Ələviyyə Babayevanın müstəqillik dövrü ədəbi yaradıcılığı

181 Baxış

enver5AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin elmi işçisi Mənzər Hüseynova

İstedadlı qadın yazıçılarımızdan olan Ələviyyə Babayeva çoxsaylı roman, povest, hekayələr müəllifidir. O həmçinin L.Tolstoy, İ.Turgenev, A.Çexov, V.Astafyev, V.Polova, Y.Sotkin, Qaydar, A.Zaqers, Astafayev və s. kimi görkəmli sənərkatların əsərlərini dilimizə çevirmişdir. Onun imzası 1936-cı ildə çap etdirdiyi “İki həyat” hekayəsilə tanınmağa başlandı. Müəllifin “Mənim müəllimim” adlı ilk kitabı isə 1950-ci ildə “Uşaq gənc nəşr” də çap olundu. Sonra müəllifin birbirinin ardınca “Hekayələr”, “Tək ağac”, “Kənd yolları”, “Payızda”, “Yenə bahardı”, “Tut ağacı”, “Süsən sünbül”, “Hörüklər”, “Adamlar və talelər”, “Hardasan, dost, harda”, “Əlvida”, “Dəli Sona” “Son döngə” və s. əsərləri işıq üzü gördü. O, cəmiyyətin ictimai-siyasi mənzərəsi ilə yanaşı, insan qəlbini, mənəviyyatını əsərlərində işıqlandırırdı və müasir dövrünün həqiqətlərini, reallığını doğru-dürüst əks etdirirdi. Əməkdar jurnalist Flora Xəlilzadə onun haqqında yazırdı: “Ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa, bədii tərcüməyə bağlayan Ələviyyə Babayevanı həmkarlarından fərqləndirən çoxlu məziyyətləri var idi. Mərdanəliyi, cəsarəti, məhsuldarlığı öz yerində, bu xanım yazıçı ədəbiyyat döyüşündə kişilərlə çiyin-çiyinə işləyib. Yeri gələndə nöqsanını üzə deməyi bacarıb”.

Geniş dünyagörüşü, intellektual səviyyəsi, ən başlıcası böyük ürək sahibi olan müəllif bilirdi ki, tarix və çağdaşlıq qırılmaz tellərlə bir-birinə bağlıdır. Biri digərsiz tamamlana bilməz. O əsərlərində dönə-dönə deyirdi ki, hər bir yazıçı tariximizi, keçmişimizi mükəmməl bilməlidir. Ona görə də, Ələviyyə xanım hər bir yazdığı romanı başlamamışdan əvvəl xalqımızın uzaq keçmişini arxivlərdən, tarixdən, yaddaşalardan, xatirələrdən və bu dövrü görmüş canlı şahidlərdən öyrənirdi. Son illər ədibin çap olunan əsərləri belə deməyə əsas verir ki, müəllif müasir dövrdə yaradan, quran adamlarla təmasda olmuşdur. Insanların taleyinə yaxınlıq və doğmalıq, yeni xarakterli, yeni keyfiyyətli sürətlər axtarıb tapmaq, müasirlərimizin, xüsusilə ziyalılarımızın əhvaliruhiyyəsindəki aparıcı cizgiləri, onları narahat edən məsələləri ön plana çəkmək onun yaradıcılığı üçün səciyyəvidir. Müəllif əsərlərində müxtəlif taleyli adamları, onların daxili aləmini, hiss və həyəcanlarını, yaşam tərzini çox inandırıcı şəkildə oxucuya çatdırır. Onun əsərlərinin sujet xətti cəmiyyətin saflaşmasına, haqqın qələbəsinə, insanların mənəvi təmizliyinə xidmət edir. İstər Müşkünaz “Rəngbərəng adamlar”, istər Bəbir “Son döngə”, istər Bulut “Bəlkə sabah olmadı”, istər Şirin “Əlvida”, istərsə də Elxan Biləndərli “Hardasan dost, harda” və s. əsərlərindəki müsbət qəhmrəmanlar mənəvi təmizliklərini, paklıqlarını qoruyub saxlayan insanlardır.

Onlar həyatda çətinliklərlə uzləşsələr də, fiziki təzyiqlərə məruz qalsalar da sınmırlar. Müəllifin “Rəngbərəng adamlar” povestində həyatı faciələr içərisində keçən Müşgünazın taleyindən bəhs edilir. Əsər balaca qonşunun qızı Lalənin dili ilə danışılır. Lalə repressiyanın qurbanı olan, ərinin həbsindən sonra evi əlindən alınan taleysiz qadını – Müşgünaz xalanı sevir, onun qayğısına qalır. Övladlarını itirən bu qadın qonşusu prokurorun, onun arvadı Ülfət xanımın təzyiqlərinə, təhqirlərinə məruz qalır. Ülfət xanım balaca, uçuq komasını da bu qadına çox görür, onu pesikdirib ordan çıxartmaq istəyir. Lalə uşaq kövrəkliyi ilə Müşgünaz xalanın başına gətirilən haqsızlıqları müşahidə edir və ona təsəlli vermək üçün tez-tez yanına qaçır. Vaxt gəlir Müşgünaz xala bəraətdən sonra bu qadına münasibət dəyişir. Ona evində yaşamağa icazə verirlər. Onda Müşgünaz xanım başına gətirilən müsibətləri yadına salıb deyir: “Bəs mənim əzizlərimi necə? Onlarsız ad-san, ev-eşik firavan güzaran mənim bu qoca, əldən düşmüş vaxtımda nəyimə gərəkdir”. Bu əsərdə müəllif humanist idealını bədii vasitələrlə verməyi bacarır və Müşgünaza kömək edən insanlara rəğbətimizi artırır. Müşgünaz xanımın əhatəsində olan insanların içərisində xeyirxah Səlimə müəllimə, Suğra xala kimi insanlar da var. Onların təsəllisi, Lalənin sevgisi idi Müşgünaz xalanı yaşadan. Ancaq başına gələn müsibətlərə tab gətirməyən bu dərdli qadın qəflətən dünyasını dəyişir. Öz yazıçı təhkiyəsini balaca Laləyə həvalə edən müəllif əsərdə obrazlara öz münasibətini bildirməsə də, yeri gələndə Suğranın, Səlimənin, Lalənin dili ilə haqsızlığı, Müşgünaz xalanı evindən didərgin salan prokuror ailəsini ifşa edir. Müşgünaz xalanın evinin barını sökdürüb özünə şərait yaratmaq istəyən prokuror yuxarıların və Səlimənin əli ilə bu işi görmək istəyir. Səlimə müəlliməni icrakoma çağırırlar ki, Müşgünaz xanımı dilə tutub evindən köçürsün. Icrakomun sədri Qəmbərov Səlimə müəlliməyə deyir: “O hələ papağını göyə atsın ki, biz ona dəyib-dolaşmırıq. Demirik gözün üsrə qaşın var. Kim bilir ki, o hansı yuvadan perikib, kimin törəməsidir. Doğrusu, Səlimə müəllimə, siz qurd ürəyi yemisiz ey? Xalq düşməninin arvadına maarif ocağında sığınacaq vermək?… Səlimə müəllimə cəsarətlə, sözünün üstündə durub Müşgünaz xanımın müdafiəsinə qalxır. Ə.Babayeva bu əsəri 1968-ci ildə yazıb “Ulduz” jurnalına təqdim etsə də əsərin çapına razılıq verilmədi. Yaxşı əsərdir, dedilər, lakin verə bilmərik. Bu mövzu indi mətbuatda gedə bilməz. Müəllif bu cavabı eşidəcəyinə şübhə etmirdi, ancaq məqsədi bu idi ki, povesti bacardıqca çox adama oxutsun. Əsər yazıldığından iyirmi il sonra çap olundu və oxucular tərəfindən sevildi. Insana diqqət, qayğı gərəkdir. İnsana duyan ürək, qanan ürək gərəkdir. Insana idealını bədii vasitələrlə təsbit edəcək bu əsər oxucunun diqqətini əsas məsələyə yönəldir. “Rəngbərəng yuxular” əsərində müəllif baş vermiş və ya baş verə biləcək hadisələri qələmə alır, surətin mənəvi qələbəsinin, ya məğlubiyyətinin səbəblərini göstərir. Ə.Babayevanın yaradıcılığını şərtləndirən başlıca cəhət ondan ibarətdir ki, o, qələmə aldığı, təsvir etdiyi mühiti yaxşı tanıyır, hiss edir. Müəllif “Son döngə” əsərini 1999-cı ildə tamamlayıb. Əsər ailə-məişət mövzusunda olsa da, əxlaq kodeksi ön plana çəkilir. Ə.Babayeva insan həyatının ən maraqlı, ən gərgin anını müşahidə altında saxlamaqla həmin anın yaradıcı psixoloji halı və onun ictimai nəticələrini lakonik bir dillə qələmə alır. Bu konkret anın tədqiqi prosesində biz bu əsərdə müasirimizin mürəkkəb, mənəvi aləmini görürük. Müəllif əsərin sujet xəttini qurarkən balaca Gülacarın müşahidəsi və evin qulluqçusu Sayadın dili ilə Bəbirin ailəsində baş verən hadisələri açır.

Əsərə Bəbirin arvadı həkim Sonanın gündəlikləri də bir canlılıq gətirir. Ailədə ər-arvad arasında təmizliyi, paklığı, müqəddəsliyi hər şeydən üstün tutan Bəbir çox sevdiyi, özündən cavan, gözəl arvadının xəyanəti ilə üzləşir. Müğənni Səlimin onun evinə ayaq basmağı ailənin rahat həyatını pozur. Bəbir inanmazdı ki, özünün evə gətirib tanış etdiyi Səlimlə arvadı eşqbazlıq edə bilər. Müəllif başqa əsərlərində olduğu kimi bu əsərində də maraqlı sujet xətti qurur və bu sujet xətti boyunca surətin mənəvi qələbəsinin, məğlubiyyətinin səbəblərini axtarır, hadisələri bədii ümumiləşdirmə səviyyəsinə qaldırır. Ailəsinə bağlı olan Bəbiri müsbət keyfiyyətlərinə, insanlığına görə oxucular sevir. Bəbirin arvadı Sonanın ərinə xəyanəti evin qulluqçusu Sayadın qonşu ilə deyişməsində, Sonanın yazdığı gündəliklərindən aydın olur. Sona gözəldir, savadlı həkimdir. Əri Bəbiri sevməsə də əri tərəfindən sevilir. Həyatda qayğısız bir ömür sürür. Bircə arzusu var. Ana olmaq arzusu. Bəlkə elə ərinə xəyanəti uşaq dünyaya gətirmək olub. Sona üçün bu bir bəhanə olsa da, əsas səbəb ərinin dostunun qohumu hündür boy, yaşıl göz müğənni Səlimə vurulmasıdır. Ailənin faciəsi də elə burdan başlayır. Bəbir bilirdi ki, onun heç vaxt övladı ola bilməz. Sonanın hamiləliyi Bəbir üçün gözlənilməz olur və onun arvadına münasibəti dəyişir, özündən çox sevdiyi arvadına getdikcə nifrət etməyə başlayır. Ancaq Zərintac dünyaya gələndən sonra evdə müvəqqəti sakitlik yaranır. Müəllif Sona obrazını əsərə gətirməklə göstərmək istəyir ki, riyakarlıq, yalan heç vaxt heç kəsə xoşbəxtlik gətirə bilməz. İnsan hansı şəraitdə olursa-olsun öz daxili paklığını, namusunu, mənəvi təmizliyini qoruyub saxlamalıdır. Müəllif Sonanın mənəvi-psixoloji sarsıntılarını, ərinə olan xəyanətinin peşmançılığını, daxili çarpışmalarını özünəməxsusluqla, təbii şəkildə qələmə alır. Sonanın qızı Zərintac da yüngül, əxlaqsız bir həyat sürür. Öz doğma atasından dünyaya gətirdiyi Gülacarın şikəstliyi onu narahat etsə də, qızının qayğısına qalmaq əvəzinə günlərlə evə gəlmir, evdə də olanda yanına özü kimi əxlaqsız kişiləri dəvət edir. Zərintacın da sonu anasının taleyi kimi faciə ilə qurtarır. Zərintac generalın bağında onu tapanca ilə öldürəndən sonra özünə də qəsd edir. Müəllif əsərlərinin çoxunda yaratdığı obrazların psixoloji durumunu, duyğu və düşüncələrini təbii şəkildə canlandırsa da, nədənsə bu əsərində macəraçılığa yol verib. Əsərin Səlim Zərintac, general xəttində onların yaşam tərzi bir-birlərinə münasibəti qeyri-inandırıcı görünür. Ancaq əsərdə Sona ilə Bəbirin özlərinə qəsd etməsinə inanırıq. Ailədə təmizliyi, paklığı, sadiqliyi sevən Bəbir obrazı onu əhatə edən personajlardan fərqlənir. Onun bir tərəfdən keçirtdiyi mənəvi əzabları, sarsıntıları, digər tərəfdən arvadına olan ülvi məhəbbəti özünə qəsd etməsinə gətirib çıxardır. Bəbirin özünü öldürməsi əsərdə təbii alınır və müəllif Bəbirin evində baş verən olaylardan sonra özünü öldürmək yolunu tutmasını inandırıcı şəkildə oxucuya çatdırır. Hətta buna görə də Bəbirə qarşı bizdə rəğbət hissi yaranır və onun ölümünə təəssüflənirik. Sonanı isə Bəbirin ona göstərdiyi laqeydliyindən çox, Səlimin əxlaqsızlığı, ondan üzülüşüb, Zərintaca tamah salması üzür və ən çox da onu dəhşətə gətirən Səlimin biləndə ki, intim əlaqə saxladığı Zərintac öz doğmaca qızıdır və bunu bilsə də vecinə almaması Sonanı mənən əzir, özünün etdiyi xəyanətinin bir daha peşmançılığını çəkir. Özünə qəsd də elə bu səbəbdən yaranır. Bəbirin evində baş verən hadisələrin çoxunu biz Sonanın ölümündən sonra (yuxarıda dediyimiz kimi) onun gündəliyindən oxuyuruq.

Evin qulluqçusu, Gülaçarı saxlayan Sayad da bütün olanların şahidi olduğu üçün gördüklərini öz-özünə vara-vurd edir, bu evə bədbəxtlik gətirən Səlimə nifrət edə-edə ailənin faciəsini onda görür. Sayad bu evin çox gizlinlərinin şahidi idi. Səlimin Bəbirin ölümündən sonra özünü evin sahibi kimi aparması, Zərinin evə gətirdiyi adamlarla intim əlaqələri, Sonanın elədiyi əməllərinə görə əzab çəkməsi Sayadın yaddaşına həkk olunurdu. “Sayad başını yastıqdan qaldırıb var gücü ilə silkələndi ki, ayıq ikən gördüyü yuxunu özündən uzaqlaşdırsın. Sona yoxa çıxdı. Sayad qalxıb yatağın içində oturdu: “Ay sənin başın batsın, qarabağlı gədəsi, necə ki, batdı. Deyir yuxarıda Allah, aşağıda şeytan, gərək qoymayasan ki, şeytan ətəyini ələ keçirib qəlbinə yol tapsın. Lap ilk əvvəldən, bu evə ayaq açandan bildim ki, o, hansı yuvanın quşudur, bu gədə içində nanəciblik toxumu becərir. Ancaq Sona xam düşdü, bilmədi, gözü, istəyi aldatdı qəlbini”. “Azərbaycan”, 2000, 1, s. 25 Müəllifin roman və povestlərində insan mənəviyyatı ətrafında axtarış aparan, insanın hiss və həyəcanları, düşüncəsi ilə məşğul olan bir yazıçının təqib etdiyi fikirlərlərlə rastlaşırıq. Buna görə də çox yerdə müəllif qayəsi ilə təsvir etdiyi həyat hadisələri birləşib vəhdət təşkil edir. “Bəlkə sabah olmadı” da xeyirxahlıq, fədakarlıq, faydalı işlər, pisliyi aradan qaldırmaq insanın xoşbəxt olmasına ürəkdən sevinməsinə və insana layiq həyat sürməsinə kömək edən amillər ön plana çəkilir. Əsasən şəhər mühitindən, ziyalılarımızın həyatından bəhs edən bu əsərdə insana insan gərəkdir prinsipi irəli sürülür. Müəllif müsahibələrinin birində demişdir ki, romançı öz dövrünün sadəcə müşahidəçisidirsə – bu çox azdır. O həyatın burulğanından keçən yaşadığı zamanın tədqiqatçısı və güzgüsü olmalıdır. “Bəlkə sabah olmadı” əsərini Ə.Babayeva xalq rəssamı, qardaşı Rasim Babayeva həsr etmişdir. Bu əsərdə biz əsas personajın – rəssam Bulut İldırımoğlunun həyata baxışı, insanlara isti münasibətini görürük. Dövrü ilə ayaqlaşan sənətkarı fərqləndirən ən əsas bir şey onun üçüncü gözüdür. Allah vergisi – üçüncü gözlə o, çoxlarının görmədiyini anır! Üçüncü göz “Bulut İldırımoğlunun qisməti və tale ulduzudur. Bəlkə elə bu üçüncü gözə görə ilk məhəbbətini – Fəridəni itirir. Müəllif Bulut, ikinci Fəridə, Nadir, Rəfi müəllim kimi obrazların simasında həyatda, insan varlığında müşahidə etdiyi və görmək istədiyi nurlu, müsbət qayəni düzgün ümumiləşdirmişdir. Bu adamlar sözün əsl mənasında insan adını naqis, çirkin keyfiyyətlərdən qoruyan fədakar insanlardır. Bəs onların fədakarlığı nə ilə izah olunur və özünü hansı şəkildə göstərir. Əslində bu adamlar qeyri-adi qoçaqlıq göstərmirlər. Onlar bütün insanaların edə biləcəyi və etməli olduğu sadə bir vəzifəsini ləyaqətlə başa çatdırırlar. Onlar öz xasiyyətləri və hərəkətləri ilə bir daha sübut edirlər ki, insana fərdi, intim münasibətdən artıq qayğı lazımdır. Bulut sənətini sevir. Çəkdiyi tablolar, naturmotlar, Abşeron lövhələri tamaşaçıların qəlbini fəth edir, onların ruhunu oxşayır. O istedadlı bir rəssam kimi tanınır, ancaq bu istedadlı rəssama paxıllıq edənlər, ayağından çəkənlər, sərgisini keçirilməsinə mane olanlar da az deyil. Bunlar rəssamın sağlamlığına təsir etsə də, əsərləri sadiq dostu Nadirin köməyi və təkidi ilə nəinki Azərbaycanda, başqa ökələrdə də nümayiş olunur. Əsərdə müəllif Bulutla Fəridə arasında sevgi münasibətlərinə də geniş yer vermişdir. Bulut Fəridəni ürəkdən sevsə də, ona etinasızlıq göstərir. Sənətə olan bağlılığı onu emalatxanaya bağlayır. Fəridə Bulutu ona qarşı laqeydliyini isə bağışlaya bilmir və Bakını tərk edir. Biz Bulutun simasında isə bitkin, hərətərfli, dərin düşüncəli, öz sənətinə vurğun, dostluqda sadiq, dürüst bir obraz görürük. Onun həyatında iki Fəridə var. Birinci Fəridə, ikinci Fəridə. Ilk məhəbbətini – birinci Fəridəsinə ürəkdən bağlanır və ona elə gəlir ki, o heç vaxt Fəridəni itirə bilməz. Ancaq tale elə gətirir ki, bir-birilərini sevən iki gənc qovuşa bilmir. Fəridə ondan uzaqlaşmalı olur. Bulut Fəridəyə qovuşa bilməməyinin günahını onda deyil, özündə görür. Nadirlə Fəridədən söz düşəndə təəssüflə deyir. “Tale ona da dönük çıxdı, həyatı nakam oldu. Bu məsələdə də mən yalnız bir nəfəri günahlandıra billəm – özümü!… Bilirsən, mən sənətimdən aldığım həzzi dünyada heç bir şeyə dəyişmərəm, buna görə həyatımı qurban verməyə hazıram. Ancaq bunu başqasından, mənimlə çiyin-çiyinə addımlayan adamdan uma bilmərəm, axı, nə karəyəm! Ancaq o vaxt mən bunun fərqinə varmadım.

O axşam Fəridə çox böyük ümidlə gəlmişdi yanıma. Gedək dedi, hətta təyyarəyə biletləri də alıb gətirmişdi. Ancaq mən etimatsızlıq etdim”. Fəridə Bulutsuz xoşbəxt idimi? İnsanın insana laqeydliyi, etimadsızlığı bəzən faciəyə səbəb olur. Fəridə Bulutdan diqqət, nəvaziş, özünə qarşı isti münasibət gözləyirdi. Ancaq buna nail ola bilmir. Fəridə obrazı ilə Zərintac (Son döngə) obrazında oxşarlıq olsa da, fərqli cəhətləri çoxdur. Fəridə meşşan deyil, savadlı, ziyalı bir xanımdır. Bulutu da ürəkdən sevir, ancaq Bulutun ona qarşı soyuqluğu, emalatxanasına qapılması və Fəridənin özünün də inadkarlığı və şıltaqlığı hər şeyə son qoyur. Onların yolları ayrılır. Fəridə yüngül, sevgisiz bir həyat sürür. O, ilk məhəbbətini ürəyində gəzdirə-gəzdirə Azərbaycanı tərk edir və Kiyevdə öz ixtisası üzrə işə düzəlir, milləti yəhudi olan diş həkimi ilə ailə qurur, hətta oğlu da olur. Xoşbəxtliyini vətənin kənarında axtaran Fəridə sonradan başa düşür ki, Bulutsuz heç yerdə xoşbəxt ola bilməyəcək. “Axı necə deyəydi ki, necə inandıraydı ki, daxilində bir ölü boşluq var. Olan-olmazı tərkdir, mənəviyyatı talandır. Içindəki boşluqda nəinki arzu və ümidləri, hətta özü də itib batıb”. “Bəlkə sabah olmadı”. 1996. səh. 233 Zərintac isə Fəridədən fərqli olaraq pozğun bir həyat sürür. Onu bu çirkab həyata salansa özünün bilmədiyi doğma atasi Səlim olur. “Bəlkə sabah olmadı” əsərində isə hadisələr real həyata söykənir və həyat həqiqətlərinin dürüst təsviri verilir. Dövlət müstəqilliyimizi qazanandan sonra yaradıcılığının yeni mərhələsinə başlayan müəllif iki yeni əsərini nəşr etdirdi. “Əlvida” romanını və “Rəngbərəng yuxular” povestini. Hər iki əsər Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdi. 1994-cü ildə yazdığı “Əlvida” romanı özünün layiqli yerini tutdu. Bu əsəri bir növ avtibioqrafik roman da adlandırmaq olar. Gənc alim Şəfəq Dadaşova “Avtbioqrafiyanın səciyyəvi cəhətləri və janr xüsusiyyətləri” məqaləsində yazırdı: “Avtobioqrafiya tanınmış, görkəmli, cəmiyyətdə müəyyən yerə malik adamlar tərəfindən yazılır. ( və ya yalnız belə şəxslərin yazdıqları avtobioqrafiya ədəbiyyat tarixində qalır) və orada müəllif mümkün qədər açıq və səmimi olaraq öz şəxsi xüsusiyyətlərini, fikirlərini, mənəvi dəyərlərini ifadə edir. Deməli, bu əsərlərin əsasında müəllifin bəzən şüuraltı arzularından xəbər tuturuq, həm də romanlarda bu qədər bariz görünmək iqtidarında olmayan kollektiv, şüuraltı, yəni müəllifin mənsub olduğu millətin şüuraltı dəyərləridir barədə ətraflı məlumat alırıq”. Bu cümlələri Ə.Babayevanın “Əlvida” əsərinə şamil etmək olar. Müəllif 20-ci illərdə mürəkkəb və ziddiyətli həyatını yaşayan bir ailənin (daha doğrusu desək öz ailəsini) faciəsindən bəhs etsə də, əsasən keçən əsrin əvvəllərində baş verən inqilab, ictimai-siyasi hadisələr ön plana çəkilir. Əsər iki hissədən ibarətdir. “Sönmüş ulduzların işığı” və “Əlvida”. Ələviyyə xanım kitabın ön sözündə yazır. “Əlvida” romanının əsas övzul daşı Bakıdır. Dünyanı sarsıdan inqilabi hadisələr zəlzələsinə düşmüş – torpağının altı qara qızıl, üstü sarı sünbül, mavi Xəzərə söykənmiş dəli küləklər şəhərinin və keşməkeşli illərin ağır taleyinə həsr olunmuşdur”, “Əlvida”, 1994. Əsərdə biz əsasən Bilqeyis xanımla, onun ailəsi ilə tanış oluruq. Onun oğlanları Əli, Tufan, qızı Xeyrinin ağır, faciəli taleləri oxucunu sarsıdır, Xeyrinin uğursuz taleyi, Hələb şəhərindən olan ərinin itkin düşməsi, müsavatçı Tufanın Sibirə sürgün edilməsi və orda Sibir meşələrində ayıya yem olması, repressiya qurbanı olan Əlinin özünə qəsd etməsi və s. təsvir olunur. Əli özünə ölüm hökmünü seçməklə ailəsini repressiyanın caynağından xilas etmiş olur. Qardaş itkilərinin acı taleyini yaşayan Xeyri isə İzmirdə tanış olub sevdiyi Rza bəylə ailə qurandan sonra onların Şirin adlı qızları dünyaya gəlir. Ancaq bu iki gəncin xoşbəxtliyi uzun sürmür. Xeyri sevdiyi ərini itirir, hələ bu itki azmış kimi Ərəbistandan Rza bəyin valideynləri gəlib nəvələri Şirini Hələb şəhərinə aparmaq istəyirlər. Xeyrinin və anası Bilqeyis xanımın qəti etirazından sonra Şirin anası ilə qalır. Xeyrinin qaynatası Mir Əbdül Turab arvadı Seyidnisəni götürüb Bakını tərk edir. Əsərin ikinci hissəsi Şirinin gənclik illərindən danışılır. Şirin artıq böyümüş və çox savadlı memardır.

Ilk məhəbbəti uğursuz alındıqdan sonra heç kəsə meylini salmır. Həyatını memarlıq sənətinə bağlayır. Burda – işlədiyi müəssisədə onun üçün yeni bir aləm açılır. Savadlı, namuslu insanlarla rastlaşır. Onlardan biri də memar Hafiz Əsgərovdur. Məşhur memar olan Əsgərov işinin ən dərin bilicisi olmaqla yanaşı, həm də qayğıkeş, başqasının müvəffəqiyyətinə sevinən bir insandır. Əgər əsərin birinci hissəsində köhnə və yeni qərinənin astanasında yaşayan bir ziyalının – Əli dadaşın intiharı rəzalətə və haqsızlığa qarşı üsyan kimi səslənirsə, ikinci hissəsində – memar Hafiz Əsgərovun ölümü örtülü pərdə arxasında icra olunur. Yaşamaq çətin olduğu kimi o dövrdə ölmək də çox çətin və müəmmalı idi. Insanın bütün arzularına, o cümlədən həyata əlvida demək arzusuna da qadağa elan edilmişdir. Ətrafından, quruluşundan, səni əhatə edən insanlardan təcrid olunmaq qadağası. Əsərdəki Hafiz surəti əslində dövrümüzün istedadlı sənətkarı memar Hənifə Əsgərovun prototupıdır. Dövrümüzün qabaqcıl ziyalısı, məşhur memarı Hənifə Əsgərovanın real həyatı və sənətinə vurğunluğu əslində yazılmamış romandır. Romanda bir fikir təlqin edilir. İstedadlar həyatdan köçəndən sonra da yaşayır, özündən sonra gələnlərin yoluna işıq salır. Əsərdə bir obraz da diqqətimizi çəkir, Barat. Xeyrinin ikinci həyat yoldaşı Şirinin atalığı. Kasıb bir ailədən olan Barat hələ bəylərin, xanların hökm sürdüyü vaxtlarda Xeyrigilin bağlarının bağbanı idi. Rza bəyin itkin düşməsindən bir neçə ildən sonra gizli saxladığı sevgisini Xeyriyə açır. Ailənin razılığı ilə Baratla Xeyri evlənirlər. Şirinə əsil atalıq edən Barat həm də həyat yoldaşı Xeyrini, ümumiyyətlə Bilqeyisin ailəsini oğlu, keçmiş kürəkəni müsavatçı olduqlarına görə repressiyadan – tutulmaq təhlükəsindən qurtarır. Barat Şirinin tərbiyəsinə, hafizəsinə, savadına heyran qalaraq onu öz doğma balalarından ayırmır. Ələviyyə Babayevanın əsərləri ona görə yüksəkdə dayanır ki, onun özünün şəxsiyyəti də, səviyyəsi də, dünya görüşü də çox yüksək idi. Ondakı yüksək intellektuallıq Şərq və eyni zamanda Qərb ədəbiyyatını çox mükəmməl bilməsi ilə əlaqədar idi. Elə ona görə də çap olunan hər bir yeni əsəri oxucuda maraq doğurur. Müəllif yazılarının birində yazıçı olmağın həm çətin, həm də şərəfli olduğunu qeyd edərək ədəbi mühitin yaradıcılığa təsirindən yan ötmədiyini də deyir. “Ədəbi mühit istedadın fikirlərinin istiqamətini dəyişə bilər, yolunu əyə bilər, ancaq yaradıcılığına meydan aça bilməz. Çünki burda hər kəs öz yükünü özü çəkməlidir. “Rəngbərəng yuxular”, 2000-ci il, səh. 19. “Rəngbərəng yuxular” povestində müəllif keçdiyi enişli-yoxuşlu həyat yoluna nəzər salır, gördüyü, təmasda olduğu insanların, məşhur şairlərin, yazıçıların və ziyalıların onun yaradıcılığına böyük təsirini qeyd edir. Həmçinin o, insan mənəviyyatından, arzu və istəklərindən, ömrü boyu üzləşdiyi çətinliklərdən, maraqlı, həyatının bəzi təsirli məqamlarını yaddan çıxarmır. O heç vaxt heç kəsə yarınmaq məqsədi güdməyib. Ən böyük idealı ədalət, düzlük, vicdan təmizliyi olub. Əsərlərində həyat həqiqətinin gözlə görünməz düyünlərini açmağa cəhd edib. “Rəngbərəng yuxular” əsəri müəllifin yaşadığı mürəkkəb və faciəli epoxanın, zamanın tarixi-ədəbi salnaməsidir. – desək yanılmarıq.

Əsərin elə ilk səhifəsində yazıçının ədəbiyyata verdiyi qiymətin, ədəbiyyat haqqında söylədiyi mülahizələrin şahidi oluruq. “Ədəbiyyat, sənət elə bir halədir ki, bu haləyə düşən adam heç vaxt xilas ola bilmir. Bu yolla irəliləyənin bu yolda dönüklüyü yada düşmür. Bəlkə elə buna görə də yunan əsarətində deyilir. “Bir gün Allah bütün dünyanı yaradandan sonra onu rahat idarə etmək üçün hərənin payını bölük-bölük edib ayırır. Bu vaxt onun köməkçilərindən biri – Zevs görür ki, geniş yolla bir nəfər ulduzlara sevələşə-sevələşə gəlir. Soruşur ki, sən kimsən, niyə belə gec gəlibsən. Axı bütün dünya paylanılıb. Yolla gələn piyada deyir: Mən şairəm, özümə də heç bir şey lazım deyil, məsləhətçilərim ulduzlar da həmişə mənə göz qoyur, qoruyurlar. Zevs çox fikirləşmədən deyir. – oldu. Get ulduzlar da qoy sənin olsun. O vaxtdan, deyildiyinə görə, dünya malında gözü yoxdur şairlərin”. Etiraf etdiyi kimi, müəllif özü də geniş yolla gedən sənət aşiqlərindən biridir. Ona görə də o Müşfiqi, H.Cavidi, Ə.Cavadı, S.Mümtazı xatırlarkən onların – bu sənət fədayilərinin başlarına gələn faciələrə, onlara atılan böhtanlara göz yuma bilmir. Onların və repressiya qurbanlarının həbsindən ürək ağrısı ilə yazır. Müəllif əsərində uşaqlıq illərini tez-tez xatırlayır. Hafizəsinin çox güclü olduğunu, Müşfiqin ona söylədiyi “Yalnız ağac” şeirini yaddaşına həkk edib təzədən şairə əzbər söylədiyini və onu heyrətləndirdiyini uşaq sevincilə yadına salır. Əsərdə Müşfiqlə yanaşı, onunla eyni vaxtada yaşayıb yaradan S.Vurğun da, H.Cavid də, S.Mümtaz da xatırlanır və sifarişlə onların əleyhinə məqalələr yazan mənəviyyatsız, vəzifəpərəst, xudbin alimlər ifşa olunurlar. Qarabağ müharibəsi başlayandan yazıçı tez-tez çadır şəhərciklərinə gedir, orda məskunlaşan qaçqınlarla görüşür, onların acınacaqlı həyat şəraitini təsvir edir, ermənilər tərəfindən gözünün qabağında öldürülən valideynlərini itirən, balaca Samirənin simasında Qarabağ müharibəsində əsir götürülən fidan balaların taleyinə acıyır. Povestdə müəllif yazır. “Mən çadır şəhərciyində yayın isti günlərində olmuşam. Gil torpaqda ot-ələf bitmir, mal, qoyun saxlamaq mümkün deyil. Su yoxdur, deyən, əkin, tikinti də yoxdur. Heç toyuq, cücə də o istiyə, susuzluğa davam gətirmir”. Belə çadırların birində əmisinin himayəsində yaşayan dili tutulmuş (erməni separatçıları tərəfindən gözünün qabağında ata-anası öldürülərkən həyəcandan dili tutulur). Samirəni görür və ona xeyirxah insanların köməyi ilə yardım edir, qızın dili açılır. Müəllif bu balaca şair təbiətli qızı ikinci dəfə evində qarşılayır. Samirənin yazdığı yurd həsrətli, nisgilli şeirlərinə qulaq asır. Onu şəhərə-gəzməyə aparanda qızcığazın gözləri dənizə sataşır, heyrətlənir. Bu qədər də su olar? – soruşur. Çadır şəhərində suyun o qədər həsrətini çəkmişdi ki. Müəllif ikinci qəhrəmanından – şairə Lamiyədən söz açır.

Onun soyuq çadırda yerdəcə əyilib şeir yazmağına acıyır. “İstedad fenomeninin yaxşı cücərti verməsi üçün münbit şərait, qayğı olmalıdır. Yoxsa dövranın dəli küləkləri bu çiçəkləri vaxtsız soldurarlar” – deyir. Şeirini dizi üstə qoyub kətil üzərində yazan, şair bala, görən, bu çoxmu çəkəcək. Sən havaxta kimi tövlə sakini olacaqsan. Müəllif ürək ağrısı ilə qaçqınların dözülməz həyat şəraitindən yazarkən onlara ayrılan yardım payının əllərindən alınmasını da gözdən qaçırmır. Müəllifin “Rəngbərəng yuxular” əsərində rəngbərəng mövzulara müraciət edərək bəzən keçmişə qayıdır. Gördüyü, şahidi olduğu hadisələri yaddaşında çözələyir, ya da uzaq ölkələrə səfərlərindən danışır. Keçən əsrin otuzuncu illərində həbs olunan, uzaq Sibirə sürgün edilən insanların qaldıqları yerləri, meşələri, onların yaşadıqları soyuq konslagerləri görmək arzusunda olduğunu deyir. Ə.Babayeva yazır ki, o iki dəfə Sibirdə olub. H.Cavidin sürgün olduğu İrkutsk şəhərini ikiyə bölən Anqara çayının sahilində həmkarları ilə Cavidi yada salıb fikirləşir. Haqsız tökülən qan yerdə qalacaqmı. Inqilab bizə, Sibirə nə verdi. O vaxtlarda Sibir proqressiv, cəsarətli adamların katorqa yeri idi, sonralar da. Bu vaxta kimi konslager kəlməsini eşitdikdə gözlərimiz önündə şərəfsiz, faşist Hitler canlanırdı. Halbuki, ilk konslagerlər Leninin hökmü və fərmanı ilə yaradılıb. Bu meşələrdə ağac mişarlayan dustaqları qış yuxusundan oyanan ac ayılar hücum çəkib aparırdılar. “Rəngbərəng yuxular”. 2000. Səh 85 Müəllif ürək ağrısı ilə müsavat zabiti olmuş və elə buna görə də həbs edilib Sibirə sürgün olunmuş dayısının da belə bir faciə ilə üzləşdiyini xatırlayır. Ayı dayısının dustaq yoldaşlarının gözləri qabağında qoltuğuna vurub aparıb. Bu hadisəni yazıçı “Əlvida” romanında geniş təsvirini vermişdi. Sibir səfərində o, dustaqlara edilən işgəncə üsulunun birinin üstündə dayanır. “Sözə baxmayan, yolunu azan dustaqları qurşağa qədər soyundurub, əllərini də arxadan buxovlayıb dizi üstə bu dəmir reislərin üstündə oturdurdular. Baharda, yayda burda çox zəhərli ağcaqanadlar olur. Cücülər, ağcaqanadlar dustağın tərli bədəninə yapışıb qanını sorurdular. Axşam meşədən qayıdanlar dəhşətli səhnənin şahidi olurdular. Əvvala qurşağa kimi çılpaq bədənə yapışmış qan soran cücülərdən dustağın nə sifəti, nə əndamı görünürdü. Bədən qapqara qaralıb şişirdi”. “Rəngbərəng yuxular”, 2000, səh. 92 Bu sənədli povestdə dövrünün ən tanınmış, sevilən yazıçıları da yad edilir.

Onlardan biri də dünyasını dəyişmiş Bayram Bayramovdur. Müəllif təəssüf hissi ilə bu böyük yazıçının dövlət tərəfindən unudulduğunu yazır. “Rəhmət, min rəhmət sənə böyük sənətkar. Öz yazıçı zəhmətindən həzz alan, yazmaqdan yorulmayan sənət fədailərindən biri də elə sən özünsən. Keçən il sənin səksən yaşın tamam oldu. Lakin yada düşmədi, qeyd olunmadı bu tarix”. “Rəngbərəng yuxular”, 2000, səh. 194 Onu da əlavə etmək istərdim ki, müəllifin özünə də heç bir fəxri ad verilmədi. Müəllifdən soruşublar. Siz hansı fəxri fərmanları, adları almısınız. Müəllif belə cavab verir. “Mənim altmış üç kitabım, xalqın məhəbbəti və dostlarım var vəssalam” deyib. Bir də ulu öndər H.Əliyev tərəfindən ömürlük Prezidenti təqaüdünə layiq görülməyim olub. Müəllif bu əsərində müasir yazarları da unutmur. Onların yaradıcılığından danışarkən nasirlərin həyata müstəqil baxışı, ictimai mühiti dərk etmək məharəti və özünəməxsusluğunu geniş şəkildə şərh edir və əsasən üç yazıçının yaradıcılığı üzərində dayanır. Afaq Məsud, Mehriban Vəzir və Mübariz Cəfərli; Afaq Məsudun nəsrini diqqətlə izlədiyini və böyük maraqla oxuduğunu yazır. “Üçüncü mərtəbədə” hekayəsi ilə o ədəbiyyatımıza maraqlı bir nasirin gəldiyini, əsərlərinin mövzu orijinallığı, fərdi üslubu ilə seçildiyini qeyd edirdi. Həmçinin M.Vəzir haqqında yazır. “Mərd yazarın həyatın min üzünü, min bir oyununu əks etdirən, tam gözlənilməz situasiyalarda cövlan edən günlərimizin, aylarımızın, illərimizin sirrlərini açıb şərh edən hekayələrini oxuyarkən adama elə gəlir ki, cavan da olsa ağlı-qaralı, ağrılı-acılı bir həyat yaşayıb”. “Rəngbərəng yuxular”, 2000, s. 223 Yuxarıda dediyimiz kimi ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa, bədii tərcüməyə bağlayan Ələviyyə Babayeva Azərbaycanın müstəqillik dövründə də qələmini yerə qoymamış, çox dəyərli indiki dövrlə səslənən əsərlər yazmışdır. “Bəlkə sabah olmadı” müəllifin romanlarından birinin adıdır. Bu şübhə dolu bəlkələrin arxasında ümidmi, ümidsizlikmi durur. Bunu bilmək çətindir. Ancaq bir şey bizə tam aydındır. Müəllifi yaşadacaq sabahlar həmişə var və olacaq.

Ədəbiyyat

1. Son döngə. Azərbaycan jurnalı, 2000, №1

2. Bəlkə sabah olmadı. “Şur” nəşriyyatı, 1996

3. Əlvida. Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr mərkəzi, 1994

4. Rəngəbərəng yuxular. “Araz” nəşriyyatı, 2000

5. Flora Xəlilzadə. Qəhrəmanlarına bənzəyən yazıçı. Kaspi, 2014, 27 sentyabr

6. Şəfəq Dadaşova. Avtobioqrafiyanın səciyyəvi cəhətləri və janr xüsusiyyətləri, Poetika izm, 2014, №1, səh 223-224

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10