Tahir Salahovun “Günəş Zenitdə” adlı sərgisi keçirilir

17 Baxış

Tair_SalakhovMoskvadakı Dövlət Tretyakov Qalereyasında görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Teymur oğlu Salahovun ilk dəfə fərdi sərgisi açılıb. “Günəş Zenitdə” adlı sərgi martın 20-dək davam edəcək.

Tahir Salahov incəsənət tarixinə “sərt üslub”un əsas müəllifi kimi daxil olub və hazırda da realist rəssam kimi məşhurdur. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. Onun çəkdiyi rəsmlərin əsas mövzusu da əməyin yaradıcılıq kimi, yaradıcılığın da ağır zəhmət kimi təqdim edilməsidir. Rəssamın qəhrəmanlarının əksəriyyəti iradəli, cəsarətli, qarşılarında olan problemləri həll etməyə qadir insanlardır. Tahir Salahovun obrazları arasında neftçilər, balıqçılarla yanaşı görkəmli bəstəkarlar, aktyorlar, yazıçılar, rəssamlar da yer alıb. Bir sıra müasirləri kimi o da milli adət-ənənələrə müraciət edib. Onun yaradıcılığı Azərbaycan rəssamlıq məktəbinin inkişafına və beynəlxalq səviyyəyə qalxmasına təsir edib. Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi “Gecə növbəsindən qayıdanlar” adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. T. Salahov elə bu diplom işi ilə 1950-ci illərin sonlarında şöhrət qazanmağa başlayıb və artıq yarım əsrdən çoxdur ki, öz məşhurluğunu saxlayır. Tahir Salahovun sərgisi sərt, eyni zamanda romantik qəhrəmanlardan ruhlanan, həmçinin ciddiliyi, lakonikliyi və lirikanı sevənləri biraraya toplayacaq. Sərgidə sənətkarın 1950-2000-ci illərdəki işləri nümayiş etdiriləcək. Sənətkarın fırçasının məhsulları olan “Səhər eşelonu” və “Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron qadınları”və “Aydan” tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun, Qara Qarayevin portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanır.

Sərgi və rəssamın yaradıcılığı haqqında qısa məlumat qalereyanın rəsmi saytında yerləşdirilib.

Tahir Salahovun “Günəş Zenitdə” sərgisinin video- anonsu