Əyyubun səbri

26 Baxış

Cəlil CavanşirSenet.azUstad” jurnalının ilk sayında dərc edilən hekayələrdən birini təqdim edir.

MİF VƏ SÖZ

Cəlil Cavanşir

Əyyubun səbri

Qatarın sonuncu dəfə fit verib nəriltiylə yerindən tərpəndiyi beş saat olmuşdu. Vaqondakı səfər yoldaşlarımın bəziləri xorhaxor yatsa da, bəziləri hələ oyaq olduğunu bəlli etmək üçün narazı şəkildə fısıldayıb, yerində sağa-sola çevrilirdilər. Bütün yolboyu gözümü qırpmamışdım, Əyyub kişini düşünmüşdüm. Dilindən dua tükənməyən, mətanətli baxışlarından şükranlıq oxunan, imanına şübhəni yaxın qoymayan bu adamın baxışları gözlərimin qabağından getmirdi. Səhər qatardan düşüb, qəfil yol qəzasında dünyadan köçən dostum Süleymanın dəfninə getmək üçün taksiyə əyləşdim. Süleymangilin evinə çatanda bütün tanışlar, yaxın və uzaq qohumlar artıq toplanmışdı. Çox ağır faciəydi. Əslində, Süleymangilin ailəsinin başına gələnləri izah etmək üçün faciə sözü çox aciz qalar. Bir ilin içində Əyyüb kişinin qapısından 12 cənazə qalxmışdı! Təsəvvür edirsiniz? 12! Mərhum Süleymanın iki qardaşı Rusiyada ailəsi ilə birlikdə qətlə yetirilmiş, bu xəbəri eşidən bacısı və anası təyyarə hava limanına enməmiş infarkt keçirmişdi. Süleyman isə qardaşlarının, anasının və bacısının qəbirlərini ziyarət edib geri qayıdanda yolda sükan arxasında yuxuya getmiş, idarə elədiyi avtomobil yük maşınının altına girmişdi. İnanmayacaqsınız, amma yük maşınının sürücüsü də bacısının böyük oğlu Yusif imiş. İki cənazə birdən gəlmişdi Əyyub kişinin qapısına… İndi də ehtişamlı evinin darvazasına on dörd qara lent bağlanmışdı. Bağ-bağatlı, meyvə ağaclarının bir-birinə boy vermədiyi geniş həyətə hüzn və kədər hakim idi.  Əyyub kişinin illər əvvəl tikdirdiyi, bütün ailənin xoş və firavan günlər keçirdiyi olduqca dəbdəbəli, üç mərtəbəli möhtəşəm evin darvazasının önündə bir anlıq ayaq saxladım. İçində daimi yaşayış olan, xoşbəxt insanların məskunlaşdığı, qonaq-qaralı evlərdən biriydi. Heç vaxt dəyişməyən, heç vaxt qonaq-qarasız qalmayan bu evin indiki görkəmi isə insanı xoflandırırdı. Bütün otaqları mebellə bəzədilib. Bu əşyalar illərdir yerindən tərpənmədən evin özünəməxsus ruhunu qoruyurdu. Rəngi solmuş, xarab olmuş əşyalar əsla evdən çıxarılmaz, atılmazdı. İllər boyu burada yalnız yeni doğulan uşaqlar üçün alınan uşaq çarpayılarına yer hazırlanardı. Həmişə səs-küylü, qonaq-qaralı ev indi sükut içində idi. Həyətdə qonşular ehsan qazanlarının altını qalayır, samovarlara od salır, yas çadırının stol-stulunu daşıyırdılar. Əyyub kişi bir tərəfdə səssiz-sədasız dayanıb aramla, səbirlə təsbeh çəkirdi. Sinəsinə qədər uzanmış ağappaq saqqalından üzünə qəribə bir işıq yayılırdı. Üzündə illər əvvəl Süleymanın toyunda gördüyüm o sakit və şükranlıq dolu ifadə vardı. Yaxınlaşıb görüşdüm. Kədərli gözlərinə baxıb özümü saxlaya bilmədim. Boynuna sarıldım. Göz yaşı məni boğdu.

– Başın sağ olsun Əyyub əmi! Süleyman hamımızın belini qırdı…

– Başımız sağ olsun, oğul! Şükür Allahın kəramətinə! Kəramətindən və lütfündən sual olunmaz, rəbbim bilir nə etdiyni…Verən də odur, alan da…

***

Günorta dəfndən qayıdanda Əyyub kişinin üzünə baxdım. Eyni səbir və təmkinlə təsbeh çəkirdi. Köhnə tanışlarla, dostlarla yas çadırına keçdik. Camaat öz arasında pıçıltıyla ailənin başına gələn faciələrdən danışır, Əyyub kişinin əzminə heyrət edirdilər. Baş verənlər bir insanın ağlını başdan çıxaracaq qədər çox idi. Bir ilin içində on dörd cənazə qalxan həyətdə Əyyub kişi təkbaşına qalmışdı. Evin böyük oğlu İshaq Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edirdi. Ailəsi ilə birlikdə Moskva ətrafında dəbdəbəli bir villada, rusların içində, özü də namazında, orucunda qüsur etməyən həqiqi bir mömin ömrü yaşayırmış. Atası Əyyubdan aldığı tərbiyəni bir gün də unutmazmış. Övladları da onun kimi…

Ölkədəki biznesini idarə edən qardaşı İlyas isə ailəsini də götürüb Moskvaya  gəzməyə, qardaşının yanına gedəndə baş verəcəklərdən xəbərsizmiş. İshaqın inanclı bir insan olduğunu bilən Suriyada döyüşən terrorçuların Rusiyadakı dəstəkçiləri ondan İŞİD üçün külli-miqdarda ianə tələb etmiş, İshaq pul verməkdən imtina etməklə bütün ailəsini təhdid altında qoymuşdu. İlyas bütün bunlardan xəbərsiz yollanmışdı Moskvaya. Qana susamış İŞİD tərəfdarları isə bir gecə qəfildən basqın edib hər iki qardaşı və ailəsini qətlə yetirmiş, evdə olan bütün sərvəti talamışdılar. O dəbdəbəli həyatdan bir ovuc kül qalmışdı…

Sonra İlyasın nəzarət etdiyi mebel zavodunda yanğın olmuş, bütün sərvəti bir gecədə heçə çevrilmişdi. Əyyub kişi və Süleyman mərhumlardan qalan borcları güclə vermişdilər. İndi də Süleymanın və bacısının son yadigarı Yusifin faciəsi… O böyük ailədən sadəcə Əyyub kişi sağ qalmışdı bu dəbdəbəli, gözoxşayan evdə. Çadır boyu ailə üzvlərinin çərçivələnmiş, qara lentlə bağlanmış şəkilləri asılmışdı…

***

Əyyub kişi sovetlərin at oynatdığı vaxtlarda yüksək vəzifələrdə işləmiş, imperiyanın hər üzünü görmüş insan idi. Zəhmət, alın təri, əzmkarlıq sayəsində müstəqillik illərində böyük sərvət qazanmış, amma var-dövlətin çoxluğundan qudurub cızığından çıxmamışdı. Qazandığına şükr etməyi, əlindəki sərvətin sadəcə özünə məxsus olmadığını bilən nadir insanlardan idi. Ailə üzvləri də onun kimi imanlı, əqidəli və dürüstdü. Qazancından neçə-neçə kasıb tələbəyə təhsil haqqı ödəyər, evsizlərin, yoxsulların qayğısına qalar, kasıblarla dostluq edər, məktəb təmirinə, xəstəxana tikintisinə pul xərcləməkdən çəkinməzdi. Dilindən dua, şükranlıq əskik olmaz, malın-mülkün əsil sahibini bir an da olsun unutmazdı. Hərdən məclislərdə Əyyub kişiyə söz atanlar da tapılardı: “Ağsaqqal, bu qədər cah-calalın olmasa yenə də şükr etməyi, yenə də dua etməyi bacararsanmı? Sənin duaların, möminliyin var-dövlətə, oğul-uşağına görədir, Əyyub kişi!”

Bu atmacaların qarşısında Əyyub kişi ciddiyyətini pozmazdı:

– Onun kəramətindən şübhə edilməz! Verən də odur, alan da! İstəsə bir günün içində hər şeyi almağı da, geri qaytarmağı da bacarar!

Adı dillərdə dolaşan bu ailənin faciəsi və Əyyub kişinin əsla asi olmaması hamı kimi məni də təəccübləndirirdi…

***

Süleymanın ölümündən üç il keçmişdi. Əyyub kişini tamamən unutmuş, gündəlik həyatın qayğıları arasında dostumun tənha atasından xəbərsiz, məişət qayğılarının və rəhbərlik etdiyim xəstəxananın problemləri arasında itib-batmışdım. Hər gün palatalara bir-bir baş çəkir, xəstələrlə maraqlanır, əməliyyatdan çıxan, əməliyyata girən həkimlərlə, xəstələrə nəzarət edən tibb bacıları ilə söhbətləşirdim. Qazancım normal, yaşayışım ürəyimcəydi. Hərdən ağır əməliyyatlara özüm girir, gecəni xəstəxanada keçirirdim. Bir gün qəbul şöbəsinə ölümcül, bədəni yaralarla dolu bir xəstə gətirdilər. Onu xüsusi palataya köçürəndən sonra diaqnoz qoymaq üçün analizlər alındı. Həkimlər ümidsiz halda konsiliuma toplaşmışdılar. Ümidsiz xəstənin müalicəsi ilə bağlı qərarımı gözləyirdilər. Bütün analiz nəticələri qarşımda, həkimlərin xəstə ilə bağlı ümidsiz fikirlərini dinləyirdim. Qəfildən onun adı-soyadı gözümə sataşdı:

– Təcili xəstəni görmək istəyirəm, təcili! Mənə onun yatdığı palatanı göstərin!

***

Əyyub kişinin vəziyyəti olduqca ağır, çarəsiz görünürdü. Bütün bədəni yaralar içində idi. Ciyərləri soyuqlamış, işıqlı siması sapsarı saralmışdı. Heysizlikdən dili söz tutmasa da, dodaqlarının arasından süzülən duaları eşidirdim:

- Şükür kərəminə ya rəbb! Verən də sənsən, alan da!

Təcili müalicəyə başlamaq üçün göstəriş verdim. Əyyub kişi günlərlə bir nöqtəyə baxır, sadəcə dodaqları tərpənirdi. Bəzən xəfif xışıltıdan şükür etdiyini anlayırdım. O hətta bu ümidsiz halında da dualarından qalmırdı. Bütün xəstəxana onun qulluğundaydı. Sadəcə dostum Süleymana görə yox… Əyyub kişinin səbri və əzmi qarşısında da özümü borclu hiss edirdim. Bədəninə yayılmış irinli yaralar gündən-günə daha da böyüyür, hər yerini işğal edirdi. Palatanı nə qədər sərin saxlasaq da, sanitar-gigienik qaydalara əməl etsək də, bu yaralara qurd düşür, üfunət iyindən heç bir tibb bacısı palataya girmək istəmirdi. Hər dəfə onu görəndə göz yaşlarımı saxlaya bilmir, bu çarəsiz xəstəlik qarşısında acizliyimi etiraf edirdim. İrandan, Türkiyədən gələn həkimlər də xəstəliyin çarəsiz və ümidsiz olduğunu təkrar edir, sonra da çıxıb gedirdilər.

Nəhayət, xəstəlik Əyyub kişini tamam əldən saldı. Sonuncu dəfə yanına girəndə güclə eşidilən xırıltılı səslə mənə yalvardı:

– Həkim, məni evimizə göndər. Öz evimdə ölmək istəyirəm…

***

70 yaşlı Əyyub kişi həyətdə 3 yaşlı oğlunun əlindən tutub asta addımlarla gəzişir, bağçadakı gülləri, meyvə ağaclarını yoxlayırdı. Həyət on il əvvəl gördüyüm kimi öz şahanə görkəmindəydi.

.         …Bu gün səhər qatardan düşəndə güclü bir əl yapışmışdı biləyimdən:

– Ver çantanı, oğul, yol yorğunusan.

Qulaqlarıma inanmamışdım. Bu, 7 il əvvəl çarəsiz xəstəlikdən əziyyət çəkən, ümidsiz halda evinə göndərdiyim Əyyub əminin səsiydi. Üzündə əvvəlki işıq, dimdik qarşımda dayanmışdı. “Lexsus”un yük yerini açıb çantamı yerləşdirdim. Əyyub kişi cavan oğlan qıvraqlığı ilə sükan arxasına keçib avtomobili işə saldı. Onun bu qədər qıvraq və sağlam olması əsil möcüzəydi. Mən sonuncu arzusunu yerinə yetirib evinə göndərəndən üç gün sonra Almaniyadan aldığım iş təklifini qəbul edib, ölkədən getmişdim. Rəhbərlik etdiyim xəstəxananı, evimi, kiçik laboratoriyamı – bir sözlə hər şeyimi qoyub getmişdim. İki gün öncə isə bir əməliyyat üçün məni bura dəvət etmişdilər. Yüksək məbləğdə pul təklif etdiklərindən düşünmədən adıma alınan gediş-dönüş biletini qəbul edib, hesabıma köçürülən məbləğdən bir qədər xərclik götürüb gecəylə Bakıya uçmuşdum. Bakıda əməliyyatın əyalətdə keçiriləcəyini eşidib qanım qaralsa da, dostum Süleymanın doğulduğu və dəfn olunduğu yerləri yenidən görmək, Əyyub kişinin məzarını ziyarət etmək haqda düşünmüşdüm. İnanılmaz olsa da, məzarını ziyarət etmək istədiyim adam qarşılamışdı məni. Arayıb-soraqlamış, oğlunun sünnəti üçün ağlasığmaz məbləğdə pul ödəyib məni Almaniyadan buralara qədər gətirtməyi bacarmışdı…

Yolboyu necə sağalmasından, xəstəliyə necə qalib gəlməsindən, təkliyin daşını atıb yenidən evlənməsindən, ona bu yaşında yenidən atalıq sevincini yaşadan Məhəmməddən danışırdı. Pəncərədən içəri soxulan təmiz bahar küləyinin dalğalandırdığı saçları və ağ saqqalı ona sirli, müdrik görkəm verirdi. Dilindən eyni duanı eşidəndə illərdir beynimdə səslənən o duaya mən də qoşuldum: “Şükür kərəminə, ya rəbb! Verən də sənsən, alan da!”

***

Məhəmmədin sünnətindən sonra bütün tanışlar, qohumlar bər-bəzəkli çadırda yemək süfrəsi arxasında toplanmışdı. Əyyub kişi asta və şirin səslə “Qurani-Kərim”dən  “Ənbiya” surəsini oxuyurdu. Hamı səssizcə bu nur üzlü, səbir, əzm və iman sahibini dinləyirdi. 83-cü ayəyə çatanda Əyyub kişinin çöhrəsi daha da işıqlandı. Hamı maraqla ona diqqət kəsildi. Əyyub kişi başını qaldırmadan:

– Bu ayə, illərdir mənim səbrimin, şükranlığımın açarıdır. Diqqət edin, lütf və kərəm sahibi, rəhimlilərin ən mərhəmətlisi nə buyurur: “Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən”.

Hamı təəccüb içində Əyyub kişinin üzündəki işıq haləsinə tamaşa edirdi, o isə səbri ilə İblisi utandırmış Əyyub peyğəmbərin hekayəsini danışırdı…

İmam Cəfəri Sadiq, Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında bunları deyib:  “Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox şükr etməsi idi. Onun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması  ilə  əlaqləndirmişdi. O, Allaha: ”Sən  Əyyubdan  dünya  nemətlərini alsan, görərsən ki, o şükr edənlərdən deyil. Mənə icazə  ver, sübut  edim  ki, dediklərim  doğrudur”, – deyir… Allah İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra  övladlarını  əlindən çıxardı. Lakin bu hadisələr Əyyubun şükrünü  daha  da  artırdı. Daha  sonra  Əyyubu  xəstəliyə  düçar edib, hey-hərəkətini əlindən aldı. Lakin  Əyyub  şükrünü davam  etdirirdi. İblis  bu  böyük  insanın  iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi. Ətrafdakıların  “axı  nə  günah etmisən  ki, belə  bəlaya düşmüsən” kimi qınaqları Əyyubun  qəlbini  parçalayırdı. Amma  misilsiz  bəlalar  qarşısında Əyyub son nəfəsədək şükründən əl çəkmədi. Və daha sonra Allah bütün aldıqlarını Əyyuba geri qaytardı…