Senet.az “XAN” nəşriyyatında işıq üzü görmüş Türkiyənin məşhur yazıçısı Əziz Nesinin “Damda dəli var” kitabından “Əsəbi adam” hekayəsini təqdim edir. Qeyd edək ki, hekayələri türkcədən dilimizə Sevinc Süleyman uyğunlaşdırıb.
Əsəbdən əli – ayağı tir – tir titrəyən zəif, qoca adamı itələyərək polis bölməsindən içəri saldılar.
- Bu adamdan şikayətçiyik rəis bəy, bizi təhqir etdi. Ən başdakı, iritəhər cavandan rəis soruşdu:
- Nə dedi?
- Çox ağırdı rəis bəy, atamı qarışdırmasaydı, vecimə almazdım. Amma rəhmətlik atamı da qarışdırdı.
Qoca atıldı:
-Bəli… Eşşək oğlu, eşşək, – dedim. Danışım, layiqdi ya yox, siz deyin. Marşrut taksisindəyəm. Bu cavan da Altınbaqqalda maşına mindi. Taksimdə düşmədimi? Dözə bilmədim, yaxasından tutdum. “Maşallah, eşşək boyda adamsan! Gəncsən, gücün – qüvvətin yerindədi, Altınbaqqalla Taksim arasındakı məsafəni ölçsən beş yüz addım olmaz. İnsan bu qədər yer üçün marşrut taksisinə minərmi ay eşşək oğlu eşşək!..” – dedim. Eynilə belə dedim. -İnanmırsınız, soruşun özündən!
Uzun boylu, qapı tayı qədər geniş kürəkli cavan, qocanın sözünü təsdiqlədi.
Növbədə sağdan ikinci şikayətçi:
-Bu gənc təhqirə layiq idi, – dedi, amma bu adam mənə də söydü…
Rəisin soruşmağını gözləmədən qoca danışmağa başladı:
-Ona da “eşşək oğlu”! – dedim, amma layiq idi, özü istədi… Bu adam da Taksimdə marşrut taksiyə mindi. Ağa məscidinə çatana qədər iki siqaret çəkdi. Bəs deyilmiş kimi birini yenə yandırdı. Siqaretin birini söndürüb birini yandırır. Siqaret dumanından marşrutun içində göz – gözü görmür. İçəridə boğulacaqdıq. Heç olmasa pəncərəni açım, – dedim. Bu dəfə də “Hava soyuqdu, pəncərəni açma”! deməzmi? Bax, o vaxt dözə bilmədim. Madam ki, hava soyuqdu pəncərəni açmağa imkan vermirsən, Yovuzun bacası kimi dayanmadan burnundan duman sovurursan, marşrut taksidə üst – üstə siqaret çəkilərmi, ay eşşək oğlu eşşək..”! – dedim.
Üçüncü şikayətçi:
-Adamın Allahı var, layiq imiş, – dedi, belə hörmətsizlərə mən də əsəbiləşirəm.
Rəis bu adamdan soruşdu:
- Sizin şikayətiniz?
- Əfəndim, mənə də… Çox ağır, dilə gətirməyə utandığım şeylər dedi.
Qoca:
-Söylədim, – dedi, əlbəttə deyərəm. Bu adam Qalatasaraydan marşrut taksiyə mindi. Sanki qırx illik tanışıq kimi başladı danışmağa. Dörd adam iki otaqlı bir evdə kirayənişinlərmiş. Arvadı ağzınıza layiq çox yaxşı lobya şorbası bişirirmiş. Qızını keçən il evləndirib, amma kürəkəni xeyirsiz çıxıb. Arvadı dördüncü uşağını keysəriyyə əməliyyatı ilə çox çətin dünyaya gətirib. İndi də beşincisinə hamiləymiş. Görəsən uşaq olmaması üçün bir tədbir bilirəmmi? -Artıq qan beynimə sıçradı. “Əfəndi, əfəndi” -dedim, – “Başında saç, ağzında diş qalmayıb, məndən betər olmusan. Arvadın hələ də uşaq doğursa, tədbiri sən yox, qonşu cavanları, yoldaş – dost görsün… İnsan yataq otağında baş verəni marşrut taksidə rastlaşdığı yadlara danışarmı, ay eşşək oğlu eşşək”! -dedim.
Növbədəki şikayətçilərdən biri:
- Çox yaxşı demisən, – dedi, belələrinə mən çox əsəbiləşirəm.
- Sizin şikayətiniz? – deyə rəis o adamdan soruşdu.
- Rəis bəy, bu adam məni də təhqir etdi…
Qoca sorğu-sualsız:
-Etdim, – dedi, əlbəttə edərəm. Bu adam Təpəbaşında marşrut taksiyə mindi. Minən kimi Hoçkis makinalı tüfəngləri kimi heç dayanmadan asqırmağa başladı. “Havalardan zökəm olmuşam” -dedi. Həm də asqırarkən nişan alır kimi axtarıb – tapıb, insanın sifəti yanğınsöndürən şlanqı kimi püskürür. Bir dəfə üzümü tüpürcək içərisində buraxanda daha dözə bilmədim: “Madam ki, zökəm oldun, heç olmazsa asqırarkən ağzına dəsmal tut, dəsmalın yoxdursa əlinlə ağzını bağla. İnsanın sifətinə asqırılarmı? Ay eşşək oğlu eşşək”! – dedim. –Özü məcbur etməyibmi rəis bəy?..
Beşinci şikayətçi:
-Ay ağzını öpüm, belələrinə deməli əlbəttə… – dedi.
Rəis bu adama:
- Siz nə istəyirsiniz? – dedi.
- Mənə də dilə gətirilməsi mümkün olmayan sözlər dedi.
Qoca:
-Söylədim, – dedi, – həm də “Eşşək oğlu eşşək”! – dedim. Bu adam Şişxanada maşından düşdü. Başladı ciblərini qarışdırmağa… Heç cür pulu qoyduğu yeri tapa bilmir. Gediş – gəliş vaxtı… Arxamızda tramvaylar, avtobuslar, yük maşınları, avtomobillər yığışdı. Yol polisi fit çalır, vaqon sürənlər, sürücülər qışqırır. Bu adam heç vecinə almır. Ağır – ağır ciblərini qarışdırır. Qarışdırdı, qarışdırdı. Paltosunun, jiletinin, jaketinin, şalvarının ciblərinə baxdı. Sonra “Həə tapdım, buradaymış”! deyə iç cibindən bir yüz lirəlik çıxarıb sürücüyə uzatmazmı? Səbrim tükəndi: “İnsan marşrut taksiyə mindimi, pulunu əvvəlcədən hazırlayar, bu qədər millət yolundan saxlanılmaz. Əlli qəpik üçün də sürücüyə yüz lirə xırdalatmazlar ay eşşək oğlu eşşək!” – dedim.
Sürücü dərhal atıldı:
-Ağzın dərd görməsin, yaxşı ki dedin, yerdən göyə qədər haqlısan!- dedi.
Rəis sürücüyə tərəf çevrildi:
- Siz?
- Mən şikayətçiyəm bu adamdan. Təhqir etdi.
Qoca:
-Etdim, – dedi, – “Eşşək oğlu, eşşək”!.. – dedim. Bu sürücü maşınından düşən bir qadın pul verdikdə, “Sağ ol, bacım”! – dedi. Başqa bir qadına, “Buyur, anam”!- dedi. Müştərilərdən birinə “Əmi”, birinə “Dayı”, bir gəncə “Qardaş” – dedi. Bir cavana “Oğlum”, bir adama “Bəy baba” – dedi. Heç birinə səs çıxartmadım. Maşınından düşərkən pulunu uzatdım, mənə də “Sağ ol babalık!” deməzmi? Daha dayanmaq olarmı, sözün növbəsi gəldi. “Türk dilində bay, bayan, xanım, bəy kimi bir söz vardır, bilmirsənmi? Mən sənin ananı tanımıram, arvadını tanımıram, hardan atan oluram” Maşınına minən bütün müştərilər sənin qohumundurmu, ay eşşək oğlu eşşək” – dedim.
Rəis əsəbli qocaya tərəf çevrildi:
-Bu İstanbul bax, belədir, bu yaşa gəlmisən bu qədər İstanbul səkisini tapdalamısan. Madam ki, bu sulu, tərbiyəsiz, özünü bilməz, kobud həriflərə dözə bilmirsən, bu yaşda niyə evindən çıxırsan, ay ……..
Rəis bir az dayandı, fikirləşdi. Sonra:
………. a bəyim!.. – deyə sözünü bitirdi.