaq arasındakı gizli bağ

 

Lüdvik tam olaraq on yeddi il boyunca bu nifrətdən qurtula bilmir və sırf intiqam almaq məqsədilə Zemanekin arvadı Helenanı aldadır. Lüdvik üçün bu sadəcə bir oyun idi, lakin ondan fərqli olaraq Helena bundan bir xeyli məmnun görünür və bəlkə də ilk dəfədir ki, kiməsə həqiqətən aşiq olduğunu hiss edir. Ancaq bütün bu oyun Helenanın Lüdvikə, illərdir ki, əri ilə münasibətlərinin pis getdiyini, ayrı otaqlarda yatdıqlarını və Zemanekin universitetdən gənc məşuqələrinin olduğunu danışdıqda pozulur. Bir müddət sonra Zemaneki, yanında gənc və gözəl qadınla birlikdə gördükdə isə bir-biri ilə uzlaşmayan davranışlarının sap kimi əriməyə başladığını hiss edir. Heç nə əvvəlki kimi deyildi; Lüdviki universitetdən uzaqlaşdırdığı üçün fəxr etməməsi bir tərəfə, stalinizmi mənimsədiyi gənclik illərindən iyrənən, utanc duyan Zemanek var idi qarşısında.

 

Lüdvik, bütün həyat hekayəsinin başlanğıc nöqtəsinin bir zarafat və ardınca doğulan nifrətdən ibarət olduğunu dərk edir. Artıq içindəki nifrət hissi yoxa çıxmaqda, hər kəsin və hər şeyin əfv edilə biləcəyini anlamaqda idi.

 

Bir çox insan ikili illüziya içərisindədir: insanların, əşyaların, hərəkətlərin, millətlərin xatirələrinin əbədiliyinə; və hərəkətləri, xətaları, günahları, qəbahətləri düzəltməyin mümkünlüyü ehtimalına inanırlar.

 

Əslində isə həqiqət tam əksidir: hər şey unudulur və heç bir şey düzəldilmir. Düzəltməyin yolu (intiqam almaq və ya əfv etmək üsulu ilə) unutmağa bağlıdır. Heç kəs etdiyi səhvi düzəldə bilməz, amma bütün səhvlər unudulur.

 

Əsərin sonunda Lüdvik, Praqa küçələrində gəzişərkən, təsadüfən qarşılaşdığı keçmiş dostunun (Yaroslav) ansamblına qoşulmaqla, bir də geri dönməyəcək gəncliyinin nostaljik hissləri ilə klarnet ifa edərək, bütün yaşadığı keçmiş xatirələri, çex xalq mahnısının notlarında dəfn edir. Lakin konsert faciə ilə yekunlaşır, Lüdvikin dostu Yaroslav infarkt keçirir…

 

Dekart insanı təbiətin hakimi və sahibi adlandırsa da, insan zərif şəkildə dərk edir ki, heç bir şeyin hakimi deyil; nə təbiətin, nə tarixin, nə də özünün. Bunun səbəbi, insan ilə davranışları arasındakı sonsuz bərabərsizlikdən qaynaqlanır. İnsan, davranışları ilə öz gerçək obrazını ortaya çıxarmağa çalışır, ancaq nə qədər çalışsa da, bu görüntü heç cür beynindəki “mən”liyi ilə uyğunlaşa bilmir. Davranışlarımız qaçaraq bizdən uzaqlaşmaqla, öz hədəflərini, trayektoriyalarını çizərək, tabeliyimizdən çıxırlar. Lüdvikin əyləncə naminə yazdığı açıqça ilə başlayan hekayəsindəki tragediyanın leytmotivi də elə budur.

 

saka_avatar_orj3) Zarafat

 

Həyat hekayəsinin bütünlükdə bir səhvdən – açıqça ilə göndərilmiş zarafatdan, təsadüfdən, mənasızlıqdan törədiyini anlayan Lüdvik, belə nəticəyə gəlir: səhvlər ucbatından baş vermiş hadisələr də, məntiq və ehtiyacdan yaranan hadisələr qədər gerçəkdirlər. Hətta “Varlığın dözülməz yüngüllüyü” əsərindəki Tomasın düşündüyü kimi, sadəcə təsadüf bizə vəhy kimi görünür, çünki məcburiyyətlər və şablon davranışlar dilsizdir. Bir tək təsadüflər bizimlə danışa bilər. Bu səbəbdəndir ki, zarafatlar da özündə gerçəkliyi və ciddiyəti daşımaqda mükəlləfdirlər.

 

Eləysə, kim səhv etmişdi? Tarixin özü, ilahiyyat, ya rasionallıq? Əgər tarixin öz məntiqi varsa, bu məntiq niyə bizi daha ciddi davranmağa və diqqətli olmağa məcbur eləsin ki? Bəs, əgər tarixin özü bizimlə zarafat edirsə?

 

Ramin Qasımov

 

KÖŞƏ YAZARLARI
TOP 10