Eheeeyyy, adam!

127 Baxış

Kənan QaziKənan Qazi

Eheeeyyy, adam!

Zərifə Əliyeva adına “göz” xəstəxanasının sol tərəfində bir kafe var. Dostlarla orada oturmağı çox sevərdim. Bir gün yenə oturub kimisi çay, kimisi pivə içirdik. Birdən kafenin sol tərəfində (mağazanın yanında) iki nəfər “BOMJ”-un oturduğunu gördüm. Onların biri (ağsaçlı) elə bil ki, mənimlə bir alma… Bu oxşarlıq məni çox maraqlandırdı. Siqaret almaq adı ilə dostlardan ayrılıb, onlara yaxınlaşdım:
-Həə, gözəl insanlar nə oturublar belə?
“Ağsaçlı” “svarka”-ya baxırmış kimi üzümə baxdı:
-Gəl otur, sən də ol gözəl insan-sonra ayağıma baxıb, əli ilə: -Orda?
Mən başımı yuxarı-aşağı, o da sola-sağa tərpətdik. İkinci (qıvrımsaç) elə bil məni heç görmür, bizi heç eşitmirdi. Elə hey yolun axırına baxırdı. (Sonra aydın olacaq ki, təzəcə balalamış itin nigarançılığını çəkir). Bir az söhbət etmişdik ki, qatıqsatan yaxınlaşdı. “Ağsaçlı”yla çox mehriban görüşüb, əlindəki süd, qatıq dolu çantanı onun yanına qoyub, harasa getdi.
-Halal oğlandı, bir sürü uşaq saxlayır, bu süd-qatığınan.
-Bura niyə qoydu bəs?
-Neynəsin yazıx, başqa yerə qoyanda da oğurluyub dağıdırlar.
Sən demə mənim tam təsadüfən işlətdiyim “gözəl insan” ifadəsi “ağsaçlı”nın hər dəqiqə işlətdiyi ifadəymiş. Tez-tez piyada, maşınla keçən insanlar buna, bu da onlara “gözəl insan” deyib əl edirdilər.
Bir azdan reklam yapışdıran qızlar gəldilər, səmimi salamlaşıb kağızlarını “ağsaçlı”nın yanına qoyub mağazaya girdilər. Nə gizlədim, ürəyimdə bu cür insanla oturduğum üçun həm sevindim, həm də fərəhləndim. Az sonra qara bir “jeep” düz bizim qabağımızda saxladı. Sifətdən kök, bir az da üz-gözündən təkəbbür yağan, saçını da dibdən qırxmış birisi “ağsaçlı”nı əli ilə yanına çağırdı. Yarıaçılmış şüşədən şabaş verirmiş kimi 1 manat verib qazı sıxdı. “Ağsaçlı” durduğu kimi də iki addım geriyə atıb yerində oturdu. Gözlərini qıyıb, batmaqda olan günəşə zillədi. Başımı çevirmədən yandan onun sifətinə baxdım. Alt dişləri ilə üst dodağını gəmirirdi.
Düzünü deyim ki, sezə bilmədim ağlamsınır, yoxsa gülümsünür. Birdən -”eeeh” deyib ayağa durdu, mağazanın arxasına keçdi. 4-5 dəqiqədən sonra əlində dönər qayıtdı. Dönəri bölüb, böyük yarısını “qıvrımsaç”a uzatdı. İki dişləmə öz payını yedi. “Qıvrımsaç” öz payından bir az dişləyib qalanını divarın dibinə qoydu. “Ağsaçlı” ac olsa da, elə bil ki, bu hərəkətə sevindi. (Sonra bildim ki, bu balalı itin payı imiş). Nəhayət, “qıvrımsaç”ın səsi çıxdı:
-O, maşınla gedən oğlan məhkəmədə işliyir. Kənana çox yaxşılıq eliyib.
-Kimə?!-bu sualı verəndə özümdən asılı olmayaraq çığırdım.
O da heç təəccüblənmədən əli ilə “ağsaçlı”nı göstərdi:
-Buna deyirəm daa. İtimizin birini öldürən oğlanı döymüşdü. Tuturdular, bu oğlan Kənangilin evini aldı, həm də üstündə pul da verdi. Türmədən qutardı adamı. Amma, onda yaman yeyib-içdik haa, o pulunan.
-Gijləmə əəə…dur get gör harda qaldı?
“Ağsaçlı” dönərə baxdığına, bildim ki, söhbət itdən gedir. “Qıvrımsaç” da onun sözündən çıxmadı. O, gedəndən sonra binaların arasından güclə görünən ikimərtəbəli bir evi göstərib:
-Oraydı bizim həyət. Yaxşı adamdı, hava çox soyuq olanda, girişdəki “domik”-də gecələməyə icazə də verir.

Hava isti olsa da, bu adam elə bil ki, üşüyürdü- “Qırçı Məhəmməd” kimi. Sanki ürəyində böyük bir sirr gizlədirdi və bu sirri açsa həmin anda qiyamət qopacaqdı.
-Anam rəhmətə gedənnən sora…bir dəfə xəstələnmişdim. Anam dedi ki, az iç, yoxsa öləssən. Dedim ki, qorxma ölmərəm. Əgər ölsəm Allahdan inciyərəm. Məni öldürsə, bəs təzə doğmuş itdərə kim baxacaq?!

Bu cür söhbətlərimiz çox olurdu. Hər gün arxa tərəfdən gəlib “ağsaçlı”yla doyunca söhbət edib, sonra dostların yanına gedirdim. Düzünü deyim ki, “ağsaçlı”yla söhbətlərdən sonra dünyəvi söhbətlər məni o qədər də maraqlandırmırdı.
…Və o gün. Yenə arxa tərəfdən kafeyə gəlmək istəyirdim ki, gördüm polislər yolu bağlayıb. Çox uzaq olmadığına görə mağazaya qədər piyada gəldim. Gördüm “qıvrımsaç” mağazanın tinində daşın üstündə oturub tablo kimi – sağ dirsəyi dizində, başı da barmaqlarının arasında:
-Noolub?!
Soruşmağına soruşdum, amma nəsə olduğu məlum idi:
-Kənanı apardılar morqa. Həyətlərində tikilən ev var haa, o gün dediyim, çıxıb onun ən hündür yerinə -su çəninin üstünnən özünü atıb. Mən də alıb dalıma gətirdim bura. Baxdığımız itlər də “kruq”-a almışdılar onu, heç kimi yaxına buraxmırdılar, hey zingildiyirdilər. Axırda mən gəlib maşına mindirdim.
Nə deyəcəyimi bilmədim, çünki bir şey düşünə də bilmirdim. “Qıvrımsaçlı”nın gözlərinə baxdım, deyəsən ağlamamışdı. Yarımçıq qalmış siqaretini ağzına aparanda dodaqlarının içi, bir də dişlərinin dibinin qan olduğunu gördüm. Qıcanan dişləri ağzının içini didirdi. “Qıvrımsaç” bunu hiss eləmirdi. Çox yorğun və zəif görünürdü. O anda ağlıma gələn:
-Aclığın var?
-Pulum yox ki, içmək də istiyirəm. Son pulumu da şoferə verdim.
Elə bil ki, bu sualı mən yox, bir başqası vermişdi. Mağazanın şüşəsindən piştaxtalara baxdım. Heç vaxt pulumun olmamasından bu qədər əzab çəkməmişdim!
“Qıvrımsaç” göz qırpımında üzümə baxıb qalxdı, ağır-ağır küçənin axırına tərəf getdi. Birdən mənə elə gəldi ki, onu da son dəfə görürəm. Onun getdiyi tərəfdə binaların arasından ikimərtəbəli evin su çəni görünürdü…
—K.Q—
Özünü asan adam, nəyin çatmırdı sənin?!
Didilməmiş pendirin, kəsilməmiş çörəyin!
………………………………………………..
Eheeey adam! Danış mənlə,
Sirrini qanammıram.
Uzat əlini mənə, yanına çatammıram!