“Ər və arvad” tamaşası ingilis dilində nümayiş olunacaq

34 Baxış

erarvad
İyunun 13-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası 45-ci dəfə nümayiş olunacaq.

Tamaşanın budəfəki nümayişi ingilis dilinə tərcümə olunaraq, titrlər vasitəsilə teatrsevərlərə təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə təşrif buyuran xarici qonaqlara belə mədəni xidmət göstərilməsi üçün teatrın repertuarındakı bir sıra əsərlər ingilis dilinə tərcümə olunub.

“Ər və arvad” tamaşası da həmin qəbildəndir. Teatrın iyun repertuarı xüsusi şəkildə təşkil olunub və birinci Avropa Oyunları ilə əlaqədar tamaşalar əsasən ingilis və rus dillərində təqdim olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur.

Tamaşada rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova, Ağaxan Şərifov və Fərid Rzayev ifa edəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10