Ərəb turistlərə fatihə oxuyan jurnalist – Orxan Fikrətoğlu

10 Baxış

2a41dd7a232de68b51ebb62fae0cbaab

Senet.az tanınmış yazıçı Orxan Fikrətoğlunun “Qürbət” hekayəsini təqdim edir.

Hava alanının şüşəli qapıları qarşısında dayanıb biganə baxışlarla uçaqlardan indicə enmiş yorğun sərnişinlərin çantalarına baxan polislərin qarşısından keçəndə düşündü ki, gərək Səmədə qoşulub Almaniyaya gedəydi. Onsuz buralar yad olacaq. Canı sıxılacaq. Darıxacaq.

Yaxınlarının hamısı qürbətdəydi. Sona qalan Səməddi. O da şələ-şüləsini yığışdırıb nəhayət ki, birdəfəlik Almaniyaya uçdu. Qaldı tək. Sən təkliyi asan bilmə. Bunun xəstələnməyi var, yıxılıb ölməyi var. Yaş üstünə yaş gəlir də. Adam cavanlaşmır ki. Qocalır! Üzü o yana gedir.  Qışda çölə çıxıb çörək almağın özü də kimsəsiz adam üçün bir işdir.  Hələ dərman axtarmağı demirəm? Təmiz dərman tapmaq üçün gərək bütün şəhəri ələk-vələk edəsən. Bunun üçün də ayaq lazımdır.  Əvvəllər yaxşı qonşuları vardı. İndi qonşu nədir? Doğma qardaşın belə sənə kəf gəlir. Gərək xəstələnməyəsən! Qocaldın üzü sulu ikən öləsən. Ölmək nədir e birdən-birə gəldi ağlına? Yaşamaq lazımdır! Dədə-baba torpağını alverçilərin əlində qoyub ölmək olar? Satarlar e buraları. Keçi qiymətinə kimə gəldi satarlar gedər. Keçən il öz halal arvadı dədə-baba mülkünü bir İraq yəhudisinə satmadı? İndikilərin ağlı var?

Son illər təkliyə  öyrəşmişdi. Səmədlə də ancaq telefonla danışırdılar. Yuxudan qalxan kimi ona zəng vurardı. Günortaya qədər dünyanı quru yuyub yaş sərərdilər. İkisi də işsizdi. Vaxtları çoxdu. Səməd iki ildi səfərə hazırlaşırdı. O da evdən çıxıb Səmədi ötürməyə. Hər ikisini   “başqa cür” olduqları üçün işdən qovmuşdular. “Başqa cür” olmaq görəsən nə demək idi?  Bu kəlməni kim düşünüb fallamasından çıxarmışdı? Axı var olmanın sərhəddi, səddi ola bilməz. Necə yəni başqa cürsən? İnsan nə istəsə düşünə bilər də. Necə istəsə ola bilər də. Burda pis nə var ki? Düşündükdən sonra atılmış addımı bəlkə də necəsə qadağalamaq olar. Lap istəsən qiymət də vermək olar. Amma düşüncəni qadağalamaq mümkün deyil. Sən indi nə biləsən ki, polislərin qarşısından keçdiyim an Səmədin getməsinə mən nə qədər heyfsilənmişəm. Bunu necə bilə bilərsən? Bunu heç kəs bilə bilməz!” Nəsə. Məsələ “başqa cür” olmaqda və ya düşünməkdə deyil. Sadəcə balaca müdirlər işlədikləri idarələrdə ağıllı adam görmək istəmirlər. İstəyirlər, əllərinin altında ancaq “ləbbeyk” deyən iradəsiz adamlar işləsin.

Avtobus dayanacağına çatanda birdən birə anladı ki, artıq Səməd yoxdur. Qanı əməlli-başlı qaraldı. Sabahdan dərdini kimə deyəcəkdi? Təzə dəymiş çuğullara? Varlı oğrulara?

Düzgün qələm adamıydı. Gözünü açandan redaktorluq etmişdi. Düzə düz, tərsə tərs. Qohum qardaşdan yararlanan deyildi. Özü də “sınıq barmağa” tərəf baxmazdı. Pul nədir, rüşvət nədir bilməzdi. Ədalətin haçansa işlək bir əxlaq əyarı olacağına hələ də inanırdı. Yaşı əllini keçmişdi. Canında yavaş-yavaş xəstəliklər cücərirdi. Dərman almağa pulu olmadığından su ilə özünü sağaldırdı. Bütün bunlara yenə birtəhər dözmək olacaqdı. Ən qorxulusu gərəksizlikdi. Təzə dəymiş çuğul əxlaqlı yazarları sevmirdi. Təkrar beyinli kəmsavad həyasızların özlərinə yazar deməsindən sinirlənirdi. Əyar yox idi deyə, ağıllarına gələni kağıza tökən bu qələmbazlara heç kəs gözün üstə qaşın var  demirdi. Hərə öz hayındaydı. Ədəbi zövq korlanmışdı. Şəkərlə duzun qiyməti eyniydi. Ədəbiyyatla qarın otarırdılar. Hərə öz kitabını oxucuya zorla oxudurdu. Dəstə-dəstə, tayfa-tayfa bölünüb biri birlərini tərifləyirdilər. Əlindən başqa iş gəlmirdi deyə bir kənarda dayanıb olanlara ancaq tamaşa edirdi. Onun bacardığı yeganə iş  dəbdən düşmüşdü. Kitabları daha  redaktə etmirdilər. Necə danışırdılarsa o cür də kitab yazırdılar. Ləhcəylə. Düşüncəsizlik dəb idi. İşlədiyi son iş yerinin müdiri bir dəfə ona  demişdi: – “Ustad, sən bizim  sayt üçün çox böyüksən. Oxucular yazdıqlarını anlamır. Ya bir az ağılsız yazılar yaz, ya da daha burda işləmə. Kütlənin ağlına və zövqünə uyğun yazılar yazmasaq, reklam cəlb edə bilməyəcəyik. Reklam isə maaş deməkdir. Başa düşürsən? Bu gün ağıllı yazı heç kəsə gərək deyil. Heç kəs daha düşünmək istəmir!”

Sən bir sifarişə bax. Ağılsız yazılar yaz! Görəsən ağılsız yazılar necə yazılır? Axı ağıl olmayan yerdə heç nə yazıla bilməz. Amma o da var ki, bu “heç nə” olmayan “nəsə” hamı üçün necəsə var da. Hamı ağıllı olmayan bu ağılsızlığı necəsə anlayır. Bu məntiqsizlik içində rahatca yaşayır da! Təkcə onunla Səməd, bu “olmuşluğa” yaddır!”

İki ildi otağından çölə çıxmırdı. Bu iki ildə fransız dilini mükəmməl öyrənib Balzakın əlli bir romanını türkcəyə çevirmişdi. Başını qatmaq üçün yaşadığı hündür mərtəbəli binanın eyvanında pomidor əkmişdi.  Şəhər rəngində avazımış pomidorların dəyməsini görəndə elə sevinmişdi ki. Nəsə etmək, zəhmət çəkdiyin işin bəhrəsini gözünlə görmək insana ləzzət edir axı. Kişi işləməlidir! Kişi səhər evdən çıxıb işə getməlidir. Evi üçün, özü üçün deyil, insanlıq üçün çalışmalıdır.  İllərlə canında qalıb daşlaşmış gücünü, əldə etdiyi təcrübəsini bilmirdi neynəsin? Oxuduğunu, bildiyini kimə öyrətsin? İndikilərə heç nə maraqlı deyildi. Heç kəs öyrənmək istəmirdi.

Dəfələrlə dostlarının arxasınca Avropaya getmək istəmişdi. İki ay İsveçdə yaşamışdı da. Sonra dözə bilməyib, geri dönmüşdü. İkinci dərəcəli adam olmaq asan iş deyildi. Qürbətin hər dəqiqəsindən bir daş asılıb. Burda yeməyə çörəyi olmasa da çöldə-bayırda başını dik tutub gəzə bilirdi. Bu torpaq onun torpağıydı. Kasıb olanda nə olar? Bu gün heç kəsə gərək olmayanda nə olar? Düzdür, yazılarını çap eləmirdilər. Onu görəndə tanıdığı adamlar belə üzünü yana tuturdu. Amma baxma da. Başqa cür olduğu üçün üz döndərsələr də ürəklərində düşmənləri belə qədrini bilirdi. Tanımadığı adamlar belə yazısına hörmət edirdi. Bu da var da. Burda onu pis-yaxşı tanıyırdılar. Qürbətdə isə o heç kəsdi.

Bu gün dəbdə olan “sabun köpüyü” yenilərdi. Təzə dəymiş yeni yazarların “əxlaqı” düşüncəsinə yad idi. Bu salamsız-kəlamsız rəqabət adamlarının üzlərindən çuğulluq yağırdı. Pul qazanım deyə biri-birilərini təpikləyib atdan salan, yaltaqlıqla, adam satmaqla, kiminsə əxlaqsız qohumunu alıb özünə arvad eləməklə ucalan bu adamların üzündən-gözündən pislik tökülürdü. Bu gün heç kəs ağlına, istedadına güvənib yaşamırdı. Hamı irəli getmək üçün salınmış əyri yolların düzlüyündəydi. Bu adamların üzünü görməsin deyə evdən çölə çıxmırdı. Saytlardan aldığı qəpik-quruş da ancaq baş aldatmağa yetirdi. Buna dözməyən arvadı uşaqlarını da götürüb Amerikaya köçmüşdü. Onlardan da haçandı xəbər yoxdu.

Hava alanından şəhərə gedən avtobusa minib arxa oturacağa əyləşdi. Salonda oturmuş ərəb turistlər çox ucadan danışırdılar. Görünür kənd adamlarıydı. Səslərinin kiməsə mane olacağı haqqında düşünmürdülər. Birdən-birə ərəb dilinin havası ona yas mağarını xatırlatdı. Sürücü də gözünə arxası salona oturmuş molla kimi göründü. “Əstəfurullah” deyib udqundu. Turistlərin üzü aydın və xoşbəxt idi. Dil-dil ötürdülər. Ərəb dilini zamanında öyrənmədiyi üçün özünü qınadı. Bilsəydi ərəblərə Bakıdan danışardı. Şəhər tarixini olduğu kimi onlara anladardı. Görəsən, qonaqlar şəhəri bəyənəcəklərmi?

Bir xeyli beləcə ərəb dilinin qərib zəngulələrini dinləyib susdu. Avtobus Sabunçu dairəsinə çatanda qəfil ayağa qalxıb ərəb dilində bildiyi yeganə mətn olan Quranın “Əl Fatihə” surəsini ucadan muğam üstə oxumağa başladı. Ərəblər əvvəlcə bu qəribə nalədən diksindilər. Sonra qımışa-qımışa susdular. Şaşırıb axıra qədər onun nə etmək istədiyini anlamağa çalışdılar. Ancaq surənin sözləri bitəndə özünə gəldi. Niyə belə etdiyini axıra qədər özü də anlamadan avtobusun yumşaq kətilinə çökdü. Və nədənsə özünü çox yüngül hiss etdi. Elə bil çiynindən ağır yük götürülmüşdü. Nəsə mühüm bir iş görmüşdü.

Rahatlanıb kətilə yayxandı. Sürücünün yanındakı kətildən ayağa qalxıb ona tərəf gələn turist bələdçisini görəndə dalağı sancdı. Gədənin üzündən yaltaqlıq yağırdı. Ondan adama xeyir gəlməzdi. Bələdçi oturacaqların arasından ləngərlənə-ləngərlənə keçib şəstlə boynuna sarıldı. Nəfəsi soğan qoxuyurdu. Ərəblərdən topladığı əzik-üzük dollarları açıq qalmış ovcuna basıb pıçıltıyla: “Yaxşı fikirləşmisən!  Bu gündən səninlə şərikəm! Elə et ərəblər görməsin. Aşağı enəndə pulları yarı böləcəyik!” – dedi.

Bələdçinin başını kənara itələyib ərəblərə tərəf boylandı.

Onlar da heyrətlə “Əl-Fatihə” surəsindən “pul qazanan” qəribə adamı seyr edirdilər.

Başını aşağı salıb ovcunda qalaqlanmış yaşıl Amerika dollarlarına baxdı. Hamısı yüzlük idi.

Ayağa qalxıb pulları bir-bir ərəblərə qaytardı. Salonu hay-küy basdı. Nəsə deməyə çalışan ərəblərin dilini bilməsə də, hərəkətinin yaxşı hal kimi başa düşüldüyünü anlayıb sevindi. Sonuncu pulu, sonucu ərəbin ovcuna basıb sürücüdən avtobusu saxlamağı xahiş etdi.

Sürücü avtobusu şəhərin girəcəyində saxladı.

Avtobusdan enib yolun kənarına çəkilmiş dəmir səddin üstünə oturdu. Sağdan-sola, soldan-sağa şütüyən maşınların içində əyləşmiş adamların üzləri görünmürdü. Yollarda heç kəsin üzü görünmür axı.

Hara gedirsən get, yolları üzsüz keçirsən. İnsanın yolda üzü görünmür. Üz sənə ancaq dayanacaqlarda tanınasan deyə gərək olur.

Bu üzsüz və sözsüz adamlı şəhərin girəcəyində naçar-naçar saatlarla oturdu. Hara gedəcəyini bilmirdi. Nə edəcəyini də.

Hara getsin?

Kimin qapısını döysün?

Bu boyda şəhərdə təkdi.

Nə işi vardı gedib işləsin, nə bir simsar adamı vardı dərdləşsin.

Gecə düşənə qədər dinməzcə oturub yola baxdı. Maşınların ayağı yoldan kəsiləndə qalxıb iti addımlarla “özünə” doğru getdi.

Nə yaxşı ki özü vardı. Olmasaydı ölənə qədər bu qürbətdə necə yaşayacaqdı?

KÖŞƏ YAZARLARI
TOP 10