“Əlişir Nəvainin dünya ədəbiyyatında rolu: Özbək-Azərbaycan ədəbi əlaqələri” -FOTO

30 Baxış

Əlişir Nəvai simpozium3Özbəkistan Dövlət Tarix Muzeyində böyük özbək şairi Əlişir Nəvainin 575 illik yubileyinə həsr olunmuş “Əlişir Nəvainin dünya ədəbiyyatında rolu” adlı elmi simpozium keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, tədbirin təşkilatçıları Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti olub.

Elmi simpoziumda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın tanınmış ədəbiyyat və elm xadimləri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Simpoziumu giriş sözü ilə açan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sərdi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti rektoru Şavkat Şaripov Böyük özbək şairi və dövlət xadimi Əlişir Nəvainin özbək və dünya ədəbiyyatında rolu barədə danışaraq qeyd edib ki, Nəvai yalnız böyük ədəbiyyat deyil, böyük dil yaratmışdır. O, bütün Şərq xalqlarının ədəbiyyatından digər dillərin çıxarılması və ana dilində, türk dilində əvəzolunmaz əsərlər yaratmışdır. Ş.Şaripov Nizami Gəncəvinin Nəvai yaradıcılığına mühüm təsirindən söhbət açıb.

Tədbirdə məruzə ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə gedib çıxdığını, orta əsrlərdə iki xalq arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas səbəbinin isə onların eyni kökə, ənənələrə malik olmasında, Azərbaycan və cığa­tay türkcəsinin vahid mənşəyə mənsub olmasında gördüyünü qeyd edib. Samir Abbasov Nəvainin Özbək-Azərbaycan ədəbi əlaqələrində böyük rolu olduğunu, Azərbaycan ədəbiyyatına xüsusi rəğbət göstərdiyini, Nizamini öz ustadı, ilhamvericisi hesab etdiyini və ona əsərlər həsr etdiyini bildirib. Nəvainin özündən sonra gələn Azərbaycan şairləri – Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına təsir etdiyini vurğulayıb.

Simpoziumda çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova və Nəvaişünas alim, araşdırmaçı Feyzulla Nəbiyev Nəvainin dünya xalqları, o cümlədən Azərbaycan ədəbiyyatı ilə bağlılığı, yaratdığı Xəmsə əsərləri barədə məruzə ilə çıxış ediblər və onun əsərlərinin, kəlamlarının gənc nəslin tərbiyəsində rolu barədə məruzə ediblər.

Tədbirin bədii hissəsində Özbəkistan Dövlət Akademik Teatrının Əlişir Nəvaiyə həsr etdiyi səhnəcik nümayiş olunub. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrinin hazırladığı bədii kompozisiya təqdim olunub. Nəvainin bir sıra əsərlərindən şeirlər səsləndirilib. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının tələbəsi Arzu Mirqasımova Nəvainin Azərbaycan dilində tərcümə olunmuş şeirlərini oxuyub.

Muğam ustası, dosent Davron Kadırov Özbək məqam sənətinə dair musiqilər ifa edib.