“Ən böyük günah”

51 Baxış

Xələf Azəri
Xələf Azəri

Arzular..

 

Bu dünyada nə var ki?

Boş ümidlər, arzular.

İnsan bir ömür boyu,

Hey arzular! arzular!

,, Gecələri ümidsiz,

Gündüzləri birtəhər.

Hər şeyi qəm-kədərsiz,

Arzular axşam-səhər.

İmkanlar tükənsə də,

Arzuların sonu yox.

Gözün açan körpə də,

Onu istər, bunu yox.

İstədiyin alsa da,

Özünə gəlməz insan.

Bəzən nə istədiyin,

Özü də bilməz insan.

Arzular sığallı tel,

Ümidlər ona daraq.

İnsan bu cür yaşayır,

Özünü aldadaraq.

 

 “Ən böyük günah”

 

Gün yeni başlayır, ömür köhnədi,

Dəyirman daşıtək dolanır insan.

Bəzən səma kimi olur al-əlvan.

Bəzən buludlartək bulanır insan.

 

Gör neçə qəlb gəzir günah içində,

Tövbələr, dualar kar edə bilmir.

Bir anın şaxtasın, bir günün buzun,

Min ilin günəşi əridə bilmir.

 

Bu nə səhv nizamdı, bu nə cür yazı,

Hər duyğu , hər gülüş, hər həvəs günah,

Bir insan ömrünün yaşamı, anı,

Aldığı ən quru bir nəfəs günah.

 

Hərənin önündə bircə yol durur,

Bilirəm, yolunu azmaq düz olmaz.

Fəqət hər addımda, adi bir səhvi,

Böyüdüb günaha yazmaq düz olmaz.

 

Üz tutum, yol tapım gedim, hayana?

Hər tərəf önümdə, quru bir dağdır,

Belə alınır ki, ən böyük günah,

Ən kiçik bir səhvi bağışlamaqdır.

 

“Dünya boyda dərd olmusan üzərimdə”

 

Gecənin sonundan bəri,

gözlərinin həbsindəyəm…

Burax məni, burax gedim.

Bir alıcı şahin kimi,

Leşə qonan quzğun kimi,

Ürəyimi eləmisən parça-parça,

Didim-didim.

Saçlarının qara teli,

Sarılıbdı qollarıma zəncir təki,

Dünya boyda yük olmusan üzərimdə,

Bu nə hesab? bu nə çəki?

Çıxım? Çıxa da bilmirəm,

Açım? Aça da bilmirəm.

Yollarımda daş olmusan,

Səndən qaça da bilmirəm.

Bir az səbr, bir az duyğu,

Azca gözdə yaş qalaydı.

Bu kilidi sındırmağa.

Bu zənciri yandırmağa.

Bu daşları üzərimdən qaldırmağa,

Məni mənə qaytarmağa,

Səndə İnsaf???!!!! Kaş qalaydı!!!

 

Qorxuram

 

Ömür yollarını etmişəm yarı,

Mənzilimə gec olmaqdan qorxuram.

Əldən düşüb, ruhdan düşüb, yorulub,

Özgələrə yük olmaqdan qorxuram.

 

Söz yarası qəlbə dağmış sən demə,

Yaş artdıqca yara sağmış, sən demə,

Ucalmaq da qocalıqmış sən demə.

Zirvələrə ucalmaqdan qorxuram.

 

Bir daş məzar yerim ola hədiyyəm,

Axirətdə zülüm ola hədiyyəm,

Bu gənc yaşda ölüm ola hədiyyəm,

Ölə-ölə qocalmaqdan qorxuram.

 

Gəl səni unudum bir az.

 

Xəyalımdan uzağa dur,

Qoy səngisin odum bir az.

Məni də Allah yaradıb.

Xoşbəxtliyi dadım bir az.

 

Dilləndirib sarı simi,

Ağlar qoyub zili, bəmi.

Heç bir şey olmamış kimi.

Olanları udum bir az.

 

Tək suallıq çözüm üçün,

Bircə misqal dözüm üçün,

Darıxmışam özüm üçün,

Gəl səni unudum bir az.

 

Allah

 

Adamlar canımı sıxıb,

Sənə üz tutmuşam, Allah.

Səndən başqa kimim var ki?*

Hamını atmışam, Allah.

 

Milyon yolu haqlamışam,

Oda, suya baxmamışam.

Nə gündüz diz qatlamışam,

Nə gecə yatmışam, Allah.

 

Ey yaradan göyü, yeri!

Dilimin sözü, əzbəri!

İzn ver keçim içəri,

Qapına çatmışam, Allah.

 

Vətən

 

Sən nə yaxşı vətənsən,

Hamı səndən razıdı.

Elə bil, toz küləkdən,

Yağış gündən razıdı.

Qoynun cənnət guşəsi,

Dağlarında buludlar.

Sən günəşin nəşəsi,

Səndə sevinc, dincilk var.

Hamı səndə yaşayıb,

Ömür sürmək istəyir.

Gələn getmək istəmir,

Gedən gəlmək istəyir.

Bir az dərddən, kədərdən,

Millətin toxdu vətən.

Verənin yoxdusa da,

Alanın çoxdu vətən.

Dünyanın yaxşısıtək,

Pisi də sevir səni.

Allahın ingilisi,

Rusu da, sevir səni.

Qara gözlü, qara qızın,

Ağ günlərə atdı səni.

Qara bığlı oğlanların,

Bir arada satdı səni.

Qoynuna aldıqların,

Qoynundan köçdü sənin.

Arxasında durduqların,

Arxana keçdi sənin.

Sən nə yaxşı vətənsən,

Səndən keçmək olarmı?

Sən nə yaxşı vətənsən,

Səndən köçmək olarmı?

Sən bizlərdən min kərə,

Atıldın, bağışladın.

Sən bizim əlimizlə

Satıldın, bağışladın.

Səndən bir an keçmərəm,

Sənin keçmədiyintək.

Səndə bütöv qalaram

Sən yaxşılı, yamanlı

Bizi seçmədiyintək.

Səndən bir an keçmərəm,

Allahdan bəndəyətək,

Dünyama and içirəm.

Beşiyimin başında,

Anamın söylədiyi,

Laylama and içirəm.

O layla mənə Səni, sevməyi, öyrədibdi,

O laylanın səsləri, qulağımdan getməyib.

O layla inan mənə, çox şeyi öyrədibdi,

Təkcə səndən keçməyin, yolunu öyrətməyib.

 

 “Yəqin ki, yuxuna yolum səhv düşüb”

 

Deyirsən yuxuma qonaq gəlmişdin,

Birtəhər yuxunu yozmuşam, gülüm.

Ya sən yatmamısan, yuxu görəsən,

Ya da mən yolumu azmışam, gülüm.

 

İllərcə birlikdə olduq, yaxşı-pis,

Nə səni yuxumda görməmişəm mən.

Nə də ki, bir axşam qonağı kimi,

Heç zaman yuxuna girməmişəm mən.

 

İndi hardan girdim yuxuna sənin?

Aradan nə qədər illər ötüşüb?

Bağışla bir olub, bir də ki olmaz,

Yəqin ki yuxuna yolum səhv düsüb.

 

“Dərdli qoca”

 

Soyuq hava, doğma məkan, yad kişi,

Bu mənanı axı necə biləsən?

Yeriyəsən, oturasan yanında,

Gözlərindən axan yaşı siləsən.

 

Gün batmadan, göylər qara bağlamaz,

Soyuq qəlbi dost yarası dağlamaz,

Atam, babam! Axı kişi ağlamaz,

Onda necə bu yazığa güləsən?

 

Hiss edirsən dərd bükübdü belini,

Əzab, zəhmət, qabar edib əlini.

Fürsət ola, bu dünyanın zərini,

İlk oyunda, atıb ona verəsən.

 

Yağış yağır, hava yenə xoş deyil,

Faydası yox istər ağla, istər gül.

Əllərində iki solğun qərənfil,

Bu qocanın dərdi nədi görəsən?