Əsəd Cahangir: “Nəriman Əbdülrəhmanlı çox savadlıdır, amma…”

338 Baxış

neriman ebdulrehmanli

İyunun 3-ü yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının 57 yaşı tamam olur. Senet.az-a açıqlamasında tənqidçi Əsəd Cahangir Nəriman Əbdülrəhmanlının yaradıcılığını qiymətləndirib: “Nəriman Əbdülrəhmanlının tərcümələri ilə tanışam. Hamısını da olmasa bəzilərini oxumuşam. Uğurlu tərcümələri var. Gürcü şairindən tərcümələr etmişdi onu da bəyənmişdim. Amma Orxan Pamukdan etdiyi tərcüməni isə uğurlu hesab etmirəm.  Nəriman Əbdülrəhmanlı çox savadlı insandır.  Ancaq bu sahədə savadlı olmaq heç də istedadlı olmaq demək deyil. Bədii istedad baxımından xüsusi istedadı ilə seçilmir. İndi hamı həm şair, həm yazıçı, həm tənqidçi, həm də tərcüməçi olmaq istəyir. Bu hardasa mümkündür. Bir şərtlə ki, yaza biləsən. Çap olunmaq, kitab çıxartmaq imkanları çox genişdir. Ona görə də hamı, hər şey olmaq istəyir. Nəriman Əbdülrəhmanlı yalnızca tərcüməçi kimi fəaliyyət göstərsə yaxşıdır. Ədəbiyyata daha çox fayda verə bilər. Ancaq ayda bir əsər çevirməsin. Görünür ki, maddi şərtlər buna məcbur edir. Hər şeyi kəmiyyət baxımından yox, keyfiyyətinə görə dəyərləndirmək lazımdır. Nəriman Əbdülrəhmanlının potensialı var, tələskənliyini, kəmiyyət faktorunu kənara qoysa, Azərbaycan ədəbiyyatında tərcüməçi kimi qala bilər. Mən Nəriman Əbdülrəhmanlının doğum gününü təbrik edirəm, ona can sağlığı, uzun ömür arzu edirəm”.

 

Qeyd edək ki, Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən “Daşkəsən”, “Sovet Gürcüstanı” qəzetlərində, “Kino” qəzeti və “Yeni filmlər” jurnalı redaksiyasında, C.Cabbarlı “Azərbaycanfilm” kinostudiyasının “Yaddaş” sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Мüdafiə Müdafıə Nazirliyinin kino-telestudiyasında, “Hərbi bilik” jurnalında, “Lider” televiziyasında, “Ulduz” jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. N. Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb.

 

О 80-ciillərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə “Lider” televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə “Gümüş Aypara” Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib. N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçısi və redaktoru olub. О, еyni zamanda 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” – “Şans” mükafaına layiq görülüb. “Yalqız” romanı 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2001-ci ildə üçüncü mükafata layiq görülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub. N. Əbdülrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsinin veteranıdır. O 1998-ci ildən AYB-nin uzvü, 2004-2014-cü illərdə AYB İdarə Heyətinin üzvü olub. 2014-cü ildə AYB sıralarını tərk edib.

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10