Ərzincan – Şəmil Sadiqin HEKAYƏSİ

66 Baxış

shamil sadiqƏslində, ayın beşi uçmalı idik, amma nədənsə bileti yeddisinə dəyişdim. Heç bir səbəb olmadan. İçimdə nəsə bir təlatüm var idi. Yoldaşım da niyə beşi yox, yeddisi olduğunu xeyli soruşsa da, cavab tapmadım. Çünki cavab yox idi, sadəcə eşitmədiyim bir səsin təsiri ilə olmuşdu. Təyyarəyə minənə qədər də, enənə qədər də bu dəyişimin nəsə bir ilahi səbəbini axtarırdım. Mistikaya inanmasam da, nəsə olacağını, nəsə baş verəcəyini düşünür, təskinlik vermək üçün “olacağa çarə yoxdur” deyib keçirdim.

Kiprə gedirdik. Uzun illərdən sonra yoldaşım üçün maraqlı bir proqram hazırlamışdım. Düşünürdüm ki, yaxşı bir istirahət edərik. Çünki, evlənəndən sonra sadəcə zəhmətə qurşanmışdım. Nə ad günü, nə səkkiz mart, nə də ki digər bayramların bizə dəxli yox idi. Bir dəfə səkkiz martda bir hadisə olmuşdu, ondan başqa evlənəndən sonra əl-ələ verib sadəcə ailəni qurmağa səy göstərmişdik. O Səkkiz mart hadisəsi də o qədər yadda qalan idi ki, adam heç unuda bilmir. Deməli, səhər evdən çıxdım ki, bəlkə bir dəstə gül alım. Bizim qəsəbə isə o vaxtlar yenicə qurulduğu üçün düz-əməlli gül mağazası yox idi. Biri vardı, orda da İranın nəverim süni gülləri satılırdı. Şəhərə getməyə də həvəsim yox idi. Nəsə birdən yadıma düşdü ki, evimizin 40 kvadratlıq həyətinin divarı yoxdur. Çoxdandır ürək edib müəllim maaşımdan pul ayıra bilmirdim. Eləmədim tənbəllik, bir maşın daş, üç kisə sement alıb evə gəldim. Qapıya tökdürəndən sonra yoldaşımı çağırdım. Və dedim ki, gözlərini yum, sürprizim var. Onun ürəyindən keçənləri ancaq xanımların təsəvvür edə biləcəyi üçün danışmağa risk etmirəm. Qapıda daşı və sementi görəndə gözlərində gilələnən yaşı gördüm. Yenə bu yaşın səbəbini izah etməyəcəm. Çünki, yoldaşım özünü elə apardı ki, bu hadisəyə sevinib və məni bir ər kimi təqdir edib. Əlbəttə ki, kişi eqosu ilə düşünəndə bundan artıq nə olmalı idi ki. Əl-ələ tutub içəri keçdik. Sonralar belə hadisə olmamışdı. Amma mən də az aşın duzu deyildim. Məsələn, evə aldığımız televizorumuzu onun doğum günü hədiyyəsi, ilk divanımızı yeni il hədiyyəsi, hamamımızın salafandan olan qapısının yaş şamdan hazırlanmış qapı ilə əvəz edilməsi onun Novruz bayramı hədiyyəsi olmuşdu. Vallah, kim nə deyir, desin, elə xoşbəxt yaşayırdıq.

Elə buna görə də bu Kipr istirahəti bütün xoş günlərimizin üstünə birini də əlavə edəcəkdi.  

Bir-iki dəfə Kiprdə olsam da, bu dəfə sevdiyim qadınımla əl-ələ yapışıb tanıdığım yerləri ona göstərəcək, orda olan dostlarımın bizə göstərəcəyi qulluqla bir az da qürrələnəcəkdim. Yoldaşım xarici səfərlərdə o qədər olmadığı üçün mənə inanır, sorğu-sualsız dalımca gəlirdi. İstanbulda təyyarəni dəyişməli idik. Bileti alanda elə planlaşdırmışdım ki, Atatürk hava limanında çox gözləməyək. Kiprə uçacaq təyyarə bizim təyyarənin enməsindən yarım saat sonra qalxırdı.

                Atatürk hava limanında bilet işləmlərini həyata keçirmək üçün bələdçilərdən birinə yaxınlaşıb “Ərzincana qeydiyyat hansı tərəfdədir” – deyə soruşdum. O qədər də gözəl olmayan, amma uniformada səliqəli görünən bir xanım çox danışmadan əli ilə istiqaməti göstərdi. Vaxtımızın az olduğunu bildiyim üçün tələsək qabağa düşüb, yoldaşıma da tez gəlməsini dedim. Gah eskalatora minir, gah da qaça-qaça gedirdik. Bir xeyli axtarışdan sonra nəfəsimiz kəsilə-kəsilə Ərzincana uçan təyyarənin keçid qapısına yaxınlaşdıq. Dərindən nəfəs alıb, “daha qorxusu yoxdur” – dedim. - Allah kəssin, nə qədər böyükdür eee, – deyərək yoldaşım nəfəsini dərdi.

                Pasportlara baxan xanıma yaxınlaşıb ikimizin də biletini ona uzatdım. Xanım baxıb, “Bəy əfəndi, burası Ərzincan, siz Ərcan hava limanına uçacaqsınız” – dedi və pasportları mənə uzatdı.

                Hə, həngamə bundan sonra başladı. İçimdəki təlatüm yenidən başladı. Bilet alandan nəsə olacağını düşünürdüm. Yəqin ki bu olmalı idi. Əgər beşi gəlsə idik, təyyarələr arasındakı məsafə bir neçə saat olduğundan bir problem olmayacaqdı. Amma indi artıq bizim təyyarə qalxmış olmalı idi. Necə gəlmişdiksə eləcə də qaçaraq Ərcan hava limanına uçan təyyarəyə doğru getdik. Biz ora çatanda artıq lələ köçmüş, yurdu boş idi.

                Nə etmək olardı. Hər işdə bir xeyir var deyib, yenə təsəlli tapmağa çalışdım. Yoldaşım da çarəsiz mənə baxır, bu işə bir əncam çəkəcəyimə inanırdı. Eləməyib tənbəllik bilet satış məntəqələrinə yaxınlaşdım. Nə qədər axtarsaq da, axşam saat 18:00-dan tez uçan təyyarə tapa bilmədik. Üstəlik də əlimizdəki bilet yanmışdı. Türk hava yollarından aldığımız gediş-gəliş bileti tamamilə yararsız olmuşdu. Sən demə, bizim ortada bir reysi qaçırmağımız dönüş biletimizin də məhv olması demək imiş. Kimi söyəsən, kimə dərdini deyəsən, kimə gileylənəsən tanımadığın ölkədə. Düzdür, bilet satışı edən xanımlara acığımı töksəm də, bilirdim ki, bu boyda şirkətdə bu qızların nə günahı var axı. Başqa çarə yox idi. Səhər saat doqquz olduğu üçün qarşıda on saata yaxın zaman vardı. Amma gecəni yatmadığımız üçün yorğunluq və yuxusuzluq güc gəlirdi. Əlimizdəki çantaları saxlama kamerasına verib İstanbula getməyi planlaşdırdıq.

                Taksiyə minərək ən yaxında olan ticarət mərkəzlərindən birinə getdik. Yoldaşıma bəlli etməsəm də, içimdəki qara şübhə məni yeyirdi. Gah düşünürdüm ki, yəqin taksi hardasa qəza törədəcək, bəlkə də axşam gedəcəyimiz təyyarəyə nəsə olacaq, bu təsadüf ola bilməz. Ya da nəsə gözləmədiyimiz bir xeyir tapacağıq. Tez də düşünürdüm ki, yəqin Tanrı bizi qoruyur. Bu cür yubatmaqla nəsə bir ilahi yazının həyata keçməsinə çalışır. Bu məqamda alın yazısının olduğuna inanır və təsadüf deyilən bir şeyin olmadığını qəbul edirdim. Bu qədər təsadüf olmazdı.

                İçimdəki bu qarmaqarışıq söhbətlə diqqət çəkməməyə çalışır, uzun illərdən sonra xanımıma yaşadacağım xoş günün dadı-duzunun qaçmaması üçün əlimdən gələni edirdim.

                Ticarət mərkəzinə çatan kimi ağlıma gəldi ki, heç nişanlı vaxtımızda belə ikimiz birgə kinoya, teatra getməmişik. Fürsəti əldən vermək olmaz. Təklifim qəbul olunmuşdu. Əslində ağlıma gələn bu ideyanın bir tərəfi də ən yaxşı şəkildə istirahət edəcəyimiz yerin məhz bura olması idi.

                – Bir aşk filminə baxmaq istəyirik.

                – Duyğusalmı olsun?

                – Bəli.

                – Hansını tərcih edərsiniz?

                – Hanım əfəndi, sizin kimi gözəl bir xanım hansını tərcih edərsə – deyib özümü maksimum centlmen kimi göstərməyə çalışdım. Xəzinədar xanım gülümsəyərək adını unutduğum bir filmi məsləhət bilib biletlərimizi verdi.

                İçəri girəndə bizdən başqa kimsənin olmadığını görüb sevindik.

                – Görürsən, sənin üçün kinoteatrı bağlatdırdım, – dedim.

                - Görürəm, qızı görəndə ağzın qulağının dibinə getmişdi, – deyib qadın xislətini gizlətməyən yoldaşım başını çiynimə qoyub gülümsündü. Film, doğrudan da çox maraqlı oldu. Düzdür, hərdən yoldaşımın başımı o tərəf-bu tərəfə çevirərək xorultumu kəsməsi olmasa idi, lap əla olardı. Amma yarıyuxulu vəziyyətdə də olsa, xoş bir gün yaşadığımızı indi də unutmuruq. Çıxanda da, yaxşı ki, belə oldu-deyirdik. Elə sevinirdik ki, birgə filmi seyr etdiyimizə. Həm də filmin təsirindən sevgimizin dəyərini də bilməyə başlamışdıq.

                Çox başınızı ağrıtmayım. Kiprə getdik, yaxşıca gəzdik, gözlədiyini zənn etdiyim heç bir qeyri-adi hadisə baş vermədi. Əsil tətil oldu. Dostlar sağ olsun, nə lazımdırsa etdilər və biz evə qayıtmaq üçün Ərcan hava limanına gəldik.

Hava limanında nədənsə ürəyim sıxılmağa başladı. Sanki, boğulurdum. Tez ağlıma gəldi ki, yəqin elə yubanmaların səbəbi bu imiş ki, mən burda ölüm. Uşaqlar yadıma düşdü. Balaca qızımın gülüşü, oğlumun şıltaqlıqları gözümün qabağından keçdi. Səbəbi olmayan pessimizm məni basdı. O zaman Allahdan istədiyim bir o oldu ki, imkan ver evə çatım və uşaqlarımın arasında uzanım və ölüm. İmkanım olsa idi, uşaq kimi yalvarardım. Yaman darıxmışdım. On gündür uşaqlardan uzaq qalmaq yaman ağır gəldi birdən-birə. Yoldaşıma yenə də nəsə hiss etdirməməyə çalışır və gözlərimi pəncərədən çəkmədən təyyarələrin hərəkətini seyr edirdim. Axı niyə belə olmalıdır, bu nədir belə deyə düşünə-düşünə qalmışdım. Təyyarəmiz gəldi, biz mindik. Ərcandan Atatürk hava limanına cəmi bircə saatlıq yol olardı. Amma boğazımdan yapışmış qorxu və şübhə hissi məni öldürəcəkdi. Heç bir zaman təyyarəyə minməkdən qorxmamışdım. Amma təyyarə enənə qədər ürəyim əsirdi ki, indicə təyyarəmizdə nəsə problem çıxacaq və yerə düşəcək. Ömrümdə birinci dəfə idi ki, təyyarə enəndə  həvəslə pilotu alqışlayırdım. Təyyarədən enəndə yanımızda oturan xanımın da əl çantasına kömək etdim. Uzun sözün qısası sağ və salamat gəlib evə çatdıq. Hələ də bunun möcüzə olduğuna inanırdım. Axı nəsə baş verməli idi. Amma heç nə olmadı.

                Gecə yarısı çatdığımız üçün əşyaları qoyub uşaqları da yanımıza alıb yatdıq. Elə arzuladığım kimi, qızım bir qolum üstündə, oğlum da bir qolum üstündə gözlərimi yumdum. Lap ölürmüş kimi. Tanrıya minnətdarlıq hissi keçirdim içimdən. Hər şeyin təsadüf olduğunu da ürəyimdən keçirib gülümsədim.

                Yazının burasına çatana qədər əminəm ki, oxucu sonluq gözləyir və nəsə baş verəcəyini məndən daha çox düşünür. Bəlkə də, böyük həyəcan keçirir. Görəsən nə olacaq? Elə ona görə də sizi intizarda saxlamayım.

                Elə bil bir həftə idi ki, yatırdım. O qədər ağır yuxuya getmişdim. Qəfil gələn telefon zənginə oyandım. Uşaqlar oyanmasın deyə astaca qolumu başları altından çəkmək istədimsə, bacarmadım. Sanki, bədənim süst olmuş, gözlərimdən başqa heç nəyi hiss etmirdim. Bir anlıq düşündüm ki, deyəsən, ölmüşəm, ruhumdur bu. Nə qədər tərpənsəm də alınmadı. Maraqlıdır ki, nə yoldaşım, nə də uşaqlar oyanırdı. Telefon isə dayanmadan zəng çalırdı. Yoldaşımı oyatmağa çalışdım, səsim çıxmadı. Bir təhər barmağımın ucu ilə onu dümsüklədim. Elə bu zaman onun öskürə-öskürə oyanması və sürünüb özünü dəhlizə salmasını görsəm də, nə mən, nə də o heç nə deyə bilmirdik.

                Əziz oxucu, son abzası sizin üçün davam etdirmək istərdim. Amma o zaman səmimi olmayacam, and olsun allaha. Axı deyirlər səmimi yazını oxucu daha çox sevir. Elə ona görə də bundan əvvəlki son hadisəni nəzərə almayın. Ya da əgər sizin üçün çox maraqlıdırsa, bir şeylər uydurun. Məsələn bir variantı mən davam etdirim, qalanını özünüz bilərsiniz:

 Dəhlizə çıxan kimi “ana” deyə səslədi. Uşaqlar tək qalmasın deyə bizdə qalan qayınanam çölə çıxdı.

                Sən demə, gecədən sönən qaz yenidən gəlməyə başladığı üçün astaca bizi girəvəsinə salıb. Təciliyardımın gəlməsi ilə bizi gecə ilə xəstəxanaya aparıblar. Mənim və uşaqların huşu özümüzdə deyilmiş, sadəcə yoladışımın ağlı özündə imiş. Nəsə gecə ilə bizi xilas edirlər. Səhər özümə gələndə başladım özümü danlamağa ki, o qədər bədniyyət oldum ki, axırda da başımıza bu gəldi. Bəlkə də, Tanrı mənim uşaqlarımın yanında ölmək arzumu eşitmişdi, – deyə ağlıma inanmadığım fikirlər gəlirdi. Yaradanın əməllərinə təccüblənirdim. Oğlum üç gün komada qaldı. Anadan əmdiyimiz süd burnumuzdan gəldi, bir sözlə. Təssüratlarımızı qohumlara bölüşə bilmədən, hədiyyələrimizi verə bilmədən xilasımıza görə qayınanama borclu olduğumuzu, “Allah qurtardı” ifadəsini də üstünə qoyub deyib kədərlənirdik.

                Amma unutmuşduq ki, bizi qurtaran o telefon zəngi imiş. Həmin zəng də təyyarədə bir yerdə oturduğumuz xanımdan imiş. Səhər bir də zəng edəndə qardaşım danışıb, məlum olub ki, hava limanında bazarlıq edərkən eyni çantalar olduğu üçün dəyişik düşüb və qız onu soruşmağa zəng vurubmuş. Xoşbəxtlikdən təyyarədə Kiprdə təhsil alıb qayıdan bu xanıma vizit kartımı veribmişəm.

                Görürsünüz, məncə bir o qədər də maraqlı alınmadı. Əslində, qeyri-adi heç nə baş vermədi. Amma telefonu doğrudan da, dediyim o qıza vermişəm. Bəlkə də, nə vaxtsa, nəsə olacaq. O da ilahinin təqdiridir. Olacaq onsuz da bir gün olacaq… 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10