Əzim Əzimzadə: “Molla rəsm çəkdiyimə görə məni qovdu”

88 Baxış

ezim25

 Xalq rəssamı Əzim Əzimzadə rəssamlığa necə başladığını danışır. Senet.az rəssamın xatirələrini təqdim edir:

Mollaxanada oxuyandan qabaq mən şəkil çəkirdim. Bir gün molla məni şəkil çəkəndə gördü, başımın üstündən barmaqlarıma bərk çubuq vurub, dedi: – “Dur, xəbis şeylərini yığışdır, buradan cəhənnəm ol!”

Mən bərk xəcil olaraq, mollaxanadan evimizə gəldim. Macəranı evdə deməyib, dəxi mollaya getmədim. 1897-ci ildə özbaşıma rus-tatar adlanan şəhər məktəbinin ikinci qrupuna daxil olub, çox səy və təlaş ilə oxudum.

Məktəbin müdiri M.N.-aya dedim: – Mirzə, hərgah mümkün isə, bir qutu su rəngi tuş, karandaş, qalın kağız alınız mənə, oxuduğumuz dərslərdə olan hekayələri tərsim edim, məktəbimizdə oxuyan şagirdlər üçün dərs maraqlı keçsin. O mənim bu fikrimi çox bəyənib, dediyim ləvazimatı aldı. Şəkilləri hazırladım orda, valşebni fanarla şəkilləri başladım göstərməyə. məktəblərinin şağirdləri dəstə-dəstə bizim məktəbə gəlib, tamaşa edib, xeyli xoşhal olurdular. Məktəbi bitirdim, aldığım şəhadətnamədə şəriət dərsindən başqa, hamısı “5+” idi. Mənimlə müəllimlər maraqlandılar. Atamı çağırıb, mənim oxumağa davam etməmi ondan xahiş etdilər. Atam qəbul etməyib, dedi: – Mənim bir övladım var, mən razı olmaram ki, o, sabah gedib urus cildinə girsin. Bununla mən təhsildən uzaqlaşıb, başladım həyata qədəm qoymağa.

1899-cu ildə Vağzal küçəsində Reysov Vilyamın zavodunda ayda on iki manata əlaltı şagird qəbul olundum. Burada altı ayın müddətində hər iki əlim qabarla dolub, işləməyi bacarmadım. Zavoddan xaric olub, A.B.Q.K. dəyirmanına kuryerliyə getdim. Burada iş günü 18 saat idi. Hərdənbir tapşırılan işlərdən bir qədər yerinə yetirilməz olanda sahibkar söyüb və döyürdü.

1900-cü ildə dəyirmançı sahibkarımız ümumdünya sərgisində – Parisdə iştirak etmək istədi. Bir vitrina qayıtdırıb, orada dəgirman məhsulatından başqa bir nəfər Durof adlı rəssama vitrinada dədə-babadan dəyirmançı olmağını göstərmək üçün çoxlu dəyirman tarixinə aid şəkil sifariş etdi. Bu məharətli rəssam verilən temanı ödəyə bilmədi. Çünki ölkəmizin nə ənənəsi, nə də tarixi ilə aşina deyildi.

Mən öz bacarığımı bu şəxsə nəql etməklə bir-iki şəkil çəkib, göstərdim, Durof təəccüblə sahibdən məni ona əlaltı verməsini xahiş edib, dedi: – Xozeyin, bunu mənə ver, bir – iki il onu hazırlayıb sizə bir talantlı xalq rəssamı verim. Ustaya mən də təveqqe etdim, hətta söz verdim ki, sizə yarım məvaciblə xidmət edərəm. Cavabımda dedi: -Sən müsürman balasısan, ağlını başıva yığ, burada fikrini ticarətə ver, adam ol, rəssamlıq nədir? Ata – baban şəkil çəkib? O, daim məsti – sərsəridir, sənə boş araq butulkasından başqa nə verə bilər ? Get, işinə yaxşı bax!

Axır labüd qalıb min cövri- hiylə ilə Durof ilə altı aya kimi çalışdım. Xozeyinim xəbər tutub, məni böyük təhqir ilə işdən xaric etdi.

1903-cü ildə Ə.F. qardaşlarının un skladında qulluq etməyə başladım. Xozeyinlərin hərçənd sərmayələri az idi, böyük qardaş çox böyük yerdən ölçərdi, iddialı, kibri–qürurlu bir şəxs idi. Hərgah mümkün eyləyə bilsəydi, işlərində çalışanların boynuna böyük bir viveska yazıb yapışdırardı ki, bu filanın nökəridir. Kasıbların salamından, söhbətindən, yaxınlığından çox da xoşuna gəlməzdi. Həmişə özündən pullu, qüvvəli şəxslər ilə oturub-durardı. Qızlarını arayıb-axtarıb dövlətli şəxslərə verərdi. Kiçik qardaşı rəsmən onunla şərik, bərabər ixtiyarda bir kişi olduğu halda, onu özünə nökər bilərdi. Hətta Rusiyadan gələn firma sahibi dəyirmançılara deyərdi:

-Bu mənim qardaşımdır, ancaq qulluqçu dərəcəsindədir.

Patriarxal rus tacirləri bu şəxsin həmin sözünə “Allah üçün nəcib ailədə belə olmalı, böyük böyük yerində, kiçik kiçik yerində olmalıdır”,- deyərdilər. Bu səbəbdən xozeyinə “Allah adamıdır” deyə böyük etibar edərdilər. O ki qaldı kiçik qardaşa, əvvəla, bu şəxsin savadı yox idi, mənə nə qədər dedi ki, mənə heç olmasa “yəs” surəsini öyrət, mən min bəhanə ilə boynumdan atıb dedim: – Mənim farsca bilməyimə baxmayın, mən Quranı ağıllı bilməyirəm. Bir də məndə müdərrislik istedadı yoxdur. Bir il qulluq etdikdən sonra bir gün kiçik qardaş əlimdə “Molla Nəsrəddin” jurnalına göndərəcəyim şəkli görəndə bərk təəccüb edib, dedi:

- Bunu necə çəkirsən? Sən özünmü çəkirsən, yoxsa bir yerdən kopya edirsən? Cavab verdim: -Xeyr, kopya etmək bacarmıram.

Təəccüblənib dedi : – İndi ki, səndə belə qabiliyyət var, o zaman qardaşım bilməsin, nə cür lazım isə, mən sənə kömək eləyim, rəng, kağız, karandaş alım. Ancaq burada yox, evdə bu işlə məşğul ol. Mən hərçənd avam kişiyəm, lakin sənə fikir vermişəm, səndə alver, ticarətdən bir əsər yoxdur. Bu kimi şeylərə xeyli acizsən. Görünür sənin həvəsin, fikrin şəkil çəkməyə vardır. Nə etməli, hərçənd şəriətimizlə bu haramdır, bu biri tərəfdən ac qalmaq ki, olmaz. Mən bu günahı Allahçün eləyirəm, təki sən hayıfsan, ac qalmayasan.

Bu şəxsin sözləri mənə elə əsər etdi ki, uşaq kimi gözlərim yaşardı. Bu şəxsin mənim atamla sabitəsi var idi, xeyli dindar, mömin bir şəxs idi. Mənim pərişanlığımı və öz istəyimi, sənətimə məhrum qalmağımı düşünüb əlavə etdi: -Ehtiyat etmə, hətta məvacibini hər ay on beş manat da artıraram. Ancaq bu on beş manat mənim öz hesabıma olacaqdır. Qardaşım bilsə, razı olmaz. Mən də sənə bu köməyi elədikdə gözümün önündə atan durur. Doğrudan da, o, Novxanı kəndindən olduğundan nə qoçuluğa, nə alverə səriştəsi yoxdur. Bəlkə, axırda bir parça çörəyi asudəliklə yeyə biləsən. Hacıdan razılıq edib, başladım jurnallarda  işləməyə və ara-sıra akvarel rəngi ilə şəkillər çəkməyə.

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10