Yaş, baş, aş

133 Baxış

Fil.üSadiq.f.d., dos. Şəmil Sadiq

Yaş, baş, aş

Ustadın gəlişi öncəsindəki qayğılarım

Ağlımız kəsəndən ustadlarımızın haqq toy-düyününün ününü eşidir, biz də kiçik bir mağar qurmağa hazırlaşırdıq. Amma ya yaşımız çatmırdı, ya başımız, ya da aşımız. Əslində, yaşı çatanlar müstəqillik dövründən sonra sənət üçün milli məfkurəni yaşadan və formalaşdıran çox işlər gördülər. Amma aşı çatanlar bu yaşı çatanlara o qədər “başı çatmır” dedi ki, onlar yavaş-yavaş aşı çatıb başı çatmayanların əfsununda yaşlarını keçirib getdilər.

Yenidən yeni yaşı çatanlar özlərini dərk etdikcə və ya etmədikcə, ya aşlı, ya da aşsız şəkildə başlarını başlara qoşdular. Bu başlar da iki cür oldu: milli baş, namilli baş. Milli başların aşı az olduğu üçün bəzi başlar namillilərin pullu başlarına qoşulub dəstə qurub baş oldular. Başladılar başsız milli başlara daş atmağa.

Allah tərəfi, milli başlar da o qədər əl çatmaz idilər ki, atılan daşlara baş qoşmadılar. Meydanı o qədər boş qoydular ki, yad başların yandaşları alçaqlıqdan zirvələrə qalxıb böyük baş kimi göründülər. Və sonra bu başlar qarışdı. Milli başla, namilli başı ayırd edə bilməyənlər durumdan xəbərsiz başladılar başların dediyi ilə oturub durmağa. Elə kələfin də ucu burda qarışdı. Necə deyərlər, ara qarışdı məzhəb itdi. Öz aramızdı, məzhəbin yerli-dibli itib batması lap ürəyimizcə olardı, amma belə olmadı. Məzhəbsizlər məzhəb satdılar. Bu isə daha böyük faciə idi…

Əgər milli başların öz aşları olsa, ya da öz yavan aşları ilə kişi kimi qarınlarını doyurub ayranlarına turş deməsələr, namilli başların bizim aramızda baş çıxarması mümkün deyil.

Doğrudan da, bir az qəliz oldu, deyəsən. Onsuz da, Vahid demiş, “bu “soxhasoxda” möcüzə icad edəcək durumda olmadığımız üçün kimlərinsə bunların “başı çatmır” deyib keçib getməsi sözün hər iki mənasında əziyyət verəcək. Amma başımızı sındıracağıq ki, bəzi mətləbləri toplumumuzla bölüşmək üçün başımız çatsın.

P.S. Əgər istəsəniz, çox da baş sındırmayın, alleterasiya və assonasların düzülüşünə diqqət edib  ötüşdürün getsin…

19.01.2016