Əyalət oxucusu ilə paytaxt oxucusunun fərqi

244 Baxış

Elnarə SoltanovaSənət.az “Məşhur oxucu” layihəsində növbəti müsahibəsini təqdim edir. Müsahibimiz Şamaxı Astrofizika Rəsədxanasının Elmi kitabxanasında çalışan Elnarə Soltanovadır. Elnarə Soltanova bir kitabxanaçı kimi kitab oxumağa həvəslidir. Lakin o, paytaxta nisbətən rayonlarımızda ədəbiyyat yeniliklərindən xəbər tutmağın çətinlikləri ilə üzləşir. Müsahibimiz kitaba marağın azalmasının səbəbləri sırasında yazarları da günahlandırır: “…Səbəblər çoxdur…. olduqca bəsit, ucuz mövzulara əl atmaları, plagiat edərək üstəlik buna haqq qazandırmaları, yazdıqlarında mental dəyərləri dağıtmaq istəyərək, ortaya daha da dəyərsiz bir iş qoymaları, az qala, şairin, yazıçının mütləq içki içməli olduğunu əsərlərində təbliğ eləmələri və s. …”

Şamaxı rəsədxanasından baxanda ədəbiyyat kainatımızı necə görürsünüz?

- Şamaxı rəsədxanasından baxanda ədəbiyyat kainatı daha uzaq görünür, nəinki, bizim Qalaktika. Əyalət-şəhər fərqi dərhal özünü nəzərə çarpdırır. Təsəvvür edin ki, dünyadakı ən son elmi xəbərləri izləyən əməkdaşlarımızın çoxu ədəbiyyatdakı yeniliklərdən bixəbərdi. Düzdü, oxumaq istəməyən adama haqq qazandırmaq olmaz, amma bütün kitablarla əlaqəli tədbirlərin, təqdimatların, endirim aksiyalarının, fləşmobların Bakıda keçirilməsi də əyalətlərdəki oxucu sayına ciddi təsir göstərir. Müasir yazarların əksəriyyətinin bir iradı var, kitab oxumurlar. O adamlara burdan səslənirəm: siz nə zaman özünüzü paytaxtdan kənarda tanıtdırdınız ki, oxucudan da narazılıq edirsiniz? Nə zaman əyalətlərdə bir təqdimat keçirdiniz ki, sonra da oxucu bütün çətinliklərə rəğmən Sizi izləyib növbəti kitablarınızı həvəslə gözləsin? Yaxud, hansı biriniz 5-10 manatından keçib ucqar kitabxanalara hər kitabından bir nüsxə hədiyyə etdi? Gənclər günündə Bilik Fondunun təşəbbüsü ilə tədbir keçirərək ağır iş rejimində çalışanlara kitab paylamışdılar. Yazar dostlarımızdan birinin statusunda mən onları belə tədbirlərdə əyalətdəkiləri də unutmamağa çağırdım. Cavab nə oldu, bilirsinizmi? Məni Bilik Fonduna dəvət etdilər. Yəni, adamlar hər işin rahatından yapışır, heç kim özünü çətinə salmaq istəmir. Haqsızlıq etmək istəməzdim, Qan Turalı kimi diqqətli yazar da var ki, oxucunun marağını görüb kitabını çatdırır. Yeri gəlmişkən, onu da deyim ki, yerli ədəbiyyatla qətiyyən maraqlanmayan insanlara da onun kitabını oxutdurmağa müvəffəq olmuşam. Həmçinin, bu suallara cavab verən zaman Rasim Qaracanın vasitəçiliyi ilə Seymur Baycandan da kitab hədiyyəsi aldım. Hədiyyə almağı hər kəs sevir, amma paytaxtdan uzaq bir əyalət sakini üçün kitab hədiyyəsi almağın sevincini heç nə ilə müqayisə etmək olmaz.

Sizcə, milli ədəbiyyatımızın duzu çoxdur, yoxsa istiotu, bəlkə…

-Belə deyək, milli ədəbiyyatımızın duzu da, istiotu da yerindədir. Xüsusən, son oxuduğum əsərdən sonra bunu əminliklə deyə bilirəm. Sadəcə, tərcümə edib dünyaya tanıtdırmaq lazımdır yazıçılarımızı. İstər klassiklərdən, istər də müasirlərdən. Necə ki, xarici yazıçıları tərcümə edib bizə tanıdırlar, onları da eləcə təbliğ etmək lazımdır. Hərçənd, bu sahədə də böyük problemlər var, amma olsun, zamanla yoluna düşəcəyindən əminəm. Bununla bərabər, inanmıram ki, nə zamansa “İdeal”ı xarici oxuculara tanıda bilək. Səbəbi də oxuyanlara məlumdu. Amma əgər söhbət bu gündən gedirsə, birinci növbədə yazıçılarımıza şərait yaratmaq, onların sosial problemlərini həll etmək lazımdır ki, sonra onları tənqid etməyə də haqqımız olsun. Qayğı göstərmək gərəkdir ki, kitabları çap olunsun, onlar da yaradıcılıqlarını gündəlik köşə yazılarında çürütməsinlər.

Yazıçılar birliyindən kənarda gedən ədəbi prosesə münasibətiniz necədir?

- Lap əla. Ümumiyyətlə yazıçı deyərkən yalnız AYB-dəkiləri düşünmək, insafsızlıq, hətta savadsızlıqdır, deyərdim. Həm o birlikdə, həm də ondan kənarda yaxşı yazıçılarımız var. Amma müasir zamandan danışırıqsa, etiraf etmək gərəkdir ki, AYB-dən kənarda daha güclü, daha sərbəst ədəbiyyat yaranır. Bu ədəbiyyatın gələcəyi daha parlaq görünür. Məsələn, Şərif Ağayarı misal kimi göstərə bilərəm.

Özlərini novator adlandıranlarla ənənəçiləri fərqləndirən əsas amil nədir sizcə?

- Ən böyük fərq zaman fərqidir, heç şübhəsiz. 40 il bundan əvvəl novator kimi qəbul edilən birinə indi münasibət təbii ki, fərqli olacaq. Necə ki, bu gün novator olaraq qəbul edilən bir yazıçının ortaya qoyduğu iş cəmi bir qərinə sonra klassika kimi qəbul ediləcək.

 Milli ədəbiyyatımızdan kimləri oxuyur, kimləri izləyirsiniz?

- Əgər 10 gün əvvəl bu sualı versəydiniz, konkret ad söyləməkdə çətinlik çəkərdim. Xarici ədəbiyyatla bərabər mümkün qədər milli ədəbiyyatı da oxumağa çalışıram. Elə əsərlər var ki, onları oxumağa çox gecikmişəm, amma bu mənim günahım üzündən olmayıb. Düzdü, bir az çətin olur, amma yenə də balansı qorumağa cəhd edirəm. İsmayıl Şıxlı, Əlisa Nicat, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Anar, İlyas Əfəndiyev, İsa Muğanna, Əlibala Hacızadə, Vaqif Səmədoğlu həvəslə oxuduğum yazarlardandı. Amma Çingiz Hüseynovun “Fətəli fəthi” romanını oxuyandan sonra indiyə kimi oxuduğum bütün milli ədəbiyyat nümunələri (istər müasir, istər klassik) ikinci yerə keçdi. Adam əsər yazmayıb, əməlli-başlı tarix yaradıb. Mirzə Fətəli Axundzadənin həyatından bəhs edən bu əsər eyni zamanda həmin dövrdə baş vermiş tarixi hadisələri, o dövrün Qafqazını da gözəl işıqlandırır. Xüsusən, Gülüstan, Türkmənçay müqavilələrindən bəhs edən bölmələri həyəcansız oxumaq mümkün deyil. Qısası, milli ədəbiyyatı sevən hər kəs mütləq oxumalıdır bu əsəri.

Yəqin ki Zaur Xuduyevin müsahibəsini oxudunuz? Sizcə, suallara siyasi cavab verib deyə bilərikmi?

- Oxudum, həm də böyük məmnuniyyətlə. Bazası olan oxucunun fikirlərini oxumaq həmişə xoşdur. Amma onun kimi mən də bəzi suallardan qaçmağa üstünlük verirəm.

Bəs siz hansı yazıçılarımızı və niyə bəyənmirsiniz? Söhbət əlbəttə ki, çağdaş ədəbiyyatdan gedir.  

- Bəyənmədiklərim var, üzlərinə də demişəm zamanında, amma burda konkret ad çəkməyəcəm. Səbəblər çoxdu. Məsələn, biri cızma-qara eləyib atıb sayta, oxuyub deyirəm ki, bu çox zəif hekayədi, cavabı bu olur ki, mən 2000 kitab oxumuşam. Kitabsevər dostumuz Tariyel Əliyevin diliylə desək, bu adamlar sadəcə yeriyən kitab rəfidirlər. Başqa səbəblər də var, olduqca bəsit, ucuz mövzulara əl atmaları, plagiat edərək üstəlik buna haqq qazandırmaları, yazdıqlarında mental dəyərləri dağıtmaq istəyərək, ortaya daha da dəyərsiz bir iş qoymaları, az qala, şairin, yazıçının mütləq içki içməli olduğunu əsərlərində təbliğ eləmələri və s. Bir də fikir vermişəm, əksəriyyəti özünü ateist elan edir. Əslində isə başa düşmürlər ki, sənin inancının yaradıcılığına heç bir dəxli yoxdur və oxucunu da inanclı-inancsız olman yox, yazdıqlarının mahiyyəti maraqlandırır.

Daha çox hansı janrlarda əsərlər oxuyursunuz? Bir-iki nümunə deyə bilərsinizmi?

- Şeir də oxuyuram, roman da, hekayə də, publisistik məqalə də. Sonuncuya həvəsim Facebook-da qeydiyyatdan keçəndən sonra başlayıb. Digər janrları da həvəslə oxuyuram, amma tarixi romanlar son dövrlər mənə daha maraqlı gəlir. Cabbarlının, Axundzadənin əsərlərini bu gün də sevə-sevə oxuyuram. Təəssüf ki, indi bu sahədə ciddi boşluq var. Müsabiqələr də keçirilir, xeyli əsər də təqdim olunur, amma nəsə olduqca süni təsir bağışlayır. Roman, hekəyə janrından fərqli olaraq, bu janrda boşluq var. Təbii ki, mənə görə, yenə deyirəm, dövrün nəbzini tutan pyeslər yazılsa belə biz bundan çox gec xəbər tuturuq.

Siz bir xanım olaraq, Azərbaycan xanım yazıçılarını, şairlərini necə dəyərləndirirsiniz?

- Hərəsinin öz yeri var. Silib atılmalı olanları tarix özü göməcək, yəni, bu gün bəyənməsək belə, bizim deməyimizlə olmayacaq bu işlər. Yaradıcılıqlarıyla sevilən yazarlar dəyərlərini qorusunlar, tək istəyi budur oxucunun. Bir-birindən gözəl əsərlər yaradıb sonra öz yazdıqlarını oxucunun nəzərindən salmasınlar. Başa düşürük biz də, çox çətindi, ehtiyac hətta dahilərə də diz çökdürüb – deyirlər. Amma bizim tariximizdə Almas İldırım, Əhməd Cavad, Hüseyn Cavid kimi nümunələrimiz var axı. Yaxşı yemək, təmirli mənzil xətrinə mövqe dəyişmək, gündə bir əqidəyə qulluq etmək yazıçının adına istər-istəməz kölgə salır.

Son beş ildə çap olunan hansı əsərləri oxuculara tövsiyə edərdiniz?

- Tövsiyyə edəcək qədər güclü oxucu saymıram özümü. Hələ-hələ söhbət son beşillikdən gedirsə. Təsəvvür edin ki, hekayələrini, məqalələrini bəyəndiyimiz yazar dostumuzun kitabı çap olunur, biz onu əldə edənə kimi daha bir neçə yazar təqdimat keçirir. Bu cəhətdən əyalət oxucusu şəhər oxusuna mütləq və mütləq uduzur. Ən pisi də budur ki, bölgələrdə kitab mağazalarının olmaması bir yana qalsın, iri marketlərdə də tanınmış nəşriyyatlardan heç biri kitablarını yerləşdirməyə cəhd göstərmir. İlk növbədə, oxumaq və tanıtdırmaq istədiyim yazıçı və şairlərimizə səslənirəm: Nəriman Əbdülrəhmanlı, Şərif Ağayar, Rasim Qaraca, Seymur Baycan, Mirmehdi Ağaoğlu, Qan Turalı, Qismət, Aqşin Yenisey… bizə tanıtdırın özünüzü. Bizim də sizi oxumağa haqqımız var. Bəyəndiyim əsərlərə gəlincə, bunların sırasında Şərif Ağayarın, Qan Turalının hekayələri var. Xüsusən romanlarını oxumağı çox arzu etdiyim Şərif bəyin “Babaş”, “Qonşu”, “Cəfər əmimin yolları”, “Şəkil” hekayələri kifayət qədər güclü, eyni zamanda da çox kövrək əsərlərdi. Ədəbi hadisə də adlandırmaq olar bu kiçikhəcmli əsərləri. Bir dostumuzun dediyi kimi, niskil var bu hekayələrdə, elə içdən yazılıb ki, oxucu da bu niskili yaxından duyur. Qan Turalının “Doqquz hekayə”sinə daxil olan əsərlər içərisində “Şaxta babanın qətli” hekayəsi və “Füzulunun qayıdışı” pyesi xoşuma gəldi. Əli Əkbərin “Gilə” povestini çox bəyəndim. Xüsusən, xarici dilə tərcümə olunması sevindirici xəbər oldu, təki həmişə ədəbiyyatımız qazansın. İlqar Kamilin “Ayrılıq mütləqdir” romanını çox bəyənmişəm. Əsərin içindəki şeirlərin bir başqa özünəməxsusluğu var. Əlisa Nicatın “Ehram” romanı yaxşı əsərdi. Şəmil Sadiqin “OdƏrlər” romanı xoşuma gəlib, ardını gözləyirik. Məhz bu romandan sonra “İdeal” əsərini oxumuşdum. Sayman Aruzun “Yüz il inqilab” əsərini xeyli adama oxutdurmağa müvəffəq olmuşam. Kiçikhəcmli olsa da güclü bir əsərdi mənə görə. Dilqəm Əhməd yaradıcılığını izlədiyim yazarlardandı. İlk kitabı Zaur Xudiyev tərəfindən mənə hədiyyə olunandan sonra bütün kitablarını oxumuşam, “Tək dahi” məqalələr toplusunu və sonuncu – cümhuriyyət tariximizdən bəhs edən “Fərqlilər” kitabını çox bəyəndim. Yalçın İslamzadənin “Göydən yerə” kitabı da çox sevdiyim, içindəki bəzi məqalələri dəfələrlə oxuduğum kitablardandı. Oxumayanlar məncə çox şey itirib. Bundan başqa Seymur Baycanın məqalələrini, Aqşin Yeniseyin, Qismətin şeirlərini böyük həvəslə oxuyuram. Xanım şairlərimizdən Günel Treunun, Fəridə Məmmədovanın, Elnaz Eyvazın şeirlərinı oxumağa dəyər. Zaman su kimi axdıqca yeni ədəbiyyat da yaranır və bütün çətinliklərə rəğmən dirəniş göstərib yaranmaqda davam edəcək. Qalır oxumaq və oxutdurmaq…