Əncir yarpağının ətri – Rəsul Rəxşanlı

11 Baxış

79646_o8kwd6tbc2

Şəhərimizdə fəaliyyət göstərən bir əcnəbi şirkətə işə düzələ bilməyimə sevindim.

İkinci cəhddən sonra alınsa da, burada əməkhaqqı yerli şirkətlərdən qat-qat yüksəkdi. Lakin bu sevinc hissi tədricən digər hisslərlə əvəzlənirdi. Bizə əməkhaqqı şirkət sahibinin yerlilərinə nisbətən dəfələrlə az verilirdi, eyni işi icra etdiyimiz halda. Daha sonra gəlmələrin bacarmadıqları texniki məsələlərin həllini mənim asanlıqla həll edə bildiyim aydınlaşdı. Həmin gəlmələrin öz ölkələrindəki universitetləri bitirdikləri ilə öyünsələr də, guya bizim universitetlərin verdiyi təhsil onlarınkından geri qalır.

Bir məsələ isə yaddaşımda silinməz iz buraxıb. Onu unuda bilmirəm…

Robert Elizabeti iş vaxtı sakit buraxmırdı. Gün ərzində dəfələrlə onun yanına gəlirdi. Elizabet ona qarşı soyuqqanlılıq nümayiş etdirirdi. Gözəl-göyçək, xurmayı saçlı Elizabet tez-tez müdirimiz Martinə yaxınlaşırdı. Bu kübar gəncin – Martinin üzünün cizgiləri ürəyəyatımlı, boy-buxunu gözəgəlimli idi. İşçilərlə münasibətində nəzakətli olurdu. Elizabet nəsə soruşurdu, nəsə deyirdi. Bu üç nəfərin münasibəti mənə tədricən aydınlaşırdı. Özünü məğrur aparmağı xoşlayan Elizabet günlərin birində işə aid mənə suallarla müraciət elədi. İzah elədim. Ona aydın olmadı. Dediklərimi təmkinlə təkrarladım. Onun tam anlamadığını hiss elədim. Aralandı. Yəqin üçüncü dəfə izah etməyimi istəməyib. Bu cür hadisə, işdə səhlənkarlıqları ara-sıra, sonra isə tez-tez təkrarlanırdı. Müdiriyyətdən töhmət aldı. Bundan sonra özünü ələ ala bilmirdi.

Elizabet bazar ertəsi işə əsəbi gəldi. Diqqətini cəmləyib işləməyi bacarmadı. Otaqda vurnuxurdu. Martini şef çağıranda o, əllərini üzünə qoydu. Gözləri yaşardı. Sərt təbiətli Elizabetin ağlamağını ilk dəfə görürdüm. Onun ağlamasında da sərtlik, soyuqluq vardı. Yaxınlaşıb gətirdiyim çiçəklərdən birini ona vermək istədim. Almadı. Masasına qoydum.

- Siz elə gözəlsiniz, sizə ağlamaq yaraşmır, – deyə gülümsədim.

O, sərt baxışlarla məni süzdü.

- Bu çiçəyi həyətimizdə yetişdirmişik, – mülayim tərzdə əlavə etdim.

- Məni çiçək maraqlandırmır, problemin həlli maraqlandırır.

- Kömək edə bilərəmmi?

- İnanmıram.

- Bəlkə mənə inanasınız, probleminizi bildirəsiniz, mən də cəhd göstərim.

Elizabet əllərini üzündən götürdü. Gözlərindəki damlaları silib baxışlarını inamsızcasına mənə zillədi:

- Buyurun, cəhd göstərin. İki istirahət günü ona yalvarmışam. Görüşə gəlməyib. Mən onu sevirəm. Sevginin nə olduğunu bilirsinizmi?

- Sevirsinizsə, yenə cəhd etməyə dəyər. Onda özünüzə qarşı məhəbbət hissi yaradanadək.

- Bu mümkündürmü? İnana bilmirəm.

- Həqiqətən sevirsinizsə, inanmağa dəyər. Cəhdlər göstərməkdə davam etməyə də.

Həyətimizdəki əncir dəyəndə onlara pay verdim. Elizabet soyuqcasına “sağ olun” dedi. Martin isə həm də ənciri xoşladığını söylədi. Bir sirr də açıqladı. Əncir yarpağının ətri onu valeh edir. Sabahı ona bir neçə seçmə yarpaq gətirdim. Çox məmnun oldu. İş günü ərzində hərdən yarpağı iyləyir, gah oynadır, gah da saplağını barmaqları arasında tutub fırladırdı. Barmaqlarını onun səthinə sürtürdü. Gah yarpağın sürtülmüş səthini, gah da sürtdüyü barmaqlarını iyləyirdi.

İş otağımızda baş verənlər haqqında ərimə danışırdım. Qarşıdakı şənbə, bazar günlərindən birində Martini qonaq dəvət etməyi təklif elədim.

Məncə maraqlı keçər, o heç də sadə adam deyil.

Ərim razılaşdı.

Martin həyətimizə daxil olarkən gözləri güldü. İlk öncə həyətimizi nəzərdən keçirdi. Meyvə ağaclarına, çiçəkliyə diqqətlə baxdı. Sonra evimizə tərəf çevrildi. Uşaqlara mehribancasına yanaşdı. Həyətdəki söhbətgahda masa ətrafına stullar düzülmüşdü. Ərim onun həyətdə, yoxsa evdə əyləşməyimizə üstünlük verdiyini soruşdu. Qonağımız həyəti seçdi. Hər tərəfdən hündür ağacların əhatəsində olan söhbətgahda əyləşməyə tələsmədi. İcazə istəyərək ağaclara yaxınlaşdı. Hər birini diqqətlə süzdü. Budaqları da, yarpaqları da, meyvələri də. Əncir ağaclarının ətrafında nisbətən çox müddət keçirdi. Ərim onu müşayiət edirdi. Suallarını cavablandırırdı. Martin ağacdan öz əllərilə əncir və yarpaq dərməyə icazə istədi. O, ağ və qara əncir də, onların yarpaqlarını da dərdi. Tələsmədən, hər birini diqqətlə seçərək.

Milli xörəklər hazırlamışdım. Ərim yerli içkilər almışdı. Masa arxasına keçdik. Masadakı nemətlər haqda gah mən, gah da ərim nəsə deyirdik. Bəzən uşaqlarımız da əlavə edirdi. Uşaqların qonaqla danışmağa cəhd göstərmələri ona xoş gəlirdi.

Qonşu oğlanlar uşaqlarımızı oynamağa çağırdı. Masa arxasında üçümüz qaldıq. Söhbəti işimizə yönəltdim. Elizabetin gözəlliyini qeyd elədim. Martin nəsə demədi.

- Məncə, o sizə vurulub, – deyib gülümsədim.

Martin dinmədi.

- O sizdən müsbət cavab ala bilmədiyindən əzab çəkir,- əlavə etdim.

- Elə bizim nəslimiz də onların bizi sevməsindən əzab çəkib. Ulu nənəmi vətənindən gətirəndə uşaq olub. Pambıq plantasiyasında sahibkar onu gün ərzində istədiyi qədər işlədib. Yeniyetmə ikən o gözəl qızı sahibkar ələ keçirməyə hər cür cəhdlər göstərib. İstəyi baş tutmadıqda onu zorlayıb. Nənəm imkan tapanda sahibkarı öldürüb. Onu da öldürmək istəyiblər. Lakin kimlərsə onun gözəlliyi qarşısında tab gətirə bilməyib. Onun ölümünə razı olmayıb. Təbii ki, gələcəkdə onun gözəlliyindən faydalanmaq ümidilə.

Fikrini emosiyasız söyləyən Martin bizi süzdü. Ərim dinməsə də, mən özümü saxlaya bilmədim:

- Bəli, bunlar arzuolunmazdır. Təəssüf doğurur. Bu hadisənin sizinlə Elizabetin  münasibətinə təsiri varmı?

- Əlbəttə, var, – deyə Martin qara alnına tökülmüş qara buruq saçlarını yığdı, – bizim nəsil həm istismar edilib, həm də məşuqə, ya da məşuq kimi istifadə…Biz belələrinə xoş münasibət bəsləmək fikrində olmamışıq.

Martin gümüşü çəngəli sol əlinin qara barmaqları arasında oynatdı. Əsəbiliyi aydın idi, rəvan danışsa da. Növbəti sualımı verməkdən çəkindim.

- Anamı işlədiyi şirkətin mühəndisi özünə məşuqə etməyə çalışıb. Alınmayıb. Zorlamaq istəyib. Anam onun üzünü elə cırmaqlamışdı ki, bir gözü görmürdü. Hə, atamı da şöbə müdiri gözaltı eləmişdi. Atam işçilərin arasında ona demişdi ki, sən arvadımın heç dırnağı da ola bilməzsən.

Martin əsəbiləşmişdi. O, mineral sudan bir neçə qurtum içdi. Qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Ayağa qalxdı. Biz onu belə vəziyyətdə buraxmaq istəmədik. Ərim dil-ağız elədi. Mən daha bir neçə milli xörək bişirdiyimi dedim. Onların da dadına baxmağı xahiş elədim. O əyləşdi. Ərim onun da, özünün də badəsinə şərab sözdü.

 - Heç də sizə narahatçılıq yaratmaq istəməmişik, belə alınıbsa bağışlayın, – ərim təəssüf hissi ilə bildirdi,- gəlin isti xörəkləri soyutmayaq.

O, xörəklərdən ağzına qoyduqda sanki onların dadını hiss etməyə çalışırdı. Əməyimi, çalışmalarımı vurğulayırdı. Əlbəttə, bunlar mənə xoş idi, amma maraqlısı onunla Elizabetin münasibətinin incəlikləri idi. O, hərdən mənə baxanda sanki bunu duyurdu.

- Sevgilim vardı. Bir-birimizi sevirdik. Evlənmək ərəfəsində gözlənilməz hadisə baş verdi. Son illərdə bizimkilər dinini dəyişməyə həvəslidir. O da dinini dəyişdi, mənim etirazıma baxmayaraq. Ondan uzaqlaşdım, təəssüf hissi ilə.

- Hansı dini qəbul edib, – mən etinasızcasına soruşmağa çalışdım.

O cavab verməyə tələsmədi. Divarın dibindəki dovşan balasını gördü. Xoş təəccüb hissini gizlətmədi:

- Dovşan saxlayırsınızmı?

- Bəli, kirpi də, – ərim cavablandırdı,- hərəsindən bir ailə.

- Şəhərin yaxın kənarındakı qəsəbədə belə həyətə mən də malik olmaq istərdim.

Mən Martinin keçmiş sevgilisinin hansı dini qəbul etməsi haqda sualı cavablandırmaq istəmədiyini düşündüm. Sualımı dəyişdim:

- O dinini niyə dəyişmişdi? Səbəb nə olmuşdu?

-Ölkədə böyük nüfuza malik olan, onun da dərin hörmət bəslədiyi siyasi xadim dinini dəyişmişdi. Telemüsahibəsində qərarını qəbul etdiyi dinin daha humanist, dərin və əhatəli olmasıyla əsaslandırmışdı. Sevgilim də ona rəğmən həmin dinlə maraqlanmışdı. O da eyni nəticəyə gəlmişdi.

Martinin Elizabetə olan münasibətinə təkrar qayıtmaq istədim. Gülümsədim:

- Elizabetin etibarlı arvad olmayacağı qənaətinə nəyə əsasən gəlibsiniz?

- Neçə ildir ki, eyni şirkətdə çalışırıq. Onun çoxlu kişi dostu olub. Birindən uşaq da doğdu. Onunla ailə qurmaq ümidilə. Kişi Elizabetə evlənmədi, başqa kişi ilə evləndi,- Martin ani susdu,- sizdə belə münasibətə yaxşı baxılmasa da, mənim yaşadığım ölkədə buna qanunla icazə verilir. Elizabet uşağı atdı, uşaq evinə. Sonuncu kişi dostu isə Robert olub. Robert indi də onunla dostluq eləmək fikrindədir. O isə mənə ərə gəlmək haqqında düşünür. Təkcə düşünməyir, çalışır da.

Martin susdu, düşüncəli halda. Ərim badəsini qaldırdı, o da badəsini götürdü. Ərim badələri toxundurdu:

-Sizin sağlığınıza.

-Sağ olun.

Ərim Martini hələ yemədiyi xörəklər haqda məlumatlandırdı. Dadına baxmağı məsləhət bildi. O, minnətdarlıq bildirərək masanın ona yaxın hissəsindəki xörəkdən bir qaşıq götürdü. İlk tikəni ağzına qoyanda ərimə baxdı:

-Milli xörəkləriniz dadlıdır. Kafe və restoranlarda sifariş verirəm. Keyfiyyətli içkıləriniz də var…

Günorta azanının səsi eşidildi. O, sözünü tamamlamadı. Çəngəl ilə bıçağı boşqabın qırağına qoydu. Bizim kimi və bizimlə eyni anda.

Mən gözümü ondan çəkmirdim. Söhbəti istədiyim məcraya yönəltməyə məqam axtarırdım. Azan bitdi, Martinə belə bir sual verdim:

- İndi orda sizinlə onlar arasındakı münasibətlərdə əsas ziddiyyətli cəhətlər hansılardır? Nikaha girməyə ciddi manelər olurmu?

- Onların polisi bizimkilərə istənilən anda atəş açır. Məhkəmə işlərində onlara haqq qazandırılır… Onlar bizim adət-ənənlərə gülüşlə yanaşırlar. Onların dinindən olmayan bizimkilərə çətinliklər törədilir… Əlbəttə, nikaha girənlər tapılır. Rahat yaşamağa üstünlük verənlər olur.

-Şəxsən sizin üçün daha ağrılı nədir, – ərim sual verdi.

O ciddiləşdi, qara buruq saçlarını düzəldirmiş kimi sığal çəkdi:

- Gördüklərim, bildiklərim… Tarix də… Onlar özgə torpaqlarını zəbt edərək özlərinə ölkə yaradıb. Əcdadlarımızın vətənində də bir neçə xalqın, qəbilənin, tayfanın torpaqlarından parçaları tutub birləşdirməklə də süni ölkələr yaradıblar. Həmin ölkələrdəki dəyərli olan hər şeyi daşıyıblar, özlərinə yaratdıqları ölkəyə. Bizim torpaqlardan getməli olandan indiyədək yerli qəbilələrin, tayfaların arasında düşmənçilik toxumları səpirlər. Faydalı olanları oradan daşımaqda davam edirlər.

O qaşlarını mənalı tərzdə qaldırdı, sanki fikrini tamamladığına işarə etdi.

-Məncə ağrılı-acılı məqamlar bütün xalqların tarixində olub,- sakitləşdirici tərzdə   fikrimi bildirdim.

-Yəqin ki…

-Maraqlıdır, sizin qədimdən indiyədək dəyər verdiyiniz adət-ənənələriniz hansılardır, – soruşdum.

- Belələri heç də az deyil.

-Məsələn.

-Məsələn, bizdə ilk dəfə ərə gedən qız, – onun səsində qürur duyulurdu,- bakirə olmalıdır.

O cümləsini bitirən kimi sözümü cəld dedim:

- Məncə bütün xalqlarda belədir. Sadəcə bəzi ölkələrin iri şəhərlərində özünü müasir hesab edən qızlar bu adət-ənənəyə riayət etmirlər.

- Bəzi ölkələrdə isə demək olar ki, kütləvi halda riayət edilmir. Buna keçmişin geriliyi, bəziləri də azadlıqlarının, hüquqlarının pozulması kimi baxırlar. Bizdə  həm də ailə quranlar bir-birinə qarşı etibarlılığı ilə fərqlənməlidirlər. Övladlarını birgə böyütməlidirlər. Adət-ənənələrimizə maraq göstəməyinizi təbii qarşılayıram. Mən də sizin adət-ənənələrlə maraqlanmışam. Dininiz haqda da oxumu-şam. Ekstremizm yoxdur, humanizm var. Ölkəmizdə isə əksi təbliğ edilir.

Ərim:

- Bəs, insan münasibətlərində ümumiyyətlə, dəyər vermədikləriniz nələrdir?

- Dəyər vermədiyimizə, pis baxdığımıza misal isə kişinin kişiyə evlənməsidir, – Martin qızardı.

Onun mənim üçün maraq kəsb edən mövzüdan kənarlaşmasına imkan vermək fikrim yox idi. O cümləsini bitirən kimi söhbətimizin istiqamətini istədiyim səmtə yönəltdim:

-Sizin sevdiyiniz, – mən gülümsədim,- ərdədirmi? Onun haqqında məlumatınız varmı?

-İnternetlə axtarıb tapa bilmişəm. Ərdə olmağı haqda nəsə deyə bilmərəm. Təzəcə əlaqəmiz bərpa olunub.

Qonağımız hazırladığım milli xörəklərimizin ünvanına tərifli sözlər işlətdi. Dolma və dovğanı daha çox xoşladığını açıqladı. Ərimin seçdiyi şərablarımıza üstünlük verdiyini söylədi. Ona göstərilmiş diqqətə görə minnətdarlığını bildirdi. Həyətdə saxladığımız heyvanlara tamaşa etmək istədi. Ərimlə birgə gəzişdilər.

İki-üç gün ötdü. Səs yayıldı ki, Martin təcili evə qayıdır. Sevgilisi ilə barışıb.

Şəhərimizdən ölkəsinə qayıtdıqdan az sonra Martindən elektron məktub gəldi. Yazmışdı ki, sevgilisinin qəbul etdiyi dini o da qəbul edib. Həmin din – bizim dinimizdir. Əhalimizdən, şəhərimizdən sevgilisinə söyləyib. Bu günlərdə toyları olacaq. Bal ayını şəhərimizdə keçirməyi qərara alıblar. Sevgilisi şəhərimizdə yenicə istifadəyə verilmiş möhtəşəm məscidi ziyarət etmək istəyir. Özü isə bənzərsiz Qız qalasını sevgilisinə göstərməyə tələsir.

Mənbə: 525.az

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10