Əlaçı hinduşka

83 Baxış

mushfiqxan

Müşfiq XAN

Təxminən on ilin söhbətidi. 2004-cü ildə orta məktəbdə işləyəndə sinif rəhbəri olduğum şagirdlərimnən ikisi ailələrinin maddi ehtiyacı ucbatınnan dərsə hərdən gəlib-gedir, məktəbdə olmadıqları günlərdəsə süd-qatıq satmaqnan məşğul idilər.

Tahirin atası rəhmətə getmişdi. Naziminki də artıq üç il olurdu ki, onları atıb qeybə çəkilmişdi. Uşaqlar da analarına kömək eləmək üçün inəklərinin südünü, analarının hazırladığı qatıq dolu tomat bankalarını torbalara yığıb avtobusda “20 yanvar”dakı kafelərə daşıyıb, satmaqla məşğul idilər. Belə ancaq yetinirdilər…

Yüklərinin ağırlığını, əzablı iş olduğunu, gücləri çatmayan torbaları sürüyə-sürüyə necə zülmlə avtobusa gətirdiklərini görəndə adamın ürəyi ağrayırdı. Məcbur idilər. Dərsə doğru-dürüst gələ bilməyən bu uşaqlar avtobusda müəllimlərini, sinif rəhbərini görəndə utandıqlarınnan daldalanmağa yer axtarırdılar. Yəqin ki, ən çox da durumlarınnan xəcalət çəkirdilər. Dəfələrlə bu zəhmətkeş uşaqlara dərs deyən müəllimlərə onları nəzərə almalarını, ötüşdürmələrini xahiş eləmişdim. Sağ olsunlar müəllimlər də, hamısı nəzərə alırdılar.

Sinifdəki münasibətdən sonra Tahir də, Nazim də artıq başa düşmüşdülər ki, gördükləri işdə utancverici heç nə yoxdu. Onlara icazə vermişdim, həftədə cəmi bir neçə dəfə dərsə gəlib, qalan günləri isə analarına kömək edirdilər. Sinfimə dərs deyən müəllimlərdən biri – Əhəd müəllimin Nazimin atası ilə köhnədən ciddi ədavəti var idi. Bunu sonradan öyrənə bilmişdim. Uşağı da yola vermirdi. Bir-iki dəfə illiyə “qeyri-kafi” yazıb atasının cəzasını onsuz da ata qayğısının nə olduğunu bilməyən, daha doğrusu, atasının cəzasını çəkən uşağa ikiqat ödətdirmək istəmişdisə də, xahiş-minnət edib birtəhər “3” yazdırmışdım.

Günlərin bir günü işdən çıxan avtobusda Əhəd müəllimlə yol yoldaşı olduq. Növbəti dayanacaqda Nazim həmişəki kimi ağır torbasını avtobusa sürüyüb salmışdı ki, bizi görcək tələsik düşüb getməyə çalışdı. Getmək deyəndə ki, əslində Əhəd müəllimin növbəti tənəsinə tuş gəlməməkçün uşaq əməlli-başlı başını götürüb qaçdı. Elə bu dəm ayağı torbasına ilişdi. Üç kiloluq qatıq bankalarınnan ikisi də sürüşüb uşağın dalınca yerə düşüb çilik-çilik oldular. Uşağın ürəyi kimi… Kişi kimi mərd oğlan idi – Nazim. Dilinə gətirməsə də, təəssüf dolu çöhrəsinnən heyfisiləndiyi aydın oxunur. Heyfisilənməkdən daha çox ağlamsınmış, doluxsunmuş halı vardı həmin an. Uşağa çırtma vursaydın qan çıxardı… Çox durmadı. Nə o, nə də avtobus. Ağır və üzücü mənzərə bir göz qırpımında geridə qaldı.

Həmin hadisə baş verən gün Əhəd müəllimin, “buna bax, utanmır, dərsə gəlmir, amma alverlə məşğuldu” – deyib donquldanması hələ indi də qulaqlarımda küy kimi qalıb. Ardını danışmaq istəmirəm…

Keçən həftə eşitdim ki, Əhəd müəllim qəfil dünyasını dəyişib. İşə gələndə yolüstü dönüb başsağlığı vermək üçün küçədə qurulan mağara girdim. Nazimi gördüm, əldə-ayaqda idi, əlində podnos ora-bura qaçıb yas yerinə gələnlərə ehsan paylayırdı. Çıxanda yanıma gəlib qarşımda dikəldi. Hal-əhval tutannan sonra bir az əvvəl sizə danışdığım həmin hadisəni yada saldı. Sözünü bitirəndə gözlərində iki damla yaş gilələnib durmuşdu. Hissiyyatlı oğlan idi. Ağladığını gizlətmək üçün boynuma sarıldı. Elə mən də onu bərk-bərk qucaqladım. Bu, həmin hadisədən sonra Nazimin bəlkə də həyatda ilk təəssüfünün ifadəsi idi. Zəmanəyə, bivec ataya, qəribə olsa da, on il əvvəl sınıb-dağılmış qatıq bankalarına və sözsüz ki, ömrü ilə vədəsiz vidalaşan Əhəd müəllimə. Səbəbini bilmirdi, çünki səbəbi yox idi, amma Nazim peşman idi. Bəlkə mən də, az əvvəl Əhəd müəllim haqqında yazdığım “donquldanırdı” ifadəsinə görə peşmanam. Amma olan oldu bir kərə, olan oldu. Gərək olmayaydı…

 

p.s. Dünən şahidi olduğum bir olay məni məyus etməsəydi, yəqin ki, Nazimin yadıma saldığı bu hadisə barəsində də heç vaxt yazmayacaqdım. Gördüm, pis oldum, həqiqətən çox sarsıldım – vaxtilə həyətdəki hinduşkaları satıb, pulu ilə imtahanları yola verməsini unudan müəllim indi nə hinduşkanı, nə də hinduşka saxlayan adamları bəyənmir, onları aşağılayır. Fikrimcə bu barədə ciddi-ciddi düşünmək lazımdı. Gərəkdir ki, keçmişini unutmayasan. Adama deyərlər, sənin yerinə hinduşkalar imtahan verib, inəklər diplom müdafiə edib, indi tay onlardan niyə narazısan, niyə bəyənmirsən? Pis iş görüblər? Bəlkə o heyvanlar sənin yanında üzükölgəlidi, sən onların yanında yox? Gül kimi “müəllim” işləyirsən də özünçün! Kəndçi babalara niyə dodaq büzürsən, ay İrasim miyəllim.

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10