Əsəd Cahangir şairəyə şeir həsr etdi

104 Baxış

esedcahangirTənqidçi Əsəd Cahangir şairə Fərqanə Mehdiyevanın doğum gününə şeir həsr edib. Senet.az həmin şeiri təqdim edir:

Hamıdan qədim, hamıdan təzə,
Hamıdan fərqli Fərqanə xanım!
Poeziyası min bir naxışlı,
Və min bir rəngli Fərqanə xanım,

Sözün başına sığal çəkirsən,
Bacı sevgisi, ana mehriylə.
Doğulan gündən sehrlənmisən,
Şerin cadusu, şerin sehriylə.

Şeir anandır, şeir atandır,
Şeir oğlundur, şeir qızındır.
Şeir ilk eşqin, son məhəbbətin,
Şeir taledən alın yazındır.

Şeir yazmırsan, könül odunda,
Sözü bişirib dəmə qoyursan.
Qızlar, qadınlar tellərin sayır,
Sən bənd darayıb, misra sayırsan.

Şeir yazmağın hələ bir yana,
Şeir deməyin bir qiyamətdir.
Sən kürsülərdə alovlananda,
Eşidən deyir: “Bu nə bəladır!”
Görənlər deyir: “Bu nə afətdir!”

Neçə əsrlik söz gülşənimin,
Sən də bir gülü, bir fidanısan.
Sən də bu günün bir Məhsətisi,
Sən də bu günün Natəvanısan.

Sənin ad günün – sözün ad günü!
Sözüm, ad günün mübarək olsun!
Anam ad günün, bacım ad günün,
Qızım, ad günün mübarək olsun!

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10