“Əli və Nino” filminin Monteneqroda təqdimatı keçirilib – FOTOLAR

8 Baxış

14940045904993361650_1000x669

Monteneqronun paytaxtı Podqoritsada yerləşən Monteneqro Milli Teatrında Azərbaycan Respublikasının bu ölkədəki diplomatik nümayəndəliyinin dəstəyi, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin, Monteneqro Milli Teatrının və “Azmont Investments” şirkətinin birgə təşkilatçılığı ilə “Əli və Nino” filminin təqdimatı keçirilib.

Senet.az-ın Azertac-a istinadən məlumatına görə, tədbirdə Monteneqronun dövlət, hökumət və ictimai xadimləri, Podqoritsada fəaliyyət göstərən diplomatik korpusun və dini icmaların, siyasi partiyaların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov təqdimat mərasimində çıxış edərək Azərbaycanın yaxın tarixi, o cümlədən XX əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması barədə danışıb. A.Əcəmov məlumat verib ki, Qurban Sәidin eyniadlı romanı – dünya bestselleri əsasında ekranlaşdırılmış bu film XX əsrin әvvәllәrindә Cənubi Qafqazda baş verən siyasi hadisələrdən, Azәrbaycanın müstәqillik uğrunda mübarizәsindәn vә fәrqli dinlәrә mәnsub iki gәncin mәhәbbәtindən bəhs edir. Ekran әsәrinin çәkilişlәrinin Bakıda tarixi İçәrişәhәrin küçәlәrindә vә paytaxtın müxtәlif yerlәrindә, Qobustanda, Qubanın Xınalıq kәndindә vә başqa yerlәrdә aparıldığı qeyd olunub. Müşavir “Әli vә Nino” filminin icraçı prodüserinin Heydәr Әliyev Fondunun vitse-prezidenti Leyla Әliyeva, prodüserinin Kris Tikye, rejissorunun BAFTA mükafatı laureatı Asif Kapadia, ssenari müəllifinin “Akademi Avard” mükafatı laureatı Kristofer Hemptond olduğunu bildirib. A.Əcəmov filmin әrsәyә gәlmәsindә Heydәr Әliyev Fondunun vitse-prezidenti Leyla Әliyevanın böyük rolu olduğunu vurğulayıb. O, iki gәncin mәhәbbәtindәn və bütövlükdә bәşәri dәyәrlәrdәn bәhs edәn filmin təqdimatının dost vә qardaş ölkәlәrimiz arasında mədəni әlaqәlәrin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Tədbirdə çıxış edən Monteneqro Milli Teatrının direktoru Zorica Kraly Monteneqro ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib və bugünkü tədbirin Monteneqro-Azərbaycan münasibətləri üçün mühüm mədəni hadisə olduğunu bildirib. O, bu filmin nəinki iki gəncin məhəbbətindən, eləcə də Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulayıb.

Sonra film nümayiş etdirilib.

Film yerli mətbuatın da böyük marağına səbəb olub.

KÖŞƏ YAZARLARI
TOP 10