Əkbər Qoşalı: “Hər şeyi yazmaq, bəlkə, heç lazım da deyil”

110 Baxış

Əkbər_Qoşalı

Senet.az Şəfəq AĞACANın Milli QHT Forumu İdarə Heyətinin üzvü, DGTYB Məsləhət Şurasının başqanı Əkbər QOŞALI ilə müsahibəsini təqdim edir:

– Əkbər müəllim, xoş gördük. İlk sualım ovqatla –ovqatınızla bağlı olacaq. Necə bilirsiz, siz ovqat adamısınız, yoxsa, elə həyatın axarı ilə yaşayırsız?
– Ovqatınız həmişə xoşhal olsun!
Nizami müəllimin (prof.dr. N.Cəfərov nəzərdə tutulur– Ş.A.) sözü olmasın, mən epos tipli in­sanam. Bu yaşam janrında “həyatın axarlılığı”nda yaşamaq da var, bəzən axara qarşı get­mək, ovqata köklənmək də… Ümumən bu iki “janr”ı bir-birinə zidd olan deyil, bəlkə bü­tö­vün parçaları kimi, bir-birini tamamlayan görürəm. Ürəyin, eşqin ağıldan geri qalmadığı, necə deyərlər ağıla udumzadığı bir şəkillənmədən danışırıq… Epos tiplilik, planlaşdırmanı o qədər də qəbul etməyən, necə deyərlər, “qarşına çıxan iş”lə məşğul olmaqdır, bir anlama. Ustad Sezai Karakoç “Ey Sevgili” nidalı şeirində nə deyirdi? –

Gəlin şeirdən bir parçanı orijinal halı ilə oxuyaq:

“…Sakın kader deme, kaderin üstünde bir kader vardır,
Ne yapsalar boş – göklerden gelen bir karar vardır..!
Gün batsa ne olur? – geceyi onaran bir mimar vardır.
Yanmışsam, külümden yapılan bir hisar vardır,
Yenilgi yenilgi büyüyen bir zafer vardır..!
Sırların sırrına ermek için sende anahtar vardır.
Göğsünde sürgününü geri çağıran bir damar vardır,
Senden umut kesmem, kalbinde merhamet adlı bir çınar vardır.
Sevgili..!
En sevgili..!
Ey sevgili..!”
Bax, ustad şairin bu poetik tablosunda da epos tiplilik boy verib, görsənir – bilməm, anla­şıl­dımı? – “Göylərdən gələn bir qərar vardır” – bəli, mənim indiki ovqatım buna köklüdür…

– Əlbəttə, anlaşıldı – bu epos tiplilik öz yerində. Deməzsiz, bəs Əkbər Qoşalı ilə Əkbər Yolçu­yevin oxşar və fərqli cəhətləri varmı? – varsa, nədən ibarətdir?
– Qoşalı təxəllüsünü mən özüm götürmüşəm, Yolçuyev isə rəsmi sənədlərdə yazılan soy­adımdır. Biri kəndimin, biri babamın adından qaynaqlanır. Hər ikisi əzizidir Əkbər üçün və hər iki yazılışdan asılı olmayaraq Əkbər Əkbərdir – ikiləşmə yoxdur, şükür Tanrıya… Bu öz yerində, ancaq əlbəttə “yev” şəkilçisindən imtina haqqında düşünüb, öz soyad sonluğumuz olduğu şübhə doğurmayan bir sonluqla yaxud eləcə – cılğa baba adı ilə yazdırmaq istəyirəm sənədlərimi.
Şübhə doğurmamaq məsələsini ona görə vurğulayıram ki, “yev”, “ov” sonluqlarının da rusa tatarlardan, qazaxlardan – türk xalqlarından keçdiyini iddia edən alimlər var…
Nə bilim, görək necə olacaq –Tanrı yar olar, inşallah. (duruxur)
Şəfəq xanım, mən sizin bu cavabların ötəsində bir cavab aradığınızı güman edirəm, necə deyərlər, verilən cavabdan tam qane olmadığınızı sezirəm. Olsun ki, “əgər fərq yox­dursa, niyə, bədii mətnlərə də rəsmi sənəddəki imzandan istifadə etmirsən?” sualı var dilinin ucunda (gülür).
Bilirsiz, təxəllüs barədə bir-iki dəfə müsahibələrdə danışmışam, onları təkrarlamaq istəmirəm. Təxəllüs yazarın öz seçimidir və mən uzun illərdir bu seçimlə, bu imza ilə tanınmışam. Təxəllüsünü vaxtaşırı təzələmə “texnika”sını o qədər də qəbullanmıram, açığı. Bu barədə fikirləşmə­mişəmmi? – fikirləşmişəm; ancaq qərarım, necə deyərlər, “ağırtaxtalı qərar” olub: demişəm, necə var, elə də qalsın… Doğmalarımdan, dostlarımdan alternativ təkliflər olub, ancaq bu mə­nim qərarıma təsir etməyib – ən azından hələlik təsir etməyib. Rəsmi soyadımı ədəbi imza kimi götürməməyimdə “yev” son­luğunun da rolu var, əlbəttə. Yoxsa, Əkbər Yolçu, Əkbər Yolçubəyli gözəl səslənərdi, elə deyilmi? Bu variantlar rəsmi sənədlərimi “yev”dən arındırandan sonra güncəlləşər yəqin.
Qalır bir məsələ, o da götürdüyün təxəllüsün, daşıdığın soyadın haqqını verməkdir. Əgər bu­gü­nədək tam olaraq mümkün olmayıbsa, gələcəkdə olar, inşallah. Tanrım utandır­masın!
Ad, təxəllüs insanı ucaltmır, insan adı (təxəllüsü) ucaldır.

– Dövlət başçımız bugünlərdə sizi “Tərəqqi” medalı ilə təltif etdi və inanıram ki, buna mənim kimi çoxu sevindi. “Tərəqqi”yə gələn yol barədə nə deyərdiz?

- Təbrik üçün təşəkkür edirəm.
Mən üzərinə düşən işləri gücü çatdığı qədər sorumluluq daşıyaraq yerinə yetirməyə çalışan, etibar edilənləri yarımçıq qoymayan… yaxud etimad bəsləyənlərin güvəncini zədələməməyə səy edənlərdənəm. Bu anlamda, ömrümü, təltif olunduğum gün və təltifsonrası deyə iki xüsusi bölümə ayrımadan çalışmalarıma davam edirəm, desəm yanlış olmazdı. Əlbəttə, təltif­son­rasının mənəvi sorum­luluğu daha da artıqdır – dövlət başçısının imzası ilə təltif olunmaq şə­rəfdir. Dövlət başçımız çox sağ olsun. Təltif olunub -olunmamaqdan asılı olmayaraq, döv­lə­timizə, dövlət başçımıza sevgimiz tam­dır. Müstəqil dövlətimiz bizim qürur qaynağımız, dövlət başçımız bizim örnək aldığımız parlaq şəxsiyyətdir.
Sizin “…“Tərəqqi”yə gələn yol” deyə tərif etiyiniz yol da, elə ömür yoludur – dilimizdə şükranlığı əskik etmədiyimiz bir ömür yolu… Ustad Aşıq Veysəl demiş, “uzun, incə bir yoldayam”… Soyad Yolçu(yev) olunca yol da, yürümək də şərt olur (gülür).

-Yolunuz açıq olsun!
– Soruşmaq istərdim, yazmaq istədiyiniz amma yaza bilmədiyiniz nələr var? 


– Hər yazının öz doğulma sürəci, öz zamanı olduğuna inanıram. Elə yazı var, planlamadan, beynində götür-qoy etmədən, vərəqlərə daşınmasında “israr” edir… elə yazı var, sanki “hələ gözlə!” deyir… Ürəyin istəyən səviyyədə, kamil şəkildə, fərqli, eşqli yaza bilməyəcəksənsə, qanırıb yazmaq, ürəyə də, işləyəcəyin mövzuya da, oxucuya da ziyandır ki, xeyir deyil… ürəyin qələmə diqtəsini gözləməlisən… Qutsal kitablarda da “Hara təlirsiz?” deyə bir ağrılı sual var – yəqin bilirsiz.
Bir də, deyirəm, hər şeyi yazmaq, bəlkə, heç lazım da deyil – axı bu bir çox hallarda toplum, xalq, dövlət üçün gərəkli olmaya bilər. Sırf özünü düşünərək, “ürəyimi boşaldım” deyərək yazmaq da bir işdir ancaq mənim yazar azadlığım kimin, kimlərinsə azadlıq sınırlarını pozur, onu gərəksiz hə­yəcanlara, təlaşa salırsa… bu nəyə yarar? – Oxucu ilə paylaşdığımız yazılar, tamaşaçı, din­ləyici qarşısında çıxışlarımız ictimai fikrin qidalanmasına xidmət etməyəcəksə, o kimə, nəyə gərəkdir?
…Bir daha demək istərdim ki, haqq bildiyim, şeir-sənət, mədəniyyət, ölkə, xalq, dövlət və insanlıq adına yararlı bildiyim sözləri, fikri sıxıb saxlamamışam, əlbəttə. Bir də ki, yaş 40-ı adlayandan (–necə deyərlər, “ömrün 40-ı çıxandan”) sonra insanın öz sözünü daha çox “bi­şirib, çıxarması” təbii haldır, deyilmi? – Olaya bir də bu yöndən, bu bucaqdan baxaq. – 20 yaşlarında bəzi toplantılarda etdiyim çı­xışları, dediyim bəzi sözləri indi o şəkildə deməzdim yəqin. Doğrudur, 20 yaşlarda da strateji yanlış­lıqlarım olmayıb, ancaq “rəndə”si, sığalı, şirinliyi müəyyən qədər bitkin olmayan yazım-pozum olub…

– Xoşbəxtlik anlamı sizin üçün nə deməkdi?
– A sağolmuş, Moşu qağanın illər uzunu tapa bilmədiyi sualı mənə niyə verirsən? (gülür).

– Dağlar oğlusunuz bəs xarekterinizdə təbiətin hansı varlığının özəllikləri var?
– Açığı, təbiətin, iqlimin insan xarakterinə təsir etdiyinə, insan xarakterinə çökdüyünə inanan­lardanam. “Qaya kimi sərt, çiçək kimi kövrək” sözündən də çox xoşum gəlir. İllər öncə bu başlıqla bir yazı da yazmışdım – indi haqq dünyasında olan İsa Kayacan haqqındaydı.
Babalarımızın dağlardan dənizlərə axın etməsi həmişə ilgimi çəkib; tarixdə “xalqların böyük köçü” kimi tərif edilən məqamlar diqqətimi çəkib. Biz də Türk Dünyası mənsubu olaraq, habelə söhbətimizin əvvəlində toxunduğumuz epos təfəkkürlü, konkret olaraq, ozan-aşıq ruh­lu insan olmaq etibarı ilə dağlara üz tutan, dərdini dağlara deyənlərik. Ustad Dadaloğlu demiş, “Dağlar bizimdir”. Mənim yaddaşımdakı dağın yanında bir də iti axan dağ çayı var, qalın me­şə var, təbiətin özündənmiş kimi görünən cığırlar var… Havanın haldan-hala düşməsi var, dörd fəslin dördünün də yaşana bildiyi bir dağdan danışıram… Aşıq Əlsəgər demiş, o dağlar ki, “yayda yaylağımdır, qışda oylağım, yayda seyrangahım bu dağlar mənim” deyə biləsən, payızda da, ətəklərinə enib, mer-meyvəsini yığa biləsən… Yoxsa, hər dik duran daşa, hər çınqıllı yüksəkliyə, daşlı-kəsəkli zirvəyə dağ ha demirlər…

–Heç olubmu Əkbər Qoşalı “Olum ya ölüm!” desin?
– Əgər sizin suallara cavab veririmsə, demək, elə bir qərarı hələ kəskin olaraq verməmişəm… ancaq olum ya ölüm dilemmasını doğuracaq qədər kəskin, şiddətli olmasa da, çətin qərar verdiyim anlar olub. Bəlkə də, birinə “olum ya ölüm” dilemması kimi görünən qərar anı başqa birinə sıradan bir yaşam olayı kimi görünə bilər. Gəlin yaşama, babalarımızın acun dediyi bu dünyaya Aristotelin ikili məntiqi ilə deyil, Lütfizadənin “qeyri-səlis məntiq”i ilə yanaşaq, olumla ölüm arasında “ya”sız imkanların, şansların, yol-izin olduğuna inanaq; Tanrıdan da diləyək ki, kəskin anlarda o qərarı verə bilməkçün bizə zehn açıqlığı versin!

– Özünüzün özünüzə ən çox verdiyiniz bir sual varmı?
– Özümə verdiyim suallar da, o suallara verdiyim cavablar da var. Həmin cavablar bəzən dinlərötəsinə yaxud üfüqötəsinə keçir bəlkə… ancaq insan özü ilə dərdləşincə, özünə qa­pılınca, başqası ilə bölüşə bilmədikcə… yenə bir bilən vardır, axı! – Sevgili, Ən Sevgili bilir, görür axı..! Əgər biz öz-özümüzə ən doğru qərarı verir, ən yaxşı cavabı buluruqsa bunda Tanrı lütfü yoxdurmu? – Var! Görün, usta Karakoç necə deyir:
“…Yoktan da vardan da ötede bir Var vardır,
Hep suç bende değil beni yakıp yıkan bir nazar vardır..!”
Şəfəq xanım, deyərlər, “Söz vaxtına çəkər”… bizim söhbət vaxtına çəkdimi-çəkmədimi bilmirəm, ancaq musiqisinə çəkdi – sizin radiodan həzin-həzin “Ruhani” yüksəlir və yenə Se­zai Karakoçun şeirinə üz tutası olsaq, deyərdim (ki):
“O şarkıya özenip söylenecek mısralar vardır”…

– Əkbər müəllim, söhbət elə məqama gəldi, məncə bu dəfə burada sağollaşaq və elə sizin müraciət etdiyiniz şeirdəki bir misrayla deyək ki, Tanrım bizləri “Verilməmiş hesabların qorxusuyla…” deyil, savaba yetmə əminliyi içində yaşatsın…
-Sağlıqla qalın!

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10