Əməkdar artist mükafatlandırıldı

53 Baxış

emirbeyovaƏməkdar artist Rita Əmirbəyova 60 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. 
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olan Rita Əmirbəyova ömrünün 40 ilini səhnəyə, sənətə həsr edib. O, 1955-ci ildə Bakıda anadan olub. M.Əliyev adına İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) dram və kino aktyorluğu fakültəsini bitirib. 1978-ci ildən Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində xarakterik qadın rollarının ifaçısı kimi tanınıb.

Aktrisanın yaradıcılıq bioqrafiyasında Aysidora Dunkan (“Aysidora Dunkan”, Z.Saqalov), Emi Qosuil (“Dördüncü Kin”, Q.Qorin), Təhminə (“Təhminə və Zaur”, Anar), Ametistova (“Əvvəlcədən ödəmə”, N.Ptuşkina), Tereza (“Azaliya”, İ.Jamiak), Meqqi (“Şərəfləndirmə”, B.Sleyd), Oluen Piil (“Səmimi, kiçicik məclis”, D.Pristli) və Qadın (“Qatil”, Elçin) obrazları xüsusi yer tutur.

Rita Əmirbəyova həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Təxribat” (1990), “Əgər bir yerdəyiksə” (1975), “Ovsunçu” (2003) kinofilmlərində də çəkilib.

Teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini ustalıqla nümayiş etdirən aktrisa 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Bölmə : Sənət xəbər