Əmir Teymurun arzularının sarayı

37 Baxış

Ağ saray 5Özbəkistanın Şəhrisabz şəhərində Əmir Teymurun bu günədək qorunub saxlanan yeganə möhtəşəm iqamətgahı Ağ-saray  YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir. Senet.az XIV- XV əsrlərdə tikilən bu memarlıq nümunəsi haqqında məlumat verir.

Tarixdən məlumdur ki, Teymurun ilk sarayları- Kuksaray və Buston saray imperiyanın paytaxtı Səmərqənddə inşa edilib. Teymur çox nadir hallarda bu saraylarda qalardı, şəhər ətrafında inşa edilən saraylara üstünlük verərdi. O, doğma şəhəri Keşdə (indiki Şəhrisabz) daha böyük saray tikdirməyi arzu edirdi. İqamətgahın tikintisinə 1380-ci ildən başlanılıb və tikinti işləri 24 il davam edib. Saray memar Məhəmməd Yusif Təbrizi tərəfindən inşa edilib. Bunu, tikilinin mərkəzi hissəsində qalan imza da sübut edir. İqamətgahın bir neçə müxtəlif təyinatlı həyət sahəsində yaşayış evləri və ictimai təyinatlı otaqlar var idi. Otaqlar qızılı rənglə rənglənmiş, fasadları rəngli kirəmitlə örtülmüşdü, həyətlərə isə ağ plitələr döşənmişdi.

Sarayın əsas möcüzələrindən biri də damında xüsusi fəvvarəli hovuzun olması idi. Hovuza su dağ keçidi Taxtakaraçadan qurğuşun novlar vasitəsilə gəlirdi. Ağ-sarayın çökən əsas giriş portalı Mərkəzi Asiyada dövrünün ən hündür tikilisi hesab olunurdu. Sarayın hündürlüyü 56 metr, qüllələrin hündürlüyü isə 72 metr təşkil edirdi. Tikilinin rəngarəng stili, tünd və parlaq mavi çalarlı mozaikaları, rəngləri abidəyə xüsusi görünüş verir. Burada Qurandan kalliqrafik yazılar olan dəbdəbəli yarpavari ornamentlər də diqqət çəkir.

1570-ci ildə Buxara əmiri II Abdulla xan əvvəlki hökmdarın sarayını dağıtmaq istəyib. Lakin xoşbəxtlikdən möhtəşəm tikilinin bir hissəsi dövrümüzədək gəlib çatıb.