“Əlkimya: elm, sənət və mistika” adlı yeni kitabı işıq üzü görüb

11 Baxış

15285456133514662632_1000x669

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının elm tarixindən bəhs edən “Əlkimya: elm, sənət və mistika” adlı yeni kitabı işıq üzü görüb.

Senet.az xəbər verir ki, kitabda əlkimyanın vətəni olmağa əsas namizəd sayılan qədim Misir və sonra Mesopotamiya, Yunan və Roma sivilizasiyaları, Çin və İslamın hegemon olduğu dövrlər və nəhayət, orta əsrlər Avropası diqqət mərkəzində olmaqla, dünya əlkimya tarixindən məlumat verilir, müqayisəli təhlil nəticəsində müəyyən ümumiləşmələr aparılaraq oxşarlıqlar və fərqlər qeyd edilir. Əlkimyanın elmi və texnoloji, həmçinin iqtisadi və ticari tərəfləri, qızıl və gümüşün fiziki-kimyəvi xassələri, mənəvi və ictimai tərəfləri, metalları qızıl və gümüşə çevirmə cəhdləri, həmçinin gəncləşmə və ölümsüzlük bəxş edə bilən eliksir axtarışı, bu sahələrdə yaradıcı fəaliyyət göstərənlər barədə söhbət açılır.

Yeri gəldikcə əlkimya ilə sıx bağlı olan tibb, farmakologiya və botanika, metal və minerallar, fəlsəfə və mistika üzərində durulur. Müxtəlif əfsanə və rəvayətlər, səyahət və savaşlar, kitablar və ensiklopediyalar haqqında söhbət edilir. Ana və ya təməl elementlər, xüsusilə, onların bəs etmədiyini ortaya qoyan və əlkimyanın canı sayılan civə, kükürd və duz kimi maddələr ətrafında cərəyan edən hadisələr diqqət mərkəzinə gətirilir.

Anlaşıqlı dildə yazılan bu monoqrafiya mütəxəssislər, tələbələr və geniş oxucu dairəsi üçün nəzərdə tutulub.