Əhməd bəy Ağaoğlunun milli və dini kimlik probleminə baxışı

161 Baxış

ehmedbeyagaoglu

Ceyhun Mirzəli

XX  əsrin əvvələri yaranan şəraitə uyğun olaraq xalqlar yeni sınaqlarla üz-üzə qaldı. Bu dövrdə türklər daha da acınacaqlı vəziyyətə düşdü. Bunun bir neçə səbəbi var:

1) Elmdən və müasir proseslərdən uzaq qalmaq

2) Dövlətçiliyin yox edilməsi.

Osmanlı və Qacarlar hakimiyyəti artıq çöküşə doğru gedirdi.  Rusiya imperriyasının tərkibində olan türk-müsəlman xalqları isə, aşınmaya məruz qalırdı. Qafqazda yaşayan Azərbaycan türkləri isə istərsə ad cəhətdən, istərsə də, mədəni-siyasi cəhətdən də bu bu təhlükə ilə qarşı-qarşıya idilər. Azərbaycan türklərinə tatar, müsəlman deyə müraciət edirdilər.  Həqiqi kimlik isə sıradan çıxarılırdı. Bu zaman artıq dövlət, millət anlayışları öz inkişaf mərhələsini yaşayır, dinə isə yeni baxış formalaşırdı. Çar Rusiyası dağılmaq təhlükəsini önləmək üçün quzey Azərbaycanda etnik və dini zəmində qarşıdurmalar yaratmaq istəyirdi. Bunun üçün də ilk olaraq erməni şovinizmindən istifadə olunurdu. Dini zəmində isə şiə-sünni ixtilafı yaratmağa cəhd edirdilər. İkinci plan elə də həyata keçmədi. Çünki o, dövrün mütərrəqi ziyalılarının və din xadimlərinin  buna ciddi müqaviməti  oldu. Birincisi isə  baş verdi və nəticədə böyük qanlar töküldü. Millətin oyanması üçün fikir adamları yetişməliydi və bu məntiqi proses də baş verirdi.

Belə bir şəraitdə Əhməd bəy Ağaoğlu da bizim fikir və əməl böyüklərimizdən birinə çevrilə bildi. Mən bu yazıda onun iki əsəri əsasında milli və dini kimlik sualına cavab axtarmaq niyyətindəyəm. Bunun üçün də milli kimlik anlayışına izahat vermək üçün “Tanrı dağında”,  dini kimliyimizi araşadırmaq üçün isə “İslam Axund və Hatifülqeyb”əsərlərinə müraciət edirəm.

Müəllif “Tanrı dağında” əsərini “olonxo” adlandırıb. Olonxo türk xalqlarının mənəvi-estetik həyatını əks etdirən musiqi əsərinə deyilir. Buradan da görünür ki, Əhməd bəyin qədim türk tarixindən kifayət qədər məlumatı var idi. Əsərdə tanrıçılıq ideyası əsas xətt kimi gedir. Bu yazıda  türklərin tək tanrıya bağlılığını, onların əski törələrini görürük. Yolun uzunluğundan şikayət edən yolçuya Şamanın “Tanrıya qovuşmağı qolaymı sanırsan?” deməsi İslam ideologiyası ilə də səsləşir. Həmçinin Ellik ulusunun başçısının Tanrı qulu olduğu vurğulanması İslamla yaxınlığı göstərir. Tanrı dağına kimi olan yeddi çayda yuyunmaq isə türk ulusunu mənəvi təmizliyə çağıran mesajdır. Əsərin sonunda ulu Tayonun köməyə çağrılması isə məntiqi sonluğu əks etdirir. Ulu Tayonun türk qövmünü qınayaraq beyinlərinin düşünməz, ürəklərinin çırpınmaz olduğunu deməsi həm də sözsüz ki, Əhməd bəyin özünün türk xalqlarına çağırışı idi. Burada vacib məqamlardan biri də ulu Tayonun türkləri gücə uymaqda ittiham etməsidir. Haqq-güc savaşında Ağaoğlunun hansı safda durması da burada aydınlaşır. Türk ulusunun kişilik yolunu seçib “Yerin göyün canlı-cansız hər şeyin yaradanı uca Tanrıya bu andı içiriz ki, haqdan başqa bir kimsəyə uymayacağız ! Əlimiz var işləyəcək, ayağımız var gedəcək, beynimiz var düşünəcək könlümüz var duyacaq!”– deyib yola çıxması, türklərin haqqı tanıyıb,onun yolundan getməyinə bir işarədir. Əhməd bəy şəxsiyyəti bu əsərdə istər mənəvi, istərsə də, siyasi cəhətdən açılır. Onun türklük düşüncəsi aydınlaşır.

Əhməd bəyin “İslam Axund Hatifülqeyb” adlı kiçik dram əsəri dini kimlik və maarifçilik baxımından bu günümüz üçün də önəmlidir. Bu əsərdə Ağaoğlu bizim də daxil olduğumuz İslam aləminin cəhalət girdabına düşdüyündən bəhs edir.  Burada İslam dinini bir obraz kimi görürük. İslam haqlı yerə ona xidmət etməli olan axunddan narazılıq edir.Əsərdə Hatifülqeyb axudun çox cahil olduğunu deyir. İslamın təməl kitabı olan “Qurani-Kərim”in modda olmadığını deyən cahil axund rəvayətlərlə hədislərə önəm verdiyini söyləyir. Bu da onu göstərir ki, Əhməd bəy bu cür din xadimləri yaxşı müşahidə edə bilib. Bu dramda dini məsələlərlə bağlı üç tərəf arasında uzun müzakirələr gedir. Əsas məqamları qeyd etmək istərdim. İslamın müsəlmanlarının birləşə bilmədiyini, əxlaq cəhətdən tənəzzül etdiyini söyləməsi Əhməd bəyin ürək ağrılarından xəbər verir. İslam Axunddan neçə il təhsil aldığını soruşarkən iyirmi il təhsil aldığını deyir .Bu zaman Hatifülqeyb onun plov yeyib, səkkiz arvad aldığını deməsi cahil din xadiminin mənasız ömür yaşadığına işarədir. Özünün isə “meyidləri basdırmışam” deməsi onun islamı ölü dini kimi qəbul etdiyini göstərir.

Gördüyümüz kimi Əhməd bəy Ağaoğlu öz zəkasını milləti və ümməti qarşısında xərcləməyi borc bilirdi. O, bu iki əsərində milliyyət və müsəlmalıq problemlərini aydın şəkildə göstərə bilir. Bu gün də həmin problemlərimiz qalır.

Toplumda Türklüklə İslamın bir-birinə uyğun gəlməməsi ilə bağlı da fikirlər yer alır. Bu fikrin yanlışlığnı Əhməd bəyin sözügedən əsərlərində görürük. Böyük insan, bizə irqçilikdən uzaq, haqqı tanıyan türklük anlayışını və cəhalətdən, məhzəblərarası savaşlardan uzaq olan İslam anlayışını təqdim edir. Deməli, türkük və müsəlmanıq. Əhməd bəyin mayakı hələ çox illər yolumuza işıq salacaq. Bizi yeni davalara hazırlayacaq.

 

 

 

 

 

 

.

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10