Ələsgər Məmmədoğlu ilə vida mərasiminin vaxtı dəqiqləşdi

49 Baxış

elesger125Əməkdar artist  Ələsgər Məmmədoğlu dünyasını dəyişib. Qohumlarının bildirdiyinə görə aktyorla vida mərasimi dekabrın 22-də 12:00-14:00 radələrində Süleyman Sani Axundov, 4 ünvanında (“Bolluq bazarı” ilə üzbəüz), mərhumun evində keçiriləcək.  Ələsgər Məmmədoğlu  “Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunacaq.

O, uzun müddət idi ki, xəstə idi. Aktyor bir müddət Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb.
Qeyd edək ki, Ə. Məmmədoğlu (09.02.1946) 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran -43″ (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Bölmə : Sənət xəbər