Ədəbi cərəyanlar

227 Baxış

elxan 25Senet.az “Ustad” jurnalının 3-cü sayında “Ədəbiyyatşünasın otağı” rubrikasında dərc olunan yazını təqdim edir.

Elxan Nəcəfov

Ədəbi cərəyanlardan bir az….

Müasir ədəbiyyatımızda xaotik bir vəziyyət hökm sürür. Yaradıcılıq məfkurəsi baxımından harda dayandığını təyin etməyən yazıçılarımız, şairlərimiz çoxdur. Hətta ədəbiyyatşünaslıq belə bu məsələni bir qədər diqqətdən kənar saxlayır. XX əsrin əvvəllərində daha çox realizm və romantizm ədəbi cərəyanları ətrafında qütbləşən ədəbiyyatımızdaindi vəziyyət necə dəyərləndirilə bilər? Hansı sənətkarın hansı fəlsəfəyə, hansı cərəyana meyilləndiyini tam aydınlaşdırmaq mümkündürmü? Bu sualları cavablandırmaq üçün ədəbicərəyanlarla bağlı bəzi məqamları xatırlamaq və xatırlatmaq yerinə düşər.

Müəyyən dövr ədəbiyyatını xarakterizə edən, həmin dövrdə yaşayıb-yaratmış bir çox yazıçıların əsərlərinə xas olan ideya, məzmun, üslub xüsusiyyətlərinin və bədii-estetik prinsiplərin məcmusuna ədəbi cərəyan deyilir. Bu prinsiplər yazıçıların əsərlərində özünəməxsus şəkillərdə təkrar olunur və müxtəlif parametrlərdə təzahür edir: həyat hadisələrinin və xarakter tiplərinin seçilməsi, onların işıqlandırılması və dəyərləndirilməsi, süjetin quruluşu, əsərlərdə istifadə olunan bədii ifadə vasitələri, dil xüsusiyyətləri və s.

Ədəbiyyatşünaslıqda bəzən ədəbi cərəyan anlayışı ədəbi məktəb, bədii metod, bədii üslub anlayışları ilə eyniləşdirilir. Ədəbi cərəyanların formalaşması və mövcudluğu qədim dövrlərə (Antik yunan ədəbiyyatı) gedib çıxsa da, kəmiyyət baxımından artması XIX-XX əsrlərə aiddir. XIX-XX əsrlərdə dünyada baş verən siyasi proseslər ədəbiyyat, həmçinin incəsənətin bir çox sahələrinin nümayəndə-lərinin dünyaya baxışını dəyişdirdi. Fərqli baxışların nümayəndələri fərqli yaradıcılıq ideyaları ətrafında birləşə bildilər. Bu birləşmələr ədəbi cərəyan halına düşərək sərhədlər aşdı və müxtəlif xalqların ədəbiyyatında təzahür etməyə başladı. Dünya ədəbiyyatında ədəbi cərəyanlar çoxdur və elə bir ədəbi cərəyan yoxdur ki, o bütün dünya xalqlarının ədəbiyyatında təzahür edə bilsin. Yəni daha geniş yayılanları və daha az yayılanları var.

          Bütün ədəbi dövrlərdə özünü göstərən cərəyanlardan biri romantizmdir. Romantizm ideal ilə maddinin vəhdətini və qarşıdurmasını inkişafın əsası kimi qəbul edən yaradıcılıq metodudur. Romantik yaradıcılıq metodunda həyat hadisələrinə yazıçının subyektiv münasibəti üstünlük təşkil edir. Romantik metodda real hadisələrdən daha çox, ideal hesab olunan hadisə, yaxud cəhətlər ön plana çəkilir. Romantizm daha çox sәnәtkarın arzu etdiyi xәyali hәyatın, xəyali surәtlәrin tәsvirinә әsaslanır. Məsələn, N.Gəncəvinin Bəhram və İsgəndər obrazları ədalətli hökmdar ideyasının daşıyıcıları kimi, şairin bədii təxəyyülünün və fantaziyasının məhsuludur. Bu obrazları N.Gəncəvi tarixdə olduğu kimi yox, özünün arzuladığı kimi təsvir etmişdir. Avropada C. Bayron, V. Hüqo, J. Sand, A. Mitskeviçin, Rusiyada isә A. Puşkin, M. Lermontov, K. Rıleyev bu ədəbi cərəyanın nümayəndələri idilər. Azərbaycan ədəbiyyatında bu cərəyanın əsas nümayəndələri M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq və s. olmuşdur.

Dünya və Azərbaycan ədəbiyyatında ən geniş yayılmış cərəyanlardan biri də realizmdir.  (lat. realis – olduğu kimi, həqiqət) Həyat hadisələrini olduğu kimi təsvir etmək realist metodun əsas tələbidir. Bu metodda ideal hadisələr yox, real hadisələr ön plana keçir. Hәyat hadisәlərini seçmәk, qiymәtlәndirmәk vә tipik hadisəlәr kimi tәqdim etmәk — sәnәtkarın hәmin hadisәlərә hansı nöqteyi-nәzәrdәn baxması ilә bağlıdır.  Tarixi inkişafla әlaqәdar olaraq realizm müxtәlif dövrlәrdә, müxtəlif xalqların ədəbiyyatında yeni-yeni keyfiyyətlər kəsb etmişdir. Maarifçi realizm әdəbiyyatda yeni әdəbi formaların, xüsusilə roman və dramın, satira janrının daha da inkişaf etmәsində mühüm rol oynadı. D. Defo “Robinzon Kruzo” әsәri ilə ingilis realist romanının bünövrәsini qoydu. Ədəbiyyatımızda realizm bir bədii yaradıcılıq metodu olaraq, XVIII əsrdən – M.P.Vaqifdən başlayır. XIX əsrin birinci yarısında Fransada tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Balzak kimi klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. XIX əsrin ortalarında ədəbiyyatımızda M.F.Axundzadənin şəxsində maarifçi realizm yaranır. Azәrbaycan ədəbiyyatında tənqidi realizm  XIX әsrdә M. F.Axundovun yaradıcılığında meydana çıxıb inkişaf etmәyә başlamış vә XX әsrin әvvәllərində C.Mәmmәdquluzadә, M.Ә.Sabir, Ә.Haqverdiyev, Ә.Nәzmi vә başqa sənәtkarların fәaliyyәti sayәsindә keyfiyyәtcә yeni – yüksək mәrhәlәyә daxil olmuşdur.Tənqidi realizm üçün ədəbiyyatın, xüsusilə nəsr və dramaturgiyanın tamam tarixilik prinsipinə keçməsi səciyyəvi idi. Zaman və məkan konkretliyi, birmənalı milli zəmində durmaq realizmin ilkin əlamətlərindən biri idi. Ona görə realizm epoxası hər xalqın ədəbiyyatında özünə xas tarixi və milli həqiqətləri əks etdirən hadisə kimi daxil olur, xalqların milli həyatının və tarixinin bədii mənzərəsi və salnaməsi kimi meydana çıxır.

XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70-80-ci illərdə başqa ölkələrdə də geniş yayılmış naturalizm cərəyanı yarandı. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında idilər. Onlar da obrazın, xüsusilə insan obrazlarının dəqiq təsvirini, müşahidə vasitəsi ilə göstərilməsini, hətta fərdlərin genetik xüsusiyyətlərini belə dəqiq qələmə almağı tələb edirdilər. Təbiət mənasına gələn natura sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi ilə müqayisə olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi. Onun ilk əlamətləri Q.Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında öz əksini tapmışdır. Naturalizm Emil Zolyanın adı ilə bağlıdır. G.Mopassan, H.Hauptman, F.Norris, A.Strindberq, H.İbsen, K.Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. Azərbaycan ədəbiyyatında naturalizm XX əsr yazıçıları N. Vəzirov, Ə. Müznib, C. Bünyadzadə olmuşdur.

          XX əsrin ortalarında Avropada ekzistensializm (lat. exsistensia – varlıq) adı ilə tanınan irrasionalist, subyektivist ədəbi-fəlsəfi cərəyan yarandı. Ekzistensializm  termini ilk dəfə Danimarka filosofu S.Kyerkeqor tərəfindən işlədilmişdir. Əsas nümayəndələri Martin Haydegger, Karl Yaspers, Alber Kamyu, Jan Pol Sartr və b. olmuşlar. Ekzistensializm əsas qəhrəman kimi ehtiraslardan parçalanan dünyanın şəxsiyyətini irəli çəkir. Ekzistensializmə görə azad insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməməli, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırmalıdır. Bununla da, azad insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, “şəraitə” görə özünə haqq qazandırmır.

Dünya ədəbiyyatında bir çox ədəbi cərəyanlar hansısa cərəyana qarşı formalaşaraq yaranıb. Belə cərəyənlardan biri absurdizmdir. Absurdizm XX əsrin 50-ci illərində ekzistensializm ideyalarının əleyhdarı kimi meydana çıxmış ədəbi cərəyandır. Elmi ədəbiyyatda “antiteatr”, “absurd dram”, “antidram” da adlanır. Absurdizmə görə insan tarix boyu həyatda bir məna axtarmağa çalışıb, ancaq ağıllı bir cavab tapmayıb. Buna görə də Absurdizm nümayəndələri rasionallığı və məntiqi inkar edən fəlsəfi-estetik mövqedə olublar. Absurdizm qabarıq ifadəsini E.İoneskonun “Daz xanəndə qadın” əsərində, S.Bekketin “Qodonun intizarında”  pyeslərində tapmışdır. Absurdizmə görə insanlar tarix boyu yaradılışda bir məna axtarmağa çalışıblar. Lakin dünya ilə bağlı ağlabatan bir cavab tapmaq mümkün olmadığı üçün iki seçim qarşısında qalıblar: “həyatın mənasız olduğu qənaəti”, “hər hansı Allaha inanmaq, hansısa dinə sitayiş etmək”. Absurdizm nümayəndələri daima intihar haqqında düşünüblər. İntiharın çıxış yolu olduğunu düşünənlərdən fərqli olaraq absurdistlər bunun əleyhinə idilər. Azərbaycan ədəbiyyatında absurdizm ədəbi cərəyanının nümayəndəsi yoxdur.

XIX əsrdə Avropada yayılmış, ədəbiyyat və incəsənətdə ideya-məzmuna deyil, zahiri formalara, gözəlliyə həddindən artıq önəm verən estetizm (yun. aisthetiko – hiss edən, həssas) fəlsəfi cərəyanı yarandı.Estetizm tərəfdarları – rəssam və yazıçılar hesab edirdilər ki, bədii əsər insana, sadəcə, estetik zövq, həzz verməli, onu hansısa mənəvi dəyərlərlə yormamalıdır. Onlar ədəbiyyatın intellektual, didaktik və tərbiyəvi əhəmiyyətini rədd edir, “sənət sənət üçündür” şüarı ilə çıxış edirdilər. Estetlərin fikrincə, təbiət və cəmiyyət incəsənətlə müqayisədə kobud və çiy materialdır; onu əsərlərdə əks etdirməyə dəyməz, ədəbiyyat və incəsənət əsərləri yalnız öz bədiiliyi, obrazlılığı ilə gözəldir.  Belə bir fikir var ki, estetizm cərəyanı yazıçı Oskar Uayld üzərində məhkəmə işindən sonra tənəzzül etməyə başladı. Belə ki, bu məhkəmədə estetlərin sevimli “Dorian Qreyin portreti”nin müəllifi O.Uayld öz cinsindən olan adamlarla seksual əlaqədə günahlandırılırdı.

Təqribən estetizm cərəyanı ilə eyni dövrdə Avropada simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) cərəyanı da yarandı. Simvolizm XIX әsrin sonu, XX әsrin әvvәlindә Fransa vә Rusiyanın zadәgan-burjua әdәbiyyatında meydana çıxan әdәbi cәrәyan idi. İfrat fәrdiyyәtçilik vә mistika tәbliği, әdәbiyyatın ictimai vәzifəlәrinin inkar edilmәsi, hәyata nifrәt hissinin vә ölümün tәrәnnümü, bәdii formada mәnasız, mәzmunsuz tәmtәraq dalınca qaçmaq cәhdlәri simvolizm üçün sәciyyәvi cәhәtlәrdәndir. Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. Simvolizm deyəndə həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövrdə aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur.

XX əsrin ilk onilliyində Rusiyada yeni estetik meyilləri əks etdirən ədəbi cərəyan yarandı. Bu cərəyan akmeizm (fr. Acmeisme.yun. akme – zirvə) adlandı.  Akmeizm poeziyası ilk növbədə individualizm, estetizm və formalizmlə xarakterizə olunur. Akmeistlər ədəbi manifestində simvolizm əleyhinə çıxsalar da, “sənət sənət üçün” nəzəriyyəsini müdafiə edirdilər. Akmeizm termini ilk dəfə M. Kuzminin “Gözəlliyə dair açıqlama” essesində işlədilmişdir. Onlar həyatın passiv, seyrçi idraki-estetik prinsiplərini müdafiə edir, köhnə cəmiyyətə tənqidi münasibətin əleyhinə çıxırdılar. Akmeizmin görkəmli nümayəndələri rus poeziyasında N.S.Qumilyov, S.M. Qorodetski, A. Axmatova, O. E. Mandelştam olub. Azərbaycan poeziyasında akmeist şeirin ilk nümunələrinə R.Rza yaradıcılığında təsadüf edilir.

Əhatə dairəsi baxımından ən geniş yayılmış cərəyanlardan biri modernizmdir.Modernizm (fr. moderne – yeni, müasir)  həm ədəbiyyatda, həm də incəsənətdə özünü ifadə edə bilmişdir. Araşdırmalara görə modernizm I Dünya müharibəsi ərəfəsində meydana gəlmiş və sonralar sosial fəallığını daha da artmışdır. Modernist yazıçı təhkiyədə dialoq və nağıl etmə yerinə psixoloji düşüncənin açılmasına üstünlük verir, şüur axınını oxucuya açmağa çalışır. Dolaşıq və kompleks izahat üsullarını istifadə edir. İşarələrə, mifologiyaya, əfsanələrə, mistisizmə və fantaziyalara  inam göstərir. Süjetdə hadisələrin açılmasında kənar ünsürlərdən köməkçi vasitə kimi istifadə edir. Hadisələrin qurulması  estetik qayğıyla və insana xas bir həqiqəti ifadə etmək üzrə tənzimlənir. Modernizm P.Elüar, B.Brext, P.Neruda, N.Hikmət, E.Heminquey, U.Folkner və Q.Qrinin yaradıcılığına ciddi təsir göstərmişdir.

Modernizm obyektlərin, varlıqların, vəziyyətlərin göründükləri kimi olmadıqları düşüncəsinə əsaslanır. Bu məqamda klassizmlə müqayisə edək. Klassik (ənənəvi) roman, xarici dünyaya, ətrafa və ictimai olana əhəmiyyət verir. Modernizm dünyabaxışı isə fərdin daxili dünyasına, ruhuna, şüuraltına əyilir.

Klassik yazıçı, daha çox xarici dünyanı, ictimai və siyasi hadisələri önə çəkir. Modernist yazıçı isə həqiqətin xarici dünyada deyil, insanın daxili dünyasında gizli olduğuna inanır və ictimai olana deyil, psixoloji olana üstünlük verir.

Klassik (ənənəvi) roman məzmuna, hadisənin danışılmasına əhəmiyyət verdiyi halda,  modernist ədəbiyyat formaya əhəmiyyət verir. Modernist roman, klassik romandan məqsədi baxımından da fərqlənir.  Burada obrazların psixoanaliz düşüncə tərzi və hadisələrin  zəif süjet şəklində təsviri  verilir. Əsərdəki nəticə isə kimin və necə qavramasından və ya qəbul etməsindən asılı olur.  Konkret dünya həqiqəti yerinə mücərrəd həqiqət meydana çıxmış olur.

Müəyyən mənada deyə bilərik ki modernizm klassizmə qarşı yarandı. Sonrakı məqamda isə modernizmə qarşı dayanan  postmodernizm meydana çıxdı. Postmodernizm XX əsrin ikinci yarısında fəlsəfədə,  incəsənətdə, ədəbiyyatda yaranmış cərəyandır. Postmodernizm hər kəs tərəfindən qəbul edilmiş milli-mənəvi (həmçinin beynəlmiləl) dəyərləri rədd edir. Postmodernizmdə həqiqət ünsüründən daha çox xəyalpərəstlik ön plandadır. Yazıçı bir birlik üzvü olmağa qarşıdır və təşkilatlanmağın əleyhinədir. O öz fərdiliyini suveren qurmaqda maraqlıdır. Zaman və məkan anlayışları klassik və modern ədəbiyyatdakı kimi konkret olmur. Klassizmdə və modernizmdə vərdiş etdiyimiz ədəbi növ və janr xüsusiyyətləri burada pozulmuş olur. Başqa dillə desək postmodernizm sabit ədəbi düsturları inkar edir, sərbəstliyə meyilli olur. Postmodernist romanlarda son ümumiyyətlə naməlumdur. Alışılmış sonluğu görmək olmur. Son (hadisələrin yekunu) oxucunun beynində bitir. Belə əsərlərdə bir mövzudan, bir dünyagörüşündən bəhs edilmir; çoxyönlü, müxtəlifdinli, fərqli mədəniyyətlər, fərqli baxış bucağı olan obrazlardan ibarət  romanlar yazılır. Postmodernizm üçün bötövlüyün inkarı, xaotikliyin, müxtəlifliyin təzahürü xarakterikdir. Alışılmış həqiqətlə mücərrəd həqiqət iç-içə verilir. Hadisələrə qarşı münasibətdə ciddilik əvəzinə lağlağı münasibət önə çıxır. Tənqid edilən məqamlar ironik bir üslubla izah edilir. Yazıçı əsərinin hər yerindədir. O sərbəstdir. İstədiyi zaman həm oxucusu ilə, həm də obrazı ilə söhbət edə bilir. Sanki gözlənilmədən müəllifin peyda olunması ədəbi priyomdur. Bütün bunlarla bərabər müəllif əsərinin içində yorucu deyil. Sadəcə oxucusunun beynində yer almağa qərarlıdır. Bir növ, oxucusunun fikirlərini hiss etdiyini uyğun bildiyi məqamda oxucusu ilə söhbətə girişir.

Posmodernist yazıçıya görə həyat oyundur. Həqiqi həyatda qarşılaşılan şəxslərlə xəyal dünyasında olan və ya nağıl qəhrəmanları əsərin içində yer ala bilir. Mətnin forma sabitliyi olmadığı üçün fərqli ədəbi növlərdən istifadə edilir.  Yəni romanın içərisində gözlənilmədən esse, anektot və s. kimi janrlardan istifadə olunur.

Ədəbiyyatın əsas ifadə vasitəsi olan söz postmodernizmdə məqsədə xidmət edir. Söz oyunundan, dilin ifadə imkanlarından tam sərbəst şəkildə istifadə olunur. İstər ədəbi dil, istərsə də məhəlli dildən istifadə baxımdan postmodernistlər özlərini sərbəst aparırlar.

Dünya ədəbiyyatında geniş yayılan və Azərbaycan ədəbiyyatına da son dövrlərdə sürətli nüfuz edən bu ədəbi cərəyan tənqidsiz ötüşməmişdir. Ədəbi tənqidçilərin əlində daha çox tənqidi vasitə yaradan səbəblərdən biri də postmodernistlərin bu sərhədsiz sərbəstliyidir.

(Davamı olacaq)