Əli Kərimin “Vəsiyyəti”

312 Baxış

arifalimArif Əsədov:

 

Hələ orta məktəbin yuxarı siniflərində oxuyarkən ləzzətlə oxuyardıq “Gözəl qız sən saf susan…” misralarını. “Azərbaycan dili” dərsliklərinin birində təqdim edilmişdi şeir.  Ümumiyyətlə, Əli Kərimin yaradıcılığı orta məktəbin ədəbiyyat fənnində tədris olunmurdu və indi də olunmur.

Hazırda qüvvədə olan XI sinif “Ədəbiyyat” dərsliyində məntiqi olaraq Əli Kərimin yaradıcılığının da daxil olduğu “Ən yeni dövr Azərbaycan ədəbiyyatı” icmal hissəsinin poeziya bölməsində Hüseyn Arif, Nəbi Xəzri, Balaş Azəroğlu, Qabil, Səhənd, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqubun adı çəkilir. Həmin ədəbi mərhələnin nümayəndələri sayılan şairlərdən Rəsul Rza, Bəxtiyar Vahabzadənin yaradıcılığı isə ayrıca tədris olunur. Əli Kərim isə sadəcə “UNUDULUB”. Yusif Vəzir Çəmənzəminli kimi…

Bu gün sözün əsl mənasında ədəbiyyat adamı olan, sözün dəyərini bilən, ədəbi işbaz və ədəbi paz olmayan elə bir adam tapılmaz ki, şair Əli Kərimin yaradıcılığı ilə tanışlığı olmasın. Nədən ki Əli Kərim əsl şair olub. Nədən ki Əli Kərim ədəbi işbaz olmayıb. Nədən ki Əli Kərim onlarla şairin yetişməsində məktəb rolunu oynayıb…

“Gözəl qız, sən saf susan…” misralarının sərinliyi onlarla yeniyetmənin ürəyinin əsl sevgiylə döyünməsində, tərbiyə olunmasında, doğru yola dönməsində xüsusi əhəmiyyət daşıyıb…

“Qaytar ana borcunu…” misraları bütün yaş dövrlərinin ən sevimli və ən tərbiyəvi üverturası olub…

“Atamın xatirəsi” şeirinin “O sərt idi. Səhər dərsə tələsəndə mən 
Bildirməzdi yolda durub boylandığını”
misraları ilə atamızı gizli-gizli süzərdik…

Və mən bu qədər misralarını əzbər bildiyimiz ikinci bir şair çətin xatırlayıram…

Və bu gün Əli Kərimin oğlu Orxan Kərimli vəfat etdi. Əli Kərimin “Vəsiyyət” şeirinin hissələrini oğlunun cənazəsi üstündə oxumağın vaxtıdır:

…Hardan gəldi çıxdı
ölüm – bu qoca kaftar.
Yaman kəmfürsətdir.
Görmür ki
əlimdə nə qədər
işim var?
Heç kim inanmır ki,
Öləcək…
Elə mən də…
…   Tabutuma oğlanlarımı
yaxın qoymayın!
Təbəssümlərini qoyarlar ora.
Qoymayın onları
həyətdən bir adam çağıra.
Oyuncaqlarını,
oyunlarını gətirib
qoyarlar tabutuma.
Birdən-birə
qocalarlar….

…Gecələr
yazmaq,
oxumaq eşqi gələndə
asın təbəssümümü
divar lampası kimi
başı üstdən
üç canımın,
üç
igid oğlanımın
Paşamın,
Azərimin,
Orxanımın…

 

 

 

 

 

Bölmə : Arif Alim, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10