Əksin yalnız özünsən

52 Baxış

Elçin Əfəndi

 

(pritça)
Qədim dövrlərdə cəhalətin hökm sürdüyü bir məmləkətdə ədalətli bir padşah yaşayırdı. Bu padşah övladı olmadığı üçün əcəlinin yaxınlaşdığını bildikdə, elan verir ki, “bütün varidatımı öz əksimi özündə əks etdirən şəxsə verəcəm.” Elanı alan hər kəs özünü padşahın sarayına çatdırır. Vəzir, vəkil və naiblər gələnləri yoxlayır və uyğunsuzluq görərək, hamını geriyə qaytarırdılar. Məmləkətdə padşah sarayına üz tutmayan yalnız körpə uşaqlar qalmışdı. Padşah ona bənzəməyən birinin olmadığından getdikcə daha çox üzülürdü.
Günlərin birində cavan bir oğlan saraya yaxınlaşır. O özünü təqdim etdikdə məlum olur ki, başqa bir məmləkətdən gəlib və burada elanı bildikdə saraya yaxınlaşıb. Cavanı padşahın hüzuruna aparırlar. Vəzir onun özgə məmləkətdən gəldiyinə işarə verərək, yoxlanışına etiraz etmək istəyir. Amma padşah buna məhəl qoymur. O, oğlanın yoxlanılması üçün tapşırıq verir.

Bu zaman cavan ayağa qalxaraq, bildirir ki, o hər şeyi padşahın gözləri önündə etmək istəyir. Padşah fikirlə razılaşır. Cavan oğlan bir qab su gətizdirir və padşaha söyləyir ki, suya baxsın. Padşah suya baxdıqda öz əksini görür. Oğlan barmağını suya toxunduraraq, dalğa yaradır. Bu zaman padşahın sifəti tanınmaz halda görsənir. Cavan qabı bir kənara qoyaraq, sonra bir şüşə və boya istəyir. İstədikləri hazır olduqda şüşənin arxa hissəsini boyayır və güzgü yaradır. Yenidən padşaha göstərir. Padşah bu dəfə də öz əksini görür. Oğlan barmağını şüşəyə toxundurur, amma dəyişiklik olmur. Padşahın əksi olduğu kimi qalır.
Ətrafda olanlar cavanın hərəkətlərini seyr edərək, onun nə etdiyini anlaya bilmirlər. Padşah da bir şey başa düşmür. Hər kəs cavandan etdiklərinə açıqlama verməyini tələb edir. Cavan oğlan işini yekunlaşdıraraq, padşahın qarşısında əyləşir və sözə başlayır.
-Padşah sağ olsun. Siz öz əksinizi kimdə görsəz bütün varidatınızı və hakimiyyətinizi ona verəcəyinizi bildirmisiniz. Amma bir şeyi nəzərə almamısız ki, Tanrı yaratdığı heç bir şey bir-biri ilə uyğunluq təşkil etmir. İnsanın əksi onun özü ola bilər, özgə yox. Əgər oxşarlıq varsa da, bu tam deyil, natamam oxşarlıqdır. Mən sizə birinci su üzərində öz əksinizi göstərdim. Orada hər şey şəffaf və aydın idi. Amma mən o şəffaflığa toxunanda hər şey qarışdı, hətta simanızda. Bu o deməkdir ki, əgər şəffaflıq, sabitlik varsa, mütləq oraya yad təsir olacaq. Və bu təsir heç nədən təsirsiz ötüşməyəcək. Çünki yad təsir boşluqda daha çox sabitliyi pozur. Ədalətli padşah belə özünü tanıya bilmir.
Ədalətli idarə üçün hər zaman qorunmaq lazımdır. O səbəbdən sizə öz əksinizi şüşə-güzgü üzərində göstərdim. Burada da siz öz əksinizi gördünüz. Mən yenə də sizi əks etdirən güzgüyə toxundum, amma gördüyünüz kimi heç bir dəyişiklik olmadı. Çünki burada hər şey daha möhkəm və daha sıxdı. Belə olduqda nə qədər yad təsir olsa da, heç bir dəyişiklik olmaz, yalnız ləkələr həqiqət və ədaləti bir müddətlik örtər. Örtülmüş olan isə çox keçmədən üzə çıxar. Ədalətin bir üzündə mərhəmət, digər üzündə nifrət olmalıdır. Mərhəmət xalqa, nifrət isə qəsbkara.
Padşah cavanın bayaqdan etdikləri hərəkətlərə və danışığına diqqət kəsilərək, onun bilik və bacarığına heyran qalmışdı. Cavanın danışığını bitirdiyini gördükdə vəzirə onun taxt-tacını və bütün varidatını verməsi barədə fərman yazmağı göstəriş verdi.

Üzünü saraydakı əyanlara tutaraq dedi:
-Bu cavan oğlan mənim əvəzimə məmləkətimizi idarə edəcək ən layiqli insandır. Bu gündən etibarən mən özümü taxtda, cavan oğlanı isə taxtdan kənarda görə bilmərəm. Bu mənə əcəlimin yetdiyi çağda ağır dərd olar. Qocalıq ağıllı və ədalətli olmaq demək deyil. Cavanın timsalında mən bunu dərk etdim və əminəm ki, əksim olmasa da, məndən daha yaxşı padşahınız olacaq.
Fərman hazır olan kimi padşah taxtından enərək, cavan oğlanı taxtda oturtdu və o gündən etibatən cavan məmləkəti ədalətlə idarə etməyə başladı. Hər kəs bilikli, əmin-amanlıq içərisində xoş həyat sürdü.

 

Bölmə : Nəsr, Yazarlar, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10