Əlişir Nəvainin Bakıdakı əlyazma nüsxələri – Almaz ÜLVİ

14 Baxış

231465

Senet.az Ustad jurnalından Almaz Ülvinin “Əlişir Nəvainin Bakıdakı əlyazma nüsxələri” yazısını təqdim edir.

 

“MƏCALİS ÜN-NƏFAİS” ƏSƏRİ

 (ideya-məzmun xüsusiyyətləri, elmi-nəzəri  əhəmiyyəti, tədqiqi

məsələsi, Bakıdakı əlyazma nüsxələri haqqında, əsərdə Nizami

Gəncəvi izləri, ədəbi təsir məsələsi, əsərin ümumi məzmunu və

Azərbaycan klassikləri haqqında olan hissələr)

Dahi Əlişir Nəvainin XV əsr özbək elmi nəsrinin klas­sik əsəri “Məcalis ün-nəfais”i (“Nə­fis­lər məclisi”, 1490-91; 1497-98 illərdə yazılıb) şairlər haqqında türk dilində yazılmış mükəmməl təzkirə nümunəsi və Herat təzkirəçilik məktəbinin beşinci əsərihesab etmək olar.

“Məcalis ün-nəfais” əsəri (1,291-453) Həzrəti Xaqan Şah­ruh Mir­zənin  şahlıq dövründən başlayaraq müəllifin öz yaşadığı dövrə qədər Heratda, Xorasanda, Mərvdə, Məş­həd­də, Xarəzmdə, Səmərqənddə, Azərbay­canda və di­gər şəhər­lərdə yaşayan, əksəriyyəti də farsca yazan 459 şair  və fazil haqqında mükəmməl topludur. “Məcalis ün-nəfais”də məlumatlar illər, çoğrafi məkanlar və şəcərə­çilik prinsipləri əsasında tərtiblənərək qələmə alınmış, bu əsər artıq o dövrün tam və gerçək ədəbi mənzərəsinin güzgüsü oldu.

“Məcalis ün-nəfais”də Türkiyə tədqiqatçısı  Kamal Eraslanın “Ali Şir Nevayi. Mecalisün-nefayis”(2) tədqiqat əsərinə görə, “bunlar­dan 43 şair türk (2,11; 2, 29) və ya türkcə şeir söy­lə­yən­lərdir. Həmin 43 şair haqqında verilən qısa məlumatlara başqa mənbələrdə rast gəlinmir. Belə məlumatlar o dövrün ədəbiyyat tarixini öyrənmək baxımından da qiymətli mənbədir.

Ə.Nəvai əsərdə türkcə yazan müəllifləri xüsusi olaraq “şeirlərinin çoxunu və ya türkcə də şeirlər yazar” – deyə təqdim edir. “Belə ki Nəvai bu şairlər haqqında məlumat verər­kən, onlardan bəzilərinin türk olduğunu, bəzilərinin də mil­liy­yə­t­ini göstərmədən şeir yazdığını qeyd edir” (3,82).

Böyük təsəvvüf alimi, şair Şeyxülislam Əbdürrəh­man Cami  (Herat, 1487) oğluna  dərs­­lik hə­diyyəsi olaraq hazırladığı “Baharıstan”da (4; 5) Ə.Nəvainin tövsiyəsi ilə şair­lə­rin həyat və yaradıcılığın­dan da bəhs etmişdir. Yed­din­ci  fəsil 39 şair (üstəgəl özü haqqında = 40 şair haqqında – A.Ü.) haqqında məlumat və əsərlə­rin­dən nümunələr­dən ibarətdir.

Əvvəldə də qeyd etmişdik, şair Əmir Əlişir Nəvainin tövsiyəsi ilə məşhur ədəbiy­yatşünas alim, saray xadimi Əmir Dövlətşah Səmərqəndi “Təzkirət üş-şuəra” (6) əsərini (Herat,1486-1487) yazdı və burada 155 şair haqqında bioq­ra­fik məlumatlar təqdim olundu.

Nəhayət, şairlər haqqında Heratda üçüncü təzkirəni – Ə.Nə­vai 1491-92-ci illərdə “Məcalis ün-nəfais” adlı əsəri yazdı, 1497-1498 illərdə isə əsəri yenidən təkmilləşdirərək son nöqtəsini qoymuşdur.

Beləliklə, bu əsərləri Herat şəhərində yazıldıqları üçün həmin məktəbin təzkirələri adlandıra bilə­rik. Herat təzkirəçilik mək­təbinin əsas təmsilçiləri Cami, Dövlətşah və Nəvai olsalar da, göründüyü kimi, ideya məzmun Nəvaiyə məx­sus olub.

Nəvai ustad, pir dediyi, İran şairi və mutəfəkkiri F.Ət­tarın islam dünyasında cox məş­hurlaşmış olan “Təzkirət ül-övliya” (7) əsərindən də faydalanmışdı. Bu əsərin təsiri sonralar yazacağı “Nəsaim ül-məhəbbət”də (8) daha böyük rol oynamışdır .

Tədqiqatçılar müxtəlif zamanlarda ortaya qoyulan təz­ki­rə­lərin fərqli və oxşar xü­su­siy­yətlərini, onları biri-birinin davamı, tarixi mənbələrin üst-üstə düşməsi kimi  gerçək faktları təsdiqləmişlər.

“Məcalis ün-nəfais” əsərinin təzkirəçilik ənənələri tarixində yeri əvvəlki təzkirələrlə müqayisədə özünəməx­sus xüsusiyyətləri ilə seçilir: mükəmməl və təkmilləş­dirilmiş şəkildə yazılmasında, ədəbi fakt­ların zənginliyin­də, təsnifat bölgüsünün (fəsilləri) konkret və tarixi xrono­logiya üzrə müəyyən­ləş­mə­sində.

Təbii ki, zəngin mütaliə sahibi olan Ə.Nəvai özündən əvvəl yazılmış (ərəbi, farsı mükəmməl bildiyindən bütün mənbələri orijinaldan oxuyub) təzkirələrə, ayrı-ayrı şair və alimlərdən yazılmış kitablara, müasiri olduğu məşhur qələm sahiblərinin əsərlərinə, səya­hətə çıxarkən görüşdüyü tanınmış alim və sənət adamlarından topladığı məlumatlar­dan da yararlan­mış­dır. Maraqlıdır ki, bu əsərin yazılma ideyası şairin özünə məxsus olsa da, Caminin təsiri çox olmuşdur. Yeri gəlmişkən, Ə.Nəvai bir çox əsərlərini, xüsusən “Xəm­sə”sini Ə.Caminin tövsiyəsi ilə qələmə almış­dır. Ustadının təsir gücü onun yaradıcı həyatında böyük məktəb rolunu oynamışdır.

Ə.Nəvainin “Xəmsət ul-mutahayyirin”, “Haləti Sey­yid Həsən Ərdəşir” və “Haləti Pəhləvan Məhəmməd” əsərlərini “Məcalis ün-nəfais” təzkirəsinin tərkib hissəsi (ayrıca yazılmış geniş həcmli əsərlərdir) kimi də dəyərlən­dirib, dövrünün ədəbiyyat, elm və mədəniyyətinin məşhur nümayəndələrinin öyrənilməsi sahəsində qiymətli və eti­barlı mənbə olduğunu  deyə bilərik.  Eyni zamanda bədii-təsəvvüf ədəbiyyatının mənkibələr janrının nümunəsi kimi də dəyərlidir.

Əsərdə Həzrəti Xaqan Şahruh Mirzənin  şahlıq dövründən (Şahruhun hakimiyyəti 1409-1447-ci illər olmuşdur) ta əsərin tamamladığı illərin şair – alim haqqın­da məlumat verilsə də, əsərin qəhrəmanı müəllif özüdür. Bu əsər Ə.Nəvainin məlumat dairəsinin genişliyindən xəbər verməklə yanaşı, müəllifin elmə-şeirə-sə­nə­tə hüsn-rəğbətinin, eyni zamanda, şeirin, elmin – sənətin o zaman­lar cəmiy­yətdə tutduğu aparıcı rolunun göstəricisi kimi də dəyərləndirilir.

Əsər boyu müxtəlif peşə – sənət sahiblərinin şairlik istedadları haqqında yazılmaqla yanaşı, onların ədəbi təsir qüvvəsini (məsələn, Nizami Gəncəvinin “Sirlər xəzinə­si”nin “Xəmsə” və ya dastan yazan şairlərə təsiri, nəzirələ­rin yazılması və s. kimi), doğulduqları və yaşadıqları yeri, zamanında hansı mərtəbəyə qədər ucaldıqlarını, eyni zamanda dövrün ictimai – siyasi həyatında yerlərini qeyd etmişdir.

“Məcalis ün-nəfais”də dövrünün ictimai-siyasi ab-havasının təsiri çox  duyulur. Bu təsir –  ədəbi-mədəni mühit, onun fəaliyyət çərçivəsi, ədəbiy­yat­dakı kamil və gənc yaradıcı qüvvə­lə­rin yetişməsi, xüsusən həmin dövrdə daha çox istifadə olunan ədəbi forma və janrlardan bəhs edən əsərlərin önə çəkilməsi ədəbiyyat və ədəbiyyatşünas­lıq tarixi üçün dəyərli faktorlardır.

Nəvai öz dövrünün sanki ədəbi mühitinin qızğın mən­zərəsini, ədəbiyyatdakı poetik janr və tiplərin rənga­rəng­liyinin sxemini cızmışdı. Olduqca aydın və rəvan üslubda yazılması, səlis və yığcam fikirlər kitabı rahat oxumağa imkan yaradır. Bunlar, təbii ki,  Nəvai qələminin, onun poetik və nəzəri görüşlərinin zənginliyindən doğur.

Eyni zamanda, bu əsərdən aydın olur ki, o dövrdə ədəbiyyatda qəzəl janrının meydanı çox geniş olub, bununla yanaşı müəmma, tarix, məsnəvi, qəzəl, qəsidə, rübai kimi janrlardan az istifadə olunmadığının şahidi oluruq. Satira və yumor kimi janrları zarafat, həcv, gülüş – deyə təqdim edib.Bu məsələləri əsərdə verilən misallar nümunəsində görmək olur.

Təqdim etdiyi şeir nümunələrinin hansı janra aid olmasını qeyd etməsi faktını müəllifin ədəbi-nəzəri görüşləri haqqında da yüksək fikir yaradır. Səkkiz məclis şəklində tərtiblənmiş təzkirədə şairlərinin elmi-nəzəri təfəkkürü, dünyagörüşü, dini-mənəvi əxlaqı, dövrə münasibəti kimi xüsusiyyətlər önə çəkilib. Bir çox şairlərin mənəvi-əxlaqi məzmun daşıyan əsərlərindən qısa nümunələr əsərə bir az da poetik ovqat bəxş etmişdir.

Bir sıra ölkələrin şair və alimlərindən bəhs etməsi əsərin ədəbi əlaqələrinin öyrənilməsi ilə yanaşı, həm də bu ölkə və xalqların arasındakı sıx ədəbi-mədəni münasibətlərin olduğuna da sübutdur.

Ümumiyyətlə, əsərin ideya-məz­mun, şairlərin ədəbi təfəkkür düşüncələrini, fazillərin dünyəvi baxışlarını, onların bir-birinə təsir dairəsini müəyyənləşdirməklə, istifadə olunan janrlar sistemini və  tərtib qaydalarının rəngarəng düzümünü incələməklə saysız-hesabsız elmi yeniliklərlə qarşılaşırıq.

“Məcalis ün-nəfais”i tədqiqi məsələsi:

Professor Abduqadir Hayitmetov Əlişir Nə­va­i­nin ədəbi-tənqidi görüşlərini, professor Suyima Qəniyeva isə “Məcalis ün-nəfais” əsə­rini mükəmməl şəkildə tədqiq etmişlər. Maqsud Şeyxzadə əsərlərinin  IV cildində “Təzkirəçilik tarixindən” (9,195-234) adlı məqaləsində fars və türk təzkirələrindən bəhs edərkən Nəvai təzkirələ­rindən də söz açır. Mətnşünas alim Şöhrət Siracəddinov “XV-XVI əsrlər tarixi və təzkirə xarakterli əsərlərdə Ə.Nəvainin həyat və fəaliyyəti” (1997), “Əlişir Nəvai: mənbələrin tipoloji, tekstoloji təhlili” (2011) əsərlərini nəşr etdirdi. Bütün bunlarla yanaşı, özbək ədəbiyyatşünaslığında Nəvai ədəbi şəxsiyyəti və irsi haqqında yüzlərlə tədqiqat işləri yazılmış və yazılmaqdadır. Bir faktı örnək kimi qeyd edə bilərik ki, 70 ilə yaxındır ki, Özbəkistanda hər il fevral ayının 9-u Əlişir Nəvainin xatirəsinə  həsr olunmuş beynəlxalq elmi konfranslar keçirilir, məruzələr dinlənilir və bütün məruzələr nəşr olunur.

XX əsr tədqiqatları içərisində məşhur şərqşünas alim, klassik irs tədqiqatçısı, özbək nəvaişünası Suyima Qəniye­vanın araşdırmaları mövzu əhatəsinə görə zəngin və maraqlıdır. O, “Məcalis ün-nəfais” təzkirəsinin üçüncü və dör­dün­cü məclislə­rinin elmi-tənqidi mətnini ha­zır­layaraq əsəri elmi (1956) sə­­­viy­­­yədə tədqiqata cəlb etmişdir. Tanınmış tədqiqatçı ilk dəfə 1969-cu ildə “XV əsr ədəbi həyatının öyrənilməsində Ə.Nəvainin “Mə­ca­lis ün-nəfais”i mənbə kimi” (10) möv­zu­sunda namizədlik dissertasiyası yazaraq əsər haqqında ciddi təhlillərini ortaya qoymuşdur. 1961-ci ildə isə bütöv­lükdə təzkirənin elmi-tənqidi mət­­­­­ni­­­­­ni geniş ön sözlə birgə yazaraq Daş­kənddə nəşr etdirmişdir.

Bu əsər nəvaişünas alimi öz sehrinə almış, illərlə dönə-dönə əsərin tədqiqi üzərinə qayıt­mışdır. Nəvainin Özbəkistanda nəşr olunmuş 10, 15 və 20 cildliklərində nəşr olunmuş “Məcalis ün-nəfais” əsərinin elmi şərh və qeydlərinin məsul müəllifi Özbəkistan Qəhrəma­nı, professor Suyima Qəniyevaya məxsusdur. Məhz bu sə­bəb­dən bu yazı üzərində işlərkən daha çox, məhz Suyima Qəniyevanın araşdırmalarına müraciət et­dik.

Türkiyədə isə Özbəkistandan və Azərbaycandan fərqli ola­raq “Məcalis ün-nəfais” bir neçə alim tərəfindən araş­dı­rıl­mış­­dır. Onların arasında məşhur ədəbiyyat tarixçisi H.Ayan, K.Yavuz, E.Cemalnaz, R.Toparlı, G.Ayan, Y.Akpınar, Prof.Dr. Kamal Eraslan və başqalarının ad­la­rını sadalamaq olar. Prof.Dr. Agah Sırrı Le­vend Ə.Nəvai əsərlərini 4 cild­də nəşr etdirmiş­dir. Əsərlərin IV cildində “Məcalis ün-nəfais”in əhatə etdiyi şairlər, xüsusən türk şairləri haqqındakı mə­lumatlar orijinalda ol­du­ğu kimi (cığatayca) oxuculara təq­­dim olunmuşdur (11).

1995-ci ildə isə təzkirə müəlliflər kollektivi (H.Ayan, K.Ya­vuz, E.Cemalnaz, R.Toparlı, G.Ayan, Y.Akpınar) tə­rə­fin­dən türk dilinə tərcümə olunaraq nəşr edilmişdir (12).

Türkiyə nəvaişünası Prof.Dr. Kemal Eraslanın “Məcalis ün-nəfais” tədqiqatı iki cild­dən iba­rətdir: Nə­va­i­nin həyatı, ədəbi şəx­siy­yə­ti, əsərləri, təz­­kirəsinin dünya əlyazma xəzinə­lə­rindəki bəzi nüs­xə­lə­ri­nin təsviri və tərcümələrindən bəhs edilir (2,51-52).

Əliağa Həsənzadə, Əli Nazim, Firudin bəy Köçərli, İsmayıl Hikmət, Həmid Araslı, Sabir Əliyev, Məmmədağa Sultanov, Salih Qasımov, Mahmud Yunusov, Süleyman Rüs­təm, Pənah Xəlilov, Cənnət Nağıyeva, Nüşabə Araslı kimi tanınmış tədqiqatçılar Nəvai haqqında olan araşdırmalarında “Məcalis ün-nəfais”indən də yazmışlar.

Böyük əlyazmaçı alim Məmmədağa Sultanov “Nəvai Azərbaycanda” məqaləsində yazır: “Nəvai əsərlərinin ən qədim nüsxələri bizim Əlyazmalar Fondunun bəzəyidir. Fon­du­muzda Nəvainin bütün əsərlərinin əlyazması nüsxələri vardır. Azərbaycan nəvaişü­nasla­rının evlərindən toplanmış bu əlyazma­lar içərisində Nəvainin “Xəmsə”ləri, onun “Cahar diva­n”ı, “Vəqfiyyə”, “Xəmsət ul-Mutahay­yirin”, “Lisan üt-teyr”, “Mühakimət ül-lüğə­teyn”, “Məca­lis ün-nəfais”, “Münşəat” “Nəzm ül-cə­va­hir” və bir çox əsərləri vardır” (13,166).

Elə bu fikrimizin davamı kimi, görkəmli nəvaişünas alim, professor Cənnət Nağıyeva “Azərbay­can­da Nəvai” (14) monoqrafiya­sın­da “Məcalis ün-nəfais” əsərinə bir neçə dəfə to­xu­nur, əsərin ilk əlyaz­ma nüsxələri, AMEA M.Füzuli adına Azərbaycan Əlyazmalar İnstitu­tunun nadir əlyazmalar arxivində onun qədim nüsxə­lə­rin­dən bəhs edir: “Əlyazmalar İnstitutunda şifrəli Brita­niya muzeyində saxlanılan məşhur əlyazma divanından iki il sonra, şairin öz sağlığında, hicri 889 (≈ 1484)-cı ildə köçürülən “Divan”ın titul səhifəsindəki  qeyddən məlum olur ki, bu nüsxə dahi şairin irsinə məhəbbət bəsləyən Naxçıvanlı Məhəmmədqulu ibn Həsən adlı bir şəxsin ixtiyarında olmuşdur” (14,29-30).

Könül Nəhmətovanın “Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” əsəri”n­də (2012) təzkirəçilik tarixinə, o cümlədən Əlişir Nəvainin  “Məcalis ün-nəfais” əsərinin təzkirəçilik tarixində xüsusi rolundan bəhs etmişdir (elmi redaktoru Azadə Musayeva). Müqayisəli təhlillərlə müəllif maraqlı elmi fikirlər irəli sürmüşdür.

Vüsalə Musalı (Səmədova ) tərəfindən f.e.d Azadə Musayevanın rəhbərliyi altında 2006 cı ildə “XV-XVll əsrlər türk təzkirələrinin struktur və spesifikası (əlyazma qaynaqları əsa­sında) filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya­sında “Məcalis ün-nəfais” əsərindən də bəhs etmişdir. Tədqiqatçı sonralar bu işini “Azərbay­can təzkirəçilik tarixi” adlı kitabda nəşr etdirmişdir (30).

Son illərdə təzkirəçilik tarixindən, xüsusən Ə.Nəvainin “Məcalis ün-nəfais”dən bəhs edən bu iki əsərin adını çəksəm də, ayrı-ayrı elmi məqalə və tədqiqlərdə bu mövzu haqqında kifayət qədər yazılır.

Təbii ki, bu sahədə ustad Cənnət Nağıyevanın tədqiqləri əvəzolunmazdır.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun

Nadir əlyazmalar fondunda “Məcalis ün-nəfais” əsərinin əlyazması nüsxə

  • M-114 (inventar №3010) Nadir əlyazmalar fondunda saxlanan əlyazması “Əlişir Nəvai. Divan” adlanır.
  • Əsər palıd rəngli meşin dəri ilə cildə tutulub. Cildin üzərində 1 – böyük, 2 – balaca medalyon həkk olunmuşdur.
  • “Divan”ın titul səhifəsində əlyazmasını qoruyan Naxçıvanlı Məhəmmədqulu ibn Həsən adı  qeyd olunub.
  • Əlyazmasının – kitabın mətn hissəsi mavi rəng və qızılı su ilə çəkilmiş çərçivəyə alınıb.
  • 1b və 2a səhifələrində mavi rəng və qızılı su ilə bəzəkli ornament işlənib.
  • 1b-də  9 beyt (2 sütunda) yazılıb
  • 2a-da 14 beyt (2 sütunda) yazılıb.
  • Divanda bütün şeirlər başdan-başa 2 sütunda yazılıb
  • Əsər 188b səhifədən – 94 vərəqdən ibarətdir
  • 2b-dən sonra bütün səhifələrdə şeirlər 14 sətirdir (2 sütun).
  • Səhifələrdə başlıqlar mavi rəngli mürəkkəblə verilib
  • Bəzi səhifələrdə mətnin kənarında şərhlər də verilib
  • Həcmi: vərəq ölçüsü 23,5 x 15 sm
    • mətn ölçüsü 18 x 9,5 sm
  • Divan əlyazmasının sonunda yazılma tarixi – 889-cu il (1484) qeyd olunub (15,188b).

Həmin fondda saxlanan ikinci əlyazma nüsxəsi  “Mə­ca­lis ün-nəfais” M-107 (inventar №2996) (əslində bu əsərin izi ilə Əlyazmalar İnstitutuna getmişdik) şifrəli, incə ornamentli beş gözəl miniatürlü bu əlyazması (16) orta əsr “xəttatlıq və miniatür sənətinin tarixini öyrənmək üçün gözəl nümunə­dir” (14,30).

Haqqında söhbət gedən əlyazması nüsxəsinin təsviri  aşağıdakı kimidir:

  • Əlyazması “Əlişir Nəvai. “Məcalis ün-nəfais” adlanır.
  • M-107 inventar 2959
  • Əlyazma 85b səhifədir – 167 səhifə
  • Sonradan bərpa olunub
  • 24 x 14 – vərəq ölçüsü
  • 17 x 9 – mətn ölçüsü
  • Hər vərəqdə 15 sətir yazılıb
  • Əlyazması təzkirənin 1a vərəqi çərçivəyə alınmış baş hissəsində mavi, qırmızı və qızılı su ilə çəkilmiş orta əsr ornamentli – bəzəkli, aşağı hissədə 9 sətir yazılıb
  • Mavi rəng və qızılı su ilə çəkilmiş çərçivə içində yazılıb
  • Köçürülmə tarixi 965-ci il şəvval ayı – 1557-ci il.
  • 5 ədəd rəngli miniatür var.
  • I miniatür – 5 səhifədə – yuxarıdan 2 sətir
    • Aşağıdan – 2 sətir
  • Vərəqin orta hissəsində – miniatür çəkilib
  • II miniatür – 47 səhifədə – yuxarıdan 1 sətir
    • Aşağıdan – 7 sətir
  • Vərəqin orta hissəsində – miniatür çəkilib
  • III miniatür – 69-cu səhifədə – yuxarıdan 2 sətir
    • Aşağıdan 7 sətir
  • Vərəqin orta hissəsində – miniatür çəkilib
  • IV miniatür – 96-cı səhifədə – yuxarıdan 8 sətir
    • Aşağıdan 2 sətir
  • Vərəqin orta hissəsində – miniatür çəkilib
  • V miniatür – 143 səhifədə – yuxarıdan 2 sətir
    • Aşağıdan 7 sətir
  • Vərəqin orta hissəsində – miniatür çəkilib

“Məcalis ün-nəfais”in haqqında bəhs edilən əlyaz­ması tarixilik baxımından, əsərin bu vaxta kimi məlum əl­yaz­ma nüsxələrindən üçüncü yeri tutursa, bədii tərtibatına görə birincidir. Əgər Vyana nüsxəsi 1507-­ci ildə, Paris nüsxəsi 1527-ci ildə köçürülübsə, M-107 şifrəli Bakı əlyazma nüsxəsi 1557-ci ildə köçürülmüşdür. Mənbələrə əsasən təzkirənin digər miniatürlü əlyazma nüsxəsinə hələ də təsadüf edilməmişdir” (14,30).

Azərbaycan Milli Elm­lə­ri Akademiyası Əlyazma­lar İnsti­tu­tunun “Əlyaz­ma­lar xəzinə­si”n­də adlı elmi nəşrində professor Cənnət Nağıyeva “Əlişir Nəvai­nin “Məcalis ün-nəfais” təzkirəsinin iki əlyazması” adlı məqa­lə də dərc etdirmişdir (17,53- 60).

“Məcalis ün-nəfais”də Nizami Gəncəvi izləri

Əsərdə haqqında yazılmış Azərbaycan şair və alimlərdən bəhs etməzdən əvvəl dahi Azərbaycan şairi, mütəffəkiri Nizami Gəncəvi “izlərinə” diqqət yetirmək istədik. Məlumdur  ki, Ə.Nəvai bütün əsərlərində Nizami Gəncəvidən məhəbbətlə bəhs edibdir.

Təzkirədə Nizami Gəncəvi izləri: “Əvvəlki Məclis”də belə bir cümlə var: Mövlana Zahid (1,302) Baba Sevdanın müasiridir. Ə.Xosrovun “Dərya­yi  əbrar”ına nəzirə yazdı… (nəvaişünas S.Qə­ni­yeva şərh bölməsində yazır ki, əvvəllər “Sul­tan” təxəllüsü ilə yazan Əmir Xosrov Dəhləvi uzun müddət Banqola və Dehli sultanlarına xid­mət etdi. Urdu və ərəb dillərində şeirlər yazırdı. Nizami Gəncəvinin “Xəmsə”sinə cavab ola­raq beş dastan yazdı və “Xəmsə” adlan­dırdı, bununla da xəmsəçilik ənənəsinin əsası qoyuldu.

“İkinci Məclis”ində Mirzə Şahruh sarayı­nın hakimi olan Mövlana Fasih Rumi (1,314) öz həyatından bəhs edən əsəri Həz­rəti Şeyxin (1,314) “Məhzən ül-əsrar”ına cavab yazıbdı, bu beyt “rozi nihon asrar” deyə səslənir.

(Professor Siyuma Qəniyevanın şərhində qeyd edir:  “Həzrət Şeyx – Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zaki Muayid (1141, Gəncə – 1209, Gəncə) Nizami Gəncəvi adı ilə məşhur şair (1,687). İlk dəfə beş dastandan ibarət “Beş xəzinə” (“Pənc gənc”) adı altında “Xəmsə” yaratdı: “Məhzən ül-əsrar” (“Sirlər xəzinəsi”), “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” (“Yeddi gözəl”) və “İskəndər­namə”. Axırıncı dastan “Şərəfnamə” və “İqbal­namə” adlı iki bölmədən ibarətdir. Dövlətşah Səmərqəndi Nizamini “Divan” əsiri deyə tə­rifləyib və onun həcminin 20 min beytdən ibarət olduğunu yazdı. Nizamidən sonra onun dastanlarına cavab yazma ənənəsi başladı. Nəvai türkcə “Xəmsə” yaratdı, oradakı hər bir dastanda Nizamini özünün böyük ustadı sifətində dilə aldı. “Nəsaim ül-məhəbbət”də Nizamini böyük şeyxlər sırasına gətirdi və şair dastanlardakı “Nazmlar agarchi zohir yuzidan afsonadur, ammo haqiqat yuzidin haqoyiq (haqiqatlar) kashfi va maorif bayonig´a bahonadur” – deyə təriflədi. Bu yerdə Nəvai Fasih Ruminin Nizami Gəncəvinin “Məxsən ül-əsrar”ına cavab yazması haqqında məlumat verib” (1,687).

İkinci Məclis”də  Hafiz Əli Camini – öz zamanının təsəvvüf elmində kamal sahibi idi – …  (1,316) deyə təqdim edilir. Nəvaişünas S.Qəniyeva Nəvainin qısa mətndə təqdim olunan iki misralıq qəsidəsini şərh edərkən əsaslı mənbəyə toxunur. Caminin “Nəfahət ül-üns” əsəri 1475-1476-cı ildə yazılmışdı, əsərdə 609 nəfər təsəvvüf elm əhli haqqında məlumat verilir: Mənsur Həllac, Əbusəid Əbulxeyir, Əli Həmədani, Nizami Gəncəvi (1,688), Sədi Şirazi, Fəridəddin Əttar, Cəlaləddin Rumi, Hafiz Şirazi də onların sırasındadır. Nəvai bu əsəri türkcəyə “Nəsaim ül-məhəbbət” adı altında tərcümə etdi və bundan xeyli irəli gedərək çox yeniliklər etdi, o cümlədən türk şeyxülislamları haqqında məlumatlar yazdı.

Üçüncü Məclis”də Mövlana Abdulla (1,343)  Malik ul-kəlam Firdovsi Tusi, Həzrət Şeyx Nizami Gəncəvi (1,343)  və Sultan üş-şüəra Əmir ul-umaro Həzrət Xoca Xosrov Dəhləvinin “Şahnamə” və “Xəmsə”lərinin təsiri ilə yazıb-yaradıb. “Xəmsə”dəki “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl”ə nəzirələr yazdı. “İskəndərna­mə”yə qarşı “Zəfərnamə” nəzmini yazdı.

“Dördüncü Məclis”dətəqdim edilən Mövlana Safi (1,384)  haqqında – Mövlana Hüseyn Vaizin oğludur. Tam dərviş libas igiddir. Səmərqəndə Həzrət Xoca Ubaydullah Əhrarın söhbətlərini dinləmək üçün getdi, bir müddət onu dinlədikdən sonra Xorasana gəldi. Təqdimdə iki sətir şeir nümunəsi verilib, nəvaişünas Suyima Qəniyevanın şərhin­dən: Mövlana Safi (Fəxrəddin Əli Safi – 1463, Səbzəvar – 1533, Herat) – şair və ədəbiyyatşünas, onun əsərləri “Rəşahət və ayn ul-Həst” – nəqşibəndiyə silsiləsi haqqında “Mahmud və Ayaz” – Nizaminin “Leyli və Məcnun”una cavab tərzində yazılan, atası Hüseyin Vaiz Kəşifinin “Əs­rar Qasım”  risaləsini qısaca bəyanı, “Lətayif ut-tavoyif” (“Müxtəlif təbəqələrin lətifələ­ri”) məlumdur. Əli Safiyinin “Lətayif ut-tavoyif”dən seçilmiş bəzi nümunələr müasir özbək dilinə tərcümə edilərək nəşr olunmuşdur (1,711)  .

“Dördüncü Məclis”Mövlana Qiyasəddin (1,388)  – elmini mədrəsədə alıb və xoş təbli igiddir. Təbabətlə də məşğuldur və şöhrəti təbabətdə başqa işlərində daha çox yayılmışdır. … Nəzmlərdə Həzrət Şeyxin “Məhzən ül-əsrar”ına (1,388)  nəzirə yazıbdır. Həmin nəzirədən iki misra nümunə verir: “İncə mənadan halı şeir bütün ömürboyu birqoralama bo´lib qoladi – sətri tərcümə)”

“Dördüncü Məclis”Mövlana Fasihiddin (1,394)  – Mövlana Nizaməddin Hiravin ahfodidin­durkim, alarni Nizomiylar derlarkim, Xorasanda ondan müqəddəs əsilzadə kimsə yoxdur, 20 yaşına yaxın elm sahibi oldu.

“Altıncı Məclis”də Xoca Ələddin(1,407)  – Kirman mülkündəndir. Təsəvvüf əhlidir. Xorasanı, Mək­kəni ziyarət etdi. Şeyx Nizaminin “Xəmsə”sindəki ilk əsəri “Məhzən ül-əsrar” vəznində məsnəvilər yazdı (1,407). İlk beytindən nümunə verilir.

Beləliklə, bu əsərdə Nizami Gəncəvinin adı 15 dəfə bu və ya digər formada xatırlanır. Əlişir Nəvai “Məcalis ün-nəfais”də Nizami Gəncəvini “Həzrət Şeyx” deyə hörmətlə xatırlayır və daha çox onun “Məhzən ül-əsrar”ını və ona yazılmış nəzirələri qeyd etmişdir, eyni zamanda “Xəmsə” yazmaq ənənəsi məsələsinə toxunur.

Yazının davamı “Ustad” jurnalının 10-cu sayında.

KÖŞƏ YAZARLARI
TOP 10