SENET.AZ

“Ənənələr və müasirlik” X Təsviri İncəsənət Festivalında Azərbaycan da təmsil olunub

10 Baxış

Moskvanın “Manej” mərkəzi sərgi zalında Beynəlxalq “Ənənələr və müasirlik” X Təsviri İncəsənət Festivalı baş tutub.

Festivalın yubiley sərgisində dünyanın müxtəlif ölkələrindən olan 350 rəssamın işləri təqdim edilib. Buro 247-nin məlumatına görə, “Ənənələr və müasirlik” sərgisində ölkəmiz geniş heyətlə təmsil olunub. SSRİ xalq rəssamı Tahir Salahov, əməkdar rəssam Sakit Məmmədovla yanaşı, gənc rəssam Deləfruz Bağırovanın da əsərləri sərgidə yer alıb və tamaşaçıların marağına səbəb olub. Sərgidə onun batika texnikasında olan işləri təqdim edilib. D. Bağırovanın “Mənim Azərbaycanım” triptixi xüsusi olaraq qeyd olunub. Burada gənc rəssam köhnə Bakının ruhu və koloritini müasir dövrün urbanistik novasiyaları ilə birgə ötürə bilib. Deləfruz Bağırovanın işləri Moskva müasir incəsənətin inkişafı və mədəniyyəti İctimai Fondu tərəfindən yüksək qiymət alıb.

Qeyd edək ki, 2007-ci ildən etibarən keçirilən ”Ənənələr və müasirlik” festivalı dünyanın müxtəlif ölkələrindən rəssamları bir araya gətirir, gənc istedadlara tanınmış pedaqoqlar və mədəniyyət xadimləri ilə təcrübə mübadiləsi etmək imkanı verir. Festival çərçivəsində təsviri incəsənət sahəsində yaradıcılıq, sevgi və uğura inamı simvolizə edən bürünc heykəlcik – beynəlxalq “VERA” mükafatı təqdim ediləcək. Mükafat rəssamlıq, qrafika, tətbiqi incəsənət, fotoqrafiya, heykəltəraşlıq, installyasiya və muzey işi üzrə qaliblərə veriləcək.