Əziz Şərifin Ordubadiyə məktubu – “Moskvaya Musaelyana bir söyüş kağızı yazdım…”

16 Baxış

129222

Hər zaman dediyim kimi, məktublar dövrünün vəziyyəti və insanların münasibəti haqqında ən düzgün məlumatı gələcəyə çatdıran bir vasitədir. Rastladığım bu qədər məktublar içərisində bir dənə də olsa saxta, süni yazılmış bir məktubla qarşılaşmadım. Ola da bilməz. Çünki insanlar ən açıq, bəzən də kəskin fikirlərini məktublar vasitəsi ilə yazıblar. Ona görə də məktublar keçmişdən bu günə, yaxu da bu gündən gələcəyə həqiqətləri daşıyan vasitədir.

Belə məktublardan birini də tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Əziz Şərif 1938-ci il iyulun 22-də Məmməd Səid Ordubadiyə yazıb. Qeyd edək ki, məktub ərəb əlifbası ilə əlyazma şəklindədir.

Senet.az saytı enter.news-ə istinadən M.Füzuli adına Əlyazmalar İnstititunun əməkdaşı Nailə Səmədovanın araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir:

“Əziz Şərifdən

Əzizim Səid! Bu günlərdə sənə bir açıq kağız göndərmişdim. Yəqin ki, almış olarsan. İndi ikincisini yazıram. Başın bərk qarışıq imiş. Baş sovet iclasını açdığını qəzetdə oxudum. Səni ürəkdən təbrik edirəm. Sən öz fəaliyyətin və yaradıcılığın ilə bu şərəfə layiqsən. Lakin gələcəkdə daha artıq işləməlisən ki, xalqın və partiyanın bu etibar və məhəbbətini doğruldasan. Bunları yazmaq artıqdır. Sən özün arifsən. Ancaq məni dolduran hissləri heç olmazsa bir neçə sətir ilə izhar eləmək istərdim, çünki mən də bir yazıçı kimi səninlə fəxr edirəm.

İndi işə keçirəm. Bu gün tərcümənin birinci hissəsini (9 qlava), təxminən 6 çap listi Moskvaya göndərdim. Tərcüməni davam etdirirəm. Gecə-gündüz çalışmaqdayam. İki həftədən sonra məndə olan materialı qurtarıram. Əgər dalısını göndərməsən işsiz qalacayam və materialı vaxtında hazırlaya bilməyəcəyəm. Bu barədə sən, əlbəttə, tədbir görərsən ki, bütün material ən yaxın zamanda mənim əlimə gəlsin.

Romandan ayrı-ayrı parçaları mən “Baku” jurnalına vermək istəyirəm. Hələlik III qlavanı redaksiyaya göndərirəm. Sonra yenə bir parça hazır eləmişəm. Məncə, 7-8 parça düzəltmək olar. Mən romandan ən maraqlı və qüvvəli parçaları seçirəm. Sən Qamskiyə və yaxud onu əvəz edən birisinə (Qamski məzuniyyətdə isə) tapşır ki, parçanı bütün çap eləsinlər, çünki o biri nömrə üçün yenə parça hazırlanır və gələcəkdə hər nömrə üçün material göndərərəm. Ancaq sən onlar ilə qonorar məsələsini də danış, çünki Qamski hərdən dəli olub yarım çap listinə 60 manat qonorar yazır. Boylə qonorar üçün mən vaxtımı zay edib jurnal üçün xüsusi kopiya (əl ilə yazmağa məcburəm) hazırlayan deyiləm. Heç olmasa çap listinə 300 manat versin.

Hər halda sən özün bu məsələni həll edərsən. Maddi cəhətdən işim lap fırıqdır, çünki Moskva mənə çatacaq qonorarı (“Molla Nəsrəddin” üçün) bu günədək göndərməmişdir. Deyəsən əlacım kəsiləcək, Azərbaycan Litfondundan ehsan istəyəcəyəm. Xülasə. Hələlik məktubumu bununla qurtarıram.

Pulsuzluq olmasaydı, kefim lap sazdır. Bu gün Moskvaya Musaelyana bir söyüş kağızı yazdım, bəlkə təsir edə.

Əlini sıxıram. Cavabına müntəzir Əziz.

22.VII.38

Adresimi bir də yazıram: qorod Axalkalaki, ul. 15, dom 44.”

Təqdim etdi: Rəşad Sahil

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10