Әliyar Sәfәrli bir tәlәbәsinin gözü ilә – Nazim Muradov

12 Baxış

26195817_10213307516456945_2169463261257884756_n

Bir tәlәbәsinin gözü ilә froffessor Әliyar Sәfәrli (28. 12. 1937 – 04.01.2017)

2017-ci ildә Azәrbaycandan gәlәn ilk bәd xәbәr Әliyar Müәllimin vәfat xәbәri oldu.

O, BDU-nun Filologiya fakültәsinin müәllimi, Qәdim vә Orta Әsrlәr Azәrbaycan Әdәbiyyatı kafedrasının müdürü idi. Camal Әhmәdov, Xalid Әlimirzәyev, Tәhsin Mütәllimov, Bәxtiyar Mәmmәdzadә, Raifә Hәsәnova, Nәrgiz Paşayeva, Telman Hәsәnov, Baba Babayev, Baloğlan Şәfizadә, Mәhәrrәm Vәliyev vә başqa müәllimlәr dә o kafedrada işlәyirdilәr. Rәhmәtlik Abbas Zamanov da arada bir universitetә gәlәndә daha çox Әliyar Müәllimin kafedrasında oturub köhnә tәlәbәlәri olan müәllimlәrimizlә söhbәt edirdi.

Prof. Әliyar Sәfәrli qәdim vә orta әsrlәrin Türk vә özәlliklә Fars dilli Şәrq әdәbiyatının mahir bilicisi, görkәmli әdәbiyyatşünas, mәtnşünas alim idi. Әliyar Müәllim birinci kursda bizә Qәdim vә Orta Әsrlәr Azәrbaycan Әdәbiyyatından mühazirә deyirdi. O, auditoriyaya girәn kimi dәrsә başlayardı. Hamımız onu nәfәsimizi içimizә çәkәrәk heyranlıqla (bir az da qorxaraq) dinlәyәrdik. Çox yüksәk sәslә danışan Әliyar müәllim heç bir dәftәrdәn, kitabdan istifadә etmәz, vaxtın boş keçmәsinә әsla imkan vermәzdi. O, dәrsә kitab, dәftәr, dәrs notu gәtirmәzdi. Qibtә edilәcәk qәdәr mükәmmәl bilgisi vә yaddaşı vardı.

Әliyar Müәllim Xaqani Şirvaninin, Әbülüla Gәncәvinin, Mәhsәti Gәncәvinin, xüsusilә dә Nizami Gәncәvinin yaradıcılığı haqqındakı mühazirәlәrindә bu şairlәrin әsәrlәrindәn Farsca örnәklәr verir, sonra da onları dilimizә tәrcümә edәrәk yorumlayırdı. Bu şairlərin öz əsərlərini Farsca yazmış olmalarına baxmayaraq Türk şairləri olduğunu xüsusi ilə qeyd edərdi. Özəlliklə Nizaminin Türk şairi olduğunu vurğulayar, onun beş poemadan ibarәt olan Xəmsəsindən örnəklər verərək bu düşüncəyə sahib bir insanın ancaq Türk ola biləcəyini söylәrdi. Məsələn, Nizaminin İskəndərnamə əsərindən danışarkən Makedoniyalı İskəndərin Sasani şahı Daranı öldürməsindən, bu tarixi hәqiqәti hәyәcanla anlatmasından söz edәrdi. Sonra isә qalib İskәndәri Bәrdәyә gәtirәn Nizaminin Makedoniyalı dünya fatehini Bәrdә hökmdarı Nüşabәnin qarşısında savaşmadan mәğlub etdirmәsini xüsusi bir hәyәcanla izah edәrdi.

Prof. Әliyar Sәfәrli Nizaminin Daranı deyil, İskəndəri öyməsini bir təsadüf saymaz, İran ədəbiyyatında heç bir Fars şairinin Daranı öldürən yadellini öyə bilməyəcəyini deyərdi. Mən Türkiyəyə gəldikdən, Azərbaycan dövlətinin qurucusu Məmməd Әmin Rəsulzadə’nin Böyük Azərbaycan Şairi Nizami əsərini oxuduqdan sonra Әliyar müəllimin nə qədər haqlı olduğuna bir daha qane olmuşdum. Yəqin ki Әliyar Səfərli Məmməd Әmin Rəsulzadənin bu kitabını biz tələbə olduğumuz illərdə oxumamışdı.

Әliyar Müәllim Firdovsi ilә Nizamini, Şahnamә ilә Xәmsәni qarşılaşdırar, Şahnamәnin tarixi kökü olmayan uydurma miflәrlә dolu olduğunu söylәr, bu uydurmaları tarix zәnn edәnlәri isә özünәmәxsus bir ironiya ilә tәnqid edәrdi. O, Nizaminin bәşәri yöndәn Firdovsidәn qat-qat üstün olduğunu deyәrdi. Nizaminin Leyli vә Mәcnun poeması ilә Füzulinin Leyli vә Mәcnun әsәrini de qarşılaşdırır, onlardan birincini Farsca, ikincini isә ana dilimizdә (Türkcә) olaraq şah әsәrlәr sayardı. Mәmmәd Әmin Rәsulzadәnin “Nizami Mәcnunu şeirlәşdirdi, Füzuli şeiri mәcnunlaşdırdı” tәsbitini hәr dәfә xatırlayanda Әliyar Müәllimin dәrslәri yadıma düşür…

26229946_10213307493256365_8712535950371715709_n

Әliyar Səfərli Nizami həssasiyyətini ömrünün sonlarına qədər davam etdirdi. Son illәrdә Azadlıq radiosunda Şahnaz Bəylərqızının proqramına qonaq olan Әliyar Səfərli xüsusi ilə Abbas Cavadi və Güntay Gəncalpa verdiyi cavablarda Nizaminin böyük bir Türk şairi olduğunu altını çizərək demişdi. Eyni radio proqramında iştirak edən araşdırmaçı Sənan İbrahimov isə maraqlı bir məlumat vermiş, Әlyar Səfərlinin, Nizaminin Türkcə divanını Misirdən gətirtdiyini və ikisinin bu əsəri çapa hazırladığını demişdi…

Әliyar müəllim Qazi Bürhanәddindən, Әrzurum qazısı Mustafa Zərirdən, Sulu Faqihdən, İmadәddin Nәsimidən, Şah İsmail Xәtaidən, Mәhәmmәd Füzulidən, Mәsihidən, Mәhәmmәd Әmanidən, Dastani- Әhmәd Haramidәn danışanda daha da coşar, orta әsrlәrin şirin Türkcәsini bizә daha çox sevdirәrdi. Qazi Bürhanәddin Divanı’nın nәşrә hazırlayan Әliyar Səfərli onun tuyuğlarından özəlliklə qəhrəmanlıq və eşq üzərinə olanları əzbərdən söylər, misraları tək-tək izah edərdi. Dastani-Әhməd Harami əsərindən əzbərə oxuduğu örnəklərlə bizi retrospektiv bir tarix yolçuluğuna çıxarır, orta əsrlərə aparırdı…

Prof. Әliyar Sәfәrli qәdim vә orta әsrlәrin başqa şairlәrinin әsәrlәrini dә o şairlәrin orijinal mәtnlәrindәn örnәklәr verәrәk açıqlayırdı.

İkinci Dünya Müharibəsində atasını itirdiyi üçün yetim böyüyən Әliyar Müәllimi ilk dәfә 1989-cu ildә tәlәbә olduğum Bakı Dövlәt Universitetindә görmüşәm. Birinci kursda ilk dәrsimiz rәhmәtlik Şamәddin Xәlilovun Türkologiya dәrsi olmuşdu. Şamәddin Müәllim bizim hәr birimizi tәk-tәk ayağa qaldırıb orta mәktәbi harada qurtardığımızı soruşmuşdu. Mәnim orta mәktәbi Ordubadda bitirdiyimi öyrәnәn kimi rәhmәtlik Fәrhad Zeynalovdan söz etmiş, onu rәhmәtlә yad etmişdi. Şamәddin Müәllim mәnim dә Türkoloq olmağımı istәmiş, ixtisas dәrslәrimi Türkologiya kafedrasında almağıma sәbәb olmuşdu. Mәni Әliyar müәllimlә tanış edәn dә Rәhmәtlik Şamәddin Xәlilov olmuş, Ordubad rayonundan olduğumu ona söylәmişdi. Tәәssübkeş bir insan olan Әliyar müәllim Ordubad Pedaqoji Texnikumunda atamla paralel oxumuşdu. Bir tәlәbә yoldaşının oğlu olduğumu öyrәndikdәn sonra bizim dialoqumuz daha da güclәnmişdi. Bir gün mәni maşınına oturdub evinә dә aparmış, hәtta mәni Azәrbaycanın mәşhur aktyorlarından olan Rasim Balayev ilә dә tanış etmişdi. Tarixi qәhrәmanlarımız olan Babәki, Beyrәki, Nәsimini… canlandıran Rasim Balayevlә söhbәt edәrkәn çox hәyәcanlandığımı xatırlayıram. Әliyar müәllim ilә Rasim Balayev yaxın qonşu idilәr.

Biz Әliyar müәllimin evindә olanda o, tәlәbә ikәn rәhmәtә gedәn qızının vәfatını da titrәk sәslә mәnә danışmış, çox kövrәlmişdi. Çox sәrt bir insan olaraq görünәn Әliyar Müәllimin hәlim vә yumşaq üzünü dә belәcә tanımışdım.

İzmirdә – Ege Universitetindә doktora tәhsili aldığım zaman elmi rәhbәrim Prof. Yavuz Akpınar onun alimliyindәn tez-tez söz edәrdi. Ayrıca, 1970-ci illәrin әvvәllәrindәn bәri getdiyi Azәrbaycanda bir yemәkdә zәhәrlәndiyini, vәziyyәtinin çox pis olduğunu vә Әliyar Sәfәrlinin onu öz maşınında xәstәxanaya apararaq sәhәrә qәdәr başının üstündә dayandığını mәnә bir neçә dәfә danışıb. Yavuz vә Fatma Akpınarlar, Әliyar Sәfәrlinin bu yaxşılığını heç vaxt unutmayacaqlarını vә onu Yavuz Bәyin xilaskarı saydıqlarını bu gün dә deyirlәr.

Lerik rayonunun Veri-Әliabad kәndindәn olan vә Ә. Sәfәrlinin BDU Fiolologiya fakültәsindә tәlәbәsi olan tәlәbә yoldaşımız vә qazi qardaşımız Xudaverәn Rәhimovun mәnә bildirdiyinә görә Әliyar Sәfәrli dünyada nadir olan vә sadәcә Lerik dağlarında bitәn bir bitkini görmәk üçün xarici diplomat bir dostu ilә Lerikә gedib yüksәk dağlarda o bitkini axtarıb tapıbmış…

… Allah dәyәrli müәllimimiz, klassik Azәrbaycan, Türk, Fars, Tacik, Әfqan әdәbiyyatlarının mahir bilicisi, mәşhur Şәrqşünas-Türkoloq, İranı en yaxşı tanıyan diplomatımız vә böyük mәtnşünas alimimiz Әliyar Sәfәrliyә rәhmәt elәsin!

Ailəsi başda olmaqla bütün sevənlərinin, Şәrqşünaslıq vә Türkologiya camialarının başı sağ olsun!..

Nazim Muradov
Lefke Avrupa Universiteti
Fәn-Әdәbiyyat Fakültәsi
Türk Dili vә Әdәbiyyatı Bölüm Başqanı
Kuzey Kıbrıs Türk Cumhuriyeti

KÖŞƏ YAZARLARI
TOP 10