Türk xalqlarında Xızır kultu və Nizami yaradıcılığında onun yeri

200 Baxış

hizirMüsəlman-türk mifologiyasının əsas surətlərindən biri olan Xızır adı nə İslamiyyətin müqəddəs kitabı Quranda, nə də ondan öncəki səmavi kitablarda çəkilməsə də, türk xalqları arasında ən populyar, inanclarda özünəməxsus statusu olan bir müqəddəsdir. Dinşünasların fikrincə, “Kəhf” surəsinin 60-cı ayəsində Musanın iki dənizin qovuşduğu yerdə görüşmək istədiyi, 80, 81, 82-ci ayələrində isə yol yoldaşı olub ondan elm öyrəndiyi şəxs məhz Xızırdır. XII-XIII əsr mənbələrində Təbəri, Çevzi, Kurtubi kimi müəlliflər Xızırla bağlı əfsanə və rəvayətləri toplamışlar. Tədqiqatçılar onun adının Balya, künyəsinin əbu əl-Abbas, ləqəbinin əl-Xızır olduğunu yazır. Xızır sözü isə müxtəlif mənbələrdə fərqli izahını tapır. Bunların sırasında ən geniş yayılanı həmin ifadənin ərəbcə  “yaşıl”, “yaşıllıq” anlamına gəlməsidir. Belə ki, rəvayətə görə, Xızır peyğəmbərə verilən möcüzələrdən birinin ayaq atdığı, əyləşdiyi hər yerin yaşıllaşması olduğu üçün o, bu ləqəbi almışdır.

Azərbaycan folklorşünasları Xızır isminin türkcə “xız” və “ır” sözlərinin birləşməsindən yarandığını ehtimal edir. Əski türkcədə “kız”, sonralar “qız” kimi də səslənən “xız” sözü “od, istilik”, “ır” isə “ər” anlamında işlənmişdir. Xızır peyğəmbərin yazın gəlişi ilə əlaqələndirilməsi də məhz türk xalqlarının bu inancı ilə bağlıdır. (Daha dolğun məlumat üçün bax: 1, s.17)

Osman Mirzə “Adlarımız” adlı məlumat kitabında Xızır və ya Xıdır isminin türk xalqları mifologiyasında yeri haqqında danışarkən yazır: “Nizaminin Xızırı Xıdırdan fərqləndirməsi, ona başqa keyfiyyətlər verməsi, yəqin, səbəbsiz deyil. Xızır türk xalqlarının, o cümlədən azərbaycanlıların mifologiyası ilə əlaqədar addır. … Ərəblərin və türk xalqlarının Xıdır və Xızır haqqında əfsanələri tarixin hansısa qatında isə, görünür, toqquşmuş, qismən çarpazlaşmış, baş qəhrəmanın adı Xızır-İlyas, Xıdır-İlyas şəklinə düşmüş, qismən də birləşərək paralel yaşamışdır. Xıdır deyəndə bir, Xızır deyəndə isə başqa mifoloji təsəvvürlər toplusu nəzərdə tutulmuşdur. Hər halda, Xıdır adını “köməyə çatan” kimi başa düşmək lazımdır”. (2, s.217)

Müəllifin ərəb və türk təsəvvüründə eyni dini-mifoloji obrazın fərqli özəl xüsusiyyətlərə malik olması fikri ilə razılaşmaq olar, lakin bizim fikrimizcə, Xızır və Xıdırı fərqləndirmək düzgün deyil. Bu, ayrı-ayrı xalqların müxtəlif imla prinsipindən irəli gələn amildir. Hələ təkcə Azərbaycanın özündə bu obrazın adının dialektdən irəli gələn müxtəlif deyim tərzi ilə qarşılaşırıq: Xızır peyğəmbər, Xıdır Nəbi, Xıdır-zində baba və s.

Onun doğum və yaşam tarixi də mübahisəlidir. Bu müqəddəsin İbrahim peyğəmbərin zamanında Mesopotamiyada doğulduğunu ehtimal edirlər. Süleyman və Musa əleyhissəlamın, İskəndər Zülqərneynin, həzrəti Məhəmmədin (ə.s.) zamanında da yaşayan Xızır böyük ehtimalla soyu etibarı ilə Nuh oğlu Sama bağlıdır. Bəzi mənbələrdə onun Şumer əsilli olduğu haqqında da məlumat verilir.

Xızırın əbədi həyat qazanması, onun dirilik suyunu içməsi motivi Nizaminin “İskəndərnamə” poemasında da öz əksini tapır. Maraqlıdır ki, şair bu hadisəni bədii düşüncə süzgəcindən keçirərək əsərin ideya tələblərinə müvafiq olaraq məhz İskəndər dönəmində baş verdiyini göstərir. Bəzi tədqiqatçılar isə haqlı olaraq bu motivi Şumer ədəbiyyatının ən dəyərli nümunəsi olan “Bilqamıs” eposu ilə bağlayırlar. Ümumiyyətlə, Xızır Azərbaycan şifahi xalq ədəbiyyatının dastan, nağıl, inanc, məsəl kimi janrlarında tez-tez rast gəlinən mifik obrazdır. Onun qardaşı İlyasla bərabər dirilik suyundan içdiyi, birinin dənizdə, digərinin quruda dara düşənlərin imdadına yetməsinə inam min illər öncə olduğu kimi bu gün də xalq arasında yaşayır. Xalqımızın ata kitabı “Kitabi-Dədə Qorqud” dastanında “Dirsə xan oğlu Buğacın boyu”nda baş qəhrəmanın imdadına yetən, ona ölümdən qurtulmağın yolunu göstərən də, sonrakı dövr məhəbbət dastanlarından “Aşıq Qərib”də Qəribi Şahsənəmin toyunun sonuncu günü qanadlı ağ atının belinə alıb Tiflisə çatdıran da Xızır deyilmi?

Türkiyə və Tatarıstan türkləri arasında böyük təntənə ilə qeyd edilən yazın gəlişi ilə bağlı Xıdırəlləz bayaramı və Xızır günləri, Azərbaycanın Naxçıvan bölgəsində bu gün də yaşayan Xızır Nəbinin adı ilə bağlı Çillə bayramı Xızır peyğəmbər kultuna inamın xalqlarımız arasında necə güclü olduğunu sübut edir.

Tədqiqatlar göstərir ki, Orta Asiya türklərinə məxsus ən qədim dastanlarda da Xızır obrazı var. Qırğızlara məxsus “Manas”, Özbək xalqının yaratdığı “Alpamış” dastanlarında da bu mifik qəhrəman bir obraz kimi çıxış edir.

Boz atın belində, üzü yaşıl rübəndli, yoxsul dilənçi şəklində gələn Xızır peyğəmbərin folklorumuzda yeri xüsusi monoqrafik tədqiqata cəlb olunmuş, ayrıca dissertasiya işinin mövzusu olmuşdur. (Bax: 3) Bizim məqsədimiz isə Nizami irsində Xızır peyğəmbərin obrazının yaradılmasının klassik türk ədəbi mənbələri və xalq ədəbiyyatı ilə uyuşan cəhətlərini üzə çıxarmaqdır.

Nizami Gəncəvi adı gedən əsərinin lap əvvəlindəki “Əsərin yazılma səbəbi” adlı hissəsində əbədilik nişanəsi olan Xızırı yad edərək yazır:

Xızır bu süfrəndə olmuş həmsüfrən,

Yetmiş yeddi suda ağzını yu sən! (4, s.62)

Sənət meydanında əbədi həyat qazandığını bədii dillə ifadə edən şair bunu son dərəcə pak olan yetmiş yeddi sudan içərək Xızırla bir süfrədə əyləşməsi kimi qeyd edir.

Xızır peyğəmbərin obrazı Nizami yaradıcılığında təkcə yuxarıdakı misralardakı kimi, türk folkloru ənənəsinə uyğun yeri gəlmişkən xatırlanmır, eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanlarında olduğutək əsərin süjetinə daxil olan bir obraz olaraq görünür. Poemanın “İskəndərin dirilik suyu axtarması” adlı fəslində zülmətə gedərkən baş qəhrəman Xızır peyğəmbərdən ona rəhbər olmasını xahiş edir:

Dedi ki: Bu yolun hər tərəfinə

Həqiqi bir rəhbər özünsən yenə! (4, s.390)

Xızırın dirilik suyunu aşkar etməsi Nizami süjetində xalq ədəbiyyatından fərqli verilir. Folklor nümunələrindən bəlli olur ki, Xızır əlindəki quru balığı istəmədən suya salır, onu götürdükdə dirildiyini görüb, bu suyun dirilik suyu olduğunu anlayır. “Şərəfnamə”də isə Nizami bir yenilik edərək İskəndərin Xızıra verdiyi xüsusi bir gövhərin əbədi həyat çeşməsinə yaxınlaşması zamanı zülmətdə parlamasının nəticəsində aşkarladığını yazır.

Nizaminin “rumlu ravilərin” adından qələmə aldığı rəvayət xalq versiyasını xatırladır ki, burada İlyas obrazı da var:

Bu yolda İlyasla Xızır yoldaşdı,

Çeşməyə gedərkən dostlar yanaşdı.

…O bulaq başında açdılar süfrə,

Bulaq başı verir dad yeməklərə.

Süfrədə çörəkdən ətir qalxardı,

Duzlanmış qupquru bir balıq vardı.

Birisi əyildi, su içsin deyə,

Əlindən o balıq düşdü çeşməyə.

Cumdu o firuzə rəngli bulağa,

Əl atmaq istədi üzən balığa,

Tutunca gördü ki, diridir balıq,

Uğurlu bir fala sevindi artıq. (4, s.392)

Yuxarıdakı süjet ardıcıllığına oxşar motivə “Novruz bayramı ensiklopediyası”nda da rast gəlirik. Kitabda göstərilir ki, İskəndər Zülqərneynin tapşırığı ilə dirilik suyu axtarmaq üçün qaranlıq dünyaya göndərilən iki qardaş ‒ Xızır və İlyas yolda bir-birindən aralı düşür və bir müddət sonra rastlaşan qardaşlar bir çeşmənin qırağında süfrə açıb yemək çıxarırlar. Qardaşlardan biri quru balığı təmizləmək üçün suya salıb çıxardıqda dirildiyini görür. Abi-həyatı tapdığını anlayan qardaşlar sudan içib ölməzlik qazanırlar. İskəndər isə onları tapa bilməyib zülmətdə qeyb olur. (Bax: 5, s.104)

Nizaminin dövründə Xızır inancının türk xalqları arasında, eləcə də Gəncə mühitində geniş yayılması şairin “İqbalnamə” əsərindən də aydın görünür. Belə ki, ədib əsərinin “Nizaminin dedikləri” və “İskəndərin Qəndəhar bütxanəsinə çatması” bəhslərində yeri gəldikcə Xızır peyğəmbəri yada salır. O bir yerdə öz dilindən, digər yerdə baş qəhrəmanının adından yazır:

Doğrudan da, Xızır adlı o gizli səs

Qayaları çapıb göylərdə gəzir. (6, s.515)

Və ya

Bil ki, o heykəli hazırlamaqla

Məni sanki dənizin Xızırı edirlər. (6, s.569)

Misralardan da göründüyü kimi, Xızırın fövqəltəbii qüdrətinə inam folklorda olduğu kimi Nizamidən sonrakı klassik ədəbiyyatda da özünün bədii əksini tapır. Xızır obrazı bir əbədilik nümunəsi kimi artıq Yaxın Şərq ədəbiyyatında bir simvola çevrilib.

XII əsr Azərbaycan ədəbiyyatının digər parlaq siması, Nizaminin özünə ustad saydığı Xaqaninin yaradıcılığında da Xızır obrazının həm bir simvol, həm də süjet xətti daxilində bir surət kimi verildiyini görürük. Məsələn, şairin ən məşhur əsəri, Azərbaycan ədəbiyyatında ilk poema nümunəsi “Töhfətül-İraqeyn”də şair “Çayın tərifi” bəhsində belə bir beyt verir:

Burada Xızır ilə Musa yuyunar,

Hər qətrəsində yüz min kövsər var. (7, s.38)

Göründüyü kimi, şair burada yuxarıda haqqında danışdığımız, təfsirçilərin Xızır barədə danışarkən daim istinad etdiyi “Kəf” surəsinin  60-cı ayəsinə işarə edərək bu suyun müqəddəsliyini ifadə üçün bəhrələnir.

Əsərin başqa bir yerində şair özünün Xızır ilə görüşünü təsvir edir. Bu görüş məhəbbət dastanlarımızdakı kimi müqəddəslərin haqq aşiqlərinə himayədarlıq etməsi süjetini xatırladır. Şair Xızırın zahiri görkəmini də tərənnüm edir: Boynunda dörd kitab gəzdirən, bir əlində yaşıl əsa, digərində dirilik suyu ilə dolu kuzə olan bu nurani qoca şairi xalqın xahişi ilə bəlalardan hifz etmək üçün gəlib. Onun ətri Çin ətrindən də gözəldir. Burada şair Xızırın onun qəlbindəki tamahkarlığı yox etməsindən danışır:

Tamahı qəlbimdən çıxarıb atdı,

Sanki gül yanından tikan çıxartdı. (7,s. 48)

XIV əsr şairi Nəsimi yaradıcılığında dirilik suyu fəlsəfi anlamda insanın kamilləşməsinə xidmət edən bir vasitə kimi də mənalandırılır:

Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor,

Çünki idrak eyləməz hər dəni heyvan sizlərə. (8, s.216)

XVI əsrin dahisi Məhəmməd Füzulinin “Sənin” rədifli qəzəlində isə gözəlin gözəlliyinin əlçatmazlığını tərənnüm üçün İsa Məsihlə bərabər Xızır obrazından da bir poetik vasitə kimi istifadə olunur:

Can verir ləlin təmənnasında min abi-həyat,

Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin. (9, s.99)

XVII əsr Azərbaycan şairi Saib Təbrizinin də bir nəsihətamiz qəzəlinin bir beytində Xızır haqqında danışılır:

Yoldaş oldur kim, qara günlərdə yoldan çıxmasın,

Keçmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün. (10,  s. 23)

Burada “Şərəfnamə”dəki Xızır və İskəndər süjetilə bağlı məqama təlmih olunsa da, Saibin məsələyə yanaşma tərzi Nizami versiyasından fərqlənir. Paşa Kərimov “XVII əsrdə Azərbaycan-özbək ədəbi əlaqələri” adlı məqaləsində yazır: “Saibin nəzərdən keçirdiyimiz beytində İskəndərlə Xızırın dirilik suyu axtarması barədə rəvayətə işarə olunur. Xızırın dirilik suyunu tapıb İskəndəri tək qoyması əhvalatını yada salan şair deyir ki, yoldaşlar bir-birinə sədaqətli olmalıdırlar, hətta əbədiyyət suyuna görə belə, yoldan çıxmaq, yoldaşı tərk etmək olmaz”. (11, s.155) Zənnimizcə, bu qəzəlin ümumi ahənginə uyğun olaraq sədaqətin tərənnümü üçün şair tərəfindən düşünülmüş bir priyomdur. Məlumdur ki, Nizaminin versiyasında Xızır dirilik suyunu tapıb o sudan içir, yuyunur, atını suvarıb, çimdirirsə də, İskəndərin qismətində sudan içmək olmadığı üçün su yox olur. Şair yazır:

İstədi gəlincə yoldan İskəndər,

Desin: “Həyat suyu budur, qıl nəzər!”

Bir daha çeşməyə göz gəzdirərkən,

Dirilik çeşməsi yox oldu gözdən.

Dərhal bu iş oldu Xızır üçün məlum:

İskəndər o sudan qalacaq məhrum,

Qorxmadı, utandı o, İskəndərdən,

Xızır da su kimi itdi gözlərdən. (4,  s.380)

Bu isə Nizamidən sonrakı dövrlərdə də, Nizamidən öncəki vaxtlarda olduğu kimi türk xalqlarının təfəkküründə, eyni zamanda Azərbaycan poetik düşüncə tərzində Xızırla bağlı fərqli əfsanə və miflərin olduğunu göstərir.

İstifadə olunmuş ədəbiyyat:

1. Babayeva Xalidə. Azərbaycan folklorunda Xızır Nəbi (İlyas) obrazı (türk folkloru kontekstində), Bakı, 2013, Elm və təhsil, 174 səh.

2. Osman Mirzə. Adlarımız, Bakı, Azərbaycan Ensiklopediyası, 1993, 272 səh.

3. Babayeva Xalidə. Azərbaycan folklorunda Xızır Nəbi (İlyas) obrazı, filologiya elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı, Bakı, 2008, 23 səh.

4. Nizami Gəncəvi. İskəndərnamə, Şərəfnamə, Bakı, Lider, 2004, 432 səh.

5. Novruz bayramı ensiklopediyası, Bakı, Şərq-Qərb, 2008, 208 səh.

6. Nizami Gəncəvi. İskəndərnamə, filoloji tərcümə, Bakı, Elm, 1983, 650 səh.

7. Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1987, 647 səh.

8. Nəsimi İmadəddin. İraq divanı, Bakı, Yazıçı, 1987, 336 səh.

9. Füzuli. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 1992, 384 səh.

10. Hüseyni Məhəmmədəli. Saib Təbrizi (Türkcə şeirlərinin elmi-tənqidi mətni), Bakı, Elm və təhsil, 2013, 100 səh.

11. Kərimov Paşa. XVII əsrdə Azərbaycan-özbək ədəbi əlaqələri, “Azərbaycan” jurnalı, 2009-cu il, № 3, (ümumi 197 səh.) səh. 147-157.

 

Nəcəfzadə Əzizağa Bayram oğlu

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi katib

 

 

KÖŞƏ YAZARLARI
TOP 10