İsa Muğannanın xanımı: “Əziz Nesin Azərbaycan yazıçılarından üzr istədi…”

233 Baxış

FiruzeMugannaİsa Muğannanın ocağı … Senet.az-ın təsisçisi və müəllimim Şəmil Sadiqlə birlikdə bu ocağın qonağı idik. (Məqsədimiz, Firuzə xanımın İsa Muğanna haqqındakı xatirələrini yığıb bütöv bir kitab kimi çap etdirməkdir.)  Evin qəribə, insanı rahatladan abu-havası vardı. Çox narahat, tez həyəcanlanan bir adam olsam da qəribədir,  bu evdə o hisslər mənə yad oldu. Bizi İsa müəllimin qızı-  Sevinc xanım qarşıladı. Simasında sevinclə kədərin qarışığından bir ifadə sezilirdi. İsa Muğnannanın xanımı Firuzə xanım otaqda bizi gözləyirdi.  Adımı öyrəndiyində dedi ki, nəvəsinin də adı Səmadır. Bunu eşitcək ürəyimdən uşaq şıltaqlığı ilə sevinmək keçdi. Onun dediyinə görə Səma da yaşının az olmasına baxmayaraq yazılar yazır…Demək, yeni bir yazıçı yetişir. Buna sevindim. Söhbətə başladıq. Söhbətimizdəki hadisələr qırıq-qırıq, rabitəsiz olsa da,  olduğu kimi təqdim etməyə çalışacam,  çünki bu, İsa Muğanna ilə bağlı xatirələrdir. Qırıq və rabitəsiz olsa da dəyərlidir…

 

*  *

 

İsa Mustafa oğlu Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlib. Atası Mustafa məktəb direktoru, anası Xədicə isə tibb bacısı idi. Mən isə Qazaxda yaşamışam. İsa tətillərdə bizə gələrdi. Çox dəcəl uşaq idi. Çəkinirdi məndən. Mən  çox sakit qız idim. O qədər sakit idim ki, məndən bir söz qoparmaq üçün kəlbətin lazım idi. Ancaq məktəbdə əla oxuyurdum. Elə məktəbi də əla qiymətlərlə bitirdim. İsa orta məktəbi məndən bir il əvvəl bitirmişdi. O, Tibb Universitetinə imtahan verib qəbul olmuşdu. Mən də həmin universitetə daxil oldum. İsa II kursda oxuyanda dedi ki, oxumaq istəmirəm, həvəsim yoxdur. Anası ona nə qədər dil tökdü, İsanı qərarından uzaqlaşdıra bilmədi. İsa dedi ki, heç kəs mənə yalvarmasın, mən oxumuram, mən yazacam. O Tibb Universitetindən çıxanda dedim ki, yaxşı oldu ki, getdi, bir yerdə oxumadıq…

 

***

Bu vaxt Firuzə xanımın yadına uşaqlığından maraqlı bir hadisə düşdü…

 

…Uşaq vaxtı İsa  bir dəfə bazardan iki balıq alıb gətirmişdi. Anama dedi ki, balıqları saxlamaq üçün bir qab versin. İsa həmin qabda balıqları saxladı. Ancaq balıqların ömrü çox da uzun olmadı. Anam balıqların qoxusundan şikayətlənirdi.  Bacım Gülarə dedi ki, “Darıxma,  onun balıqlarına mən divan tutum,  o da baxsın”. Balıqların başlarını kəsdi, amma onları qızartmağa cəhd etmədi. İsa gəlib gördü ki, qab qana bulaşıb. Bildi ki, balıqları Gülarə kəsib. Gülarə isə evdən qaçıb gizləndi. İsa dedi ki, balıqları bişir, amma canı çıxsa da, bundan bir tikə də ona yeməyə verməyəcəm. (gülür-red)

 

* * *

Müharibə illəri çox çətin illər idi. İsanın atası Berlində idi. Ordan çoxlu pal-paltar göndərmişdi. Xalam ( İsanın anası) ən yaxşılarını mənim üçün seçib dedi ki, al bunları, sən institutda oxuyursan. Mənim heç yadımdan çıxmaz ki, ayaqqabı almağa pulum yox idi. Qışı yay ayaqqabısı ilə keçirtməli oldum. O vaxt Bakıda bərk qar yağmışdı. Corabı corab üstündən geyinirdim. Hər şey indiki kimi deyildi. Çox çətin vaxtlar idi…

Arabir sukut yaranırdı… Firuzə xanım danışdıqca sanki yaddaşındakı kitabın səhifəsini biz də onunla bərabər vərəqləyirdik. Hər fasilədə otağın sol küncündəki  İsa Muğannanın portreti gözümə dəyirdi. Sanki indi o da bizimlə bax bu otaqda ötüb-keçənləri xatırlayır, sakitcə dinləyirdi…

 

***

Səhər saat 5-də durub “kartoçka”  ilə 400 qr çörək alırdıq. Həmin qarlı qış günündə yataqxanadakı oğlanlarımız dedi ki, qızlar getməsin, “kartoçka”ları verin bizə biz gedək alaq. Semaşkonun (İndiki 1 saylı Şəhər Klinik xəstəxana) yanındakı mağazadan alıb gətirdilər. Müharibə illərində kartof, düyü tapılmazdı. Anam yaydan əriştə kəsərdi…

***

İsa  universitetə daxil oldu (Bakı Dövlət Universiteti-red) Filologiya fakültəsinə. Universiteti əla qiymətlərlə bitirdi. Mehdi Hüseyn ( o zaman Yazıçılar İttifaqının katibi idi) İsaya dedi ki, “Sən çox qabiliyyətli oğlansan. Gəl səni Moskvaya oxumağa göndərək.  Mehdi Hüseynə “Mehdi qağa “ deyirdik. İsa dedi ki, Mehdi qağa, mən rus dilini bilmirəm.

Mehdi dedi : “Öyrənəcəksən. Balaca kitablardan al, oxu”. Həqiqətən də rus dilini öyrənə bildi.  Amma atası, onu həmin il Moskvaya getməyə qoymadı. Dedi: “Ailə qur, sonra get Moskvaya. “Həmin il ailə qurduq. İsa sonra Moskvaya getdi (Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil oldu-red). Burdan təyyarə ilə Moskvaya getmək üçün Həştərxana, ordan Stalinqrada getmək lazım idi. Stalinqraddan da Moskvaya…  Sonra İsaya teleqram göndərdim ki, Moskvaya gəlmək istəyirəm, Ağstafada qala bilmirəm. İsa razılığını verdi. Qaynatam məni yola saldı. Moskva hava limanına çatdım. İsa məni hava limanında gözləyirdi. Yanında da bir kök oğlan var idi. İsa dedi ki, tanış ol, bu Nəbi Xəzridir, mənim dostumdur. Ev də kirayələmişəm.Qladkovun evidi”.

Ev dağın başında idi, ayağından çay axırdı. Bu ev Qladkovun bağ evi idi. Smirnovla qonşu idik. Smirnov çox varlı adam idi. Kənarda inək, qoyun, at saxlayırdı. Günorta gətirib inəkləri sağır, südündən yağ-pendir hazırlayırdılar. Ancaq Qladkov ondan qat-qat yaxşı insan idi.   Maraqlı yer idi, həm də soyuq idi. Kişinin 2 otağı vardı. Birində biz qalırdıq. Burda yaşamağa başladıq. Sonralar qəribsədim. İsaya dedim ki, burda yaşamaq mənə çox çətindi. İsanın da atası müharibədən yeni gəlmişdi. Hər ay bizə pul göndərməyə imkanı yox idi. İsa da çox qürurlu idi. Atasına deyirdi “Ata, pul göndərmə, mən öz ailəmi özüm saxlayacam”.

Məqalələr işləyib çap edirdi. Yazılardan  qazandığı pulla  çox yaxşı dolanırdıq. Hələ pulumuz da artıq qalırdı. Stalin yazıçılar üçün ayrıca mağaza açmışdı. Toyuğun biri 15, kartofun kilosu 1 qəpik idi.  Bazar günü olanda İsayla birgə oxuyan uşaqlar bizə gəlirdilər. Yalvarırdılar ki, ev xörəyi bişirim. Bişirərdim, bizdə yeyib gedərdilər. İsa çox gözəl insan idi. İsaya biri deyəndə ki, pulum yoxdu, acam , cibindəki pulun yarısını ona verərdi…

Moskva çox gözəl idi. İldə heç olmasa iki dəfə  Moskvaya  gəzməyə gedirdim. Moskva mehmanxanasında həmişə yerimiz var idi. İsa Bakıdan Yazıçılar İttifaqına teleqram göndərər, ordan da bizə cavab gələr, gedərdik. Bütün bunlar dövlət hesabına olurdu.Moskvada İsanın dostları çox idi, onlardan biri Aleksandr Fadeyev idi. Fadeyev İsa haqqında ədəbiyyat qəzetində məqalə yazmışdı ki, Azərbaycanın ən yaxşı yazıçısı İsa Hüseynovdur.

Moskvadan qayıdandan sonra qalmağa ev-eşik yox idi. İsa Azərnəşrdə işləyirdi. Nizami kinoteatrının yanında ev kirayələmişdik. Həmin evdə bizimlə birgə  mənim 3 bacım, İsanın 4 bacısı, 2 qardaşı da qalırdı. Axşam olanda bütün otaq boyu yorğan-döşək salınardı. Yatmağa yer də yox idi. İsanın şüşəbəndi var idi, həmişə orda işləyərdi. Bir gün məni yuxudan tıqqıltı səsi oyatdı. Ayağa durub gördüm ki, İsa çörəyi kiçik-kiçik doğrayıb nəyi isə yemləyir. Diqqətlə baxanda gördüm ki, balaca- balaca siçanlardı. Mən də siçandan yaman qorxuram. İsa mənə, atama, anama and verdi ki, dəymə bunlara. Siçanlar İsaya o qədər öyrəşmişdilər ki,  ayağının ətrafında fırlanırdılar. O hər gün siçanları  yedizdirirdi. Hətta su da qoymuşdu ki, içsinlər. Bax, İsa bu cür ürəyi nazik insan idi. Çox gözəl insan idi.O qədər zəhmətkeş idi. Gecə-gündüz işləyərdi…

 

Firuzə xanım danışdıqca həmin səhnə  gözümün qabağında canlandı. O böyük dahi insanın qəlbinin necə kövrək olduğunu gördüm. Divara söykənmiş portretindəki simasına,  gözlərinə baxdım. Gözlərində mərhəmət, sevgi və müdriklik var idi…

                                             ***

Mən İsayla sevib ailə qurmamışdım. Tibb İnstitutunda oxuyanda 1 il Qazaxa getməyib yataqxanada qaldım.  Dedim mən onu sevə bilmərəm, xalam oğludu. İsmayıl Şıxlı bizə hər gün gəlirdi. O, orta məktəbdə mənim müəllimim olub. Məni çox istəyirdi, elə İsanı da… Mənə deyirdi ki, Firuzə, bax gör necə gözəl insandı. İsa  İ.Şıxlının “Dəli Kür” əsərinin yazılmasında yaxından iştirak edib.  Kimlərə kömək etməyib ki,  Bayram Bayramova, Əkrəm Əylisliyə…Əkrəm Əylisli bir dəfə bizə gəldi. İsadan kömək istəyirdi, dolanışığı çətin idi.  O vaxta kimi Əkrəmi görməmişdim. Çünki o zaman hələ oxuyurdu, işləmirdi. İsa dedi ki, darıxma mən sənə kömək edərəm. Əkrəm gedəndən sonra mən də nə qədər ağladım, İsaya dedim ki, ürəyim ağrıyır, ona kömək et. İsa ona çox kömək etdi. Ancaq Əkrəmin “Daş yuxular” əsəri çap olunanda İsa zəng edib onu danladı. Dedi ki, bu torpağın suyunu içmisən, çörəyini yemisən heç xəcalət çəkmirsən?

 

 

***

Sevinc 20 ildən sonra anadan oldu. İndiki ailələrdə uzağı 5 il övlad olmayanda tez ayrılırlar. Amma İsa buna görə heç narahat olmurdu. Valideynləri  onu evləndirmək istəyirdi. Şərtə görə yeni arvad rayonda, mən isə Bakıda qalmalı idim.  Mən dedim ki, İsanın icazəsini vermişəm. Halal xoşu olsun, getsin evlənsin. O isə razılaşmırdı. Deyirdi ki, səndə də bacı-qardaş çoxdu, məndə də. Qocalanda biri qeyrətli olar bizi saxlayar. Salam Qədirzadə İsaya deyirdi ki, cavan oğlansan, boşa get başqasını al, Firuzə də başqa insanla ailə qurar. İsa Salamı bu sözünə görə pilləkəndən aşağı yıxmışdı…

 

***

 

Sonra biz Türkiyəyə gəzməyə getdik.  İlk dəfə bizə icazə verdilər ki, Türkiyəyə gedək. Axı əvvəl Türkiyə ilə sərhədlərimiz bağlı idi.  Türkiyəyə gedənlər arasında  Məsud Əlioğlu xanımı Rəna ilə,  Süleyman Rüstəm xanımıyla, Rəsul Rza və həyat yoldaşı Nigar xanım və İsmayıl Şıxlı da var idi.  Həmin dövrdə Türkiyə çox kasıb idi. Əziz Nesin Bakıya – bizə gedib-gələrdi.  Bir dəfə bizə dedi ki, -“ Mən sizin hamınızdan üzr istəyirəm. Mənim elə pulum yoxdur ki, sizə qonaqlıq verim. Ancaq xahiş edirəm, sözümü yerə salmayın. Gedək hərənizi bir bulku ilə çaya qonaq edim”.

Türkiyəyə gedəndə Orxan Gəncəbay bizi evinə qonaq çağırdı. Evləri çox böyük idi.  Otaq pərdə ilə iki yerə bölünmüşdü.  Otağın bir tərəfində Hitlerin vaxtında əsir düşmüş, Gəncədən, Qazaxdan olanlar var idi. Amma onların bizimlə görüşməyə ixtiyarları yox idi. İcazə vermirdilər. Otaqda çoxlu “çekist” var idi. Dedilər ki, kim qohum-əqrəbasını axtarırsa kağızda adını yazsın, biz göndərəcəyik, sizə cavab gələcək. Aatamgil də 3-4 qardaş idi. Ordan cavab gəldi ki, əmim bizim olduğumuz otaqdadır.  Amma görüşməyə izin verilmədi. İsmayıl Şıxlı da dayısını tapdı. Dayısı Türkiyədə hərbi təyyarəçi idi. Belə anlar insana çox pis təsir edir. Öz yaxınını, doğmanı görmək istəyirsən, amma görə bilmirsən. Bircə Rəsul Rzanın xanımı Nigar xanıma,  qardaşı ilə görüşməyə icazə verdilər. O da Moskvadan icazə almışdı. Nigar xanımın orda 3 qardaşı var idi. İkisi rəhmətə getmiş, biri sağ qalmışdı. Hava limanında onlar görüşəndə ətrafdakı hər kəs kövrəldi.  Bacı-qardaş elə ağlayırdılar…

Türkiyədə 20 gün qaldıq. Qayıdanda Nigar xanımı qardaşı ötürəndə üzü-əli əsdi. Dedilər ki, iflic olacaq. Dərman verdilər, həkim çağırdılar. Ancaq heç bir şey baş vermədi. Həmin hadisədən sonra Nigar xanım Bakıya gələndə xəstəliyə tutuldu…

***

Şair Qabil də bizim binada olurdu. Təzə avtomobil almışdı.  Şəhərdə də maşınlara çox az rast gəlinərdi. Qabil dedi ki, ay Firuzə xanım, durun gedək sizi poçta aparım. Ödəyəcəyiniz işıqpulu, qazpulu varsa gedək ödəyək. Qabilə dedim ki, səninlə gedə bilmərəm. Sən axı maşını sürə bilmirsən. Qabil təkid etdi, dedi ki , əl çəkməyəcəm. Yola çıxanda biraz getmişdik ki, polis bizi saxladı.  Qabil qapını açıb dedi ki, mən şair Qabiləm. Polis isə, – Nə olsun ki, şair Qabilsən, camaatı qırmaq istəyirsən ? Polis özü bizi  apardı. İsa da bu hadisəyə o qədər güldü, dedi ki, ağlınız yoxdurmu ki, Qabilin maşınına minirsiz …

 

 

Söhbətimizi hələlik burda yekunlaşdırdıq…

Tofiq Hacıyev İsa Muğannanın yaradıcılığını uzaq səfərlər gəmisinə bənzətmişdi, İsa Muğannanı isə onun kapitanına. Bu xatirələri dinləməyə başladığımız andan biz də bu gəminin sərnişinlərinə çevrildik, qışın soyuğunu, aclıq illərini sanki birgə yaşadıq. Hər dəfə müxtəlif sahillərə yan alıb, müxtəlif hadisələrlə rastlaşdıq. Kapitan bizi gah kövrəltdi, gah da müdrikliyi ilə bizə dərs keçdi… Növbəti lövbərin hansı limanda salınacağını bilməsəm də səyahətin maraqlı olacağına əminəm…

 

 

(Ardı var)

 

Səma Fuadqızı

 

KÖŞƏ YAZARLARI
TOP 10