Əhməd bəy Ağaoğlunun “Axın” qəzeti haqda – Dilqəm Əhməd

53 Baxış

bn

Hər sözə boyun əymədiyi üçün Atatürkdən duyulan “Sən bir sığıntısan” sözünün ağırlığı…

Əvvəl bu sözü, sonra üzrxahlığı duyan Əhməd bəy Ağaoğlunun “Axın” qəzeti haqda

 1933-cü il.

İlin sonunda onun Vətənində Mircəfər Bağırov adlı bir şəxs birinci katib seçiləcəkdi.

Həmyerliləri isə Türkiyədə, Polşada bolşevizmlə mübarizə aparır, işğal olunmuş Vətənlərinin azadlığı üçün çalışırdılar.

Amma bunların heç biri onun marağında deyildi.

24 il öncə ayrıldığı Vətəninə 1918-ci ildə ordu komandanının müşaviri kimi getmişdi və düşüncələrinə görə, heç də yaxşı qarşılanmamışdı.

Cümhuriyyət ideyasını, nədənsə, dəstəkləmir, ölkəsinin Osmanlının bir parçası olmasını istəyirdi.

Həyat onu hələ uzun illər əvvəl Şuşadan Parisə doğru apardı. Oradan da Londona keçdi, Şərqlə bağlı mühüm bir toplantıda iştirak etdi, buna görə, Qacar şahından bahalı üzük də hədiyyə aldı.

Sonra yenidən doğulduğu Şuşaya döndü, xalqına qarşı savaş elan etmiş ermənilərə qarşı mübarizə apararaq Difai hərəkatını yaratdı. 1909-cu ildə isə artan təzyiqlərə görə Osmanlıya getdi, sonra isə bütün ailəsini yanına gətirdi.

Ermənilərin iftirası ilə ingilislər tərəfindən Birinci Dünya müharibəsinin sonlarında Malta adasına sürgün edildi. Burada ikən Vətəninə dönmək istədi, Nəriman Nərimanova bir məktub yazdı. Məktubu alan yeni hökumətin rəhbəri bundan çox sevindi və dərhal ona məktub yazaraq bərabər xidmət etməyə çağırdı. Amma artıq gec idi. Türkiyə hökuməti onu ingilis əsirlərlə dəyişərək azad etmiş və o da ömrünü bu dövlətə həsr edəcəyinə qərar vermişdi. Eləcə də, bu dövlətin qurucusunun xidmətində dayanacaqdı. Amma digərləri kimi yaltaqlanaraq deyil, həqiqəti müdafiə edərək. O həqiqət ki, sonda onun bir köşədə tənha qalmağına səbəb olacaqdı.

Onu qurtaran şəxsin təklifini geri çevirməyərək “Sərbəst firqə” adlı bir müxalifət qurumunda rol aldı. Ölkədə təkhakimiyyətliliyin Türkiyənin siyasi görüntüsü baxımından yaxşı olmadığını düşünən Atatürk özünün idarə edəcəyi bir müxalifət partiyası ideyasını həyata keçirmişdi. Nəhayətdə, bu ideya iflasa uğradı və Atatürklə arasında soyuqluq yarandı.

Atatürkün hər sözünə boyun əymədi, haqqı müdafiə etdi və buna görə də ondan “sən bir sığıntısan” sözünü eşitdi.

Bu, həyatı boyu eşitdiyi ən ağır kəlmə idi. Atatürk sonra peşman olub, onu qucaqlayıb öpdü. Amma artıq gec idi və bu acı onun qəlbinə hopmuşdu. Amma Atatürk öləndə ən çox ağlayanlardan biri də o olmuşdu…

 ***

1933-cü il idi.

Onu Vətənə bağlayan şeylər artıq azalmaqda idi. Ömrünün ən məhsuldar vaxtlarını Türkiyə siyasəti və mətbuatına xərcləmişdi. Siyasətdən çəkilmişdi. Xatirələrini yazmaqla məşğul idi. Eləcə də ta 1905-ci ildən etibarən məşğul olduğu sevimli peşəsinə davam etmək istəyirdi.

Yeni bir qəzet açmaq qərarına gəlmişdi. Amma necə? Mətbəə və digər xərclər vardı. Başlanğıc üçün mütləq şəkildə sərmayə lazım idi. Bunu haradan tapacaqdı?

Nəhayət, tapdı!

Amma bunu xanımına, illərdir onun bütün əziyyətlərinə dözən, “Əhməd can” deyən fədakar qadınına necə deyəcəkdi?

Başqa çarə də yox idi. Xanımı Sitarəyə mövzunu açdı: “Bir neçə şey, məsələn, bu köhnə xalıları sataraq qəzet çıxarmaq istəyirəm, nə deyirsən?”

Bu xalılar Sitarənin cehizi idi, ona da ailəsindən yadigar qalmışdı, rəngarəng, gözəl naxışları olan Qarabağ xalçası.

Amma Sitarə xanım yenə də onu dinləmədiyinə görə bir neçə dəfə səhvlərə yol verən həyat yoldaşının bu istəyinə “yox” demədi. Bir daha görmək imkanı olmayacağı Qarabağdan qalan yadigarı ərinin qəzet çıxarması üçün satılmasına razı oldu. Necə böyük bir fədakarlıq!

 ***

Oktyabr ayında Əhməd bəyin nəvəsi Tektaş Ağaoğlunun evinə gedərkən satılan Qarabağ xalçasının puluna çıxan “Axın” qəzetinin bir neçə nüsxəsini və ilk saydan öncə çap olunan dərgi formalı xüsusi buraxılışı gördüm. Qəzetləri incələmək üçün götürdüm və orada yazılan yazılarla tanış oldum.

“Axın” qəzetinin ilk sayı 1933-cü il mayın 29-u, bazar ertəsi günü çıxıb. Həmin ilin 24 sentyabrına qədər davam edib və ümumilikdə 119 sayı nəşr olunub. Qəzetin ilk sayı 8 səhifə olub və 5 quruşa satılıb. Daha sonra isə səhifə sayı 4-ə, qiyməti 3 quruşa enib.

25 may 1933-cü ildə ilk saydan öncə çap olunan xüsusi tanıtım məqsədli dərgi formatında olan “Axın”ın üz səhifəsində Türkiyə bayrağı və İstiqlal marşından bir bənd yayımlanıb. Bu nüsxənin qiyməti 1 quruş olub.

İçəri səhifədə “Axın” sözünün altında “Hər gün çıxır. Siyasi, ictimai, iqtisadi, ədəbi qəzet” ifadəsi, onun altında isə “Baş mühərriri Ağaoğlu Əhməd, daha sonra isə “Sahibi və nəşriyyat müdiri: Hacı Ağa oğlu Yusif Ziya” ifadələri qeyd olunub. İlk yazı isə “Axın” nə üçün çıxır” manşeti ilə verilib və bildirilir ki, qəzetin çapındakı başlıca məqsəd cümhuriyyətçilik, xalqçılıq və laiklik əsaslarının təbliğidir. Bu yazıda qəzetdə işləniləcək mövzular bu cür sadalanır: Gündəlik xəbərlər, ziraat, sənaye, siyasət, irfan və fikir, əxlaq, əsgərlik və idman, səhhət, qadın, uşaq, kino və teatr, mizah, roman və hekayə, digər mündəricat, xalqın dərdləri.

Tanıtım sayında “Axın”ın hər kəsin qəzeti olacağını hər səhifənin altında verilən şüarlardan da anlamaq olur. Xüsusi buraxılışdan aydın olur ki, bu qəzetin ideyası ətrafında Əhməd bəy mükəmməl şəkildə çalışıb, hər incə detalı düşünərək edib.

Səhifənin altında verilən şüarlara diqqət edək: “Axın” həqiqətin saf aynasıdır”, “Haqq və həqiqət! Budur, “Axın”ın təməli”, “Rifah, tərəqqi geridə deyil, irəlidədir. Axın, daima Axın!”, “Uşaqlar! “Axın” sizin ikinci müəlliminizdir”, “Axın” hadisələri başqasının gözlüyü ilə deyil, öz gözü ilə görür və yazır”, “Ən doğru və yeni xəbərlər, ən sağlam və faydalı fikirlər “Axın”dadır”, “Axın” gördüyünü olduğu kimi göstərəcək, düşündüyünü olduğu kimi söyləyəcəkdir”, “Axın” yalnız məfkurəsindən və vicdanından ilham alır” və s.

Şüarlardan da açıq şəkildə görünür ki, Əhməd bəy mövcud partiyanın xalqçılıq, cümhuriyyətçilik, dünyəvilik kimi dəyərlərini bölüşsə də, bir partiya qəzeti deyil, müstəqil bir orqan olmaq yolunu seçib. Həyatının sonlarında liberal görüşləri tamamilə mənimsəyən, dövlət və fərd anlayışları ətrafından davamlı məqalələr yazan Əhməd bəy azad bir mətbuatı hədəfləyirdi.

Xüsusi buraxılışın 5-ci səhifəsində Əhməd bəy Ağaoğlunun bir rəsmi və Malta xatirələrindən bir hissə verilib. Bu xatirələr qəzet çap olunduqdan sonra hissə-hissə yayımlanır. Tanıtım sayındakı növbəti yazı “… Yeni Axınlarımızı da Tarix Sevgi və Sayğı ilə salamlayacaqdır…” başlığı ilə Samih Fethiyə aiddir.

Bu buraxılışda həmçinin “İstiqlal” marşının tam mətni, Türkiyə və İstanbul haqqında ensiklopedik bilgilər, müxtəlif reklamlar yer alıb. Ən son səhifədə isə üzərində “Axın” yazılan qəzeti əlində tutan bir satıcı təsvir olunub, böyük hərflərlə isə belə yazılıb: “Axın”. Gündəlik qəzet. Baş mühərriri Ağaoğlu Əhməd. 29 mayda çıxacaq”.

Tektaş bəyin arxivindən “Axın”ın qəzet olaraq əldə etdiyimiz sayları 3 iyun 1933 və 10 iyun 1933-cü il saylarıdır. Hər iki sayda dünya və Türkiyədən kiçik xəbərlərə yer verilib, müxtəlif yazarlara aid hekayə və romanlardan parçalar yayımlanıb. İdman və qadın bölümünə daha çox diqqət edilib. Bir ingilis jurnalistin qadınlar haqqındakı mühafizəkar görüşlü yazısı da türkcəyə tərcümə edilərək verilib.

“Cümhuriyyət azad vətəndaşa söykənir” başlığı ilə çıxmış 3 iyun sayında manşet xəbər belədir: “Bolqarıstanda daha bir cinayət. Sofiya məclis nümayəndələrindən biri küçədə öldürüldü. Cinayət Makedoniya komitəsinin gizli bir əmri ilə və gündüz vaxtı olmuşdur”.

Manşetdə həmçinin öldürülən millət vəkili M.Pop Pandefin fotosu və cəsədinin şəkli verilib.

Şübhəsiz ki, “Axın”ın liberal yönümlü olması, hökumətin deyil, həqiqətin yanında olması onu digər qəzetlərin hücumuna məruz qoyacaqdı. Necə ki digər qəzetlərdəki yazarlar tərəfindən tənqidi yazılar yayımlanır. Ağaoğlu isə bu tənqidlərə belə cavab verir: “Demokratiyanı, azadlığı, vəzifə məsuliyyətini xatırlatmaq istəyən “Axın” yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməyən arslanca bir vətənsevərliklə irəliləyir… “Axın” ilə onların getdiyi yol ayrıdır. “Axın” onların getmədiyi bir yolu özünə kəbə etmişdir. “Axın” öz mənfəətini düşünmür. İnsanlığı, qəzetçilik, mətbuat şərəfini məqsədi hesab edir. Digər qəzetlər dünən əmniyyət müdirindən şikayət edərlər, sabah isə şikayət etdiklərini inkar edərlər. Çünki çəkinirlər, qorxurlar… “Axın” fikir hürriyyətini, qələm hürriyyətini, Vətən hürriyyətini təmsil edir… Haqqı söylər və haqqa hörmət edər”.

“Axın”ın bu cür sərt tənqidlərinə hakimiyətdə olan Cümhuriyyət Xalq Partiyasının rəsmi orqanı olan “Hakimiyyəti milliyyə” qəzeti də tuş gəlir. Partiya orqanının sərt şəkildə tənqid olunduğu bu yazıdan sonra “Axın” bir daha çap oluna bilmir. Son saydan öncə qəzetdə yayımlanan bir yazıya görə Əhməd Ağaoğlu və Yusuf Ziya haqqında təhqiqat başaldılmışdı. Hökumət artıq Əhməd bəyin tənqidlərinə dayana bilmirdi. Baş nazir İsmət İnönünün iqtisadi siyasətini ağır tənqid etməsi hökumətin qəzeti qapatmasına səbəb olur.

 ***

Dolmabaxça sarayında Əhməd bəy “Axın”a görə Atatürklə üzləşməli olur. Yemək-içmək mərasimindən sonra Atatürk “Axın”ın son saylarının gətirilməsini əmr edir. “Axın”da yazılan tənqidi yazılar oxunur. Atatürk bir şəxsin həm dövlətin universitetində professor, həm də qəzetdə redaktor olmasının mümkünlüyünü soruşur. Fuad Köprülüzadə bunun mümkünsüz olduğunu deyir. Atatürk qəzetin maliyyə mənbələrini açıqlamasını tələb edir Əhməd bəydən. Əhməd bəy əsəbləşərək deyir: “Axın”ın nüsxələri bura gətirilərək məqalələrim oxunan zaman qəzeti bağlamağa qərar vermişdim. Ancaq bir halda ki, belə şübhə var, müfəttişlərinizi göndərərək pulları haradan və necə tapdığımı yoxlatdırmayınca qəzeti bağlamayacağam”.

Onun bu cavabından Atatürk qeyzlənir və ona “unutma ki, sən bir sığıntısan” deyir.

Mustafa Kamal bu ifadə ilə onun Türkiyəyə “kənar”dan gəlməsinə işarə etmişdi. Adətən, Əhməd bəyə “kənar”dan gəldiyini xatırlatmaları üçün rəqibləri onu “şiə”, “Ağayev” kimi yazırdılar.

Bu ifadə Əhməd bəyə çox təsir edir və Atatürkə deyir: “Paşam, mənə çox adamlar bu sözü söylədilər. Hamısına gülərək keçmişdim. Amma indi sizin dilinizdən eyni sözləri eşitmək məni ruhumun ən dərin qatlarına qədər sarsıtdı. Çünki o birilər kiçik adamlardı. Siz isə bu məmləkəti qurtarmış insansınız.  Bir yandan dünyanın türk irqindən, türk millətindən yaranması fikrini ortaya atırsınız, o biri tərəfdən də sərhədlərimizdən iki saatlıq məsafədəki xalis türk məmləkətindən və nə yazıqlar ki, əsir bir məmləkətdən türkün öz hürriyyətini mühafizə etməyə müfəvvəq olduğu torpaqlara gələn xalis bir türkə “qoltuğa sığınmısan”  deyirsiniz. Bu nə qorxunc təzaddır və nə üçün Allah mənə sizi belə bir təzadlı uçurum üzərində görmək fəlakətini nəsib etdi?”.

Bu cavabdan sonra səhvini başa düşən Atatürk onun boynunu qucaqlayır və “Sən məni yanlış anladın” deyə üzrxahlıq edir.

Atatürk Əhməd bəydən bir il öncə vəfat edir. Qızı Sürəyya Ağaoğlu xatirələrində Atatürkün ölüm xəbərini eşitdikdən sonra evə gedərkən atasının ağladığını görür: “Evdə anamın ölümündəki kimi bir matəm havası vardı. Atam yazı masasının üzərində dayanaraq hönkür-hönkür ağlayırdı: “O, böyük bir vulkan idi, bəzən alov fışqırırdı – mənə də fışqırırdı – amma gözəl bir alovdu”.

Atatürk ölən kimi onu sevməyənlər fürsət gözləyərək onun əleyhinə yazı yazmağa başlayırlar. Bu vaxt Əhməd bəy bir məqaləsində yazır: “Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi”.

 ***

Beləliklə, 1930-cu illər Türkiyəsində, təkhakimiyyətlilik dönəmində cəsarəti, azadlığı, şərəfi ilə seçilən bir qəzet ömrünü başa vurur.

Kim bilir. Həmin Qarabağ xalçası bu gün, bəlkə də, yox olub getmiş və ya Əhməd bəyin övladları tərəfindən qorunub saxlanılmışdı. Amma yüzdən çox sayda çıxan “Axın” qəzeti və oradakı yazılar Türkiyə mətbuat tarixi üçün nadir incilərdən biridir.

 

KÖŞƏ YAZARLARI
TOP 10