“Территория”-dan ADGTT-nın aktyoruna xüsusi mükafat

2 Baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Eşqin Quliyev Moskvada keçirilmiş “Территория” XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi uğurla təmsil edib.

Teatrın mətbuat xidmətindən Senet.az saytına bildirilib ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutan festival-məktəbin həyata keçirilməsində əsas məqsəd Rusiya tamaşaçısının, festivalın tələbə-iştirakçılarının, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarının müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir.

Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir.

Aktyorumuz Uilyam Şekspirin ən məşhur komediyaları əsasında hazırlanmış “Много шума из ничего”-dan Benediktin səhnəsini canlandırıb. Elə bu ifaya görə də E.Quliyev festival-məktəbin xüsusi diplomuna layiq görülüb.

Eşqin Quliyev 2015-ci ilin iyun ayında  Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında  isə Moskvada keçirilmiş “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda uğurla iştirak edərək diplomlara layiq görülüb.

Bölmə : Teatr