“Ənəlhəq” ideyası “Qurani-Kərim” istinadları əsasında – Akif Məmmədov

135 Baxış

17078654_1492601764119956_1603925974_n-300x300

İslam tarixində çoxlu təriqətlər mövcud olmuşdur. Bu təriqətləri birləşdirən ümumi cəhətlərdən biri onların hamısının öz ideyalarını, fikirlərini əsaslandırmaq üçün “Qurani-Kərim”ə istinad etmələridir.  Lakin istinad zamanı Müqəddəs Kitabıntəfsirində, şərhində müxtəlif yanaşmalar mövcuddur. İkincisi, islami təriqətlər eyni zamanda “Müəyyən еlmi konsеpsiyaya söykənən dini-fəlsəfi baxışlar sistеmi olmaqla bərabər, bədii düşüncəyə, ədəbi fikrə və bütövlükdə söz sənətinə də ciddi şəkildə təsir göstərmişdir” (Babayev Yaqub. Təriqət ədəbiyyatı: sifizm, hürufizm. Bakı: Nurlan, 2007., səh. 17). Belə təriqətlərdən biri də hürufilikdir. Hürufiliyin əsasları Fəzlullah Nəimi Astrabadinin daha çox “Cavidannamə” və yaxud “Cavidane-Kəbir”, “Vəsiyyətnamə” “Məhəbbətnamə”, “Ərşnamə”  adlı  əsərlərində tapmış, vətəni Azərbaycan olsa da, Şərq dünyasında qısa zamanda geniş yayılmışdır. Təriqətin daha çox coğrafi məkanı əhatə etməsində, özünə çoxlu tərəfdar qazanmasında, uzun müddət yaşamasında, sözsüz ki,  İ. Nəsimi poeziyasının əvəzsiz rolu olmuşdur. Bu poeziyanı hürufi əsaslarının bədii inikası da adlandırmaq olar. F. Nəiminin bu baxımdan şeirləri olsa da, onlar farsca yazıldığından Nəsiminin lirikası orta əsr türkcəsində olduğu üçün daha çox  populyarlıq qazanmışdır. Ona görə də biz tədqiqat obyekti kimi İmadəddin Nəsimi poeziyasından örnəklərə xüsusi diqqət yetirəcəyik.

Məlumdur ki, hürifilik təriqətində, eyni zamanda hürufi poeziyada insana xüsusi qiymət verilir, kamil insan bütünmövcudatdan uca dəyərləndirilir, hətta Allah hesab edilir (ənəlhəqq), Müqəddəs kitabda Allaha aid edilən sifətlər incana aid edilir:

Mən mülki-cahan, cahan mənəm mən!

Mən həqqə məkan, məkan mənəm mən!(Nəsimi İmadəddin. Seçilmiş əsərləri, iki cilddə, II cild, “Lider nəşriyyat”, Bakı – 2004, səh.25. Bundan sonra qısaca Nəsimi II)

Və yaxud:

Töhfəyəm, pakizə cövhər, laməkanın xasıyam,

Aləmül-qeybəm, vücudam, həm anın dəryasıyam.

 Həm kəlamam, ayətəm, həm müshəfəm, səb’ülməsan,

Həm mənəm tövhidi-bürhan, pirimin mövlasıyam.(Nəsimi II, səh.108)

İkinci beytdə: kəlam – söz; ayət – əlamət, nişanə; müshəf – səhifələr, Quran nəzərdə tutulur; səbülməsani – yeddi qoşalar, Quranın “Fatihə” surəsindəki  ayə nəzərdə tutulur; tövhidi-bürhan – Allahın birliyinin dəlili; pirimin mövlası – burada mürşidimin havadarı)

Həm Məsihəm, həm Skəndər, həm mənəm abi-həyat,

Həm həyati-Xızr buldum, çeşmeyi-heyvan mənəm!

 Həm mühitü həm kənaram, həm sədəf, dürdanəyəm,

Həm bu bəhrin gövhəri, həm gövhəri-ümman mənəm! (Nəsimi II, s.86)

Bu, məlum məsələdir ki, Nəsiminin lirikasında “MƏN” sözü, ümumiyyətlə, İNSAN mənasında işlənmişdir. Nümunədə insan həm dünya mülkü, həm dünyanın özü, həm Allahın məkanı, həm məkanın özü, həm İsa Məsih, həm İsgəndər, həm dirilik suyu axtaran Xızır, həm dirilik suyu (abi-həyat, abi-heyvan), həm dəryadan çıxan sədəf, həm də sədəfin çindəki gövhər (dürdanə) və s.hesab edilir.

Və yaxud:

Zatına həyyü baqi demişlər bu cövhərin,

  Şol kim, bizim-cahanımız olmuş bu canımız.(Nəsimi II, s.14)

“Həyyü baqi” – “əbədi qalan”, “həmişə mövcud olan” deməkdir. “Quran-Kərim”də bu, Allaha aid olan əlamət kimi deyilir: “Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur (Bəqərə, 225-ci ayə). Nəsimi isə, göründüyü kimi, bunu insana şamil edir.

Hürufiliyə, hürufi poeziyaya görə, bəşər övladının belə ali məqamda tutulmasının “Qurani-Kərim”dən qaynaqlanan hansı əsasları, dəlilləri var?

  1. İnsanın yaradılışı haqqında Müqəddəs Kitabdakı ayələrdə birbaşa buyurulmasa da, hədisi-şəriflərdən belə məlum olur ki, mütləq həqiqət olan Allah-təala lövhi-məhfuzda ilk olaraq insanın adını qeyd etmişdir və digər mövcudatı isə bəşər övladına xatirən xəlq etmişdir. Aşağıdakı ayə dolayısı ilə buna işarədir:

“Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir” (“Bəqərə” surəsi, 29-cu ayə). “Məhəmməd (s.) pеyğəmbərin dilindən dеyilən bu cür hədislər də məşhurdur: “Biz ilk sonuncularıq» və yaxud: “Adəm su ilə palçıq arasında ikən mən nəbi idim”. Başqa bir hədisdə isə Allahın varlığı islam pеyğəmbərinə xatir yaratdığı vurğulanır: “Əgər sən olmasaydın, fələkləri yaratmazdıq” (Y. Babayev, göstərilən əsəri, səh. 23) Nəsimi liriksasında isə bu fikir belə ifadə olunur:

Ümmühat ilən nə var abaya olmasa xələl,

Aləmi təhqiqə baxsan, cümləsindən əqdəməm (Nəsimi II, 85)

 Və ya:

Simruğ quşuyuq iki cahanın,

Olduq səbəbi yеrin, səmanın. …

Sən ki o dеyilsən, əmr еdiblər:

Səndən ötrü yarandı aləm…(Nəsimi II, 117)

  1. “Qurani-Kərim”ə görə, Allahü-təala insanı yaradılmışların hamısından üstün xəlq etmişdir:“Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik (“Kəhf” surəsi, 84-cü ayə); “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin (birinin yerində oturan, hökmdarı əvəz edən) bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” (“Bəqərə” surəsi, 30-cu ayə). Allah insanı özünə ən yaxın və ən şərəfli xilqət kimi yaratmışdır. Quranın “Qaf” surəsindəki “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (16-cı ayə) ayəsi də bu fikri təsdiq edir.

Hürufi poeziyada da, Müqəddəs Kitabda deyildiyi kimi, “nəfsinin vəsvəsəsi”nə boyun əyməyən kamil insan vəsf olunur:

Mərhəba, insani-kamil, canımın cananəsi,

Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi? (Nəsimi II, 49)

  1. “Qurani-Kərim”ə görə, Xaliq insanın digər varlıqlardan üstünlüyünü sübut etmək üçün ona əşyaların adlarını öyrədir: “(Allah) Adəmə bütün( şeylərin) adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin! Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (“Bəqərə” surəsi, 31, 32-ci ayələr)  “(Allah) dedi: ‘Ey Adəm, bunların adlarını onlara bildir!’ O, bunların adlarını onlara bildirdikdə (Allah) dedi: “Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?” (“Bəqərə” surəsi, 33).

Yeri gəlmişkən, qeyd edək ki, bu ayələrdə işlənən “ad, isim”, ümumiyyətlə, “söz” mənasındadır. (Hürufilərdə sözə yüksək dəyər verildiyindən İ. Nəsimi yaradıcılığında onun vəsfi xüsusi önəm daşıyır) Aşağıdakı beytlərdəki “əsma” (isimlər, adlar) sözü məhz qeyd etdiyimiz ayələrə işarədir:

Gər bəyan edəm sana əsmayi-ruhəfzamızı,

Çün Məsiha seyr edərsən aləmi-balamızı.(Nəsimi II, s.33)

(Əgər ruh yüksəldən adlarımızı, kəlamlarımızı sənə bəyan etsəm, İsa-Məsih kimi göyə qalxmağımızı, yüksəlməyimizi seyr edərsən)

Adəmi-xakidən əsma öyrənənlərdir mələk,

Divin əsli od idi, öyrənmədi əsmamızı.(Nəsimi II, s.33)

(Mələklər torpaqdan yaranan Adəmin adlarını öyrənənlərdir, divin (İblisin) əsli od olduğundan (oddan yarandığından) kəlamlarımız öyrənmədi)

Andan əsma oxuduq, əsmayi-küll derlər bizə,

Qəm degil div ər müsəlləm tutmasa də’vamızı.(Nəsimi II, s.33)

(Ondan (Allahdan) isimlər (əsma) öyrəndik (burada “oxuduq” – “öyrəndik” mənasındadır), ona görə bizə “əsmayi-küll”, yəni sözlərin cəmi deyirlər. Burada Nəsimi “Qurani-Kərim”də deyildiyi kimi, kainatın, o cümlədən insanın söz vasitəsilə (“kon!” – “yaran!”) xəlq olunduğunu nəzərdə tutur)

Gəl sən andan elmi-əsma öyrən, ey dil, lacərəm,

Aləm içrə gör müqabil bu tamam ə’zamızı (Nəsimi II, s.33)

(Xülasə, ey ürək, gəl sən ondan (Allahdan) adlar elmini (elmi-əsma) öyrən, bütün üzvlərimizi dünya üzrə sözə müqabil gör)

Ə’madır ol kim, əlləməl-əsmayı bilmədi,

Bu ismi-ə’zəmi oxu kim, şərhidir kəbir.(Nəsimi II, s.127)

(O adam kordur ki, adların əlamətlərini bilmədi, ulu adları (ismi-əzəm – Allahın adları nəzərdə tutulur) öyrən ki, onların şərhi böyükdür, mürəkkəbdir)

  1. Allah insanı yaratdıqdan sonra mələkləri ona səcdə etməyə dəvət edir. Mələklərin hamısı insanın ondan üstün yaradıldığını dərk edərək, Rəbbin əmrinə tabe olsalar da, İblis bundan imtina edir.  Mələklərin səcdəyə dəvəti, bundan imtinaya  görə İblisin cəzalandırılması (Allah dərgahından qovulması) da Xaliqin insana verdiyi ali məqama işarədir:“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir­ oldu” (“Bəqərə” surəsi, 34). “Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı” (“Əraf” surəsi, 11-ci ayə). “(Allah) dedi: ‘Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?’ (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (“Əraf” surəsi, 12-ci ayə)

İ. Nəsimidə bu ayələr özünün bədii inikasını aşağıdakı formada tapır:

İblis əzəli lə’nət olub lə’nətə qaldı,

Lə’nət sözünü dünyada şeytan dəxi bilməz.(Nəsimi II, s.11)

Kim ki, sücud eyləmədi hüsnünə,

Divi-lə’in olduvü şeytanımız. (Nəsimi II, s.12)

Göydəki cümlə məlaik adəmə qıldı sücud,

Həq-təaladan gör anın bunca izzü cahını.(Nəsimi II, s.44)

Sücuda gəlmədi şeytan, hidayət bulmadı nura,

Sənə hər kim sücud etdi, ana həqdən səna gəldi. (Nəsimi II, s.36)

Səcdə edənlər mələkdir adəmə, ey adəmi,

Səcdə qıl ixlas ilə, ta görəsən simamızı.(Nəsimi II, s.33)

  1. Allah insanı gözəl xəlq etmişdir. “Qurani-Kərim”in “Tin”surəsində göstərilir ki, xaliq insanı çox gözəl biçimdə yaratmışdır: “Biz insanı ən gözəl surətdə  yaratdıq!” (Laqad khalaqna al-insana fee ahsani taqweem) (“Tin” surəsi, 4-cü ayə). “Ən gözəl surət” birləşməsinin ərəbcə qarşılığı olan “əhsəni-təqvim” ifadəsi Nəsimini lirikasında tez-tez işlədilir, çox vaxt İnsanın üzü “əhsəni-təqvim” hesab edilir:

Səcdə etməz isən əhsəni-təqvimə görücək,

Həq fəzlivü həq surəti-rəhman olamazsan.(Nəsimi II, s. 19)

(Əgər əhsəni-təqvimə, yəni insana, insanın üzünə səcdə etməsən,həqiqətin fəzli, ucalığı ola bilməzsən)

Surəti çün əhsəni-təqvim imiş,

Səndə zühur eylədi sübhanımız. (Nəsimi II, s. 12.)

(İnsanın surəti əhsəni-təqvim imiş, onda sübhanımız zahir oldu, göründü)

Sürətin əhsəni-təqvimü üzün qiblə imiş,

Bu sözə “yox” deyənin adını heyvan demişəm. (Nəsimi II, s.96)

Əhsənül-təqvimi inkar eylər imansız fəqih,

Şol əzazilin ki, adın həq dedi şeytan, budur! (Nəsimi II, s.159)

  1. Yuxarıdakı nümunələrdə İnsanın məxluqatın ən alisi hesab edilməsinin həm Müqəddəs Kitabda, həm də Nəsiminin lirikasında öz ifadəsini necə tapdığını nəzərdən keçirdik. Lakin hürufilər bir qədər də irəli gedərək Xaliqlə Məxluqu, Allahla İnsanı eyniləşdirir,   “ənəlhəq” (mən Allaham) ideyasını irəli ürürdülər. İnsanı Allah hesab edən bu fikrin kökü VIII əsrdə yaranıb formalaşan sufiliyə gedib çıxır. Elə sufi-hürufilərin təqibinə – Həllac Mənsuru, Fəzlullah Nəimini və İmadəddin Nəsimini  edama gətirən səbəb də daha çox bu mülahizə ilə bağlıdır. Hürufi poeziyada istənilən qədər “ənəlhəq” sözünə və ya insanın Allah olmasının müxtəlif formada ifadəsinə  rast gəlmək mümkündür. İ. Nəsimidən bir neçə örnək alaq:

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,

Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm (Nəsimi II, s.23);

Əzəldən içmişəm cami-səqahüm,

Anınçün söylərəm hər dəm ənəlhəq (Nəsimi II, s.103);

Eylədi çün bu Nəsimi faş ənəlhəq sirrini,

Dönmədi, eşqin yolunda əhdü peyman göstərər (Nəsimi II, s.145).

Bu fikrin Müqəddəs kitaba istinad edən əsasları hansılardır?

Əvvəla, “Qurani-Kərim”də tez-tez insanın Allaha dönəcəyi bildirilir:

Buradan çıxış edərək panteist fəlsəfə, o cümlədən hürufilər də belə hesab edirdilər ki, insan mütləq varlıq olan Allahdan qopmuş zərrələrdir və nəticə etbarilə son dönüş Ona olacaqdır:“O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər” (“Bəqərə” surəsi, 156-cı ayə); “Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq” (“Əraf” surəsi, 125-ci ayə);“Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq” (“Şuəra” surəsi, 50-ci ayə); “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq” (“Zuxruf” surəsi, 14-cü ayə) və s.

Şübhəsiz ki, Nəsimi:

Zilli-sanidir saçın, inna ileyhür-raciun,

Qül kəfanın afitabı xoş məani göstərir (Nəsimi II, s. 145) -

beytindəki birinci misrada ”inna ileyhür-raciun” (həqiqətən, biz onun tərəfinə qayıdacağıq) deyəndə məhz yuxarıdakı ayələrdə ifadə olunan fikri əsas tuturdu.

Ikincisi, “Qurani-Kərim”in insanın yaranışından bəhs edən ayələrində deyilir ki, Allah-təala insanı – Adəmi palçıqdan yaratdı və öz nəfəsindən ona ruh verdi:“Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (“Hicr” surəsi, 29); “Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (“Səcdə” surəsi, 29)

Nəsiminin aşağıdakı beyti də bu ayələrdəki fikirlərlə həmahəngdir:

Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum,

 Uyxuda qaldı münkir nəqşü xəyal içində. (Nəsimi II, s.66)

Deməli, əgər Allah insanı xəlq edərkən ona öz ruhundan üfürmüşdürsə, adəm övladının cismani mövcudluğu (bədəni) yox olduqda ruh qalır ki, o da Allaha məxsusdur:

Əridi iliyim, sındı sümüyüm,

Tənimdən can gedər, yarım, səninçün (Nəsimi II, 311)

Bu beytdə şair “yar” deyərkən Allahı nəzərdə tutur: təni tərk edən can (ruh) Allaha qovuşur.

Orta əsrlərdə dini cəhalətin hökm sürdüyü, insanın alçaldılaraq hökmdarların köləsi hesab edildiyi bir dövrdə İnsana belə yüksək, ali qiymət vermək son dərəcə mütərəqqi bir ideya idi. Hökmlərin, ideyaların “Qurani-Kərim” istinad etməsi isə onların inandırıcılığını təmin edir, kütləviləşdirir, həm də təqibdən qurtarmağa kömək edirdi.

KÖŞƏ YAZARLARI
TOP 10